İctimai və humanitar elmlər
dövrün tələblərinə cavab verməlidir
Müstəqil Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, mövcud sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə geniş istinad olunmalıdır. Elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin həlli, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu istiqamətə yönəldilən vəsaitlərin rentabelliyinə nail olunması yeni mərhələdə alimlərin qarşısında ciddi vəzifələr kimi dayanır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsinin ilk gündən cəmiyyətdə böyük maraqla qarşılanması da məhz bu reallıqla şərtlənmişdir. Konseptual elmi araşdırmaların, dərin müşahidələrin nəticəsi kimi ərsəyə gəlmiş əsərdə ilk növbədə humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifələr müəyyənləşdirilmişdir. Eyni zamanda bu sahədə müşahidə olunan əsas nöqsanlar göstərilmiş, müvafiq elmi-tədqiqat institutlarının yeni dövr üçün vəzifələri diqqətə çəkilmiş, bununla da ölkənin intellektual kəsimi açıq fikir mübadiləsinə, müzakirələrə dəvət edilmişdir.
Respublikanın tanınmış elm xadimləri, ayrı-ayrı tədqiqatçılar, filosoflar, siyasətşünaslar, jurnalistlər Azərbaycan elminin mövcud problemlərinin aradan qaldırılmasına yeni imkanlar açan, ictimai fikri intellektual sferada həllini gözləyən aktual məsələlərə yönəldən "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ilə bağlı dəyərli fikirlərini, təkliflərini, rəylərini bildirməyə ehtiyac duymuşlar. Bu müzakirələrin cəmiyyətə çatdırılmasında yaxından iştirak edən "Azərbaycan" qəzeti akademik Ramiz Mehdiyevin elmin keçmişinə, bugününə və sabahına mükəmməl elmi-fəlsəfi yanaşma olan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsini və ona verilmiş rəylərin aktuallığını, habelə xalqın, dövlətin mənafeyi baxımından əhəmiyyətini nəzərə alaraq onların kitab şəklində nəşrini məqsədəuyğun saymışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan" qəzetinin birgə təşkil etdiyi "dəyirmi masa"da humanitar və ictimai elmlərin problemləri, inkişaf perspektivləri ilə bağlı müzakirələr davam etdirilmiş, eyni zamanda nəfis tərtibatda çapdan çıxmış "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı olmuşdur. "Dəyirmi masa"da elm və təhsil strukturlarının rəhbərləri, nüfuzlu ali məktəblərin rektorları, Milli Məclisin deputatları, tanınmış alim və mütəxəssislər, habelə mətbuat nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor, əməkdar elm xadimi Seyfəddin QƏNDİLOV dedi:
- Bu gün elmi ictimaiyyətimiz, təhsil işçiləri yaxşı başa düşür və həm də yüksək qiymətləndirirlər ki, Azərbaycan elminin inkişafı, təhsilimizin dünya standartlarına uyğun yenidən qurulması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu gün ölkəmiz yüksək sürətlə inkişaf edir və o, artıq inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Ümumiyyətlə, hazırda cəmiyyət həyatının bütün sahələrində sürətli inkişaf, yeniləşmə, yüksəliş özünü bariz şəkildə göstərir.
Dövlət ictimai və humanitar elmlər sahəsində çalışan alimlərdən inkişafın indiki mərhələsini elmi cəhətdən təhlil edərək yeni fikirlər, yeni proqnozlar və təkliflər irəli sürməyi gözləyir. Təəssüf ki, uzun illərdən bəri çətinliklər məngənəsində çırpınan ictimai və humanitar elmlər hələ ki bu tələblər səviyyəsində deyildir. Bu elmlər bu gün ölkənin hazırkı inkişaf sürəti ilə ayaqlaşa bilməyərək geri qalır.
Bugünkü tədbirin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu günlərdə çapdan çıxmış "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı yeni kitabının təqdimatına həsr edilməsi də məhz bu baxımdan təsadüfi deyildir. Respublikanın ictimai-siyasi və elmi həyatının müxtəlif sahələrinə dair çox dəyərli kitabların müəllifi olan akademik Ramiz Mehdiyevin bu yeni kitabı da ictimai-siyasi və elmi həyatın yeni, çox dəyərli və xüsusi əhəmiyyət kəsb edən hadisəsidir. Qarşımızdakı bu kitab eyni zamanda bizi ictimai-siyasi və fəlsəfi fikrin, elmi, fəlsəfi düşüncənin, yeni dövrün, zamanın ruhuna uyğun inkişafına istiqamətləndirən çox vacib və əhəmiyyətli əsərdir.
2009-cu ilin noyabrında Prezident İlham Əliyevin məsləhəti və tapşırığı əsasında cənab Ramiz Mehdiyevin iştirakı ilə ictimai və humanitar elmlərin vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilmişdir. Dövlət İdarəçilik Akademiyasında keçirilən həmin müşavirədə akademik Ramiz Mehdiyev məzmunlu məruzə ilə çıxış edərək ictimai və humanitar elmlər sahəsindəki real vəziyyəti geniş təhlil etmiş, çox ciddi tənqidi mülahizələr söyləmiş, dəyərli tövsiyələr irəli sürmüşdür. İctimai və humanitar elmlər sahəsində çalışan alim və mütəxəssislərin böyük marağına səbəb olmuş həmin müşavirədən təxminən bir ay sonra akademik Ramiz Mehdiyevin mətbuatda "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı geniş məqaləsi dərc olunmuşdur.
İctimaiyyətçi alimləri dərindən düşünməyə istiqamətləndirən bu iki hadisədən sonra ötən 15-20 il ərzində bu elmlər sahəsində mövcud olan sükunət aradan qalxmış, şüurlarda, baxışlarda canlanma başlamışdır. Keçirilən müzakirələr ictimai və humanitar elmlər sahəsində dövrün, zamanın ruhuna uyğun yeni fikirlərin yaranmasına səbəb olmuş, elmi-tədqiqat institutlarında, ali məktəblərdə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasındakı yığıncaqlarda maraqlı fikirlər səslənmişdir. Eləcə də Dövlət İdarəçilik Akademiyasında, AMEA-da, "Azərbaycan" qəzetinin redaksiyasında "dəyirmi masa"lar, müzakirələr təşkil edilmiş, mətbuatda xeyli sanballı məqalələr dərc edilmiş, qiymətli fikirlər, mülahizələr irəli sürülmüşdür.
Bu fikirlərin, mülahizə və təkiflərin əksəriyyəti bu gün təqdim olunan kitabda toplanmışdır. Bütün bunlar aydın göstərir ki, dövlət bizi yaxın illərdə nəinki ictimai və humanitar elmlər sahəsində, ümumən təhsildə, elmdə, bütünlükdə intellektual sahələrdə dönüş yaratmağa çağırır. Bu gün yüksək bilikli, intellektual səviyyəli, yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin hazırlanması məsələsi qarşımıza mühüm vəzifə kimi qoyulur. Bununla belə, etiraf etmək lazımdır ki, müvafiq mexanizmlərin səmərəli işləməməsi, dövrün tələblərinə uyğun kifayət qədər kadrların olmaması bu işə maneə yaradır. Təcrübəli kadrlar sürətlə yaşlaşır, yeniləri isə lazımi səviyyədə hazırlanmır. Hörmətli akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, bu, işimizdə, təbii ki, müəyyən çətinliklər yaradır.
