Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının
mərkəzi qərargahının
açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar, sizi ürəkdən
salamlayıram. Bu gün çox əlamətdar bir
gündür. Dağlıq Qarabağın azərbaycanlı
icması üçün mənzil-qərargahın yeni
binası istifadəyə verilir, eyni zamanda, Şuşa
İcra Hakimiyyəti bu binada yerləşəcəkdir.
Çox gözəl, müasir binadır, qısa müddət
ərzində əsaslı təmir olunub və burada fəaliyyət
göstərmək üçün bütün şərait
yaradılıb. Əminəm ki, siz burada çox böyük
səmərə ilə işləyəcəksiniz. Sizin
iş şəraitiniz statusunuza uyğun olmalıdır və
biz bu gün buna nail olduq. Qısa müddət ərzində
bütün təmir-tikinti işləri
aparılmışdır və bina ilə tanışlıq
çox gözəl təəssürat
bağışlayır. Ancaq bu da həqiqətdir ki, bu, sizin
üçün müvəqqəti bir qərargahdır.
Torpaqlarımız
işğalçılardan azad olunandan sonra sizin
üçün yeni gözəl binalar Dağlıq
Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm
və tam əminəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə
son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən
tanınmış ərazi bütövlüyü bərpa
olunacaqdır.
Dağlıq Qarabağ Azərbaycanın
tarixi torpağıdır. Bütün Azərbaycan xalqı
bunu yaxşı bilir. Siz Dağlıq Qarabağın nümayəndələri
kimi əlbəttə ki, o bölgənin tarixini çox
yaxşı bilirsiniz. İndi münaqişə ilə
bağlı bütün reallıqlar bizim fəaliyyətimiz nəticəsində
artıq dünya birliyinə çatdırılır.
Bütün beynəlxalq təşkilatlarda, dünyanın
aparıcı beynəlxalq təşkilatlarında Azərbaycanın
səmərəli fəaliyyəti nəticəsində
münaqişə ilə bağlı reallıqlar, bu bölgənin
tarixi, mədəniyyəti ilə bağlı həqiqətlər
artıq o təşkilatların üzvlərinə
çatdırılır. Münaqişənin ilk illərində
erməni lobbisinin fəaliyyəti nəticəsində və
Azərbaycanın beynəlxalq aləmdə o qədər də
böyük imkanlarının olmaması səbəbindən
münaqişənin səbəbləri, Dağlıq
Qarabağın tarixi ilə bağlı çox yanlış
və təhrif edilmiş məlumatlar mövcud idi. Ancaq bu
gün biz tam əminliklə deyə bilərik ki, artıq Azərbaycan
Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına
böyük zərbə vura bilmişdir. Bu gün
dünyanın bütün əsas beynəlxalq təşkilatları
Azərbaycanın haqq işini qəbul edilmiş qərarları
ilə dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT,
Avropa Şurası, İslam Konfransı Təşkilatı,
digər təşkilatlar müxtəlif dövrlərdə
münaqişə ilə bağlı çox tutarlı və
həqiqəti əks etdirən qətnamələr, qərarlar
qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli
üçün əsasdır.
Dağlıq Qarabağın
əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən
müxtəlif sənədlər, faktlar mövcuddur. Bildiyiniz
kimi, ermənilər bu bölgəyə XIX əsrin əvvəllərində
köçürülmüşlər. Ondan sonra müxtəlif
səbəblər üzündən Dağlıq Qarabağda
erməni əhalisi əksəriyyət təşkil
etmişdir. Bunun nəticəsində XX əsrin əvvəllərində,
1920-ci illərdə Dağlıq Qarabağda muxtar vilayət
yaradılmışdır. Dağlıq Qarabağın
bütün tarixi, bütün toponimləri, coğrafi adlar Azərbaycan
xalqının tarixi və mədəniyyəti ilə
bağlıdır. Bütün kəndlərin, şəhərlərin
adları Azərbaycanın tarixini təcəssüm etdirir.
Dağlıq Qarabağın
mərkəzi Xankəndi şəhəri bu adla qurulmuşdur.
Bu yaxınlarda mən bu barədə öz fikirlərimi
bildirmişəm. Bir daha demək istəyirəm, uzağa getməyək,
elə XX əsrin əvvəllərində tərtib
edilmiş xəritələrə baxmaq kifayətdir görək
ki, - xəritələrdə bütün adlar əzəli
adları ilə göstərilib, - orada Stepanakert adlı şəhər
yoxdur. Orada Xankəndi vardır. "Stepanakert" sözü
bolşevik Stepan Şaumyanın adından
götürülüb. O adamın ki, Azərbaycan
xalqının, günahsız insanların qanını
axıtmışdır, azərbaycanlılara qarşı
soyqırımı törətmişdir. Ancaq yenə də
demək istəyirəm, əfsuslar olsun ki, bu həqiqətlər
uzun illər ərzində dünya birliyinə o qədər də
geniş şəkildə çatdırılmırdı. Yəni,
dünya birliyi bu barədə məlumatsız idi.
Bu, problemlərimizin bir tərəfidir.
Digər tərəfi, hətta bu gün, bütün beynəlxalq
təşkilatlarda və dünyada fəaliyyətimiz nəticəsində
həqiqətlər çatdırıldığı bir
zamanda biz yenə də bəzi hallarda Azərbaycana
qarşı ədalətsizliklər görürük. Bəzi
hallarda həqiqətlərə göz yumulur. Bu reallıqlar nəzərə
alınmır və müəyyən dairələr, xarici
dairələr öz siyasətini uydurulmuş faktlar, təhrif
edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu, ikili
standartlar siyasətidir. Əfsuslar olsun ki, bu, dünyada bu
gün və əvvəlki dövrlərdə də mövcud
olan bir yanaşmadır. İkili standartlar ədalətsizlik
deməkdir. İşğalçı ilə
işğalın qurbanını, necə deyərlər, bir səviyyədə
görmək nə qədər ədalətlidir?! Bunu bütün
Azərbaycan xalqı yaxşı bilir. Biz öz fəaliyyətimizlə,
apardığımız siyasətlə, həqiqətləri
çatdırmaqla öz işimizi davam etdirəcəyik.
