İctimai və humanitar elmlər dövrün tələblərinə cavab verməlidir

 

 Hadi RƏCƏBLİ, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru

 

- Akademik Ramiz Mehdiyevin "İctimai və Humanitar elmlər: zaman kontekstində baxış" əsərində elmə münasibətin yeni konseptual baxışı öz əksini tapıb. Həmin fundamental əsərlə bağlı "Azərbaycan" qəzetində bu sahənin nüfuzlu alimlərinin 24 məqaləsi nəşr olunub. Həmin məqalələrdə elmə münasibətin konseptual yanaşması məsələsi bir qədər də açıqlanıb. Ümumi fikir bundan ibarətdir ki, respublikanın dinamik inkişafı, dünya iqtisadiyyatına uğurla inteqrasiyası dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasını, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair müxtəlif proqnozların verilməsini, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlilini, sosioloji sorğuların keçirilməsini, respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsini tələb edir.

Siyasi elmlər sahəsində tədqiqatlar aparan şəxs kimi bu qənaətdəyəm ki, Azərbaycanın sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələsində inkişafın yeni paradiqmalarının dərindən analizində və öyrənilməsində, habelə nəzəri biliklərin emprik təcrübə ilə əlaqələndirilməsində ictimai elmlərin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu gün hər bir ölkənin daxili və xarici siyasətinin nəzəri-konseptual əsasları politologiya, siyasi sosiologiya, fəlsəfə kimi ictimai elmlərin vasitəsilə təhlilə cəlb olunur. Müasir politologiya və siyasi fəlsəfə cərəyan edən hadisə və proseslərin mahiyyətini, onlarin qarşılıqlı təsir imkanlarını araşdırmaqla yanaşı, idarəçilik üçün səmərəli futuroloji proqnozlarla da çıxış edir.

Müasir dövrdə hər bir cəmiyyətdə baş verən siyasi proseslər müəyyən nisbi müstəqilliyə malik olmaqla, ayrıca tədqiqat sahəsində - politoloji müstəvidə araşdırılır. İqtisadi həyatın qanunauyğunluqları və buradakı hadisələr, əsasən, iqtisadçı alimlərin maraq dairəsinə aiddir. Sosial gerçəkliyin, mədəni-mənəvi həyatın problemləri isə, ilk növbədə, sosioloji, kulturoloji, sosial-psixoloji tədqiqatların mövzusudur. Bütün bu hadisələrin qarşılıqlı surətdə bir-biri ilə əlaqələndirilməsi politologiya və fəlsəfənin predmetinə aiddir. Bu elmlər düşüncə tərzinin spesifikasını ifadə edən intellektual paradiqma ilə yanaşı, ictimai proseslərin qanunauyğunluqlarını müəyyən edən inkişaf paradiqmasının da konturlarını üzə çıxarır.

İctimai və humanitar elm sahələrinin müasirləşdirilməsi vacibliyi, əsərdə də vurğulandığı kimi, ilk növbədə Azərbaycanın bir ictimai iqtisadi formasiyadan digərinə keçid dövrünü uğurla başa vurması, sosial-iqtisadi sahədə böyük uğurlara imza atmasıdır. İndiki şəraitdə elmin maliyyə baxımından yaranmış problemlərini həll etmək, cəmiyyətin intellektual inkişafına xidmət edən qlobal layihələri maliyyələşdirmək, tədqiqatların maddi-texniki bazasını formalaşdırmaq imkanları da xeyli genişdir. Təhsilə, elmə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması, elm xadimlərinin sosial durumunun yaxşılaşdırılması, eləcə də "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Yardım Fondunun yaradılması dövlət qayğısına ən bariz nümunə sayıla bilər.

