Azərbaycan-ABŞ əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

 

İyulun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açan O.Əsədov bildirmişdir ki, iki ölkə arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib və xalqlarımızın maraqlarına uyğundur. Beynəlxalq terrorçuluqla mübarizə sahəsində, enerji təhlükəsizliyinin təmin olunması məsələsində ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlıq edir. Amerika Yəhudi Komitəsi ilə əlaqələrimiz qənaətbəxşdir, ABŞ-dakı Azərbaycan diasporu adıçəkilən qurumla səmərəli əlaqələr qurub.

Milli Məclisin Sədri onu da xatırlatdı ki, Azərbaycanda 30 min yəhudi yaşayır və onlar ölkənin bərabərhüquqlu vətəndaşları kimi Konstitusiyamızda təsbit olunmuş bütün hüquqlardan istifadə edirlər.

Daha sonra Oqtay Əsədov Azərbaycanın üzləşdiyi ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi ki, Ermənistanın təcavüzkar syiasəti nəticəsində 20 faiz torpağımız hələ də işğal altındadır. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsindlə sülh yolu ilə həllinə tərəfdardır. Münaqişənin ədalətli həll edilməsində dost ölkələrin də dəstəyi lazımdır. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində səylərini daha da artırmalıdır.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris Azərbaycana 2 il əvvəl səfər etdiyini və ötən müddət ərzində ölkəmizin sürətlə inkişafını yüksək dəyərləndirib dedi ki, dünya maliyyə böhranı bir sıra inkişaf etmiş ölkələrin, o cümlədən ABŞ iqtisadiyyatına ciddi təsir göstərib. Azərbaycanda isə antiböhran tədbirlərinin vaxtında həyata keçirilməsi nəticəsində iqtisadi sahədə davamlı inkişafın təmin edilməsi olduqca müsbət haldır.

Nümayəndə heyətinin rəhbəri Azərbaycandakı yəhudi icmalarının fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildirdi.

Səmimilik şəraitində keçən söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.-  6 iyul.- S.  2.