Beynəlxalq təşkilatların
qərarları çox önəmlidir. Bəzi hallarda belə
bir fikir yarana bilər ki, bu qərarlar qəbul edilir, Azərbaycan
haqq səsini artıq bütün beynəlxalq forumlarda
dünya birliyinə çatdırır, ancaq münaqişə
həllini tapmır. Bu, həqiqətdir. Ancaq bununla bərabər,
beynəlxalq təşkilatların qərarları məsələnin
həlli üçün əsasdır. Məsələnin
istənilən yolla həlli üçün əsasdır.
Çünki beynəlxalq hüquq normalarının Ermənistan
tərəfindən pozulmasına baxmayaraq, onları heç
kim inkar etmir. Yəni dünya birliyi və beynəlxalq aləm
beynəlxalq hüquq normaları əsasında
formalaşıbdır və fəaliyyət göstərir.
Birləşmiş Millətlər Təşkilatı, digər
təşkilatlar - yəni bu təşkilatların nizamnaməsi,
məramı ədalət, demokratiya, hüquq normaları
üzərində qurulubdur və istənilən formada
münaqişənin həlli beynəlxalq hüquq
normalarına əsaslanmalıdır. Əgər Azərbaycan
görsə ki, sülh prosesi artıq tükənib, heç
bir ümid yoxdur və müharibə yoluna üstünlük
verərsə, yenə də beynəlxalq hüquq normaları
bizim mövqeyimizi dəstəkləyir. Çünki Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci
maddəsində açıq-aydın göstərilir ki, hər
bir ölkə özünü müdafiə etmək
üçün bütün hüquqlara malikdir. Biz istəyirik
ki, məsələ sülh yolu ilə həll olunsun. Biz istəyirik
ki, ərazi bütövlüyümüz dinc yolla,
danışıqlar yolu ilə bərpa olunsun. Ancaq hələ
ki, bu, mümkün deyildir.
Bununla bərabər, mən
hesab edirəm ki, biz diplomatik səylərimizi bundan sonra da
davam etdirməliyik. Bax, bu yaxınlarda Avropa Parlamentində
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı çox önəmli qətnamə qəbul
edilmişdir. Baxmayaraq ki, artıq münaqişənin
başlanmasından 20 ilə yaxın vaxt keçir, ancaq bu qətnamə
bu il qəbul edilib. Hesab edirəm ki, gec olsa da, ədalətli
qərarın qəbul edilməsi, özü də Avropa
Parlamentində qəbul edilməsi çox önəmlidir.
Hamımız bilirik ki, orada erməni lobbisi nə qədər
böyük imkanlara malikdir və bu qətnamənin əleyhinə
çıxan erməni lobbisi nə qədər böyük səylər
göstərmişdir.
Bütün bunları biz
yaxşı bilirik. Bəlkə geniş ictimaiyyət bundan xəbərsizdir.
Amma biz bilirik ki, son ana qədər onların müqaviməti,
səyləri və bütün dünya erməniliyinin birləşməsi
yenə də qətnamənin əleyhinə qərarın qəbul
edilməsinə imkan yaratmadı. Çünki haqq-ədalət
öz yerini tutdu. Bir də ki, biz Azərbaycanın artıq
artan təsir imkanları və həqiqətin Avropa
deputatlarına çatdırılması sayəsində bu qətnamənin
qəbul edilməsində istədiyimizə nail olduq. Əgər
desəm ki, bu qətnamə bu gün, ya sabah münaqişənin
həlli üçün bir əsas rol oynayacaq, əlbəttə,
bu, düzgün olmaz. Ancaq yenə də deyirəm, istənilən
anda Azərbaycan öz ərazi bütövlüyünü
beynəlxalq hüquq əsasında, istənilən yolla bərpa
etmək istəyəndə, əlbəttə ki, hüquqi əsas
həlledici rol oynayacaqdır.
Beləliklə,
bugünkü vəziyyət, yəni beynəlxalq hüquq
normaları əsasında həllini gözləyən
münaqişə ilə bağlı proseslər müsbət
istiqamətdə davam edir. Çünki BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrindən sonra bu illər
ərzində müxtəlif beynəlxalq təşkilatlarda
vacib qərarlar qəbul edilmişdir.
O ki qaldı münaqişənin
həllinə, bir daha demək istəyirəm ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa etməlidir,
edəcəkdir və danışıqlarda Azərbaycanın ərazi
bütövlüyü heç vaxt şübhə altına
qoyulmamışdır. Bu gün Madrid prinsipləri əsasında
təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın
ərazi bütövlüyünün bərpası
üçün şərait yaradır. Məhz buna görə
Azərbaycan bu danışıqlarda iştirak edir və
konstruktivlik nümayiş etdirir. Çünki biz bütün
dövrlərdə çalışmışıq və
buna nail olmuşuq ki, Azərbaycanın ərazi
bütövlüyü nəzərə alınmalıdır,
münaqişə həllini bunun əsasında
tapmalıdır. Bu gün həmsədr ölkələr
öz fikirlərini bəlkə də daha da açıq
şəkildə ortaya qoyurlar. Bir vacib məsələ
vurğulanır ki, məsələ öz həllini Helsinki
prinsipləri əsasında tapmalıdır. Nədir bu
Helsinki prinsipləri? Yəqin ki, indi bunu məsələ ilə
məşğul olanlar yaxşı bilirlər. Burada əsas
prinsip ərazi bütövlüyüdür. Xalqların
öz müqəddəratını təyinetmə, müəyyənetmə
prinsipləri də vardır. Ancaq o prinsiplər ölkələrin
ərazi bütövlüyünə zərbə
vurmamalıdır, onunla ziddiyyət təşkil etməməlidir.
