Gəncədə milli
mətbuatımızın 135 illiyi ilə
əlaqədar konfrans keçirilmişdir
Milli mətbuatımızın 135 illiyi ilə əlaqədar Gəncədə elmi-nəzəri konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoymuşlar.
Tədbirdə Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Şəmkir, Samux, Göygöl və Kəlbəcər rayonları icra hakimiyyəti başçılarının müavinləri və şöbə müdirləri, eləcə də regionun kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev açaraq Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışmışdır. Natiq qeyd etmişdir ki, ölkəmizdə azad sözə, azad fikrə yaradılan imkanların nəticəsidir ki, hazırda 4 mindən artıq mətbu orqan qeydiyyatdan keçmişdir və bunun da 300-dən artığı fasiləsiz nəşr olunur.
Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə mətbuatın inkişafına böyük önəm verildiyini bildirən Ə.Mehdiyev demişdir ki, həmin dövrdə qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində bir çox sərəncamlar imzalanmışdır. 1998-ci ildə mətbuat üzərindən senzura götürülməklə dövlətin mətbuata nəzarəti ləğv edilmişdir. Həmin il kütləvi informasiya vasitələri əlavə dəyər vergisindən azad edilmiş, 2001-ci ildə qəzet kağızlarının respublikaya gətirilməsindən tutulan vergilər götürülmüşdür. 2002-ci ildə isə qəzetlərin fəaliyyətini sabitləşdirmək məqsədi ilə onların nəşriyyatlara olan borcları dondurulmuşdur ki, bu da ölkədə söz azadlığının inkişafına göstərilən qayğının nümunəsidir.
Ümummilli liderimizin mətbuatın inkişafına göstərdiyi qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan şöbə müdirinin müavini qeyd etmişdir ki, dövlətimizin başçısının 2005-ci ildə imzaladığı sərəncamla KİV-lərin 450 min ABŞ dolları məbləğində borcları silinmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə milli mətbuatımızın tarixində ən önəmli hadisələrdəndir.
Jurnalistlərin peşə hazırlığının dövlətin daim diqqət mərkəzində olduğunu bildirən natiq demişdir ki, bunun üçün yüzlərlə jurnalist xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərə göndərilmiş, onların peşə hazırlığının yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmışdır.
Ərəstun Mehdiyev qazanılan uğurlarla yanaşı, yol verilən nöqsanları da konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. O, təəssüflə demişdir ki, bu qayğıdan öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar vardır. Onların bu əməli Azərbaycan mətbuatının və Həsən bəy Zərdabi ənənələrinin üzərinə kölgə salır.
Regionlardakı kütləvi informasiya vasitələrinin fəaliyyətinə toxunan natiq demişdir ki, bu orqanların inkişafı ölkəmizdə demokratik cəmiyyət quruculuğunun başlıca istiqamətlərindəndir. Lakin bəzi hallarda qeyri-peşəkarların bu sahəyə gəlişi, ümumilikdə mətbuat haqqında mənfi rəy yaradır və nəticədə oxucuların azalmasına səbəb olur.
Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan mətbuatı - 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış etmiş, əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuatımızın tarixindən, onun keçdiyi çətin və şərəfli yoldan, xalqın maarifləndirilməsi üçün Azərbaycan ziyalılarının həyata keçirdikləri məqsədyönlü işlərdən danışmışdır.
Konfransda Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas çıxış edərək Azərbaycan mətbuatının indiki durumunu təhlil etmiş, bu sahədə mövcud nöqsanların aradan qaldırılması yollarından danışmışlar.
Sonra regionlarda nəşr olunan KİV-lərin fəaliyyəti və onların qarşılaşdıqları problemlərlə bağlı fikirlər dinlənilmişdir.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev konfransa yekun vurmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 8 iyul.- S.
3.