Akademik Əhməd Mahmudovun xatirəsi anıldı

 

Azərbaycan Dövlət Aqrar Universitetində gözəl ənənə yaranıb. Ölkəmizin elm və təhsilinə xüsusi töhfələr bəxş edən korifey alimlərin zəngin irsi dərindən öyrənilir, onların xatirəsi müntəzəm yad edilir. Akademiklərdən Həsən Əliyevin, İmam Mustafayevin, Validə Tutayuqun, Məmmədtağı Cəfərovun, meşəçi-alim Mehdi Mustafayevin və başqalarının şərəfinə xatirə guşələri düzəldilib, büstləri qoyulub, anım tədbirləri keçirilib.

Bu gün isə aqrar iqtisad elminin banisi akademik Əhməd Mahmudovun xatirəsi yad olunur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tədbiri açaraq ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyevin ölkədə elmə, təhsilə, ziyalılara, ümumən yaradıcı insanlara verdiyi yüksək qiymətdən minnətdarlıqla söz açdı.

Dövlət Aqrar Universitetinin rektoru professor Mirdaməd Sadıqov akademik Əhməd Mahmudovun zəngin elmi-ictimai fəaliyyətindən, onun aqrar iqtisadi elmin inkişafındakı əvəzsiz rolundanböyük alimin Gəncə ilə bağlı gördüyü işlərdən danışdı.

Uzun illər Əhməd Mahmudovla birgə işləmiş akademik Asəf Nadirov, Azərbaycan İqtisad Universitetinin professoru Məmmədhəsən Meybullayev, həmin universitetin kafedra müdiri Məyiş Əhmədov, Naxçıvan Dövlət Universitetinin dekanı Asif Şirəliyev, Gəncə Regional Elm Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Fuad Əliyev, Aqrar Universitetin kafedra müdiri professor Məhərrəm Hüseynov və başqaları qayğıkeş insan Əhməd Mahmudovun zəngin irsindən, mənalı həyat yolundan danışaraq yeri gəldikcə öz xatirələrini söylədilər.

Qeyd olundu ki, Əhməd Mahmudov Azərbaycan və rus dillərində iki yüzdən çox monoqrafiyanın, elmi əsərin, kitabın və müxtəlif məqalələrin müəllifidir. Qayğıkeş alim, on dörd namizədlik dissertasiyanın elmi rəhbəri və məsləhətçisi, iki doktorluq dissertasiyanın rəhbəri olmuşdur. Onun yetirmələrindən iki nəfər - Haqverdi Əhmədov və Əlövsət Əsgərov aqrar universitetin dosentidirlər. Əhməd Mahmudov adına təqaüd alan Elnarə Nağıyeva Macarıstanda təhsilini davam etdirir.

Tədbirdə akademikin zəngin dünyagörüşündən, musiqiyə, ədəbiyyata olan meylindən və marağından geniş söhbət getdi. Gəncə Dövlət Mahnı və Rəqs ansamblının ifasında akademikin çox xoşladığı musiqi parçaları səsləndi. Xalq artisti Pərvanə Qurbanova Məmməd Əfşanın Ə.Mahmudova həsr etdiyi "Kişi" şeirini oxudu.

Yeni yaradılan aqrar təhsil muzeyində təşkil olunmuş akademik Əhməd Mahmudov guşəsi qonaqlara böyük təsir bağışladı. Onlar universitetin müasir üslubda, əsaslı şəkildə təmir edilmiş tədris korpuslarına, zəngin fənn kabinetlərinə, auditoriyalara baxdılar, yeni açılmış elektron kitabxananın fəaliyyəti ilə tanış oldular. Sonda Azər Qeybullayev görkəmli alim Əhməd Mahmudovun elmi fəaliyyətinə göstərilən qayğı və diqqət üçün toplantı iştirakçılarına akademikin ailəsi adından dərin təşəkkürünü bildirdi.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 7 iyul.- S.  5.