Akademik Ramiz Mehdiyev siyasi qərarların dürüstlüyünün təmini prosesində üç mühüm istiqamətdə - sosial-siyasi, o cümlədən politologiya, sosiologiya və iqtisadi elmlər; fəlsəfə, psixologiya və informasyia-kommunikasiya istiqamətləri; dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələrdə elmi tədqiqatların nəticələrinə arxalanmağı vacib sayır. Aparılan müzakirələr də bir daha göstərir ki, akademik Ramiz Mehdiyevin müəyyən etdiyi üç istiqamət üzrə elmi tədqiqatların aparılması son dərəcə vacibdir. Azərbaycan elminin ictimai həyatla əlaqəsi günü-gündən möhkəmlənməlidir. Bəzən elmi ictimai həyatdan ayrı təsəvvür edirlər, lakin onların qarşılıqlı əlaqəsi bizim üçün daha çox faydalı ola bilər. Bu baxımdan həm siyasi partiyalarda çalışan siyasətçilərin politoloji baxışları, həm də digər ictimai elmlərlə bilvasitə məşğul olan alimlərin baxışları bizim üçün əhəmiyyətlidir.

Ümumilikdə, "İctimai və Humanitar elmlər: zaman konteksində baxış" kitabının ərsəyə gəlməsi ölkənin ictimai-siyasi həyatında böyük hadisədir. Elmin bu sahələri ilə məşğul olanlar üçün son dərəcə önəmli sənəddir. Akademik yeni əsərində milli elmin problemlərinə əsl vətəndaş və ziyalı yanğısı ilə yanaşaraq yol verilən qüsurların, nöqsanların aradan qaldırılması yollarını da göstərir. Məqalənin ideya qayəsində yer alan ümimi fikir bundan ibarətdir ki, ictimai və humanitar elmlərin hazırkı xoşagəlməz durumu, tədqiqat işlərinin çağdaş dövrün tələblərinə cavab verməməsi, cəmiyyətin proqressiv ruhda köklənməsinə yönələn dəyərli elmi yeniliklərin az olması ölkə rəhbərliyini ciddi narahat edir. İnkişafın "Azərbaycan modeli" ilə bağlı sanballı tədqiqatların olmaması da əsərdə ciddi problemlərdən biri kimi önə çəkilir, ictimai elmlərin bu sahədə zamanın çağırışlarına cavab verməsi vacibliyi vurğulanır.

Azərbaycanda uğurla həyata keçirilən sosial siyasətin, ayrılıqda sosial müdafiə tədbirlərinin elmi əsaslar üzərində aparılması, bu sahədə qanunverici bazanın təkmilləşdirlməsi dünyanın aparıcı elmi və siyasi dairələrində böyük maraqla qarşılanır. Əcnəbi alimlər qlobal böhranın Azərbaycandan yan keçməsini maraqla izləyir, bizdə bunun elmi əsaslandırılmasını istəyirlər. Bütün bunlar isə fəlsəfi-politoloji sahədə elmi tədqiqatların genişləndirilməsini, habelə onun fəlsəfi-politoloji əsaslarının işlənib hazırlanmasını tələb edir.

 

Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri, professor:

 

- 2010-cu il iyunun 17-də Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair keçirilən müşavirədə təhsil barəsində fikirlərimi səsləndirmişəm. Həmin tədbirdə deyilən tənqidi fikirlər, eyni zamanda mətbuatda gedən və bu gün müzakirəyə çıxarılan elmi əsər, onun ayrı-ayrı tərkib hissələrində səslənən tənqid və iradlara müvafiq olaraq biz də öz fəaliyyətimizdə müəyyən dəyişikliklər etməyə çalışmışıq. Əlbəttə, 6 ay ərzində akademik Ramiz Mehdiyevin məqaləsində və sözügedən müşavirədə qeyd olunan bütün məsələlərin həllinə nail olduğumuzu demək mümkün deyil.

