Gənc skripkaçının uğurları

 

Lalə Əsgərova 1990-cı ildə Bakıda anadan olub. Atası Rafiq Əsgərov Azərbaycan Dövlət Konservatoriyasının rəqs ansamblında çalışıb. 2001-ci ildə Rafiq Əsgərov Türkiyənin Anadolu Universitetinin (Əskişəhər) Konservatoriyasında işləmək üçün dəvət alanda 12 yaşında olan Lalə imtahanları ugurla verərək konservatoriyanın nəzdindəki musiqi təmayüllü liseyin 5-ci sinfində skripka təhsili almağa başlayıb. Müəllimi Zemfira Zöhrabbəyova Ü.Hacıbəyli adına Musiqi Akademiyasından burada işləməyə dəvət almışdı. Onu da deyək ki, bir neçə xarici ölkədə işləyib Azərbaycanın musiqisini dünyaya tanıdan Zemfira xanım bu gün Türkiyədə də həmin amalla çalışan musiqiçilərimizdəndir. Lalə haqqında söz açarkən bildirdi ki, çox həvəslə skripka bölümünə gəlmişdi, amma sonradan dərsin çətinliyi onu həvəsdən salmaga başladı. Amma onun musiqi istedadını görür və gələcəkdə məşhur skripkaçı olacağına çox ümid edirdim. Sadəcə, bütün uşaqlarda olduğu kimi, o da tez yorulurdu. Amma mən səbirlə onu çalmağa həvəsləndirirdim. Sonra səbir qalib gəldi, indi mən dərsdə ona bu gün yetər, get dincəl, - desəm də, Lalə çox sevdiyi skripkasını əlindən yerə qoymur.

Lalə ilk uğurunu Türkiyənin Ədirnə şəhərində qazanıb: 12 yaşlı qız 40 nəfər müsabiqə iştirakçısı arasında 4-cü yerə çıxıb. Müsabiqəni Türkiyənin çox məşhur "Rotareye" klubu keçirirdi. Lalə o günləri xatırlayaraq deyir: "Doğrusu, müsabiqəyə çox ümidsiz getmişdim. Mükafat alacağıma ümidim yox idi. Mənə elə gəlir ki, möcüzə baş verdi, həvəsləndirici mükafat aldım. Anadolu Universitetinin Konservatoriyasına mükafatla qayıdanda təhsil aldığım musiqi ocağının kollektivi məni təbrik etdi. İkiqat sevinirdim. Həm konservatoriyaya mükafat gətirmişdim, həm də orada Azərbaycanı təmsil etmişdim. Ən vacibi isə o idi ki, bu müsabiqədən sonra özümə inamım artmışdı, mükafat məni daha ciddi çalışmağa həvəsləndirmişdi. Türkiyədəki ansambllardan dəvət almağa başlayırdım. İlk dəvəti İstanbuldakı "Doğuş" Uşaq Simfonik Orkestri göndərdi. Orkestrin təşkil etdiyi yarışmaya girdimorada ifa etmək hüququ əldə etdim. O zaman 7-ci sinifdə oxuyurdum".

"Doğuş" simfonik orkestrində solo-musiqi ifa edən Lalə deyir ki, uşaqlar 16 yaşına qədər bu kollektivdə qala bilərlər, sonra isə yenidən müsabiqə yolu ilə "Şəhərlərarası Gənc Simfonik Orkest"də çalmaq hüququ əldə edirlər.

Həmyerlimiz Lalə Əsgərova bu müsabiqədə də uğur qazanıb: birinci skripkaçı olaraq orkestrdə çalmağa başlayıb. Onu qeyd etmək lazımdır ki, bu orkestr həm Türkiyənin, həm də dünyanın müxtəlif yerlərində konsertlər verir, müsabiqələrdə iştirak edir. Lalə UKSO ilə birlikdə Almaniyanın BerlinKöln şəhərlərində keçirilən festivallarda iştirak edib, konsert verib. Türkiyənin məşhur qəzetləri "Hüriyyət", "Cümhuriyyət", "Anadolu xəbər", "Sakarya", "İstikbal" və s. Lalənin uğurları haqqında yazılar dərc ediblər. Bu yazılarda Azərbaycan kəlməsi ön planda verilib.

Lalə Əsgərova dünyanın məşhur skripkaçılarından sayılan Dora Şvartsberq (Avstriya), Aleksandr Markov (ABŞ), Jan Orawieç (Fransa), Mixail Qozdiner (Moskva) və s. qarşısında sənət imtahanı verib. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Sergey Kravçenko Lalənin ifa etdiyi musiqini dinləyərək onu Moskvaya öz sinfinə dəvət edib. Avstraliyadan Anadolu Dövlət Konservatoriyasına gəlmiş məşhur skripkaçılar Gülər və Sühər Pəkinəlin seçdikləri ən istedadlı uşaqlardan biri də Lalə Əsgərova idi. Əslində, Lalənin bu imtahanlara girmək haqqı yox idi. Çünki o, Türkiyə vətəndaşı deyil. Amma Gülər və Sühər Pəkinəl bacıları buna etiraz etmədilər və Lalə imtahanlardan uğurla çıxdı.

Lalənin ən böyük arzusu onun musiqi istedadını görən və Çaykovski adına Moskva Dövlət Konservatoriyasına təhsil almağa dəvət edən professor Sergey Kravçenkonun sinfində oxumaqdır. Bunun üçünona himayədar lazımdır. İnanırıq ki, Azərbaycan mədəniyyətini dünyaya tanıdan Lalə Əsgərovaya sənətə, musiqiyə yüksək qiymət verən Azərbaycan xalqının imkanlı insanları kömək edəcəklər, onun Moskvada, Çaykovski adına Dövlət Konservatoriyasında təhsil almasına şərait yaradılacaqdır.

Yazı redaksiyaya təqdim edilən ərəfədə Lalə Əsgərovadan sevindirici xəbər gəldi: o, Moskvadan yenicə qayıtdığını, artıq Çaykovski adına Moskva Dövlət Konservatoriyasında imtahanlardan yüksək qiymət aldığını, arzusuna çatdığını - qəbul olunduğunu bildirdi.

Biz onun sevincinə şərik olur inanırıq ki, bu gənc istedadlı qızın təhsil haqqı ilə bağlı problemi həll olunacaq.

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin

Türkiyə təmsilçisi,

Türkiyə, Əskişəhər

 

Azərbaycan.- 2010.-  4 iyul.- S. 6.