İctimai və humanitar elmlərə dair məlum müşavirədən yarım il keçir. Bu müddət ərzində mətbuatda, müzakirələrdə çoxlu dəyərli fikirlər, səmərəli təkliflər irəli sürülmüşdür. Bu çox yaxşıdır. Lakin akademik Ramiz Mehdiyevin ali məktəblərin yeni maliyyələşmə mexanizmlərinə dair bir müddət əvvəl akademiyada keçirilmiş müşavirədə haqlı olaraq vurğuladığı kimi, ötən dövrdə bu sahələrdə ciddi dönüş baş verməmişdir. Yenə də köhnə ruhda proqramlar hazırlanır, köhnə ruhda dərsliklər yazılır və çap olunur. Bunları da edən məhz əlaqədar şöbə və kafedralardır, müxtəlif metodiki şuralardır. Görünür, bu işin məsuliyyətini bilavasitə kafedralara, şöbələrə keçirməyin vaxtı çatmışdır. Eyni zamanda, onların fəaliyyəti konkret işlərinə görə qiymətləndirilməlidir.
Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə elmin və təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyildir. Əsas məsələ bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən mühüm vəzifəsidir. Məlumdur ki, ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər.
Hesab edirəm ki, hazırkı şəraitdə ictimai elmlərin inkişafını sürətləndirmək məqsədilə ictimai elmlərə dəstək fondunun yaradılması faydalı olardı. Eyni zamanda, ictimai və humanitar elmlərin mükəmməl inkişaf konsepsiyasını hazırlamaq məqsədilə ümumrespublika forumunun keçirilməsi də məqsədəuyğundur.
İctimai fənlərin tədrisində də ciddi dəyişikliklərə gedilməsi vacibdir. Məsələn, tələbələrə uzun və monoton xarakterli mühazirə kurslarının əvəzinə onları təhqiqat fəaliyyətinə cəlb etmək, elmi-tədqiqatlara stimullaşdırmaq, bəlkə də, daha faydalıdır. Bundan başqa, keçərsiz və abstrakt nəzəri bilikləri öyrətməklə tələbələri yormaq əvəzinə onlara həyatda keçərli nəzəri-praktiki bilikləri əxz etmək daha yaxşı və faydalı deyilmi? Axı istifadə edilməyən bilikləri izah etmək həm vaxt itkisi, həm də yorucu prosesdir.
Bir sözlə, bu gün bizə həm yeni tələblər baxımından nailiyyətlərimizin dərin təhlili, həm də yeni təkliflər və yeni fikirlər lazımdır. Şübhə etmirəm ki, "dəyirmi masa"mızın işi bu baxımdan maraqlı və faydalı olacaqdır.
Mahmud KƏRİMOV,
AMEA-nın prezidenti, akademik:
- Akademik Ramiz Mehdiyevin
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" kitabının nəşri müasir ictimai-mədəni
həyatımızın mühüm hadisəsi kimi dəyərləndirilə
bilər. Məlum olduğu kimi, kitab görkəmli
akademikin "Azərbaycan" qəzetində dərc
olunmuş, ictimai həyatımızda geniş rezonans
doğurmuş eyni adlı irihəcmli məqaləsi və həmin
məqalədə qaldırılan mühüm məsələlərin
müzakirəsinə həsr olunmuş yazıların
toplusundan ibarətdir.
Azərbaycan cəmiyyətinin
müxtəlif problemləri ilə bağlı
çoxsaylı sanballı əsərlərin müəllifi
olan akademik Ramiz Mehdiyev sözügedən məqalədə
ictimai və humanitar elmlərin real mənzərəsini
konseptual təhlilə cəlb etməklə yanaşı,
onların cəmiyyət həyatına fəal nüfuzetmə,
təsir imkanlarını da dəyərləndirmişdir. Eyni zamanda,
yüksək dövlətçilik, vətənpərvərlik
və milli-intellektual təəssübkeşlik
baxımından bu sahələrdə müşahidə olunan
əsas nöqsanları göstərmiş, müvafiq elmi-tədqiqat
institutlarının yeni dövr üçün vəzifələrini
diqqətə çəkmiş, bununla da ölkənin
intellektual kəsimini açıq fikir mübadiləsinə,
müzakirələrə dəvət etmişdir.
Bu mənada
kitabın meydana gəlməsi akademikin
qaldırdığı problemlər ətrafında
aparılan müzakirələrin məntiqi nəticəsidir. Belə ki, məqalənin
müzakirəsi prosesində həm ictimai və humanitar elm sahələrinin
inkişafına təkan verəcək, həm də onun
ictimai-siyasi, sosial proseslərdə fəal iştirakına
imkan yaradacaq, sözün həqiqi mənasında, zəngin
elmi-nəzəri irs yaranmışdır.
Böyük rezonans doğuran, obrazlı ifadə etsək, elmi
mühiti yaxşı mənada silkələyən məqalədə
irəli sürülən tezis və prinsiplər əsasında
qələmə alınan ayrı-ayrı məqalələr
cəmiyyətdə Azərbaycan elminin real vəziyyəti,
gerçək potensialı, imkanları ilə bağlı
dolğun və obyektiv təsəvvürün
formalaşması baxımından əhəmiyyətlidir.
Məqalə ətrafında
elmi müzakirələrin ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal mövqe tutan "Azərbaycan"
qəzeti akademik Ramiz Mehdiyevin elmimizin keçmişinə,
bugününə və sabahına konseptual elmi-fəlsəfi
yanaşma olan "İctimai və humanitar elmlər: zaman
kontekstində baxış" məqaləsini və ona
verilmiş rəylərin aktuallığını, habelə
xalqın, dövlətin mənafeyi baxımından əhəmiyyətini
nəzərə alaraq onların kitab şəklində nəşrini
məqsədəuyğun saymışdır.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar
xatirəsinə ithaf olunan kitabın ictimai dəyəri ilk
növbədə onunla şərtlənir ki, burada
bütövlükdə ölkə elminin inkişaf perspektivləri
ilə bağlı qiymətli təkliflərin yer
aldığı çoxsaylı müəllif məqalələri
toplanmışdır. İki fəsildən ibarət kitabın giriş hissəsində
Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" məqaləsi, habelə "Azərbaycan
oxucusu yazıçılarımızdan ədəbi hadisəyə
bərabər əsərlər gözləyir" sərlövhəli
müsahibəsi yerləşdirilmişdir. Kitabın I və
II fəsillərində isə sözügedən məqalənin
müzakirəsi ilə bağlı keçirilmiş "dəyirmi
masa"lar, habelə müəllif
yazıları əksini tapmışdır.
