Beynəlxalq konfransda
Qəbələ Bəyannaməsi qəbul olunmuşdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə iyulun 7-də Qəbələ şəhərində "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Şərqi Avropa və Mərkəzi Asiya regionundan 30-a yaxın ölkənin ekologiya və ətraf mühit üzrə nazir və nazir müavinlərinin iştirak etdiyi tədbir Biomüxtəliflik üzrə BMT Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi daşıyırdı.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi ilə bağlı görülən işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, 1992-ci ildə qəbul edilən Bioloji Müxtəliflik Konvensiyasını Azərbaycan 2000-ci ilin martında ratifikasiya etmiş və bu, ölkənin nadir və qiymətli bioloji müxtəliflik ehtiyatlarının qorunub saxlanılmasında əvəzsiz rol oynamışdır. Azərbaycan Bioloji Müxtəliflik Konvensiyasının məqsədlərinə çatmaq istiqamətində ən ciddi addımlar atmış ölkələr siyahısına daxildir. 2004-cü ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Avropa Şurasının Katibliyi arasında Zümrüd Şəbəkəsi pilot layihəsi həyata keçirilir. 2006-cı ildə "Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı" təsdiq edilmişdir. 2003-cü ildə xüsusi mühafizə olunan təbiət əraziləri respublika ərazisinin 4,5 faizini təşkil edirdisə, hazırda bu rəqəm 10,1 faizə çatdırılmışdır. Son 3 il ərzində 32211 hektar ərazidə meşə bərpa işləri aparılmışdır.
BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye çıxışında bildirmişdir ki, konfransın məqsədi 2010-cu ilin sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasına Avropa regionunun töhfəsinin verilməsidir. Onun sözlərinə görə, gələcək nəsillərin biomüxtəlifliyi qiymətləndirməsinə indidən zəmin yaratmaq lazımdır. Kristof Buvye 2010-cu ilin dünyada "Biomüxtəliflik ili" elan olunması ilə Azərbaycanda "Ekologiya ili" elan edilməsinin də üst-üstə düşməsini çox əlamətdar hadisə hesab etmişdir. Tədbirdə BMT-nin Yaşıl Təsərrüfat üzrə qrup rəhbəri Pavan Sudkevin və BMT-nin Biomüxtəliflik Konvensiyasının icraçı katibi Əhməd Coqlafın video müraciəti dinlənilmişdir.
Tədbirdə Şərqi Avropa və Mərkəzi Asiya regionunda biomüxtəlifliyin qorunması və idarə edilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, regional və ölkə səviyyəli biomüxtəliflik məsələləri araşdırılaraq prioritet mövzular təhlil edilmişdir. Konfrans çərçivəsində "Yaşıl iqtisadiyyat, ekosistemlərin iqtisadiyyatı və biomüxtəliflik", "Xüsusi mühafizə olunan təbiət əraziləri və ekoloji şəbəkələr, ətraf icmalarda yoxsulluğun azaldılması" və "Biomüxtəliflik Konvensiyasının 2010-cu ildən sonrakı məqsədləri və Strateji Planı: Avropa regionu üzrə prioritetlər" mövzularında üç "dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi masa"larda aparılan müzakirələrin yekunu olaraq konfransın sonunda iştirakçı ölkələr arasında bioloji müxtəlifliyin qorunması ilə bağlı görüləcək yeni tədbirlərə böyük təkan verəcək Qəbələ Bəyannaməsi qəbul olunmuşdur.
Xatırladaq ki, konfrans iştirakçıları Azərbaycan təbiəti, bioloji müxtəliflik, onun qorunması, öyrənilməsi, təbliği, artırılması, bərpası və davamlı inkişafı sahəsində dövlət və qeyri-hökumət təşkilatlarının gördüyü işlərin və nailiyyətlərin nümayiş edildiyi sərgi ilə tanış olmuşlar. Bioloji Müxtəliflik Konvensiyası çərçivəsində görülmüş işlərin əməli nəticələrini özündə əks etdirən bannerlər və Azərbaycanın Milli Parkları haqqında bukletlər avropalı qonaqlarda böyük maraq oyatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 8
iyul.- S. 2.