Azərbaycanın iqtisadi
inkişafı daha dinamik
xarakter alır
Sosial-iqtisadi inkişaf tempinə görə son altı ildə dünya dövlətlərinin reytinq cədvəlinə rəhbərlik edən Azərbaycan üçün əsas cəhətlərdən biri qeyd edilən sahə üzrə tərəqqinin davamlı xarakter alması, yeni nailiyyətlər hesabına qazanılan uğurların miqyasının daha da genişlənməsidir. O da xüsusi vurğulanmalıdır ki, ölkəmizdə sosial-iqtisadi inkişafa paralel olaraq siyasi, elmi, mədəni və digər vacib sahələrdə də sürətli yüksəliş qeydə alınır. Bu da öz növbəsində Azərbaycanın Avratlantik məkana uğurlu inteqrasiya prosesinə töhfəsini verməkdədir. Konkret olaraq iqtisadi sferaya gəlincə, bu sahədə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin ən xırda detallarına qədər kifayət qədər sərrastlıqla düşünüldüyünü, zamanın tələblərinə tam cavab verdiyini ötən il özünün kulminasiya nöqtəsinə çatan, fəsadları hələ də tam aradan qalxmayan qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimal xarakter daşıması əyani surətdə təsdiqləmiş oldu.
Qeyd edilənlər Azərbaycanın seçdiyi iqtisadi inkişaf yolunun kifayət qədər düzgün müəyyən olunmasını təsdiqləməklə bərabər, qarşıdakı dövr ərzində də ölkəmizin yeni uğurlar qazanacağını qətiyyətlə deməyə əsas verir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Son altı il ərzində iqtisadiyyatımız demək olar ki, üç dəfə artıb. Bizim iqtisadiyyat son bir neçə ildə dünyada ən sürətlə artan iqtisadiyyatdır. Ölkəmizdə bir sıra əsas infrastruktur layihələrini həyata keçirməyə nail olduq. İşsizliyin və yoxsulluğun azaldılması sahəsində bir çox nailiyyətləri əldə etdik. Azərbaycanda yaşayış şəraiti yaxşılaşır. Son altı ildə büdcə xərclərimiz 10 dəfədən çox artmışdır. Bu, sosial problemlərə və iqtisadiyyatın şaxələndirilməsinə daha çox vəsait sərf etməyə imkan verir".
İqtisadi sferada həyata keçirilən siyasət, onun mahiyyət və istiqamətləri, əldə olunan nəticələr beynəlxalq miqyasda da diqqətlə öyrənilməkdə, təqdir olunmaqdadır. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Oomes bildirir ki, təmsil etdiyi qurum tərəfindən dünya maliyyə böhranının təsirlərinə qarşı Azərbaycanın rəsmi orqanlarının gördüyü ehtiyat tədbirləri yüksək qiymətləndirilir. Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin nümayəndəsi Ratna Sahayın Azərbaycanın iqtisadi inkişafı ilə bağlı mövqeyi kifayət qədər qənaətbəxşdir: "Böhran dövrü Azərbaycan iqtisadiyyatına bir o qədər də böyük ziyan vurmamışdır. Hətta bəzi sahələrdə dinamik inkişaf da müşahidə edilmişdir. Bu, aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Onu da deyim ki, Azərbaycandan daha çox neft ehtiyatlarına malik olan Rusiya və Qazaxıstan kimi ölkələrdə belə inkişaf nəzərə çarpmır. Ümid edirəm ki, Azərbaycan gələcəkdə də çoxşaxəli iqtisadi inkişafını davam etdirəcəkdir".
Mövcud vəziyyətin təhlili göstərir ki, qlobal maliyyə böhranının fəsadlarının tədricən aradan qalxması fonunda beynəlxalq ticarət dövriyyəsinin həcminin yenidən artması, dünya bazarlarında enerjidaşıyıcılarının qiymətinin yüksəlməsi, ölkəmizdə sənaye sahəsində, kənd təsərrüfatında, qeyri-neft sektorunda məcmu istehsalın həcminin ötən illərlə müqayisədə bir neçə dəfə çoxalması, sahibkarlığın inkişafı, digər bu kimi məsələlər Azərbaycana həm cari ildə, həm də ümumilikdə qarşıdakı dövr ərzində daha böyük iqtisadi artım vəd edir. Cari ilin ilk beş ayının yekunlarına nəzər yetirməklə də bunun əyani təsdiqini görmək mümkündür.
İlk öncə qeyd olunmalıdır ki, əsas makroiqtisadi göstərici sayılan ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 16,5 milyard manata çatıb. Bu zaman isə ümumi daxili məhsuldan əhalinin hər nəfərinə düşən həcm 1858,1 manat, yaxud 2312,8 ABŞ dolları təşkil edib.