Bu gün dəyərli bir toplunun təqdimat mərasiminə Azərbaycanın hörmətli ziyalıları toplaşıb. Yeni nəşrin hazırlanmasında əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm. Təhsillə, elmlə bağlı bəzi fikirlərimi də diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, heç kimdə belə fikir yaranmasın ki, Azərbaycan qonşu ölkələrdən, elmdə, təhsildə geridə qalır. Qətiyyən bununla razı deyiləm. Fikrimi bir misalla əsaslandırmaq istəyirəm. Azərbaycanda 20 ilə yaxındır ki, türk liseyləri fəaliyyət göstərir. Burada təhsil verən azərbaycanlı müəllimlər, təhsil alanlar isə azərbaycanlı uşaqlardır. Hər il riyaziyyat, kimya, fizika, biologiya üzrə keçirilən dünya fənn olimpiadalarında həmin liseylərin məzunları qızıl, gümüş medallar almaqla bizi sevindirirlər. Lakin digər məktəblər belə qələbəni çox nadir hallarda əldə edirlər. Səbəb nədir? Fikrimcə, burada əsas səbəb hər yarışa, hər müsabiqəyə, hər görüşə məsuliyyətlə hazırlaşmaq məsələsidir. Türk liseyləri belə yarışlara uzun müddət professional şəkildə, optimal üsullarla hazırlaşır, nəticədə qalib olurlar. Digər məktəblər isə belə məsuliyyət nümayiş etdirmir. Bununla demək istəyirəm ki, bir çox hallarda biz özümüzün, o cümlədən alimlərimizin potensialından səmərəli istifadə edə bilmirik.

Bu fikirlə də razı deyiləm ki, Azərbaycanda yetişən gənclərin əksəriyyəti savadsızdır. Bir çox hallarda biz insanlarımızın əməyini lazımınca qiymətləndirmirik, onları o qədər pisləyirik ki, axırda doğurdan da pis olur. Bu səbəbdən istəmirəm ki, indi və gələcəkdə hər şeyi pisləyək. Bizim bu gün kifayət qədər alimlərimiz, savadlı gənclərimiz var. Bununla bağlı bir misal gətirmək istəyirəm. Hazırda Azərbaycandan kənarda, dünyanın 30-a yaxın ölkəsinin 160 nüfuzlu ali təhsil müəssisəsində 10 mindən çox azərbaycanlı gənc təhsil alır. İndi sual olunur ki, əgər gənclər savadsızdırsa, bu 10 min nəfər haradandır? Yəni demək istəyirəm ki, kütləvi şəkildə insanların əməyinə mənfi qiymət verilməsi olanımızın da itirilməsi deməkdir.

Bundan əvvəl keçirilən müşavirədə bildirmişəm və indi də qeyd edirəm ki, akademik Ramiz Mehdiyevin səsləndirdiyi bütün tənqidlərlə razıyam. Bu tənqidlərin hamısını doğru hesab edərək düşünürəm ki, cənab Ramiz Mehdiyevin dedikləri onun bir Azərbaycan vətəndaşı, böyük vəzifə tutan təcrübəli insan kimi ölkəmizi daha çox istəməsindən, onun daha sürətli inkişafını arzulamasından irəli gəlir.

Burada müəllimlər barədə də öz fikirlərimi bildirmək istəyirəm. Mənə elə gəlir ki, ilk növbədə Azərbaycan müəllimi dövlət qulluqçusu olmalıdır. Fikirlərimi bir qədər də açıq ifadə edərək deyim ki, bu gün biz Azərbaycan orta məktəb müəlliminə orta hesabla 200 manat əməkhaqqı veririk. Gəlin açıq danışaq: 200 manata kimin həyat yoldaşı gedib başqasının övladına 6 saat bilik vermək üçün can qoyar? Bu səbəbdən mənə belə gəlir ki, müəllimə, alimə, təhsil sahəsində çalışan insana dövlətin qayğısının artırılmasını da xahiş etməliyik.

Tez-tez müqayisə edirik ki, niyə başqa ölkələrdə, məsələn, Yaponiyada, Litvada elmin, təhsilin səviyyəsi Azərbaycandan yüksəkdir. Lakin baxsaq görərik ki, onlar müəllimlərə ən azı 2000-3000 manat ekvivalentində əməkhaqqı verir, tələbatları da yüksəkdir. Bu dövlətlərin müəllimləri dövlət qulluqçusudur, pensiyaya çıxdıqda aldıqları əməkhaqları 100 faiz saxlanır. Bizdə isə müəllimlər pensiyaya çıxdıqda çox cüzi miqdarda vəsait alırlar. Şəxsi qənaətimə görə, bütün məsələləri kompleks şəkildə həll etməsək, bu danışıqlarımız səmərəsiz olacaq.