Xalqların özünüidarəetmə və öz müqəddəratını
müəyyənetmə imkanları ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır. Budur Helsinki
prinsiplərinin mahiyyəti və mənası. Bunun əsasında
həmsədr ölkələr tərəfindən işlənilmiş
təkliflər ortaya qoyulub və Azərbaycan müəyyən
istisnalarla bu təklifləri qəbul edir. Bunlar nədən
ibarətdir? Bir daha mən bu barədə məlumat vermək
istəyirəm. İlk növbədə, Dağlıq Qarabağın
ətrafında yerləşən işğal edilmiş
bütün bölgələrdən işğalçı
qüvvələr çıxarılır. Beş rayon dərhal,
iki rayon - Kəlbəcər və Laçın rayonları
müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə
beş il müddət nəzərdə tutulubdur. Bunun səbəbi
ondan ibarətdir ki, Kəlbəcər və Laçın
rayonları Dağlıq Qarabağla Ermənistan arasında
yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin
qayıtması üçün təhlükəsizlik tədbirləri
daha da böyük həcmdə görülməlidir. Ancaq
bütün bölgələr, bütün rayonlar Azərbaycanın
nəzarəti altına qayıdır. Ermənistanla
Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət
göstərir və Azərbaycan bu təkliflərlə də
razılaşıbdır. Çünki bu, münaqişənin
həlli üçün vacib olan məsələdir.
Çünki bütün təhlükəsizlik təminatları
verilməlidir.
Bizim niyyətimiz yoxdur ki, ermənilər
kimi orada etnik təmizləmə siyasəti aparaq. Heç vaxt
Azərbaycan xalqı belə çirkin əməllərə
əl atmamışdır. Ona görə Dağlıq
Qarabağla Ermənistan arasında mövcud yol necə fəaliyyət
göstərib, elə də fəaliyyət göstərməlidir
və hesab edirəm ki, bu təklif qəbul oluna bilər. Təhlükəsizlik
zəmanəti verilməlidir. Sülhməramlı qüvvələr
Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir
və hesab edirəm ki, burada da bizim üçün heç
bir təhlükə yoxdur. Çünki işğal
edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının
da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı
kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək
ki, artıq bütün tərəflər təhlükəsizlik
tədbirlərini öz üzərinə götürəcəklər.
Dağlıq Qarabağa
keçici statusun verilməsi müzakirə olunur. Bu status Azərbaycanın
ərazi bütövlüyünü pozmayacaqdır.
İşğaldan əziyyət çəkmiş
bütün insanlar öz yerlərinə
qayıtmalıdırlar. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları
Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar
və üç həmsədr ölkənin bu yaxınlarda
verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni
bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən
prinsiplərdir və beləliklə, məsələnin həlli
üçün yeganə variant ola bilər. Bir daha demək
istəyirəm ki, Azərbaycan müəyyən istisnalarla bu əsas
prinsipləri qəbul edib və biz Ermənistandan da eyni
yanaşmanı gözləyirik. Halbuki bizə çatan məlumat
o qədər də müsbət deyildir. Görünür ki,
Ermənistan tərəfi öz taktikasını davam etməyə
üstünlük verir. Yəni ki, onlar münaqişəni
maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq
və işğalı davam etdirmək istəyirlər.
Azərbaycan tərəfi, əlbəttə
ki, bununla heç vaxt razı ola bilməz. Biz uzun illərdir
ki, danışıqlarda iştirak edirik, konstruktivlik
nümayiş etdiririk. Müxtəlif dövrlərdə Ermənistan
tərəfi danışıqları pozub və Ermənistanda
baş verən hadisələr danışıqların
gedişatına mənfi təsir göstərib. Ermənistan
parlamentində terror aktları, Ermənistanda 1990-cı illərin
sonunda dövlət çevrilişi və digər cinayətlər
münaqişənin həll olunması üçün əsas
problem yaratmışdır.
Biz isə həmişə
konstruktivlik nümayiş etdirmişik. Bu gün də
konstruktivlik nümayiş etdiririk və bu prinsipləri
bütövlükdə qəbul edirik. Münaqişə bu
prinsiplər əsasında həllini taparsa, mən hesab edirəm
ki, Azərbaycanın maraqları tam şəkildə təmin
olunacaqdır. Birinci, Azərbaycan vətəndaşları
Dağlıq Qarabağın ətrafında yerləşən
bütün bölgələrə qayıdacaqlar. Son illər
ərzində Azərbaycan əhalisi artıbdır və əlbəttə
ki, o bölgədə demoqrafik vəziyyət qısa müddət
ərzində bizim maraqlarımızı tam şəkildə
təmin edəcəkdir. Dağlıq Qarabağa,
Şuşaya Azərbaycan əhalisinin qayıtması mütləq
olmalıdır. Yəqin ki, buna bir qədər çox vaxt
lazım olacaqdır. Ancaq bunsuz bu münaqişə öz həllini
tapa bilməz və Azərbaycan bütün imkanlardan istifadə
edəcək ki, buna maksimum tez bir zamanda nail ola bilsin.
