Milli Məclisdə görüş
İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Niderland Krallığı Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür. Səmimilik şəraitində keçən görüşdə Ziyafət Əsgərov bildirmişdir ki, Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. İnsan hüquqları, qanunun aliliyi, demokratiya bizim üçün əsas meyarlardır.
Ötən il Azərbaycanda keçirilən referendum da insan hüquqularının etibarlı müdafiəsinin möhkəmlənməsinə, qanunun aliliyinə xidmət edib. Ölkəmizdə iqtisadi, siyasi, hüquqi, demokratik islahatlar paralel gedir. Konstitusiyamızda belə bir müddəa yer alıb ki, ölkəmizdə hər bir insanın, vətəndaşın hüquqlarının qorunması, layiqli həyat tərzinin təmin edilməsi dövlətin ali məqsədidir. Ancaq bu gün Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1 milyondan çox insanın məcburi köçkün və qaçqın vəziyyətində yaşaması ölkəmizin qarşıya qoyduğu məqsədlərə daha sürətlə yaxınlaşmasına imkan vermir. İşğala son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub. Cari ilin may ayında da Avropa Parlamenti Ermənistan işğalını pisləyən qətnamə qəbul etdi. Bundan əvvəl Avropa Şurasının da analoji xarakterli qətnaməsi olub. 2008-ci ilin martında BMT Baş Assambleyası da işğalı pisləyən qətnamə qəbul edib. Lakin bu qədər sənədlərin qəbuluna baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır, həmin ölkənin beynəlxalq hüquq normalarına hörmət etmədiyini göstərir.
Ziyafət Əsgərov qarşıdan gələn parlament seçkilərindən də söz açdı və seçkilərin şəffaf, demokratik keçiriləcəyini, bunun üçün möhkəm qanunvericilik bazasının yaradıldığını bildirdi.
Niderland Krallığı Parlamentinin nümayəndə heyətinin rəhbəri Henk Jan Ormel dedi ki, bizdə demokrat dövlət sizin ölkənizdən əvvəl qurulub. Lakin sizdə qadınlara seçki hüququnu bizdən əvvəl verib. Azərbaycan dini tolerantlıq baxımından da nümunəvi ölkədir və bu sahədə sizdən öyrənə biləcəyimiz çox şey var. Qonaq ikitərəfli münasibətlərin bundan sonra da dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə tərəfləri maraqlandıran müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi oldu.
* * *
Niderland Krallığı Parlamentinin bir qrup deputatı iyulun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşmüşdür.
Komitənin sədri Səməd Seyidov Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermiş, Niderland parlamenti ilə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. O demişdir ki, Niderland Krallığı hökuməti və parlamenti hər zaman Azərbaycanla bağlı məsələlərdə prinsipiallıq nümayiş etdirmiş və rəsmi Bakının haqlı mövqeyini ən yüksək səviyyələrdə müdafiə etmişdir. Azərbaycanda bu mövqe çox yüksək qiymətləndirilir.
Niderland Krallığı parlament nümayəndə heyətinin rəhbəri Henk Jan Ormel bildirmişdir ki, Niderland Krallığı Azərbaycanın Cənubi Qafqazdakı geostrateji mövqeyini, Avropa üçün əhəmiyyətini yaxşı başa düşür və rəsmi Bakı ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Səfərin əsas məqsədi həm parlamentlərarası, həm də digər sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparmaqdır.
Görüşdə Azərbaycanda bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə hazırlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi, əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin təşkili, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində parlament diplomatiyasının rolu və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Azərbaycan.- 2010.- 6 iyul.- S.
3.