Hesab edirəm ki, ümumi fikir deyildikdən sonra gələcəkdə keçiriləcək belə tədbirlər konkretlik daşımalıdır. Məsələn, deyirik ki, kitablar pisdir. Hansı kitablar pisdir, qoy adları çəkilsin, əvəzində alternativ dərsliyin olub-olmaması araşdırılsın. Belə dərslik yoxdursa, qrant ayrılsın və yazılsın. Sonra da həmin kitabı müzakirə edək. Söz söyləmək asandır, lakin həmin sözün dalında durmaq, onu müdafiə etmək çətindir.

Bu gün müzakirəsinə yığışdığımız kitabda əksini tapan məsələlərdən biri də sosial elmlərin ali məktəblərdə tədrisi ilə bağlıdır. Sovetlər dönəmindən fərqli olaraq, bu gün biz heç kəsi dediklərimizi mütləq dinləməyə məcbur edə bilmərik. Əksinə, elə şərait yaratmalıyıq, elə mühazirə, proqram hazırlamalıyıq ki, elm öyrətdiyimiz, təhsil verdiyimiz auditoriyada yer tapılmasın.

Bizim azərbaycançılığın təbliği və ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsi ilə bağlı son illərdə ölkə Prezidentinin rəhbərliyi altında əldə olunan nailiyyətləri əks etdirən proqramlara, mühazirələrə ehtiyacımız var. Bunların hazırlanması mühazirələrə, dərslərə böyük maraq oyadacaq. Lakin təəssüf ki, biz bir tərəfdən köhnəlikdən əl çəkə bilmirik, digər tərəfdən yeniliyə hazır olmadığımız halda istəyirik ki, hansısa fənndən çox dərs verilsin. İndi tələbat fərqli olduğundan, bu, mümkün deyil. Dəyərli alimlərimizə müraciət edirəm. Qoy Elm Fondu, yaxud başqa fond, misal üçün, fəlsəfə, yaxud sosial elmlərin digər istiqamətləri ilə əlaqədar dərsliyin hazırlanması ilə bağlı müsabiqə keçirsin, mühazirəçilər hazırlansın. Təəssüf ki, bu gün cəmiyyətimizdə yüksək səviyyəli mühazirəçilər çox azdır.

Fikrimcə, hər şey işin necə təşkilindən, bu işə necə rəvac verilməsindən asılıdır. Akademik Ramiz Mehdiyevin məqaləsi və onun ətrafında alimlərimizin, ziyalılarımızın mövqeyini ifadə etməsi, nəhayət, ona gətirib çıxaracaq ki, biz bu kölgəni üzərimizdən ata biləcəyik.

"Dəyirmi masa"da müzakirələrə qoşulan AMEA-nın vitse-prezidenti, akademik Akif ƏLİZADƏ, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar ƏLİYEV, Milli Məclisin deputatı, tarix elmləri namizədi Mübariz QURBANLI, Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər BAXŞƏLİYEVA, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə MƏMMƏDOVA, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif MƏMMƏDOV, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə NAXÇIVANLI, Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram ABDULLAYEV, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri namizədi Fəxrəddin NAĞIYEV, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham MƏMMƏDZADƏ, Milli Məclisin deputatı Fazil MUSTAFA, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən ABBASOV, filologiya elmləri doktoru, professor Nizaməddin ŞƏMSİZADƏ yeni nəşrlə bağlı fikirlərini bölüşdülər, eyni zamanda ictimai və humanitar elmlərin müasirləşdirilməsi sahəsində vəzifələrdən söz açdılar.

Tədbirin təşkilatçılarından Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərinin tək Azərbaycan elmində deyil, ümumiyyətlə, postsovet məkanındakı elmi proseslərdə istiqamətverici konsepsiyaya çevrildiyini vurğuladı:

- Azərbaycan 20 ildir ki, müstəqil dövlət kimi yaşayır. Bu müddət ərzində ölkəmiz bütün çətinliklərə, dövlətçiliyə qarşı yönələn təhlükələrə baxmayaraq, daim inkişafda olub, irəliyə doğru gedib. Azərbaycanın dünya tərəfindən qəbul edilən iqtisadi inkişaf modeli var. Azərbaycan balanslaşdırılımış uğurlu xarici siyasət xətti yürütməklə, dünya birliyində layiqli yerini tutur. Ölkənin iqtsadi, siyasi inkişafında qarşıda duran ən əsas məsələ Azərbaycanın milli maraqlarının gözlənilməsi, qorunmasıdır.

