Vətəni haraylayan durna qatarı

 

20 il Rusiyada yaşadıqdan sonra həyat yoldaşım və uşaqlarımla birlikdə ABŞ-ın Nyu-York şəhərinə köçdük. 11 ildir ki, burada məskən salmışıq, artıq ABŞ-ın vətəndaşlarıyıq. Amma Azərbaycanı unutmaq, yaddan çıxarmaq mümkün deyilmiş.

Köklü amerikalılarla bizim aramızda müəyyən fərqlər var. Onlar üçün ABŞ tarixi bir vətəndir, qürur mənbəyidir. Bu dəyərlərə qovuşmaq, inkişaf etmək, özümüzü tapmaq və uğur qazanmaq üçün kimliyimizi dərk etməli, milli mədəniyyətimizdən, tariximizdən bəhrələnməli, adət və ənənələrimizin ən qiymətlilərini təbliğ edərək yeni cəmiyyətə inteqrasiya olunmalıyıq. İki oğlum və qızım da öz millətinə, ana vətənlərinə, musiqi və rəqslərinə, tarixlərinə sonsuz məhəbbətlə bağlıdırlar. Məhz bu sevgi amerikalıların özü üçün maraqlıdır. Onlar da ölkələrinə pənah gətirənləri öyrənmək və başa düşmək istəyir, belə insanlarla ünsiyyət qurur, dostluq edirlər.

2005-ci ildə biz Azərbaycan - Nyu-York Assosiasiyasını təsis edəndə də istədiyimiz o idi ki, uşaqlarımız öz dillərini, əxlaq və mənəviyyatlarını, milli təbiətlərini qoruyub saxlasınlar, köklərindən aralı düşməsinlər. Amerika cəmiyyəti hər bir kəsin istədiyi dinə etiqad etməsinə, məqbul saydığı həyat tərzini seçməsinə imkan verir. Millətindən və dinindən asılı olmayaraq hər bir kəsin qanunlarla uzlaşan davranış və həyat tərzi başa düşülür, qəbul edilir. Orada bizim assosiasiya yaratmağımız da, qəzet buraxmağımız da kimsə üçün narahatlıq törətmir. Əksinə, bizimlə görüşənlərin, mədəniyyətimiz və tariximizlə maraqlananların sayı artır. Ona görə də Nyu-York şəhərində qəzetimizi nəşr etməyə başladıq. Belə qərara gəldik ki, əsas məqsədimiz Azərbaycanı azərbaycanlılara yox, amerikalılara tanıtmaq olsun. Bunların arxasınca uşaqlarımıza ana dillərini və tarixlərini öyrətmək üçün Bazar günü məktəbi açdıq. Beləliklə, bir neçə ilin ərzində həmvətənlərimizin müəyyən bir qismini bir təşkilat ətrafında topladıq, həm özümüz, həm də bizi tanımaq istəyənlər üçün bir Azərbaycan dünyası yarada bildik. Musiqi ansamblı, rəqs qrupu yaratdıq. Bizə rəqs üçün geyimləri Azərbaycandan göndərdilər. Əvvəl elə düşünürdük ki, gördüyümüz işlər Qərb mühitində əriməmək, itməmək, milli koloritdən məhrum olmamaq üçün vacibdir. Lakin zaman ötdükcə biz müxtəlif təşkilatlardan dəvətlər aldıq, onlar üçün konsertlər verdik. Məsələn, dağ yəhudiləri bizi öz tədbirlərinə dəvət edirlər. Belə məclislərdə onlardan başqa Amerika cəmiyyətinin müxtəlif təbəqələrinin təmsilçiləri də iştirak edir. Hamı üçün milli geyimlərimiz, rəqslərimiz və mahnılarımız xüsusi maraq kəsb edir. Yaxınlaşırlar, maraqlanırlar, söhbət edirlər, tanış olurlar. Bizim yeni əlaqələr qurmaq, özümüz haqqında danışmaq imkanlarımız artır. Eyni zamanda görürük ki, mədəniyyətimiz, musiqimiz ABŞ-da bir çoxları üçün maraqlıdır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği və qorunması ilə bağlı gördüyü böyük işlər artıq ABŞ kimi bir dövlətdə də hiss olunur. Azərbaycan musiqi janrlarının, tarixi abidələrimizin YUNESKO-nun himayəsi altına alınması mədəniyyətimiz, tariximizlə bağlı böyük məlumatların internet saytlarına dünyanın aparıcı dillərində daxil olmasına təkan verib.

