Əhməd Davudoğlu:
"Dağlıq Qarabağ probleminin həlli Türkiyə-Ermənistan
münasibətlərini də normallaşdırar"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TGRT televiziya kanalında ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən bundan sonrakı dövrün bölgə üçün mühüm olacağını söyləmişdir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi həll olunarsa, Türkiyə-Ermənistan münasibətləri də normallaşar. Hazırda Ankara-Yerevan dialoqu durğunluq dövrünü yaşayır və Hillari Klintonun səfəri münasibətləri yenidən qurmaq üçün faydalı ola bilər. Eyni zamanda, ABŞ və Rusiya da ötən dövrdə Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində güclü iradə nümayiş etdirməmişlər.
Əhməd Davudoğlu Qırğızıstanda vəziyyətlə bağlı suala cavabında demişdir ki, əsas vəzifə özbəklərlə qırğızlar arasında münaqişənin olmaması, bütün türk dövlətlərini əhatə edən siyasi bir platforma yaradılmasıdır. Bu, ümumi bir türk platforması olmalıdır və türkdilli ölkələrin beynəlxalq aləmdə rolunun artmasına xidmət etməlidir. Hazırda ATƏT-in fəaliyyətdə olan sədrinin Qazaxıstan olması, Türkiyənin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi ilk mühüm addımlardır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.-8
iyul.- S. 1.