Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir

 

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli fərmanının qəbul edilməsindən keçən 1 il ərzində sənədin icrası istiqamətində görülmüş işlər müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, dövlətimizin başçısının fərmanı daim diqqət mərkəzində saxlanılaraq Ədliyyə Nazirliyi üzrə əmr verilmiş, ədliyyə orqanları qarşısında konkret tapşırıqlar qoyulmuşdur. İclasda fərmanın icrası üçün görülmüş işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, inzibati nəzarət qaydasında 20 mindən çox bələdiyyə aktına baxılmış və həmin aktları vaxtında təqdim etməyən 564 bələdiyyə sədri barəsində inzibati xəta protokolları tərtib edilərək məhkəmələrə verilmiş, bələdiyyələrin fəaliyyətində aşkar olunmuş korrupsiya hüquqpozmaları ilə bağlı 21 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilmiş, 4 min hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasına dair qərarlar ləğv edilərək bələdiyyə mülkiyyətinə qaytarılmışdır.

Regional ədliyyə şöbələri rəhbərlərinin də iştirak etdiyi kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması, regional ədliyyə şöbələri ilə işin daha səmərəli əlaqələndirilməsi, Ədliyyə Akademiyası ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmənin genişləndirilməsi, inzibati nəzarəti həyata keçirən əməkdaşların peşəkarlığının yüksəldilməsi üzrə əlavə tədbirlərin görülməsi qərara alınmışdır.

İclasda, həmçinin ədliyyənin inkişafı üzrə həyata keçirilmiş mühüm tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ədliyyə orqanlarında, xüsusilə penitensiar, notariat sahəsində yeni müasir texnologiyaların tətbiqi, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülmüş işlər qeyd olunmuş, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunaraq konkret tapşırıqlar verilmişdir.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 iyul.- S.  3.