Akademik Ramiz Mehdiyevin
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" məqaləsi ətrafında aparılan təhlil
və müzakirələrdə ilk növbədə bu məqama
diqqət çəkilir ki, hazırda ictimai-fəlsəfi
fikrin pozitiv məcrada inkişafında lokomotiv rolunu oynayan
ictimai və humanitar elm sahələrinin müasirləşməsi,
yeni dünya nizamının gerçəkliklərinə cavab
verən elmi inkişaf prioritetlərinin müəyyənləşdirilməsi
obyektiv tələbata çevrilmişdir. Söhbət,
əslində, ictimai-humanitar elm sahələrində
sanballı elmi tədqiqatların olmamasından deyil, mövcud
potensialın müasir tələblərə uyğun
konsolidasiyasından, optimal idarə edilməsindən gedir.
İctimai və humanitar elm sahələri
mövcud bədii və ictimai fikir tarixini, ümumən mədəniyyət
tarixini faktoloji materialın təsviri metodologiyası, yaxud
metodologiyasızlığı ilə deyil, düzgün
müəyyənləşdirilmiş milli konsepsiya
işığında təqdim etməlidir. Akademik Ramiz
Mehdiyevin vurğuladığı kimi: "Dünya elminə
inteqrasiya mərhələsində olduğumuz indiki vaxtda
ictimai və humanitar elmlər sahəsində islahatların
başlıca spesifikası müəyyənləşdirilməlidir.
Bu elmlər hazırkı fazanın əsas
xüsusiyyətlərini araşdırmalı və yeni
ideyalar irəli sürməlidir".
Kitabda
toplanmış məqalələrin əksəriyyətində
rast gəlinən bu fikirlə də tam razılaşmaq olar
ki, hazırkı mərhələdə azərbaycançılıq
ideologiyası ruhunda köklənən, mütərəqqi
milli və bəşəri dəyərləri əxz edən
yeni intellektual elitanın formalaşmasında əsas
ağırlıq məhz humanitar və ictimai elmlərin
üzərinə düşür. Dövlətin milli
varlığını - dilini, tarixini, ədəbiyyatını,
folklorunu, mədəniyyətini, bir sözlə, milli-mənəvi
özünəməxsusluğunu elmi səviyyədə
araşdıran, tədqiqat və təhlil obyektinə
çevirən humanitar və ictimai elmlərin yeni
dövrün tələbləri səviyyəsində
inkişafı ümumən Azərbaycanın dövlətçilik
ideologiyasının düzgün məcrada inkişafı
nöqteyi-nəzərindən vacibdir.
"İctimai
və humanitar elmlər: zaman kontekstində baxış"
kitabında məqaləsi yer almış müəlliflər
bu fikri də xüsusi önə çəkirlər ki,
ictimai və humanitar elmlər qloballaşma prosesinin mənfi təzahürlərinə
qarşı daha səmərəli tədqiqatçılıq
metodologiyası ilə müqavimət göstərməli,
bütün potensiyası ilə milli identikliyi qorumağa
çalışmalıdır. Bu zərurət, ilk
növbədə, Azərbaycanın Avratlantik məkana
inteqrasiya yolunda olan dövlət kimi sivil Qərb mədəniyyətinin
təsirlərinə məruz qalması ilə şərtlənir.
Bəşəriyyətin tarixi təkamül
prosesinin hazırkı siyasi epoxası üçün səciyyəvi
olan qloballaşma dalğası bir sıra mütərəqqi
cəhətləri ilə yanaşı, xalqların tarixən
formalaşmış etnik təfəkkür və
düşüncə sisteminin, milli-mənəvi dəyərlərin
total təhdidlərə, ideya avtoritarizminə məruz
qalması ilə müşayiət olunur. Belə şəraitdə
milli-mənəvi və əxlaqi dəyərlərə
lazım olduğundan daha az diqqət yetirilməsi
bütün dünya ölkələrində mənəviyyat
problemlərini kəskinləşdirmişdir. Tranzitar
proseslərin nəticəsi kimi ortaya çıxan
sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər
bir xalqın milli-mənəvi, dini dəyərlərinin
qorunmasını çağdaş zamanın aktual məsələlərindən
birinə çevirmişdir.
Diskussiyalara qoşulan
ziyalı elitası bu tezisin üzərində də xüsusi
dayanır ki, Azərbaycanda iqtisadi sahədə keçid
dövrünün başa çatdığı
hazırkı mərhələdə sosial, iqtisadi, hüquqi,
siyasi və mədəni sahələrdə həyata
keçirilən mürəkkəb və çoxqatlı
islahatların ictimai düşüncədə obyektiv dərkinə
təminat yaradan mühüm amillərdən biri də
respublikanın müasir fəlsəfi-siyasi fikrinin elmi əsaslarla
araşdırılması, əldə olunan pozitiv nəticələrin
praktik şəkildə tətbiqidir. Milli iqtisadiyyatın
keçmiş planlı-təsərrüfat sisteminin seqmentlərindən
tamamilə xilas olduğu, azad bazar prinsiplərinə
uyğunlaşdırıldığı postkeçid mərhələsi
cəmiyyətin ən mühüm, aparıcı sahəsi
olan elm və təhsil qarşısında da mahiyyətcə
yeni vəzifələr müəyyənləşdirir.
Müasir elmi nəzəriyyələr
göstərir ki, cəmiyyətin sosial-iqtisadi sferası digər
sahələrlə sıx şəkildə
bağlıdır. Onların bir-biri ilə
uyğunlaşmayan inkişafı isə sonda ciddi ziddiyyətlərə
və sosiumun dağılmasına gətirib
çıxarır. İqtisadi sahə
keyfiyyətcə yeni səviyyəyə keçirsə,
sosial-mədəni sahə də eyni yeniləşmə ilə
ayaqlaşmalı, hətta iqtisadi
sıçrayışın hərəkətverici qüvvəsinə
çevrilməlidir. Müasir mərhələdə
yeni sintetik elmi metodologiyalara əsaslanan modellər cəmiyyətin
bütün sahələri arasında sıx
bağlantıların olduğunu sübut edir. Bu mənada, Azərbaycanda iqtisadi sahədə
keçid dövrünün başa çatması sosial-mədəni,
siyasi, ideoloji və başqa sahələrdə də ciddi
yeniləşmələr tələb edir. İlk növbədə iqtisadi inkişafın
yaratdığı keyfiyyətcə yeni sosiomədəni
mühitin fəlsəfi-elmi cəhətdən təhlili son dərəcə
vacibdir.
Ölkənin
elm xadimləri akademik Ramiz Mehdiyevin bu fikri ilə də tamamilə
şərikdir ki, Azərbaycanın özünəməxsus
milli inkişaf modeli elmi tədqiqatlarda dərindən
araşdırılmalı, onun nəzəri-fəlsəfi əsasları
işlənib hazırlanmalıdır. Azərbaycanın
iqtisadi sahədəki nailiyyətləri təkcə
iqtisadiyyatın deyil, həm də politologiya, siyasi sosiologiya, fəlsəfə
kimi ictimai elmlərin vasitəsilə təhlilə cəlb
olunmalıdır. Müasir politologiya və
siyasi fəlsəfə cərəyan edən hadisə və
proseslərin mahiyyətini, onların qarşılıqlı
təsir imkanlarını araşdırmaqla yanaşı, idarəçilik
üçün səmərəli futuroloji proqnozlarla
çıxış etməlidir.