Hesab edirəm ki,
sülhün yaranması, kommunikasiyaların
açılması, bölgədə gedən proseslərə
müsbət təsir göstərəcək. Bu gün sirr
deyil ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr
nisbəti bizim xeyrimizə dəyişibdir. Biz buna nail ola
bilmişik. İstənilən sahədə Azərbaycan Ermənistandan
qat-qat üstündür. İqtisadi potensial cəhətdən
Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 7-8 dəfə
böyükdür. Demoqrafik potensial da Azərbaycanın
mövqelərini gücləndirir. Bu gün Azərbaycanın
əhalisi 9 milyondur. Ermənistan əhalisi qeyri-rəsmi məlumatlara,
amma dəqiq mənbələrə görə 1 milyon 800 min nəfər
ətrafındadır. Bu gün bizdə olan məlumata görə
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
60 minə yaxın, yəni bir rayonun əhalisi qədər əhali
vardır. İqtisadiyyat, coğrafi vəziyyət, demoqrafiya,
ordu quruculuğu, sənaye potensialı, geosiyasi vəziyyət
və Azərbaycanın bölgədəki, dünyadakı
mövqelərinin gücləndirilməsi - bütün bu
amillər mövqeyimizi gücləndirir və məqsədə
çatmaq üçün bizə imkanlar yaradacaqdır.
Mən ümid edirəm, həmsədr
ölkələr Ermənistana ciddi siqnallar göstərməklə
nail olacaqlar ki, Ermənistan da dekabr ayında həmsədrlər
tərəfindən rəsmi qaydada təqdim edilmiş təkliflərə
müsbət cavab versin və beləliklə, biz irəliyə
daha bir addım atacağıq. Əks təqdirdə hesab edirəm
ki, danışıqların uğurla davam etməsi sual
altında olacaqdır. Çünki bu günə qədər,
yəni 1992-ci ildən - Minsk qrupunun yaranması günündən
bu günə qədər müxtəlif proseslərdə,
danışıqlarda müxtəlif mərhələlər
mövcud idi. Hər bir mərhələ nə iləsə nəticələnirdi.
Mən qeyd etdim ki, əvvəlki dövrlərdə bəzi
hallarda Ermənistanın qeyri-konstruktiv mövqeyi
danışıqların pozulmasına gətirib
çıxarıbdır. Son 5-6 il ərzində yuxarıda
söylədiyim prinsiplər əsasında Praqa prosesi
adlandırdığımız danışıqlar formatı
formalaşıbdır. Bu gün biz bu prosesin məntiqi sonuna,
yaxud da, vacib mərhələsinin məntiqi sonuna
yaxınlaşmışıq ki, artıq dekabr ayında Madrid
prinsipləri əsasında yenilənmiş təkliflər
verildi. Bir tərəf - Azərbaycan tərəfi prinsip
etibarilə bu təkliflərlə razıdır. Digər tərəf
ya razı deyil, ya da hələ ki, vaxt uzatmaqla məşğuldur.
Əgər qarşı tərəf - Ermənistan bu təkliflərə
müsbət reaksiya verməsə, onda
danışıqların bu formatda davam etdirilməsində
heç bir məna yoxdur. Əgər danışıqların
bu formatda davam etdirilməsi mümkün olmayacaqsa, o zaman
ümumiyyətlə, sülh prosesi haqqında
danışmağa dəyməz. Çünki bu günə
qədər müxtəlif variantlar müzakirə
olunmuşdur, müxtəlif düsturlar əsasında təkliflər
verilmişdir. Ancaq nəticə yoxdur. Praqa prosesi
adlandırdığımız format, mən hesab edirəm ki,
son şansdır. Ermənistan üçün son
şansdır ki, işğal edilmiş torpaqlardan öz
xoşu ilə çıxsın və beləliklə, öz
gələcəyini, təhlükəsizliyini təmin etsin,
daha qorxu içində yaşamasın.
Ona görə bu mərhələ
həlledicidir. Bu yaxınlarda həmsədr ölkələrin
nümayəndələri ilə danışıqlar
zamanı biz bu barədə öz fikirlərimizi
bildirmişik. Hesab edirik ki, bu həlledici məqamda məsələnin
həlli üçün lazım olan bütün addımlar
atılmalıdır.
Bir daha demək istəyirəm,
mən şəxsən şübhə etmirəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Birinci növbədə beynəlxalq hüquq bizim
mövqeyimizi dəstəkləyir. Ermənistan ilə Azərbaycan
arasında inkişaf sahəsində böyüyən
uçurum mövqeyimizi gücləndirir. Azərbaycan
xalqının iradəsi mövqeyimizi dəstəkləyir.
Ermənistanda hətta müxtəlif rəhbər dairələrdə
belə bir fikir formalaşır ki, artıq 20 ilə
yaxındır danışıqlar gedir, hələ bir 10 il
davam etsin, bir 10 il də davam etsin və biz burada sadəcə,
bir imitasiya ilə məşğul olaq. Vaxt keçdikcə azərbaycanlılar
o bölgələri unudacaqlar, yeni nəsil dünyaya gələcək,
o bölgə ilə bağlı olmayacaqdır. Bütün
bu fikirlərin qarşısına Azərbaycan xalqı öz
iradəsini qoyur.
Ermənilərin fikri özlərinə
getməsin. Onlar bəlkə də öz tarixi vətənini
unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz
tarixi vətənini unuda bilməz. Bu gün qaçqın
şəhərciklərində, Bakıda, başqa yerlərdə
Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən
olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə
yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan
xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaqdır.
Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik.
Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik
ki, öz torpaqlarımıza qayıdaq və ərazi
bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə
heç vaxt barışmayacağıq.
Bu gün Azərbaycan 20 il
bundan əvvəlki Azərbaycan deyildir. O vaxt -
torpaqlarımız işğal olunanda Azərbaycanda hərc-mərclik
idi. Azərbaycanda, ümumiyyətlə, dövlət yox idi.
