Sağlam olmaq istəyiriksə...
Ekologiyanın saysız-hesabsız problemləri ilə məşğul olan alimlər, tədqiqatçılar və adi müşahidəçilər çoxdan belə bir qənaətə gəliblər ki, ətraf mühitin normallaşmasına nail olmadan insan sağlamlığından, əhalinin cürbəçür xəstəliklərdən qorunmasından söhbət gedə bilməz. Əgər istehsalat tullantıları, məişət suları gecə-gündüz təmizlənmədən dənizə axıdılırsa, küçə ticarəti, qanunsuz ət kəsimi "meydan sulayırsa", parlklar, bağlar istidən yanıb saralırsa, hansı sağlam həyat tərzindən danışmaq olar?..
2010-cu ilin ölkə başçısı tərəfindən ekoloji problemlərin həllində mühüm mərhələ elan olunması yalnız ekoloqların, kommunal təsərrüfatı işçilərinin, bağ salan, yaşıllıqları artıran insanların deyil, həkimlərin də üzərinə böyük vəzifələr qoyur. Məhz bu baxımdan dövlət sanitariya xidməti orqanları bu il və qarşıdakı dövrdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. Tibb işçiləri, səhiyyə təşkilatları ekoloji vəziyyəti daim nəzarətdə saxlamalı, cürbəcür xəstəliklərin, epidemiyaların və digər fəsadların qarşısının alınmasında, şəhərin təmizliyində səylərini əsirgəməməlidirlər.
Bakının Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, tibb elmləri namizədi Sara HƏSƏNOVA bununla bağlı fikirlərini bizimlə bölüşdürdü:
- Ölkənin ən mühüm dövlət qurumları, ali təhsil müəssisələri, yaradıcılıq təşkilatları, mədəniyyət və istirahət ocaqları, idman-sağlamlıq kompleksləri Səbail rayonu ərazisindədir. Təbii ki, bu amil digər səhiyyə ocaqları kimi, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) öz işini günün tələbləri səviyyəsində qurmasını zəruri edir.
Səbail rayon GEM öz fəaliyyətini bütünlüklə Azərbaycan Respublikasının "Sanitar-epidemioloji salamatlıq haqqında" qanununun tələbləri əsasında qurmaqla əhalinin cansağlığını qorumağa, xəstəliklərin profilaktikası, insanların yaşayış mühiti və həyat fəaliyyəti şəraitini yaxşılaşdırmağa dair dövlət proqramlarının yerinə yetirilməsinə yönəltmişdir. Sanitar normalarına əməl edilməsi, təmizliyin gözlənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və mənzil-kommunal təsərrüfatı birliyinin yardımı da köməyimizə gəlir. Rayonun icra strukturlarının və digər təşkilatların rəhbərləri ilə birgə müzakirələr, reydlərin keçirilməsi, irəli sürülən təkliflərin dərhal həyata keçirilməsi yaxşı nəticələr verir.
GEM həkimlərinin rayon ərazisində vaxtaşırı apardıqları əks-epidemik yoxlamalar və müşahidələr nəticəsində bir sıra infeksion xəstəliklər, o cümlədən qarın yatalağı, parafitlər, vəba, poliomielit, botulizm, difteriya, malyariya və digər xəstəliklər qeydə alınmamışdır. Uşaqlar arasında su çiçəyi və skarlatina infeksiyalarının artmaması üçün məktəblərdə və bağçalarda infeksion xəstəliklərin profilaktikası məqsədilə vaxtaşırı dezinfeksiya tədbirləri həyata keçirilir. Yaz-yay mövsümünə hazırlıq, qida zəhərlənmələri, kəskin bağırsaq infeksiyalarının qarşısının alınması məqsədilə yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması barədə təklflər verilmişdir. Regionların inkişafı ilə bağlı dövlət proqramlarına müvafiq olaraq Səbail rayonu ərazisində son vaxtlar əsaslı tikinti və yenidənqurma işləri xeyli sürətlənmişdir. Dənizkənarı Milli Park, Filarmoniya bağı, M.Ə.Sabir adına və M.F.Axundov adına bağlarda aparılan müasir yenidənqurma işlərinə uyğun olaraq ətraf ərazilərdə ictimai iaşə, ticarət və xidmət obyektləri də görkəmini xeyli dəyişib. Bu obyektlərdə avadanlıqların sanitariya norma və tələblərinə cavab verməsi, işçilərin tibbi-profilaktik müayinədən keçməsi və xüsusi kartlarla təmin olunmasını daim diqqətdə saxlayırıq. Rayon ərazisində yeyinti məhsulları istehsal edən müəssisələrin fəaliyyəti üzərində ciddi dövlət sanitariya nəzarəti təşkil edilmişdir. Qida zəhərlənmələrinin, toksikoinfeksiyaların və qida mənşəli digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün əhali arasında profilaktik tədbirlər gücləndirilmişdir. Səməd Vurğun küçəsi, 8 ünvanında yerləşən fiziki-kimyəvi və bakterioloji laboratoriyalarımızın Avropa standartlarına uyğun avadanlıqla təchiz edilməsi yüksək səviyyəli laborator analizlərin aparılmasına imkan verir.
Azərbaycan Prezidentinin "Keyfiyyətli məhsullar haqqında" 27 oktyabr 2003-cü il tarixli fərmanına, Nazirlər Kabinetinin "Yeyinti məhsullarının təhlükəsizliyi" haqqında 154 saylı qərarına, respublika GEM-nin qeyri-qanuni küçə ticarətinin ləğvi haqqında müvafiq qərarına əsasən, rayon ərazisində 115 reyd yoxlaması aparılıb. Aşkar olunan nöqsanlar haqqında rayon icra hakimiyyətinə və polis idarəsinə vaxtında məlumat verilib və müvafiq tədbirlər görülüb. Dəniz suyundan vaxtaşırı su nümunələri götürülür və müayinə olunur.
Həkimlərimiz çimərliklərdəki vəziyyəti də daim diqqətdə saxlayırlar. Son araşdırmalar zamanı məlum olmuşdur ki, Səbail rayonunun Şıx, Qaradağ rayonunun sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi hələ də davam edir. Sara Həsənova axırda onu da bildirdi ki, Azərbaycan Respublikası Baş Dövlət Sanitariya həkiminin müavini tərəfindən iyunun 7-də imzalanan qərar əsasında bu ərazilərdəki çimərliklərdən istifadə müvəqqəti qadağan olunmuşdur. Şıx çimərlik-istirahət zonasında yerləşən obyektlərin rəhbərlərinə bu barədə xəbərdarlıq edilmiş, bununla bağlı sanitariya maarifi işi aparılması davam edir. Rayon ərazisində məişət tullantılarının gündəlik daşınması, gigiyenik-epidemik tədbirlərin ardıcıllığına ciddi əməl olunması məsələsi də icra strukturlarının və Səbail GEM-in daimi nəzarətindədir.
Sağlam yaşamağın, fiziki cəhətdən möhkəm olmağın şərtləri və sirləri çoxdur. Başlıca cəhət isə təmizliklə, ekoloji problemlərin həlli ilə bağlıdır. Sağlam olmaq, həyatdan hər cür zövq almaq istəyiriksə, ətraf mühitin təmizliyinə, havanın, suyun, istifadə etdiyimiz qidanın keyfiyyətinə daim fikir verməliyik.
Akif CABBARLI
Azərbaycan.- 2010.- 7
iyul.- S. 6.