Elmlə
dövlət idarəçiliyinin üzvi şəkildə əlaqələndirilməsi,
mühüm siyasi qərarların qəbulu mərhələsində
elmi proqnozlara, təhlillərə istinad olunması inkişaf
etmiş ölkələrin təcrübəsində
uğurla sınaqdan çıxmışdır. Müstəqil
Azərbaycan da hazırda inkişafının elə mərhələsindədir
ki, bundan sonrakı sosial-iqtisadi uğurların
davamlılığının təmin edilməsi prosesində
əsaslandırılmış elmi qənaətlərə
geniş istinad olunmalıdır. Milli
iqtisadiyyatın sürətli artım tempi strateji mahiyyət kəsb
edən elmi tədqiqatların maliyyəşdirilməsini,
ölkənin iqtisadi, siyasi, elmi-mədəni və humanitar həyatı
ilə bağlı sanballı araşdırmaların, innovativ
layihələrin ortaya qoyulmasını şərtləndirir.
İqtisadi tərəqqi,
demokratikləşmə, insan hüquqlarının etibarlı
təminatı baxımından özünün yüksək
inkişaf mərhələsinə çatmış dövlətlərin
bu nailiyyətləri məhz elmə, təhsilə böyük
diqqət və qayğı nəticəsində əldə
etdiyi də danılmaz həqiqətdir. İntellektual
potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə
görə bu gün, hətta, zəngin təbii sərvətləri
belə üstələyir. Müasir dünyada rəqabətə
tab gətirmək üçün ilk növbədə elmə,
zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq
lazımdır. Bu reallığı düzgün dəyərləndirən
dövlət başçısı İlham Əliyev son 7 ildə
ölkə həyatının bir çox strateji əhəmiyyətli
sahələri kimi, elmə xüsusi qayğı ilə
yanaşmış, bu sahədə dövrün tələbləri
ilə səsləşən islahatların həyata
keçirilməsini təmin etmişdir. Akademik Ramiz Mehdiyevin
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" məqaləsi isə əminliklə deməyə
əsas verir ki, ölkə rəhbərliyi yaxın illərdə
istər elm, istərsə də ali təhsil
sferasında səmərəli islahatlar yönümündə
bir sıra inamlı tədbirlər həyata keçirəcəkdir.
Sonda xüsusi
qeyd etmək istərdik ki, "Azərbaycan" qəzetinin
elmi ictimaiyyətin pozitiv ruhda köklənməsinə, milli
ideallar uğrunda səfərbər olunmasına xidmət edən
bir sanballı əsəri və onunla bağlı dəyərli
müzakirələri ictimaiyyətə toplu halında
çatdırmaq istiqamətindəki təşəbbüskarlığı
təqdir olunmalıdır. İnanırıq ki, qəzetin gərgin
əmək bahasına ərsəyə gətirdiyi
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" kitabı Azərbaycan elminin inkişaf yolunun
canlı mənzərəsini özündə təcəssüm
etdirən əyani vəsait kimi cəmiyyətdə də
maraqla qarşılanacaqdır.
Arif MEHDİYEV,
Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının sədri, akademik:
- Hörmətli akademik Ramiz
Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" məqaləsində cəmiyyəti narahat edən
problemlərə diqqət yönəltdi. Məhz
buna görə də həmin məqalə ətrafında
çoxsaylı rəylər səsləndi, qəzetlərdə,
televiziyalarda müzakirələr aparıldı. Biz də Ali Attestasiya Komissiyasının ekspert
şuralarının rəhbərləri ilə birgə
humanitar elmlər üzrə böyük müşavirə
keçirdik. Bu müşavirədə
iştirakçıların diqqətini dissertasiyaların
keyfiyyətinin qaldırılmasına, iddiaçılara
qarşı tələblərin artırılmasına yönəltdik.
Məsələ ondadır ki, son illərdə
iqtisadiyyat, fəlsəfə, xüsusilə sosial fəlsəfə,
tarix, vətən tarixi, hüquqşünaslıq, filologiya və
digər elm sahələrində müdafiə olunan
dissertasiyaların sayı xeyli artıb. Əgər
bu dissertasiyaların elmi səviyyəsi yüksək
olsaydı, onda dissertasiyaların sayının artmasını
alqışlamaq olardı. Bu, ümumiyyətlə,
cəmiyyətin intellektual səviyyəsinin bir göstəricisidir.
Lakin təəssüflər olsun ki,
dissertasiyaların səviyyəsi nəinki
aşağıdır, onların bəziləri hətta
plagiatdır. Bir müddət əvvəl
AAK bu cür faktları aşkara çıxararaq KİV-ə
açıqladı, iddiaçılara və onların elmi rəhbərlərinə
qarşı ciddi tədbirlər görüldü. Biz bu istiqamətdə işləri davam etdiririk.
Dissertasiyaların
elmi səviyyələrini yüksəltmək məqsədilə
iddiaçıların qarşısına elmi konfranslarda
iştirak etmək, xarici jurnallarda məqalə çap etdirmək
kimi ciddi tələblər qoymuşuq. Hələ 2008-ci ildə
AAK-ın Rəyasət Heyəti qərar qəbul etmişdi
ki, iddiaçılar öz tədqiqatlarının nəticələrini
xarici jurnallarda - "station indeks"ə daxil olan jurnallarda
çap etdirsinlər. Dünyada bütün elm
sahələri üzrə 500-ə yaxın "station
indeks"ə daxil olan jurnallar mövcuddur. Təəssüf ki, həmin jurnallarda çap olunan
məqalələrin sayına görə Azərbaycan Qafqaz
respublikaları sırasında sonuncu yeri tutur. Gürcüstan alimləri "station indeks"li
jurnallarda təxminən 500, Azərbaycan alimləri isə cəmi
300-ə yaxın məqalə ilə çıxış
edirlər. Azərbaycan bu göstəriciyə
görə keçmiş sovet respublikaları sırasında
10-cu yerdədir. Digər siyahıya görə,
Azərbaycan bu göstəriciyə görə 100 ölkə
sırasında sonuncu -100-cü yerdədir. Məncə, bu rəqəmlər düşünmək
üçün kifayət qədər informasiya verir.
Vəziyyəti
düzəltmək üçün biz iddiaçılara
"station indeks"ə daxil olan jurnallarda məqalə
çap etdirmək tələbini irəli sürmüşük. Təəssüflər
olsun ki, iddiaçılar bizim bu tələblərimizi yerinə
yetirməkdən boyun qaçırırlar. Onlar çox nüfuzu olmayan xarici jurnallarda məqalələrini
çap etdirirlər. Əlbəttə,
biz "station indeks" jurnallarda məqalə çap etdirməyin
çətinliyini anlayır, bu tələbi tədricən tətbiq
edirik. Hazırkı mərhələdə tələbimiz
budur ki, azərbaycanlı tədqiqatçıların məqalələri
xarici ölkələrin ali attestasiya
komissiyalarının tövsiyə etdikləri jurnallarda
çap olunsun. Həmin jurnallarda çap
olunmayanadək iddiaçıların dissertasiya işlərinə
baxılmasını təxirə salırıq. Ona görə indi AAK-da təsdiq prosesi
uzadılıb.