Dövlət quruculuğu heç aparılmırdı. Azərbaycanı
dünyada tanımırdılar. Ordumuz yox idi. Müxtəlif
silahlı birləşmələr, quldur birləşmələri,
hər bir güya ki, partiya rəhbərinin öz ətrafında
silahlı dəstələri var idi. Özü də onlar
burada bir-biri ilə vuruşa-vuruşa hakimiyyət uğrunda
mübarizə aparırdılar, orada isə
torpaqlarımız əldən gedirdi. Digər tərəfdən,
Ermənistana xaricdən həm maliyyə, həm hərbi dəstək
göstərilirdi. Bütün bunları siz yaxşı
bilirsiniz. Biz o vaxt nə qədər xarici muzdluları zərərsizləşdirdik
və həbs etdik. Ermənistanın, hətta o vaxtkı Azərbaycana
qarşı bu qədər problem yaratmağa imkanı yox idi,
o ki qaldı indiki vəziyyətə. Bu gün Azərbaycan
güclü ölkədir. Müstəqil ölkədir.
Bütün forumlarda öz haqq səsini ucaldıb. Heç
kimdən çəkinmir, güclü orduya malikdir.
Bu gün ordumuz istənilən
məsələni həll edə bilər. Mən buna
şübhə etmirəm. Tam əminəm.
Onlar nə vaxta qədər
belə vəziyyətdə yaşayacaqlar? Budurmu onların
seçimi?! Budurmu onların müstəqilliyi?! Müstəqillik
bizim üçün, bizim nəsil üçün bir
şans, tarixi bir sərvət idi. Biz xoşbəxt
insanlarıq ki, müstəqillik dövründə
yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı
müstəqillik arzusu ilə yaşamışdır. Nəsillər
gəlirdi, gedirdi. Yenidən müstəmləkə, ya
respublika, ya da ki, hansısa başqa formada vilayət kimi
yaşamışdır. Öz taleyimizi özümüz həll
edə bilmirdik. Başqa imperiyaların tərkibində
bölünə-bölünə, torpaqlarımız əldən
gedə-gedə yaşamışıq. Müstəqillik tarixi
bir şans idi, bizim üçün də, Ermənistan
üçün də, bütün başqa keçmiş
müttəfiq respublikalar üçün də. Hansı
ölkə bu şansdan necə istifadə edib, bu, artıq o
ölkənin, o xalqın iradəsindən asılıdır.
Bu gün Azərbaycan bu
şansdan uğurla istifadə edir. Baxmayaraq ki,
torpaqlarımız işğal altındadır, bir milyon azərbaycanlı
etnik təmizləməyə məruz qaldı.
Xalqımıza qarşı Xocalı soyqırımı
törədildi. Bütün bunlara baxmayaraq, bu gün biz
uğurla irəliyə baxırıq. Güclü ölkəyik.
Öz hesabımıza yaşayırıq. Bölgədə
gedən proseslərə təsir edirik. Bütün ölkələrlə,
hətta böyük dövlətlərlə bərabərhüquqlu,
qarşılıqlı hörmət və
qarşılıqlı maraqlar əsasında münasibətlər
qururuq. Heç kimin qabağında gözükölgəli
deyilik. Heç kimdən heç nə istəmirik, xahiş
eləmirik. Əksinə, bizdən xahiş edirlər. Biz də
imkan daxilində lazım gələndə yardımlar edirik.
Ermənistan nə edir? Ermənistanın
müstəqilliyi şərti xarakter daşıyır. O
ölkə müstəqil sayıla bilməz. Çünki
müstəqil siyasət apara bilmir. Başqa dairələrin
iradəsi ilə idarə olunur. Öz müstəqil iqtisadi
siyasəti yoxdur. Bütün infrastruktur, bütün strateji
obyektlər başqa ölkələrin əlindədir. Əhali
azalır, demoqrafik iqtisadi böhran yaranıbdır. Əgər
keçən böhranlı ildə onlara xaricdən
yardımlar edilməsəydi, ölkə tamamilə
dağılacaqdı. Nə vaxta qədər xarici ianələr
hesabına yaşayacaqlar?! Ona görə deyirəm, bu, tarixi
seçimdir. Azərbaycan bu müstəqillik şansından
uğurla istifadə etdi. Mən əminəm ki, bizim
seçimimiz düzgün olmuşdur. Biz bundan sonra da
bütün sahələrdə - iqtisadi, sənaye sahələrində
potensialımızı, diplomatik səyləri, ordu
quruculuğunu gücləndirəcəyik. Əminəm ki, biz
torpaqlarımızı işğalçılardan azad edəcəyik.
Ermənistanda fikirləşirlər
ki, vaxt keçdikcə onların mövqeyi güclənir. Bu,
səhv bir yanaşmadır. Onların bütün sahələrdə
mövqeləri zəifləyir. Sadəcə dünya ermənilərinin
güclü mövqelərə malik olması bugünkü bu
status-kvonun saxlanmasını təmin edir. Hələ ki, təmin
edir. Amma status-kvo əbədi, uzunmüddətli ola bilməz.
Bir də demək istəyirəm ki, atəşkəs rejimi
vardır. Ancaq bu gün o bölgədə sülhməramlı
qüvvələr yoxdur, erməni əsgəri, Azərbaycan əsgəri
vardır. Onların arasında bəzən məsafə 40-50
metrdir. Heç kim zəmanət verə bilməz ki, orada
xoşagəlməz hadisə baş verməyəcək. Azərbaycan
xalqı nə vaxta qədər dözməlidir? Nə vaxta qədər
bu ədalətsizliklə barışmalıdır? O vaxt ki,
Ermənistan ilə Azərbaycan arasında hərbi balans var
idi, bunu müəyyən mənada izah etmək olardı. Amma
bu gün bu hərbi balans yoxdur. Biz bunu yaxşı bilirik.
Beləliklə, mən bu
gün bir daha bu məsələlərlə bağlı
öz fikrimi sizin qarşınızda ifadə etmək istəyirəm.