Dövlət müstəqilliyini qazananadək kommunist ideologiyasına, qırmızı imperiyanın maraqlarına xidmət edirdik. Bu gün isə həm ideologiya, həm də maraqlar dəyişib. Azərbaycan dövlətinin maraqları öndədir və fəaliyyətimizin başlıca məqsədini təşkil edir. Bütün bu keyfiyyət dəyişiklikləri eyni zamanda hadisələrə, məsələlərə yanaşmada da ciddi dəyişiklik tələb edir. Bu dəyişikliklərin baş verməsini elmi cəhətdən əsaslandırmaq lazımdır. O məsələ ki, düşüncə ilə bağlıdır, orada ictimai-humanitar elmlər də ön sıraya çıxır.

Ulu öndər Heydər Əliyev daim elmin inkişafına qayğı göstərib, hətta Azərbaycanın ən ağır dövrlərində belə bu sahəyə diqqəti azaltmayıb. Elm, təhsil sahəsində çalışan insanlarımıza qayğı göstərib. Yaxşı xatırlayırıq ki, ümummilli lider 1997-ci ilin aprelində alimlərlə görüşü zamanı elmdə mövcud nöqsanlardan söz açmış, milli şüur və ideologiyanın formalaşması, inkişafı prosesində humanitar və ictimai elmlərin rolunu önə çəkmişdi. Heydər Əliyev həmin tarixi görüşdə Azərbaycan tarixini, dilini, mədəniyyətini yeni dövrün tələbləri baxımından yenidən öyrənilməsi və tədqiqi zərurətini önə çəkmiş, elm adamlarını dövrün tələbləri ilə ayaqlaşmağa çağırmışdı. Ümumiyyətlə, ulu öndər həmin görüşdə elmin gələcək inkişaf prioritetlərini və vəzifələrini çox düzgün şəkildə diqqətə çatdırmışdı.

Xüsusi vurğulamaq istərdim ki, ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun zənginləşdirən möhtərəm Prezidentimiz İlham Əliyev elmə, təhsilə qayğını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Cənab İlham Əliyev həmişə xüsusi vurğulayır ki, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində quran, hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər dinamik inkişafa nail olur, dünya arenasında özünəlayiq yerlərini tuturlar. Bu gün hər bir dövlətin gücü və qüdrəti onun təbii sərvətləri ilə deyil, məhz elmi-intellektual potensialı, insan kapitalı ilə müəyyənləşir. Respublikamızda da məhz bu reallıq nəzərə alınır, neftdən əldə olunan gəlirlər elmin, təhsilin inkişafına yönəldilir. Dövlət başçısı İlham Əliyev çox mühüm tezis irəli sürərək demişdir ki, "Biz neft kapitalını insan kapitalına çevirməliyik".

İqtisadiyyatla elmin səmərəli vəhdətinə nail olmaq, idarəçilikdə yeni texnologiyalara, innovasion yeniliklərə istinad etmək, biliklərə əsaslanan iqtisadi inkişaf modeli formalaşdırmaq, gənclərdə elmə marağı gücləndirmək bu siyasətin əsasını təşkil edir. Bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsi kimi Azərbaycan regionun lider dövlətinə çevrilib. Uzun illərdir ki, respublikamız ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın aparıcı dövlətlərindən biri sayılır. Azərbaycanda cəmiyyətin bütün sahələrində mənəvi intibah və tərəqqi duyulur, infrastruktur yeniləşir. Respublikamız bütün bunların nəticəsi kimi artıq bütün dünyada səsi, sözü eşidilən dövlətə çevrilir.