Digər tələb
elmi konfranslarda iştirakla bağlıdır. Çoxları
narazılıqla iddia edirlər ki, bu tələb bizə aid
deyil. Halbuki alim adına
iddiaçı mütləq elmi konfranslarda, simpoziumlarda
iştirak etməlidir və bununla bağlı avtoreferatda
approbasiya adlanan ayrıca bölmə var. Dissertant bu bölmədə
hansı elmi konfranslarda, simpoziumlarda iştirak etməsi barədə
yazmalıdır.
Bütün bu
neqativ hallar birdən-birə əmələ gəlməyib. Biz bunun
günahını elmi rəhbərlərdə
görürük. Uzun illər elmi rəhbərlər
iddiaçını alim kimi hazırlamağa yox, hansı
yolla olursa-olsun müdafiəyə çatdırmağa
çalışıblar. Belə
yanaşma ilə plagiat halları heç də təəccüb
doğurmur. Bizi narahat edən vəziyyət
xüsusən də iqtisad elmləri ilə
bağlıdır. Vaxtilə əksər universitetlərdə,
o cümlədən özəl ali məktəblərdə
iqtisadiyyat fakültələri yaradılmışdı. Bunun nəticəsi olaraq iqtisadçı diplomuna yiyələnmiş
yüzlərlə savadsız gənc indi dissertasiya yazır.
Sonralar düzgün addım atıldı və
bu fakültələrin çoxu bağlandı. Amma bir
də təkrar edirəm: indi çoxlu sayda aşağı səviyyəli
dissertasiyalar asanlıqla müdafiə edilir, AAK-a daxil olur. Məhz buna görə də 2009-cu ildə
iqtisadiyyat üzrə AAK-a daxil olan dissertasiyalar ümumi
işlərin 15 faizini təşkil etmişdir.
Sevindirici
haldır ki, möhtərəm Prezidentimizin rəhbərliyi
altında ölkəmiz uğurla inkişaf edir. Lakin birmənalı
demək olar ki, müdafiə olunmuş dissertasiyaların bu
inkişafa qətiyyən aidiyyəti yoxdur. Vəziyyəti düzəltmək məqsədilə
biz iqtisadiyyat üzrə Ekspert Şurasının tərkibini
gücləndirmişik. AAK-da
keçirilmiş məlum müşavirədə ictimai və
humanitar elm sahələrinə aidiyyətı olan alimlərə,
o cümlədən müdafiə və ekspert
şuralarının sədrlərinə dissertasiyaların
ekspertizasına, müdafiə prosesinə daha ciddi yanaşmaq
tövsiyə olunmuşdur.
Yaranmış
fürsətdən istifadə edib təkliflərimi də diqqətə
çatdırmaq istərdim. Azərbaycanda
yaxşı ənənə yaranıb - magistraturaya qəbul
imtahanları test üsulu ilə aparılır. Fikrimcə, aspiranturaya qəbul prosesində də
obyektivliyi artırmaq məqsədilə test üsulunu tətbiq
etmək lazımdır. İkincisi,
dissertanturaya qəbul olunan şəxslərin əksəriyyətinin
- 90 faizinin elmi-pedaqoji müəssisələrdə işləməsi
ciddi şərt kimi irəli sürülməlidir. Üçüncüsü, hazırda aspiranturaya
yerlər "qalıq prinsip" ilə paylanır. Çox vaxt yeni müasir elm sahələrinin
yaranması, bu sahələr üzrə elmi kadrların
yetişdirilməsinin vacibliyi diqqətdən kənarda
qalır. Biz bu vəziyyəti düzəltmək
üçün yeni vasitələr üzərində işləməliyik.
Dördüncüsü, dissertasiya
mövzularının seçilməsinə diqqəti
artırmaq lazımdır. Çox vaxt
insan seçilən mövzu üzrə ömrü boyu
işləyir, həyatını bu elm sahəsinə həsr
edir. Təəssüf ki, çox vaxt
müxtəlif səbəblərdən heç bir elmi-praktiki
əhəmiyyəti olmayan mövzular təsdiq olunur,
iddiaçı bu lazımsız mövzu üzərində
işləməyə məhkum olur. Fikrimcə,
AMEA-nın nəzdində yaradılmış Əlaqələndirmə
Şurası təklif olunan mövzuları nəzərdən
keçirib təsdiq etməlidir.
Şəmsəddin HACIYEV,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
Dövlət İqtisad Universitetinin rektoru, professor:
- Bugünkü "dəyirmi
masa" akademik Ramiz Mehdiyevin cəmiyyətdə geniş
rezonans doğurmuş "İctimai və humanitar elmlər:
zaman kontekstində baxış" məqaləsinə həsr
olunmuşdur. Bu məqalə bütövlükdə
Azərbaycan elminin bugunkü durumu və gələcək
inkişaf perspektivlərindən bəhs edən, mövcud
problemlərin həlli yollarını göstərən
proqram xarakterli bir əsərdir. Məqalə
ilk gündən Azərbaycan ictimai fikrində, elm-təhsil
ictimaiyyətində böyük maraq doğurmuşdur. "Azərbaycan" qəzetində yazılarla
çıxış edən ayrı-ayrı alimlər,
mütəxəssislər məqalə ətrafında fikirlərini
açıqlamış, rəylərini, təkliflərini
bildirmişlər.
Məqalə,
demək olar ki, elmi yaradıcılığa, elmi təfəkkürə
tamamilə yeni yanaşmadır. Tənqidi ruhda
yazılmış əsər Azərbaycan elminin mövcud
bütün problem və
çatışmazlıqlarını qabarıq şəkildə
cəmiyyətin və elmi ictimaiyyətin qarşısında
qoyur. Akademik Ramiz Mehdiyev əsərdə
yalnız elmi fəaliyyətdə deyil, eyni zamanda təhsildə
olan ciddi problemlərə də diqqət çəkir, həmçinin
onların həlli yollarını göstərir. Əsərlə bağlı yazılmış məqalələrin,
"dəyirmi masa"ların sanballı bir kitab şəklində
toplanması da son dərəcə mühüm hadisədir.
Təqdimatını keçirdiyimiz kitabda
humanitar və ictimai elmlərin inkişafı, kadr
hazırlığı ilə bağlı çox dəyərli
fkirlər öz əksini tapıb.
Məqalədə
iqtisad elmi qarşısında duran problemlər, vəzifələr
də göstərilmişdir və bu barədə fikirlərimi
bölüşmək istərdim. Məqalədə
çox düzgün olaraq qeyd olunur ki, Azərbaycanda
keçid dövrünə transformasiya prosesi başa
çatıb. Bununla əlaqədar cəmiyyət
qarşısında tamamilə yeni vəzifələr
dayanır. Bu vəzifələrin yerinə
yetirilməsi üçün iqtisad eliminin üzərinə
böyük işlər düşür. İqtisad
elminin bir çox cəhətdən təsvirçilik
xarakteri daşıması, elmi araşdırmalara, proqnozlara əsaslanması
həqiqətən də ciddi narahatlıq doğurur. Artıq bu problemlər bizə bəllidir, vəziyyətdən
çıxış yollarını axtarmaq üçün
iqtisadçı alimlər öz təkliflərini irəli
sürürlər.