Çünki bu, bizim ümumi işimizdir, ümumxalq
işimizdir. Ölkə qarşısında duran ən
ağrılı, ən vacib problemdir. Bu problemi həll etmədən
biz heç vaxt bu vəziyyətlə
barışmayacağıq. Biz ərazi
bütövlüyümüzü bərpa etməliyik. Bu
gün bir də demək istəyirəm ki, sülh prosesi
çərçivəsində təklif edilmiş variant, əminəm
ki, məsələnin həlli üçün əsas ola bilər.
Azərbaycan bir daha konstruktivlik nümayiş etdirir, öz
işini dekabr ayında verilmiş bu təkliflər əsasında
davam etdirmək istəyir. Əgər qarşı tərəf
eyni mövqeni göstərərsə, onda biz məsələnin
həllinə yaxınlaşa bilərik.
Bir daha demək istəyirəm
ki, Dağlıq Qarabağın və ətraf bölgələrin
işğalı dözülməzdir. Azərbaycan xalqı,
Azərbaycan rəhbərliyi heç vaxt bu vəziyyətlə
barışmayacaqdır. Bu məsələ bizim
üçün və Prezident kimi mənim üçün
prioritet məsələdir. Məsələ həll olunmayana
qədər prioritet məsələ kimi qalacaqdır. Bir də
demək istəyirəm ki, bugünkü gözəl tədbirdə,
hesab edirəm, bu məsələ ilə bağlı biz gərək
danışaq və mən istərdim ki, sizin də fikirlərinizi
eşidim.
***
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin sədri Bayram SƏFƏROV
onlar üçün yaradılan şəraitə görə
dövlətimizin başçısına təşəkkür
etdi, icmanın fəaliyyəti barədə məlumat verərək
dedi:
- Dağlıq
Qarabağın azərbaycanlı icması üçün
belə gözəl bina Sizin 2009-cu il 31 avqust tarixli Sərəncamınıza
əsasən ayrılmış vəsait hesabına ərsəyə
gəlib. İcmanın idarə heyətinin üzvlərinə
ancaq yaxşı işləmək qalır. Belə şəraitdə
yaxşı işləməliyik, Azərbaycanın haqq səsini
dünya ictimaiyyətinə, beynəlxalq qurumlara daha ətraflı
çatdırmalıyıq.
Sizə bir daha icmanın idarə
heyətinin üzvləri adından, şəxsən öz
adımdan təşəkkürümüzü bildirirəm
ki, bizə belə gözəl şərait
yaratmısınız. Siz həmişə 1 milyon məcburi
köçkünün qayğısına
qalmısınız. Bunlar hamısı göz
qabağındadır. Artıq bir dənə də
çadır şəhərciyimiz yoxdur. Siz məcburi
köçkünlərə həmişə diqqət və
qayğı göstərmisiniz. Biz də buna cavab olaraq həmişə
Sizin əmrinizə hazırıq, müsəlləh əsgər
kimi hamımız döyüşə hazırıq. Sizin
müdrik xarici və daxili siyasətinizi dəstəkləyirik.
İcmamızın idarə
heyətinin də, üzvlərinin də istəyi budur ki, gələcəkdə
Azərbaycanın hüdudlarından çıxıb xarici
ölkələrdə, MDB dövlətlərində nümayəndəliklər
yaradaq, beynəlxalq birliyi məlumatlandıraq. Bu istiqamətdə
Heydər Əliyev Fondunun dəstəyi ilə çox
böyük işlər görülür. Fondun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Qarabağ həqiqətləri, Xocalı
soyqırımı barədə bir neçə dildə
kitablar buraxılır. Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın
təşəbbüsü ilə dünyanın 100-dən
artıq ölkəsində hər il Xocalı faciəsi ilə
əlaqədar tədbirlər keçirilir. Görülən
bütün işlər göz qabağındadır. Sizin rəhbərliyiniz
altında bütün biz qarabağlılar həmişə
çağırışa hazırıq. Həmişə
Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Bir
daha Sizə həm öz adımdan, həm də idarə heyəti
adından təşəkkür edirik. Sağ olun.
***
Bakı Musiqi
Akademiyasının rektoru, professor Fərhad BƏDƏLBƏYLİ
hamımızın böyük qayıdışa hazır
olmağımızın vacibliyini qeyd edərək bildirdi ki,
Qarabağ azərbaycanlıları tezliklə tarixi vətənlərinə
qayıdacaqlarına inanırlar. O dedi:
- Siz Qarabağ haqqında ətraflı
danışdınız. Sizin hər bir
çıxışınız, doğrudan da, çox təsirlidir,
bütün tariximizi yada salır. Məncə, bizim əsas məqsədlərimizdən
biri gələcəkdə qayıdış ilə bağlıdır.
Biz cəmiyyəti oraya qayıtmağa
hazırlamalıyıq. Zənnimcə, qayıdış
mövzusuna cəmiyyətdə, telekanallarda daha çox diqqət
yetirilməlidir ki, biz necə qayıdacağıq, necə
yaşayacağıq? Biz ona hazır olmalıyıq.
Çünki əsas problemi Siz həll edirsiniz. Bilirik ki, bizim
Ali Baş Komandan əmr etsə, ordumuz bir həftə ərzində
Xankəndiyə qədər gedə bilər. Amma biz istəməzdik
ki, yenə qurbanlar verək. Əlbəttə, sülh yolu ilə
gedirik. Biz izləyirik, Siz bütün görüşlərdə,
dövlət başçıları ilə
danışıqlarda, mötəbər forumlarda həmişə
Qarabağ problemini xüsusi vurğulayırsınız.
Mənim yadımdadır, ulu
öndər Heydər Əliyev Amerikada, hər yerdə
çubuğu götürürdü və coğrafiya dərsləri
keçirdi, başa salırdı, Qarabağ haradadır, kimin
torpağıdır. Bu siyasəti indi Siz davam etdirirsiniz. Ona
görə də ümidimiz Sizədir və heç
şübhə yoxdur ki, bu ümidlər tezliklə
doğrulacaqdır.
