Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya

 

Hörmətli cənab Prezident!

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf edərək tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, eləcə də regional sabitliyin gücləndirilməsi sahəsində birgə fəaliyyətimiz əməkdaşlığımızın mühüm istiqamətlərindəndir.

Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Biz həmçinin xalqımızın ən ağrılı probleminin - ölkəmizin ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik.

Bu əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 4 iyul.- S.  1.