Məqalənin dərcindən
qısa vaxt keçməsinə baxmayaraq, istər Milli Elmlər
Akademiyası sistemində, istər ali məktəblərdə
nəzərəçarpan dəyişikliklər baş
vermişdir. Elmi koordinasiya ilə bağlı əlaqələndirici
şuraların yaradılması, Elmin İnkişafında
Yardım Fondunun qrant layihələrinin dərci, elmi
araşdırmalara qoyulan tələblərin ciddi şəkildə
sərtləşdirilməsi, elmi kadrların
hazırlanmasına tamamilə yeni kontekstdən
yanaşılması kimi tədbirlər bunun əyani göstəricisidir.
Bunlar bütövlükdə onu göstərir
ki, məqalədə qoyulan problemlərin həlli istiqamətində
konkret addımlar atılır.
Məqalədə
göstərilən bəzi nöqsanların
yaranmasının səbəbi elmi fəaliyyət sahəsində
müasir tələblərə cavab verən qanunvericilik
bazasının olmamasıdır. Milli Məclisin Elm və
təhsil komitəsində yaradılmış işçi
qrupunun hazırladığı "Elm haqqında" qanun
layihəsi, demək olar ki, bu məqalə dərc olunanadək
başa çatdırılmışdı. Qanun layihəsini müzakirəyə təqdim etmək
fikrindəydik. Akademik Ramiz Mehdiyevin
sözügedən məqaləsinin dərcindən sonra isə
biz bu məsələyə yenidən yanaşmalı olduq.
Bir neçə aydır ki, "Elm haqqında" qanun layihəsinin
üzərində ciddi iş gedir. Məlumat
üçün deyim ki, Milli Məclisin Elm və təhsil
komitəsində "Elm haqqında" qanun layihəsi
müzakirəyə təqdim olunmaq ərəfəsindədir.
Yəqin ki, Milli Məclisin payız
sessiyasında layihəni müzakirəyə təqdim edəcəyik.
Belə bir qanunverici bazanın formalaşması
elmi fəaliyyət sahəsində münasibətlər
sisteminin qanun müstəvisində həllinə şərait
yaradacaqdır.
Azərbaycanda
iqtisadi sahədə keçid dövrünun başa
çatması bu sahənin alimləri qarşısında
ciddi vəzifələr müəyyənləşdirir. Keçid
dövrünün başa çatması respublikanın
bilavasitə sürətli iqtisadi inkişafı ilə
bağlı olsa da, bu və ya digər ölkənin iqtisadi
inkişaf səviyyəsinə görə müəyyən
tipologiyalara bölünməsi bizim iradəmizdən
asılı deyil. Bu, beynəlxalq təşkilatlar
tərəfindən müəyyən olunan bir məsələdir.
Ona görə də biz keçid
dövrünün başa çatmasının nəzəri-metodoloji
əsaslarını və düzgün empirik qiymətləndirilməsini
sübut etmək üçün ciddi araşdırmalar
aparmalıyıq. Bu gün dünyada
iqtisadi böhran başa çatıb desək, səhv
etmiş olmarıq. Amma böhranı
doğuran səbəblər hələ də aradan
qaldırılmayıb. Bu isə yeni
böhranın yaranması faktını danılmaz edir. Bu mənada, Azərbaycanın iqtisad elmi sahəsində
qarşısında da ciddi vəzifələr durur. Azərbaycan,
bildiyimiz kimi, böhrandan ən az əziyyət
çəkən ölkədir. Belə yüksək
göstəriciyə malik olan iqtisadiyyatımızın gələcəkdə
xarici təsirlərə daha davamlı olması
üçün, təbii ki, elmi araşdırmaların, elmi
proqnozlaşdırmanın ciddi əhəmiyyəti var və
biz bu barədə tədqiqatlarımızı genişləndirməliyik.
Qeyd olunduğu
kimi, Azərbaycanın özünəməxsus iqtisadi
inkişaf modeli formalaşıb. Bu, heç bir ölkənin
təcrübəsində mövcud olmayan, tamamilə yeni, həm
nəzəri-metodoloji, həm də praktiki idarəetmə
baxımından bənzərsiz iqtisadi inkişaf modelidir.
Bu modelin əsasında ümummilli liderin
hazırladığı və uzunmüddətli dövr
üçün hədəflədiyi iqtisadi strategiya
dayanır. Lakin nəzərdən
qaçırmamalıyıq ki, 2003-cü ildən sonra bu
inkişaf strategiyası tamamilə yeni mərhələyə
qədəm qoyub. Bu baxımdan da həmin
modelin həm nəzəri-metodoloji, həm fəlsəfi, həm
də politoloji şərhinə ciddi ehtiyac yaranıb. Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçisi
olaraq nəzərinizə çatdırmaq istərdim ki, biz bu
istiqamətdə genişmiqyaslı elmi tədqiqatlar
aparırıq. Azərbaycanın iqtisadi
inkişaf modelinin bütün xüsusiyyətlərini,
faktorlarını, qanunauyğunluqlarını özündə
əks etdirən elmi araşdırmaların nəticələri
bu yaxınlarda elmi ictimaiyyətə və cəmiyyətə
təqdim olunacaq.
Xüsusi vurğulamaq istərdim
ki, Azərbaycanın ictimai, fəlsəfi fikrinə, eləcə
də onun elminin, təhsilinin problemlərinə həsr
olunmuş sanballı əsərləri ilə bu sahələrin
inkişafına böyük töhfələr vermiş
akademik Ramiz Mehdiyevin hazırda müzakirə olunan məqaləsindən
irəli gələn bütün müddəalar, proqram
xarakterli vəzifələr uğurla realizə olunur, real həyatda
əksini tapır. Sonda belə bir sanballı əsəri
və onunla bağlı rəyləri toplu halında çap
etdirən "Azərbaycan" qəzetinə təşəkkürümü
bildirirəm.
Abel MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin
rektoru, akademik:
- "Dəyirmi
masa"da çox dərin məzmunlu, dəyərli məruzə
və çıxışlar oldu. Sevindirici haldır ki, 2009-cu il noyabr ayının 21-də Dövlət
İdarəçiliyi Akademiyasında ictimai və humanitar elmlərin
problemləri ilə bağlı keçirilən
müşavirə bəhrəsini verir. Bu, ilk
növbədə özünü onda göstərir ki, məqalə
və onunla bağlı fikirlər, rəylər nəfis kitab
şəklində ortaya qoyulub. Akademik Ramiz
Mehdiyevin müşavirədəki çıxışı,
habelə qəzetə verdiyi müsahibə kitabda öz əksini
tapıb. Həmçinin kitabda Azərbaycanda
çalışan tanınmış ziyalıların, alimlərin,
ictimai və humanitar elmlər sahəsində nüfuzlu tədqiqatçıların
məqalələrinə, fikirlərinə də geniş yer
ayrılıb.