Biz 1980-ci illərdə Sizinlə
bərabər qarlı Şuşada olmuşuq. Cavan idik,
xoşbəxt idik onda. Mənim heç şübhəm
yoxdur, biz yenə oraya qayıdacağıq. Yenə Siz Vaqifin məqbərəsini,
Bülbül əminin evini bərpa edəcəksiniz. Mən
Sizə bir jurnal bağışlamaq istərdim. Bu, icmanın
birinci nəşridir. Sizin dəstəyinizlə biz Elmlər
Akademiyasının Almaniyada böyük bir konfransını
keçirdik. Orada senatorlar da iştirak edirdilər. Biz konfransda
Qarabağ məsələsinin diskussiyasını
keçirdik. Çox ciddi bir söhbət oldu. Hətta konsert
də verdik. Mən Mehriban xanıma çox sağ ol deməliyəm.
Çünki onun dəstəyi ilə hazırlanan
"Qarabağ xanəndələri" albomu da böyük
silahdır. Hər dəfə hər bir ölkədə onu
bağışlayanda, onlar buna baxırlar və doğrudan
möcüzə kimi qəbul edirlər. O da silahdır, musiqi
silahıdır və çox təsirli bir silahdır.
Mən Sizə dərin minnətdarlığımı
bildirirəm. Çünki Qarabağ məsələsində
Sizin sərt mövqeyiniz hamıya bəllidir. Biz Sizə
inanırıq. İnanırıq ki, gec-tez hamımız
Sizinlə bərabər orada olacağıq. Bu jurnalı Sizə
bağışlayıram.
Çox sağ olun.
***
Azərbaycanın sülh
prosesinə sadiq olduğunu və Dağlıq Qarabağla
bağlı həqiqətlərin təbliği istiqamətində
səyləri artırmağın vacibliyini vurğulayan
Bakı Slavyan Universitetinin rektoru Kamal ABDULLA dedi:
- Ümummilli liderimiz Heydər
Əliyevin əlində coğrafiya çubuğu dünya
ölkələrinin rəhbərlərinə
Qarabağın, Azərbaycanın harada olmasını, Ermənistanın
və Azərbaycanın sərhədlərinin əslində
haradan keçdiyini, tarixdə nə cür olduğunu
yorulmadan izah etməsi, məlumatlar verilməsi heç vaxt
yadımızdan çıxmayacaqdır. Çünki ona qədər
doğrudan da, dünyada münaqişə barədə
yayğın təsəvvürlər var idi və məsələnin
mahiyyətinə nüfuz o zamandan başlamışdır. Bu
gün artıq məsələnin mahiyyətini dünya
ölkələri çox gözəl dərk edirlər.
Azərbaycan xalqının bəxti,
mən bunu çox səmimi deyirəm, bir də onda gətirdi
ki, bu gün Heydər Əliyev siyasəti layiqincə, vicdanla,
şövqlə, yorulmaz səylərlə davam etdirilir. Biz
çox gözəl dərk edirik ki, Siz bu prinsipləri,
strategiyanı, münasibətləri cilalayanda daxilən
hansı hissləri keçirirsiniz. Bəxtimiz həm də
onda gətiribdir ki, bu gün ölməz Prezidentimizin ruhunu
şad edəcək dərəcədə ləyaqətli bir
siyasət yürüdülür. Mən əminəm ki, bu
gün Azərbaycanın, Siz həmişə
vurğulayırsınız, savaş deyil, sülh yolunu
seçməsinin çox əlamətdar, çox vacib cəhəti
ondan ibarətdir ki, bu, xalqımızın, Prezidentimizin bəşəri
dəyərlərə, demokratik prinsiplərə
ehtiramının təzahürüdür. Biz bu münasibətə
dünya ölkələrindən də adekvat münasibət
gözləməyə layiqik.
Bu gün Qarabağın azərbaycanlı
icması Sizin göstərişləriniz əsasında, həm
Xarici İşlər Nazirliyi, həm Prezident
Administrasiyasının rəhbərliyi ilə çox
maraqlı, faydalı görüşlər keçirir. Bu
görüşlərdə Azərbaycan həqiqətlərinin
insanların beyninə, qəlbinə necə nüfuz etdiyinin
şahidi oluruq. Biz çox sevinirik ki, Azərbaycan artıq bu
gün dünyada böyük nüfuza malikdir. ABŞ-ın
dövlət katibi xanım Klintonun bu günlərdə
Bakıda Sizinlə görüşdən necə təsirləndiyini
biz hətta uzaqdan-uzağa duyduq. Əminik ki, bütün
bunların sayəsində tezliklə doğma
Qarabağımıza qovuşacağıq.
Bu gün icmanın idarə
heyəti adından, yoldaşlarımın adından bir daha
Sizə təşəkkür etmək istəyirəm. Əminliyimi
bildirmək istəyirəm ki, inşallah o gün olacaqdır
ki, Siz Şuşada, Dağlıq Qarabağda belə gözəl
binaları, tikililəri açacaqsınız. Təşəkkür
edirəm.
***
Milli Məclisin deputatı
Rövşən RZAYEV Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması istiqamətində
Prezident İlham Əliyevin yürütdüyü siyasəti
dəstəklədiklərini bildirərək dedi:
- Bizim üçün beynəlxalq
təşkilatların qərarları çox önəmlidir.
Həqiqətən də, bu il mayın 20-də Avropa
Parlamentində qəbul olunmuş qərara əsasən belə
qənaətə gəlirik ki, sülh yolu ilə addımlamaq
ən lazımlı, ən düzgün yoldur. Bununla bərabər
qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın
Silahlı Qüvvələri həqiqətən də
çox yüksək səviyyədədir. Fəxr hissi ilə
həmişə qeyd edirik ki, MDB məkanında Rusiyadan və
Ukraynadan sonra yeganə ölkədir ki, Azərbaycanda
Müdafiə Sənayesi Nazirliyi mövcuddur və bu sahədəki
uğurlar göz qabağındadır. Mən bunların
hamısına görə, cənab Prezident, Sizə dərin
minnətdarlığımı bildirmək istəyirəm.