Əlbəttə, qeyd olunduğu kimi, iqtisadi sahədə keçid dövrünün başa çatması cəmiyyətin ən mühüm, lokomotiv sahəsi olan elm qarşısında da mahiyyətcə yeni vəzifələr müəyyənləşdirir. Respublikamızda davamlı, tarazlı inkişafı, əldə olunmuş nəticələrin davamlılığının təmin edilməsi üçün keyfiyyətcə yeni mərhələdə elmi yeniliklərə istinad xüsusilə vacibdir. Eləcə də elmin özündə yeni dövrlə səsləşən islahatların aparılmasına, prioritet vəzifələrin dəqiqliklə müəyyənləşdirilməsinə, bu sahədə həllini gözləyən problemlərin tez bir zamanda aradan qaldırılmasına ehtiyac duyulur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik hörmətli Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində də məhz keyfiyyətcə yeni mərhələdə elmin qarşısında duran vəzifələr konseptual şəkildə ortaya qoyulur, problemlərdən çıxış yolları göstərilir. Azərbaycanın çağdaş fəlsəfi-siyasi fikrinin mahir tədqiqatçısı olan cənab Ramiz Mehdiyev bundan əvvəl də qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təbliği, demokratik inkişafın sürətləndirilməsi, milli iqtisadi inkişaf modelinin formalaşması və digər aktual məsələlərə həsr olunmuş maraqlı məqalələrlə çıxış edib. Bu məqalələr özünün elmi sanbalı, ideya məzmunu, problemlərə analitik yanaşması ilə diqqəti çəkib.

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərinin nəinki elmi ictimaiyyətdə, ümumən cəmiyyətdə razılıqla qarşılanması isə onunla şərtlənir ki, akademik Ramiz Mehdiyev əsl vətəndaş və ziyalı təəssübkeşliyi ilə mövcud vəziyyətin dəqiq mənzərəsini vermiş, problemləri təsnifatlaşdırmış, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir.

Dövlətin iqtisadi imkanlarının artdığı indiki şəraitdə elmin maliyyə baxımından yaranmış problemlərini həll etmək, cəmiyyətin intellektual inkişafına xidmət edən qlobal layihələri maliyyələşdirmək, tədqiqatların maddi-texniki bazasını formalaşdırmaq imkanları da xeyli genişdir. Təhsilə, elmə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması, elm xadimlərinin sosial durumunun yaxşılaşdırılması, eləcə də "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Yardım Fondunun yaradılması dövlət qayğısına ən bariz nümunə sayıla bilər.

Dövlət tərəfindən elm, təhsil sahəsinə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Müstəqil Azərbaycanı bu gündən neftsiz dövrə, enerji ehtiyatlarının tükənəcəyi dövrə hazırlayırıq. Təbii ki, bu baxımdan başlıca məqsəd elmi inkişaf etdirməkdir. Bu gün elmi tədqiat işlərinin müasir tələblər səviyyəsində aparılmasında müəyyən problemlər vardır.

Akademik Ramiz Mehdiyev qlobal elm məkanına inteqrasiya baxımından alimlərimiz qarşısında bir sıra mühüm vəzifələrin dayandğını bildirmişdir: "İctimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, elmimizi obyektiv istiqamətlərə yönəltməklə millətin düşünən beyninə, insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevrilməlidir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ictimai elmlər sahəsində yeni ideyalar irəli sürməyə qadir şəxsə, kreativ düşüncəli insanlara ehtiyac vardır. Qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəldə bilərlər".

Bununla da hörmətli akademik indiyədək çoxlarımızı narahat edən, qayğılandıran problemləri, aktual məsələləri kifayət qədər obyektiv tənqidi ruhda və həm də prinsipial yanaşma ilə ortaya qoymuşdur. Akademik Ramiz Mehdiyev fundamental əsərində elmimizin dünəni, bu günü və gələcəyi barədə vəziyyəti elmi cəhətdən əsaslandırmışdır. Sabah nə etmək lazımdır - bununla bağlı qiymətli təkliflər irəli sürmüşdür. Bu məsələnin vacibliyini və aktuallığını nəzərə alaraq "Azərbaycan" qəzetində "İctimai və humanitar elmlər: zaman konteksində baxış" rubrikası altında geniş müzakirələr açdıq. Bu sahənin nüfuzlu alimləri, ziyalılarımız dəyərli məqalələr yazdılar. Bu gün həmin məqalələləri kitab şəklində Azərbaycan ictimaiyyətinə, ziyalılarına təqdim edirik. Bu kitabı eyni zamanda "qiymətli fikirlər xəzinəsi" də adlandıra bilərik. Kitabı elmin problemlərinin həllinə kiçik bir töhfə olaraq ərsəyə gətirmişik.