Məqalədə
yer almış əsas fikirlərdən biri budur ki, Azərbaycanın
müasir iqtisadi inkişafının elmi-nəzəri əsasları
yaradılmalıdır və çıxışlarda da bu məsələyə
xüsusi toxunuldu. Bu gün sivil dünya Azərbaycanın
özünəməxsus iqtisadi inkişaf modelinin
mövcudluğunu qəbul edir. Dünyada
hazırda elə bir ikinci dövlət yoxdur ki, müharibə
şəraitində bu qədər dövlətçilik
uğurları olsun - iqtisadiyyat önə çəkilsin,
elm, təhsil inkişaf etsin. Yəni
müharibə şəraitində ikinci dövlət yoxdur ki,
bu qədər böyük uğurları qısa müddətdə
əldə edə bilsin. "İctimai və
humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində
də xüsusi olaraq vurğulanır ki, Azərbaycanın
ictimai elmləri niyə bu inkişaf modelinin nəzəri-metodoloji
əsaslarını yaratmırlar?
İkinci
mühüm tezis ondan ibarətdir ki, Azərbaycanda dövlətçilik
ideologiyası konsepsiyası hazırlanmalıdır. Dövlətçilik
ideologiyası konsepsiyası, təbii ki, ictimai, siyasi, humanitar
elmlər kontekstində ortaya qoyula bilər. Əlbəttə, bura həm də milli təfəkkür,
milli mentalitet kimi aktual məsələlər daxildir. Bu baxımdan, hesab edirəm ki, biz böyük tarixi
hadisənin şahidi və həm də
iştirakçısıyıq. Eyni
zamanda belə bir mühüm məsələni müzakirə
edirik. Həm də sevinirik ki, 7-8 ay bundan əvvəl
ideya şəklində irəli sürülmüş məsələlər
geniş dəstək alıb, bir növ rəsmiləşib,
Azərbaycan elmi ictimaiyyəti geniş müzakirələrə
cəlb edilib. Dövlətin elm və təhsil sahəsində
ali strukturlarının rəhbərləri
də bu prosesdə iştirak edir. Bu müzakirələr
mövcud problemlərin həlli baxımından da son dərəcə
əhəmiyyətlidir.
Bu müzakirələr
onu da göstərir ki, Azərbaycanda dövlətçilik
ideologiyası konsepsiyasının hazırlanmasının
vaxtı çatıb. Əgər Azərbaycan dövlətçiliyi
möhkəmlənirsə, iqtisadiyyatı inkişaf edirsə,
ideologiyası da bunlara paralel olmalıdır. Dövlətçilik ideologiyası - milli ideologiya
Azərbaycan modelini təsdiq etməli, ona paralelliyi gözləməlidir.
Əsas vəzifələrdən biri məhz
bundan ibarətdir. Təbii ki, birdən-birə
sovet dövründən qalma təfəkkürü dəyişmək
mümkün deyil. Bu, ağır problemdir.
Hesab edirəm ki, bugünkü addımlar da hələ
görüləcək mühüm işlərin
başlanğıcıdır. Bu
başlanğıcda hər kəs əlindən gələni
etməlidir. Elmi məktəbləri yeni
düşüncənin tələblərinə yönəltmək
lazımdır. Uşaq
bağçalarından başlayaraq yeni düşüncə
əsasında gənclər yetişdirmək lazımdır
ki, onlar gələcəkdə elmi məktəblər yarada
bilsinlər. Yeni düşüncəli
insanları elm və təhsil müəssisələrinə
işə cəlb etmək lazımdır. Biz təkmilləşdirmə yolu ilə yeni
düşüncəli kadrların
formalaşdırılmasına çalışmalıyıq
və ortaya belə keyfiyyət xarakterinə malik nəsil
çıxarmalıyıq. Bu baxımdan
humanitar sahə ilə məşğul olan alimlərin, məsələn,
fəlsəfə kafedralarının əməkdaşlarının
üzərinə böyük vəzifələr
düşür.
Sovetlər
birliyi dövründə ictimai elmlər arasında zəncirvari
əlaqə yaradılmışdı. Birinci kurs
"Sov.İKP tarixi" ilə başlayıb "Elmi
kommunizm"lə qurtarırdı. Təhsilin
sonuna kimi bu dərslərdə irəli sürülən
tezislərin üzərinə yeniləri əlavə olunurdu.
Sonda da sovet ideologiyası yeganə həqiqət
kimi təqdim olunurdu. Etiraf etməliyik ki,
biz keyfiyyətcə yeni mərhələdə həmin zəncirvari
əlaqəni tam yarada bilməmişik. Məsələn,
birinci kursda "Azərbaycan tarixi" keçirik, bu çox
yaxşıdır. Bəs yuxarı
kurslarda nəyi tədris etməliyik? İndi
Bolonya prosesi ilə bağlı tələbəyə sərbəst
fənn seçimi verilir. Lakin tələbə
də elə istiqamət seçir ki, orada söylədiyimiz zəncirvari
əlaqəni təmin etmək olmur. Nəticədə
tələbələrdə milli təfəkkürün,
milli düşüncənin formalaşması prosesi çətinliklə
gedir.
Akademik Ramiz
Mehdiyevin məqaləsində, haqlı olaraq, tənqidi fikirlər
yer almışdır. Bu tənqiddən Bakı Dövlət Universitetinə də
pay düşür. Reallıq ondan ibarətdir
ki, biz ictimai və humanitar elmlərin tədrisinə yeni
düşüncə ilə yanaşmalıyıq. Gənclərdə sistemli şəkildə milli təfəkkürü,
milli ideologiyanı, düşüncəni
formalaşdırmalıyıq. Təhsil
prosesində bunları vahid müstəviyə gətirməliyik.
Bolonya prosesi tələb edir ki, tələbələrə
sərbəstlik verilsin. Lakin bu halda
güclü elmi məktəblər yaranmır. Bax, bu məsələlərin həlli
yollarını göstərməliyik.
Açığını demək lazımdır: əgər
akademik Ramiz Mehdiyev bu məsələləri
qaldırmasaydı, deyəcəkdik ki, qatar
öz sürəti ilə yaxşı gedir, biz də içəridə
rahat oturmuşuq. Çox yaxşı ki, cənab Ramiz Mehdiyev
bu məsələləri qaldırdı, tənqidi məqalə
yazıb müşavirədə fikirlərini ortaya qoydu,
müsahibə verdi. Məhz
buna görə də mən yeni çapdan
çıxmış kitaba böyük dəyər verirəm.
Əgər biz elmin problemlərinin həllini istəyiriksə,
müzakirələr aparmalı, konkret təkliflər irəli
sürməliyik. Bu yol doğru və
düzgün yoldur. Bu yol ümummilli lider Heydər Əliyevin
göstərdiyi yoldur! Bu yolu möhtərəm
Prezidentimiz cənab İlham Əliyev çox uğurla
aparır.
Nəhayət,
kitabın müəllifinə, toplunun ərsəyə
çatdırılmasında zəhməti olan "Azərbaycan"
qəzetinin əməkdaşlarına dərin minnətdarlığımı
bildirirəm.