Siyasi baxımdan bizim yeni "beyin fabriki"nin - Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dünyanın nüfuzlu beyin mərkəzləri ilə birlikdə Avropada və o cümlədən ABŞ-da keçirdiyi "dəyirmi masa"lardan Qərbin aparıcı KİV-inin, nüfuzlu siyasi analitiklərinin danışması ölkəmizin beynəlxalq siyasi nüfuzunu sürətlə artırır. Belə yazıları oxuyan tanışlarımız bizimlə daha yaxın olurlar.

Azərbaycanın hərbi qüdrətinin artması da sevindirici haldır. Televiziyada "Azərbaycan şahinləri"ni görəndə qürurumuzun həddi-hüdudu yox idi. Axı 20-40 il əvvəl azərbaycanlı əsgərlərimiz sovet qoşunlarında "stroybat"ın kandarından o yana keçməzdilər. Müasir silahlar, NATO standartlarına cavab verən möhtəşəm ordu istənilən təcavüzün qarşısını almağa qadirdir. Belə ordu bizə, nə qədər uzaqda olsaq da, vətənlə, onun artan hərbi qüdrəti ilə öyünməyə imkan verir.

Təşkilatımız nə üzvlük haqqı yığır, nə də siyahı tutur. Ən böyük məclislərimizin - adətən Novruz bayramlarında - 700-800 iştirakçısı olur. Artıq internet radiomuz da var. Həftədə iki dəfə Azərbaycan dilində efirə çıxırıq. Azərbaycan diasporunu tanıyanların, fəaliyyətimizlə maraqlanmaq istəyənlərin dairəsi getdikcə genişlənir.

Erməni diasporunun 200 illik tarixi, böyük maddi imkanları, rəsmi dairələrdə ciddi dayaqları mövcuddur. Azərbaycan diasporunun tarixi çox olmasa da, son 20 ildə fəaliyyəti ciddi dərəcədə güclənmişdir. Ermənilərin uydurma və əfsanələrdən qidalanan təbliğatları tədricən iflasa uğrayır, reallıqlara söykənən Azərbaycan həqiqətləri qarşısında geri çəkilir. Artıq "Azərbaycan revyu" qəzetinin 500 nüsxəsini Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Aqşin Mehdiyevin köməyi ilə BMT əməkdaşları arasında yayırıq. Qalan tiraj tanışlarımıza və təəssübkeşlərimizə paylanır.

"Azərbaycan" kimi nüfuzlu bir qəzetlə əməkdaşlıq etmək, peşəkarlıq baxımından yüksək səviyyəli yazıların tərcümə edilib qəzetimizdə dərc edilməsi maraqlı perspektivlərdəndir. Səylərin ümumi amal uğrunda birləşdirilməsi vacibdir. Bunu qloballaşan dünya düzəni tələb edir.

50 il əvvəlki Bakını xatırlayıram. Ola bilər ki, siz bu şəhərdə yaşadığınızdan fərqləri bir o qədər sezmirsiniz. Lakin bura beş-on ildən bir gəlib gördüklərimə heyran oluram. 50 ilə paytaxtımız iki əsrə bərabər bir inkişaf yolunu keçib. Bu tərəqqini şəhər memarlığından başqa dövlət, ordu quruculuğuna da şamil etmək lazımdır. Hər şey yenidir, hər şey sürətlə dəyişir. Azərbaycan öyünməyə və ən böyük vətəndaş sevgisinə layiq bir ölkəyə çevrilib.

 

 

Əli NƏSİBOV,

Azərbaycan - Nyu-York

Assosiasiyasının prezidenti

 

Azərbaycan.- 2010.- 4 iyul.- S.  5.