Bütün Azərbaycan xalqı Sizi dəstəkləyir və
ulu öndərimiz Heydər Əliyevin siyasətinə
inanır. Bu siyasətin davamçısı, cənab
Prezident, Sizsiniz. Biz Sizinlə - müdrik liderimizlə fəxr
edirik. İnanırıq ki, Azərbaycanın ərazi
bütövlüyü məhz Sizin apardığınız qətiyyətli
siyasət sayəsində təmin olunacaqdır. Çox
sağ olun.
***
Prezident İlham ƏLİYEV
dedi:
-Sağ olun. Bir daha demək
istəyirəm ki, bu bizim ümumi işdir, ümumxalq
işimizdir. Bu məsələni həll etmək
üçün bütün diplomatik səylərlə, təbliğat
işləri ilə bərabər, biz güclü
olmalıyıq. Çünki tarix də bunu göstərir. Həm
uzaq tarix, həm də yaxın tarix. Biz
çalışmalıyıq ki, daha da güclənək.
Ona görə bu illər ərzində Azərbaycanın
iqtisadi potensialı, hərbi quruculuğu, müdafiə
potensialı, müdafiə sənayesinin yaradılması -
bütün bunlar bir məqsədi güdürdü ki, biz istənilən
vaxtda öz torpaqlarımızı azad edə bilək. Belə
bir kritik qüvvə yaradaq ki, artıq qarşı tərəf
də dərk etsin ki, məsələnin uzadılması
onların xeyrinə deyildir. Əgər bu olmasaydı, əgər
biz sadəcə diplomatik danışıqların
aparılması ilə öz fəaliyyətimizi məhdudlaşdırsaydıq,
əminəm ki, bu gün heç barəsində söhbət
etdiyim o prinsiplər də ortaya çıxmazdı.
Çünki bütün bunlar - həm Azərbaycanın
potensialı, həm geosiyasi mövqeyi, həm hərbi qüdrəti
siyasi gedişatlarda mövqeyimizi gücləndirir. Ona görə
daha da güclü olmalıyıq. Bütün qüvvələr
səfərbər olunmalıdır. Məsələni
sülh yolu ilə həll etmək üçün
güclü ordumuz olmalıdır. Biz bu gün bunu
yaradırıq.
Gələcəkdə
çox iş görülməlidir. Biz bununla bərabər,
paralel olaraq dünyada, bütün beynəlxalq təşkilatlarda
daim bu mövzunu diqqətdə saxlamalıyıq. Fərhad
burada çox düzgün qeyd etdi ki, mən bütün tədbirlərdə
Qarabağ məsələsini qaldırıram. İqtisadi məsələlər
də müzakirə olunanda, mədəniyyətlə
bağlı tədbirlərdə, bütün tədbirlərdə,
hər bir beynəlxalq forumda bu məsələ
qaldırılır, Azərbaycanın haqq səsi
ucaldılır, real vəziyyət nəzərə
çatdırılır. Çünki Ermənistan və erməni
lobbisi baxmayaraq ki, işğalçı siyasət
aparırlar, etnik təmizləmə siyasətini
aparmışlar, azərbaycanlıları öz doğma
torpaqlarından didərgin salmışlar, bütün
dünyada, bütün tədbirlərdə rəy yaratmaq istəyirlər
ki, Azərbaycan təcavüzkardır və Azərbaycan onlara
qarşı təcavüz edib.
Artıq həqiqətlər
dünya birliyinə çatdırılır. Bu, çox
vacibdir.
Bütün sahələrdə
bax belə broşürlərin, Heydər Əliyev Fondu tərəfindən
disklərin buraxılması onu göstərir ki, bu, bizim
tarixi torpağımızdır, bizim mədəniyyətimizdir.
Biz öz mədəniyyətimizi qorumalıyıq. Mən
şübhə etmirəm ki, biz Dağlıq Qarabağa,
Şuşaya qayıdacağıq.
O günləri mən
çox yaxşı xatırlayıram. O qarlı şəraitdə
Cıdır düzündə Vaqifin məqbərəsi
önündə durmuşduq. O unudulmaz təəssüratlar
sizin kimi mənim də qəlbimdə yaşayır, hər
bir Azərbaycan vətəndaşının qəlbində
yaşayır. Biz ora qayıtmayana qədər sakitləşməyəcəyik.
Biz bütün səylərimizi səfərbərliyə
alıb elə etməliyik ki, tezliklə oraya qayıdaq. Bir
daha demək istəyirəm və mən şübhə etmirəm
ki, Azərbaycanın ərazi bütövlüyü bərpa
olunacaq, biz Dağlıq Qarabağa qayıdacağıq və
o bölgəni yenidən quracağıq, bütün
dağıdılmış binaları, məscidləri, məktəbləri,
evləri bərpa edəcəyik. Biz sadəcə istəyirik
ki, buna tezliklə nail olaq, bu gün qaçqın həyatı
yaşayanlar tezliklə öz ata-baba torpaqlarına
qayıtsınlar.
Bir daha sizi ürəkdən
salamlayıram. Bir daha sizə və bütün Azərbaycan
xalqına söz verirəm ki, Azərbaycanın ərazi
bütövlüyünün bərpası əvvəlki illərdə
olduğu kimi, bundan sonra da mənim üçün prioritet məsələ
olaraq qalacaq və bütün səylərimi qoyacağam ki, məsələ
tezliklə və ədalətli həll olunsun. Çox
sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 7 iyul.- S.
1, 2.