Təqdirəlayiq haldır ki, hesabat dövrü ərzində qeyri-neft sektorunda daha çox artım qeydə alınıb. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ümumi daxili məhsulun həcmi 3,5 faiz, qeyri-neft sektorunda isə 4,9 faiz artıb. Bu amil bir daha Azərbaycan iqtisadiyyatının uğurlu diversifikasiyasından, qeyri-neft sektorunun sürətli inkişafından xəbər verir. Araşdırmalar göstərir ki, ümumi daxili məhsulun 68 faizi məhsul istehsalı, 26 faizi xidmət sahələrində yaradılıb, yerdə qalan hissə isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Azərbaycan iqtisadiyyatının dinamik artımı ölkə vətəndaşlarının da sosial durumuna müsbət təsir göstərməkdə, insanların maddi-rifah halının daha da yüksəlməsinə səbəb olmaqdadır. Yenə də cari ilin ilk beş ayının yekunları üzrə əhalinin pul gəlirlərinin miqdarına diqqət yetirməklə bunun əyani təsdiqini görmək olar. Hesablamalar göstərir ki, cari ilin yanvar-may aylarında əhalinin adambaşına gəlirləri 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 1056,7 manat və ya 1315,3 ABŞ dollarına çatıb. Bu dövrdə hər ay adambaşına orta hesabla 211,3 manat, yaxud 263 ABŞ dolları məbləğində gəlir düşüb ki, bu da 2009-cu ildəkindən 20,2 manat çoxdur. İlin beş ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9,4 milyard manatlıq gəlirin 69,7 faizi son istehlak xərclərinə, 9,9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,7 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilib. Daha bir mühüm fakt ondan ibarətdir ki, vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 8,5 milyard manatlıq və ya əvvəlki ildəkindən 10,2 faiz çox vəsait qalıb. Bu dövrdə isə inflyasiya göstəricisinin əhalinin maddi gəlirlərindən müxtəlif kateqoriyalar üzrə bir neçə dəfə aşağı olması sosial sahədə vəziyyətin daha da yaxşılaşdığının əyani göstəricisi kimi çıxış edib. Belə ki, yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 4,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz bahalaşıb.
Ölkəmizdə müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda insanların həyat şəraitinin yaxşılaşması, qeyd edildyi kimi, beynəlxalq miqyasda da diqqətlə izlənir, təqdir olunur. Məsələn, bundan əvvəl sözügedən məqamla bağlı Dünya Bankının "Azərbaycanda yaşayış şəraitinin qiymətləndirilməsi" adlı hesabatında qeyd edilirdi ki, ölkəmizdə əhalinin həyat səviyyəsi ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu isə sosial problemlərin uğurla həllindən, Azərbaycanın sürətlə inkişaf etməsindən, həyata keçirilən islahatların səmərəlilik dərəcəsinin yüksək olmasından xəbər verir. Digər tərəfdən əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etməsi sürətli iqtisadi inkişafı xarakterizə edən əsas göstəricilərdən biri olmaqla yanaşı, ümumi gəlirlərin bölünməsinin nə dərəcədə təkmil xarakter daşıdığını da göstərir.
Cari ilin ilk beş ayı ərzində isə iqtisadiyyatın ən müxtəlif sahələrində artım bu sahədə həyata keçirilən diversifikasiya siyasətinin uğurlu bəhrələrindən xəbər verən əsas faktorlar sırasında yer alır. Məsələn, hesabat dövründə mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 3,3 faiz artıb və ölkədə 21,1 milyon ton neft, 7,2 milyard kubmetr əmtəəlik qaz hasil olunub. Emal bölməsində məhsul buraxılışı isə 8,9 faiz çox olub ki, burada qida məhsullarının istehsalında 1,2 faiz, geyim istehsalında 2,3 faiz, neft məhsulları istehsalında 14,4 faiz, kimya sənayesi məhsulları istehsalında 2,2 dəfə, rezin və plastik məmulatlar istehsalı 15,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalında 53,2 faiz, hazır metal məmulatları istehsalında 3,9 faiz, elektrik avadanlıqları istehsalında 29,4 faiz, maşın və avadanlıqların istehsalında 68,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalında 33,3 dəfə artım qeydə alınıb.
Kənd təsərrüfatı, inşaat sektoru, yükdaşımalar sahəsində də eyni sözləri demək mümkündür. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, xarici ticarət dövriyyəsində də yenə böyük miqdarda müsbət saldo yaranıb. Bütün bunlar bir daha Azərbaycanın iqtisadi inkişaf yolunun düzgün olduğundan, ölkəmizin bu sahədə daha böyük nailiyyətlərə imza atacağından xəbər verir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 4 iyul.- S.
1.