Tədbirə yekun vuran DİA-nın rektoru Seyfəddin QƏNDİLOV dedi:

- Sonda bir daha akademik Ramiz Mehdiyevə təşəkkürümüzü bildiririk ki, belə bir dəyərli əsərlə təkcə ictimai və humanitar elmlərin deyil, ümumilikdə Azərbaycan elminin problemlərini konseptual elmi təhlil və müzakirələrə cəlb edib. Eyni zamanda "Azərbaycan" qəzeti həmin dəyərli əsəri və onunla bağlı yazılmış rəyləri toplu halında nəfis tərtibatda nəşr etməklə böyük iş görüb və buna görə qəzetin redaksiya heyətinə də minnətdarlığımı bildirirəm.

Heç bir cəmiyyət siyasətsiz, ictimai-sosial elmlərsiz formalaşa bilməz. Ötən illərdə bu elmlərə adekvat olmayan, yanlış baxış var idi. Hamı elə təsəvvür edirdi ki, guya siyasi elmləri yaradan sovet quruluşudur. Lakin bu quruluş mövcud olanda da Qərbdə siyasi elmləri bizdən daha keyfiyyətli və daha məzmunlu öyrənirdilər. Akademik Ramiz Mehdiyevin ictimai və humanitar elmlərlə bağlı son əsəri də bu elm sahələrinə münasibətdə formalaşmış yanlış stereotiplərin aradan qaldırılmasına xidmət edir. Görkəmli filosof böyük zəhmətə qatlaşaraq, Azərbaycan cəmiyyətinin bundan sonrakı inkişaf yolunun elmi siyasi əsaslarını hazırlamışdır.

Bu gün dünyada qloballaşma prosesi gedir. Millət və dövlət olaraq biz də bu prosesdən kənarda qala bilmərik. Siyasi, ictimai və humanitar elmlər olmadan bu problemlərdən optimal çıxış imkanları tapmaq mümkün deyil. Akademik Ramiz Mehdiyevin haqqında söhbət açdığımız məqaləsi də hazırkı qloballaşma dövründə millətin inkişaf strategiyasını, mübarizə yolunu müəyyənləşdirir. Bu əsər Azərbaycan humanitar və ictimai elmlərinin gələcək prioritetlərinə də işıq salır.

Qloballaşma bəzən mənəvi ekspansiya siyasətinə də çevrilə bilir. Bunu nəzərə alaraq gərək milli-mənəvi dəyərlərimizi, mənliyimizi bu prosesdə qoruyub saxlaya bilək. Qloballaşmanın mənəvi fəsadlarından daha effektiv qorunmaq üçün akademik Ramiz Mehdiyevin bu mövzudakı əsərləri istinad mənbəyinə çevrilməlidir. Çünki görkəmli dövlət və elm xadiminin yaratdığı mükəmməl elmi-nəzəri irs ümumən millətin tarixi dəyərlərini, mental xüsusiyyətlərini hifz etmək və bunun dünyada gedən müasir, sivil meyillərlə uyğunlaşdırılaraq gələcək nəsillərə ötürmək baxımından əvəzsizdir. Sevindirici haldır ki, akademik Ramiz Mehdiyevin, xüsusən son on illikdə ərsəyə gətirdiyi biri-birindən dəyərli elmi əsərlər bu sahədəki alimləri də axtarışlara səfərbər etmiş, yeni elmi tədqiqatlara təkan vermiş, bu sahədəki ətaləti aradan qaldırmışdır.

Görkəmli akademikin əsərdə irəli sürdüyü tənqidi fikirlər bu sahədə yeni vəzifələr, istiqamətlər müəyyənləşdirir. Hazırda ictimai və humanitar elm sahələrində elmi-tədqiqat işlərinin səviyyəsi hamımıza məlumdur. Burada çıxışlarda da deyildi ki, azərbaycanlı alimlərin məqalələri xaricdə çox az çap olunur. Necə olur ki, yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək olur. Modern ali məktəblərin məqsədi öyrətmək deyil, daha çox öyrənmək olmalıdır. Öyrənməyi bilməyən ali məktəblər, öyrədən müəssisə ola bilməzlər! Yəni özü öyrənməyinin başqasını öyrədə bilməsi mümkünsüzdür!