Səlahəddin XƏLİLOV,
AMEA-nın müxbir üzvü, professor:
- İlk
növbədə qeyd etmək istərdim ki, toplantı Azərbaycanın
ictimai həyatında olduqca əhəmiyyətli məsələyə
həsr olunub.
İştirak etdiyimiz toplantını, sadəcə
olaraq, bu dəyərli kitabın təqdimat mərasiminə həsr
olunmuş tədbir kimi qiymətləndirmirəm. Burada ümumilikdə elmin mövcud problemləri və
onların həlli yolları ilə bağlı dəyərli
müzakirələr aparılır.
Hesab edirəm
ki, mövcud vəziyyət yenidən elmi əsaslarla dəyərləndirilməlidir. Vəziyyətin
neqativ cəhətləri varsa, ictimai və humanitar elmlərin
mövcud durumu bizi, həqiqətən, narahat edirsə, bundan
çıxış yolları tapılmalı, tədbirlər
planı, yaxud ictimai elmlərin inkişaf strategiyası
hazırlanmalıdır. İlk növbədə
bu maraqlıdır ki, diqqət nə üçün
hazırda məhz ictimai və humanitar elmlərin problemlərinə
yönəldilir? Heç də ona görə yox ki,
ictimai və humanitar elmlərdə vəziyyət digər elmlərlə
müqayisədə daha pisdir! Şəxsən
mən qətiyyən belə düşünmürəm.
Əksinə, dəqiq elmlər, ümumiliklə
elm sahəsində dünya göstəriciləri
baxımından biz heç də öncül yerlərdən
birini tutmuruq, hətta, qonşu ölkələrdən geri
qalırıq. Acınacaqlı haldır
ki, regiona iqtisadi baxımdan liderlik edən bir ölkə elm
sahəsində digərlərindən geri qalır. Bu, düşündürücü faktdır. Biz ona görə ictimai elmlərdən
başlayırıq ki, elmin özü ictimai elmlərin tədqiq
obyektinə daxildir. Əgər biz elmi yenidən
təşkilatlandırmaq, onu daha səmərəli və
operativ şəkildə qurmaq istəyiriksə, bunun ictimai-fəlsəfi
bazası olmalıdır. Bu, elmə sadəcə məntiqi,
epistemioloji bir sistem kimi baxmağın nəticəsi ola bilməz. Bu, elmə sosial
sistem kimi baxılmasının nəticəsi olmalı, onun təşkilati
formaları araşdırılmalıdır. Azərbaycanda elmşünaslıq elmi deyilən sahə
ciddi surətdə inkişaf etdirilməlidir. Halbuki bu sahə hazırda sıfır vəziyyətindədir.
Dünyada 50 ildir ki, elm haqqında elm
yaradılıb, elmşünaslıq geniş şəkildə
inkişaf etdirilib. Elmin nəzəri əsasları
işlənib hazırlanıb. Biz isə hələ
indi-indi bu məsələyə münasibət bildirməyə
başlamışıq. Bu baxımdan məhz
ictimai elmlər önə çəkilib. Elmi fəlsəfə araşdırmalarının
qarşısına vəzifə qoyulub ki, elmin
özünün optimallaşdırılması
üçün ictimai elm adamları müvafiq layihələr
hazırlasınlar.
Fikrimcə,
hazırda elmlə təhsilin yeni inteqrasiya formaları işlənib
hazırlanmalı, optimal formalar tapılmalıdır. Məsələn,
magistratura pilləsi akademiyalarla, müvafiq institutlarla bir yerdə
həyata keçirilməlidir. Nəyə
görə maddi-texniki bazası, laboratoriyaları olan fizika,
geologiya institutları magistratura hazırlığından kənarda
qalsınlar? Biz birgə əməkdaşlıq
etməyi öyrənməli, bunun formalarını
tapmalıyıq.
Akademik Ramiz
Mehdiyevin məqaləsində irəli sürülən vəzifələrdən
biri də məhz əməkdaşlığın yeni optimal
formalarının tapılması məsələsidir. Acınacaqlı
olsa da, bir faktı qeyd etmək istəyirəm. Hazırda Milli Elmlər Akademiyasında müəyyən
islahatlar həyata keçirilir. Belə
düşünmək olardı ki, ictimai və humanitar elmlərin
problemlərinə həsr olunmuş məlum müşavirədən
sonra Milli Elmlər Akademiyasında ictimai və humanitar elmlər
bölməsi ayrılacaq, akademiyanın strukturunda bu elmlərə
ayrılan pay artacaq. Çünki dəqiq
və ictimai elmlərin nisbəti azı yarı-yarıya
olmalıdır. Ən pis halda bu nisbət
üçdə bir səviyyəsində olmalı idi. Lakin təəssüf ki, bəzi addımlardan sonra
bu fərq onda-bir səviyyəyə
çatdırıldı. Akademiyada hazırda dəqiq
elmlərlə bağlı 5-6 bölmə var. Halbuki burada əvvəllər
həmişə iki bölmə olub: ictimai və humanitar elmlər
bölməsi. Müstəqillik dövründə
bizim həyata keçirdiyimiz dəyişiklik nədən ibarət
oldu? Götürüb bu iki bölməni
birləşdirdik, yəni dilçiliyi, ədəbiyyatı,
iqtisadiyyatı, fəlsəfəni, politologiyanı bir bölmədə
birləşdirmək istədik. Şübhəsiz
ki, baş tutan məsələ deyil.
Sonradan
akademiyanın strukturunda yenə iki bölmə
yaradıldı. Lakin bu bölmələr ictimai və humanitar elmlərin
xaricində qaldı, dəqiq elmlər bölməsinin
sayı bir az da artırıldı. Bununla da ictimai və humanitar elmlərin dəqiq elmlərlə
nisbəti onda bir səviyyəyə çatdı. Halbuki yenicə müstəqillik qazanmış
ölkədə məhz ictimai və humanitar elmlər müstəsna
əhəmiyyət kəsb edir. Bu, nəzərə
alınaraq akademiyanın strukturunda həmin sahələr
prioritet elan olunmalı idi. Lakin bunun əksinə
olaraq həmin elm sahələri getdikcə
sıxışdırılır, struktur bölgüsündə
onların payı azaldılır. Bu, təkcə
akademiyaya yox, universitetlərə də aiddir. Təhsil Nazirliyində tədris sistemində ictimai
elmlərə münasibət dəyişib, onlara ayrılan
saatlar azalıb. Söhbət elmdən
gedirsə, ən azı bir, daha yaxşısı isə 2-3
universitet həm də elm-təhsil mərkəzinə
çevrilməli, akademiyaya alternativ elm mərkəzi
olmalıdır. Düzdür,
ayrı-ayrı universitetlərdə müəyyən sahələrdə
tədqiqatlar aparılır. Lakin istərdim
ki, ABŞ və qabaqcıl Avropa dövlətlərinin təcrübəsinə
uyğun olaraq universitetlərimiz təkcə təhsilin yox, həm
də elmin flaqmanı, akademiyanın alternativi olsunlar. Bunun üçün də onlar yeni təşkilati
formalar düşünməlidirlər.
(Ardı var)
Azərbaycan.- 2010.- 6 iyul.- S.
3, 4.