"İpək yolu" I Beynəlxalq Musiqi Festivalı başa çatmışdır

 

Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 1-dək Şəki şəhərində keçirilən "İpək yolu" I Beynəlxalq Musiqi Festivalı başa çatmışdır.

İyulun 1-də "Yuxarı Karvansaray" tarix-memarlıq abidəsinin həyətində festivalın təntənəli bağlanış mərasimi olmuşdur. Mərasimdə "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Niyazi adına simfonik orkestriCahangir Cahangirov adına xoru, habelə Şəkili Ələsgər adına Musiqi Kollecinin xor kollektivi geniş konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış etmişlər.

Proqrama Cövdət Hacıyevin "Sülh uğrunda" simfonik poeması, Aqşin Əlizadənin "Ana torpaq" odası, Niyazinin "Arzu" romansı, Bizenin "Karmen" operasından Qaraçı mahnısı, Firəngiz Əlizadənin "İntizar" operasından duet, Azərbaycan xalq mahnısı "Qaragilə", Cahangir Cahangirovun "Füzuli" kantatası (II hissə), Bramsın "Macar rəqsi", Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals" və Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Çənlibel xoru" daxil idi.

Kollektivlərin hər bir çıxışı tələbkar Şəki tamaşaçıları tərəfindən alqışlarla qarşılanmışdır. Konsertdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı "İpək yolu" I Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadəyə şəhər icra hakimiyyətinin fəxri fərmanı və "Yuxarı Karvansaray" tarix-memarlıq abidəsinin əks olunduğu rəsm əsərini təqdim etmişdir. Bundan əlavə, "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və dirijoru, respublikanın əməkdar incəsənət xadimi Azad Əliyevə, C.Cahangirov adına xorun bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovaya, Şəki Musiqi Kollecinin direktoru Sərdar Şərifova, solistlər respublikanın əməkdar artisti Gülnaz İsmayılovaya, Səbinə Əsədovaya, respublika muğam müsabiqəsinin laureatı Güllü Muradovaya, habelə "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə də Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  3 iyul.- S.  7.