İctimai fənlərin tədrisində də ciddi dəyişikliklər edilməsi çox vacibdir. Ümumiyyətlə, ictimai elmlər bir növ elmi üçbucağa, yəni "nəzəriyyə, ideologiya və texnologiya"ya əsaslandıqda cəmiyyətdə daha güclü və keçərli olur. Cəmiyyətdə nəzəri biliklər o zaman qəbul edilir ki, onun ideologiya və texnologiyası mövcud olur. Nəzəriyyə elmi-nəzəri ideyaya yönəlir, ideologiyada haraya doğru hərəkət etmək haqqında yol göstərilir, texnologiyada isə bunun necə həyata keçirilməsi sualına cavab verilir. Məhz buna görə də təqdim olunan kitabda ictimai proseslərə fikirləri ilə təsir edə bilən ekspert alimlərin yetişməsinə ehtiyac olduğu qeyd edilir.

Qərbdə ictimai elmlər sahəsində gedən dəyişikliklər və yeniliklər haqqında ictimaiyyəti maraqlandıran suallara cavab vermək məqsədi ilə "Əhalinin maarifləndirilməsi" mövzusunda dövlət proqramları fəaliyyət göstərir. Universitetlər nəzdində dövlət tərəfindən maliyyələşən xüsusi məktəblər fəaliyyət göstərir. Bundan əlavə, bir çox Qərb universitetlərində olduğu kimi, bizdə də alimlərin çalışma fəaliyyətini və bilik mühakiməsini kateqoriyalarla qiymətləndirmək lazımdır. Bu baxımdan bəlkə də fərqli əməkhaqqı siyasətinin tətbiqi məqsədəuyğun olardı.

Universitet kafedraları daimi olaraq məhsuldar çalışmalıdır. Kafedraya rəhbərlik edənlər gərək bugünkü dövrün nəbzini tutmağı bacaran, yaşadığımız dövrün ruhunu bilən, yeni tərzdə düşünən, nüfuzlu insanlar olsunlar. Kafedralara ictimai elmlərin nə olduğunu bilməyən adamları müəllim götürsək, bu işdə uğurlar əldə edə bilməyəcəyik. Müəllimi işə dəvət etdikdə isə, onun mənəviyyatına, mədəniyyətinə, dünya görüşünə baxmaq lazımdır. Ona görə də bu işlərdə kafedralar çox məsuliyyətli olmalıdır.

Nəzərə almaq lazımdır ki, universitetlər dil öyrənmə mərkəzləri deyil, ixtisas öyrənmə mərkəzləridirlər. Ümumiyyətlə, tədris müəssisələrində Azərbaycan dilini, sadəcə, bilmək kifayət deyildir, eyni zamanda, elmi dili bilmək məcburiyyətini önə çəkmək lazımdır.

Elmi nəşrlərə gəldikdə, çap olunan müəllif, jurnalların redaksiya heyəti, redaksiya şurası haqqında ətraflı məlumat vermək, o cümlədən onların elmi dərəcələri, elmi adları və iş yerlərini sayta yerləşdirmək də, fikrimizcə, pis olmazdı.

Bir daha vurğulamaq istərdim ki, yeni çapdan çıxmış "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabı mövcud problemlərə konseptual elmi baxış kimi həm də səfərbəredici missiya daşıyır. İnanıram ki, bu əsərin tədris prosesinə müsbət təsiri, köməyi olacaq. Çünki kitabda dəyərli alimlərin dəyərli fikirləri, təklifləri, rəyləri əksini tapıb. Ümumilikdə, ölkənin elm adamları ürəkdən inanır ki, görülən kompleks tədbirlər nəticəsində yaxın illərdə ictimai və humanitar elmlər sahəsində ciddi dönüş yaranacaqdır.

 

Azərbaycan.- 2010.- 7 iyul.- S.  4.