"Əkinçi"nin jurnalistika
dərsləri
Ən qədim dövrlərdən
"Əkinçi"nin nəşrinə
qədər Azərbaycanda informasiya mübadiləsi müasir
jurnalistika vasitə və üsulları ilə olmasa da, həyata
keçirilirdi. Belə ki, tarixən müxtəlif
vasitələr, yəni yazılı və şifahi nitq materialları,
xüsusən də bədii ədəbiyyat cəmiyyətdə
tərəflərarası informasiyalaşmanı və
sözün geniş mənasında, ictimai ünsiyyətin
qurulmasını təmin edirdi. Bu zaman bədiilik,
obrazlılıq, rəmzilik və şərtilik nitqdə
informativliyi üstələyir, fərdi-eqoist baxış və
davranışlar əsas götürülürdü.
"Əkinçi"nin Azərbaycan dövrü mətbuatının
ilk nümunəsi kimi meydana gəlməsi milli şüur və
ictimai mühitdə altruizmin - özünü cəmiyyətinə
həsr etmənin, sosial maraqların uğrunda mübarizənin
əsasını qoydu və ümumxalq həyatı
üçün mühüm əhəmiyyət kəsb edən
həqiqətlərin qiymətini artırdı. Artıq hər hansı bir müəllif tərəfindən
yazılan mətnlərdə fərdi duyğular, lirik-psixoloji
düşüncələr, bədii-sentimental obrazlar deyil,
ümumxalq maraqlarını ödəyəcək həqiqətlər,
obyektiv gerçəkliklər ön plana keçirdi. Başqa sözlə desək, bədii
"yalanların" yerini jurnalistin - mühərririn söylədiyi
"qaibanə gerçəklər" alırdı. Bu baxımdan "Əkinçi", sadəcə,
ilk peşəkar-praktik işin başlanğıcı, Azərbaycan
milli mətbuatının banisi kimi səciyyələnmir, o, həm
də jurnalistikaya dair elmi-nəzəri fikrin və milli təcrübənin
tarixi abidəsi kimi mühüm əhəmiyyət
daşıyır. Əvvəla ona görə
ki, "Əkinçi" milli mətbuatı yaratmaqla
yanaşı, həm də ona dair jurnalistika ənənəsini
də formalaşdırıb. Mətbuatın
yaranması ilə birgə burada mətbuata münasibətin,
qəzetçilik işinə dair elmi-ictimai fikrin
formalaşması jurnalistikanın meydana gəlməsinə
münbit zəmin yaradıb. İkincisi,
"Əkinçi"də formalaşan jurnalistika XIX əsrin
hüdudları ilə məhdudlaşmır, onun tarixi dərsləri
bu gün də özünün yaradıcılıq
meyarları ilə maraq doğurur, müasir dünya
jurnalistikasının izlədiyi və qoruduğu liberalizm,
obyektivlik, tərəfsizlik, qərəzsizlik prinsipləri ilə
uzlaşır. "Əkinçi" bu həqiqətləri
özünün fəaliyyətində əsas
götürdüyünə görədir ki, indi onun tarixi dərslərindən,
praktik işi ilə yanaşı, yürütdüyü
yaradıcılıq konsepsiyası, analitik prinsiplərdən
geniş danışmaq və həm də bu təcrübə
əsasında jurnalistikanın mahiyyətini,
yaradıcılıq, axtarış sirlərini müasirlərimizə
anlatmaq mümkündür.
XIX əsrin ilk
onilliklərində "Gülüstan" (1813),
"Türkmənçay" (1828) müqavilələri ilə
Azərbaycan ikiyə bölündükdən sonra milli
ziyalıların yaşadığı "vətənsizlik,
dilsizlik, dinsizlik, elmsizlik" dərdini H.Zərdabi, sadəcə,
müşahidə etməklə kifayətlənmədi. O, imperiyanın mərkəzində
təklif olunan imtiyazlardan əl çəkərək vətəninə
qayıtmağı və milli xidmətdə bulunmağı
ilə tarixdəki möhtəşəm yerini qazandı. Bu
fikir ona görə öz təsdiqini tapır ki, H.Zərdabiyə
qədər Azərbaycanda qəzet çıxarmaq arzusunda
olanlar var idisə də, bu işi gerçəkləşdirən,
ölkədə ictimai rəyi formalaşdıracaq ilk
informasiya vasitəsini o, yaratdı və
"dördüncü hakimiyyət" adlandırılan
fenomenin təşəkkülünə, inkişafına
bütün ömrünü sərf etdi. H.Zərdabi
"Əkinçi"dən sonra "Kaspi", "Həyat"
kimi qəzetlərdə də həmin missiyanı davam etdirdi,
milli jurnalistika məktəbinin yaranmasına
çalışdı, mətbuatın ictimai fikir institutuna
çevrilməsini varislərinə anlada bildi.
H.Zərdabi XIX əsr Azərbaycanının
problemlərini həll etmək üçün mətbuatın
vəzifələrini şərh edərkən maarifçilik
ideyalarını, "zəka səltənəti"
arzularını bəyan etməklə yanaşı, həm də
mövcud gerçəklikdə, elmdə, dildə və fikirdə
dəyişikliklərə nail olmaq, islahatlar aparmaq istəyini
də açıq bəyan edir, müasirlərini bu yolda
konkret əməli iş görməyə səsləyirdi. O,
əski, arxaik elm və təhsildən, milli
şüurdakı ənənəvi cəhalət və ətalət
mənzərələrindən bu məqsədlə imtina
edir, klassik divan ədəbiyyatının bədii
"yalanlar"ını, gülə, bülbülə, meyə,
məhbubə aludə olan qəhrəmanları tənqid hədəfinə
çevirir, folklor nümunələri və yazılı ədəbiyyatdakı
əsassız təşbehlərin gen-bol işlənməsi əleyhinə
çıxırdı. Doğruları, gerçəkləri
yaradıcılıqda ön plana çəkən H.Zərdabi
qəzetin, mətbuat və jurnalistikanın vəzifəsini
müəyyənləşdirərək deyirdi: "Qəzet
dərviş kimi nağıl deyə bilməz, onun borcudur
işlərin yaxşı və yamanlığını ayna
kimi xalqa göstərsin, ta xalq öz nikibədindən xəbərdar
olub onun əlacının dalıncan olsun.
Amma bizim
xalqın işlərinə baxanda bir əməli-kamil görmək
olmur ki, millət təəssübü çəkən
qardaşlar ona fəxr etsin. Libasdan tutmuş bəzi
yeməli şeylərəcən xarici dövlətlərindən
gətirdirik. Pəs heç olur ki, bu
yoxsulluğumuzdan danışanda onun səbəbi elmsiz
qalmağımız olduğun bəyan etməyək?
Ey qardaşlar,
rəva deyil ki, sizin qəzetiniz də bircə qəzetiniz ki,
"Əkinçi" olsun, sizə Əlif-Leyla
nağılı etsin.
Bu halda müsəlman
milləti tufana düşmüş gəmi təkidir ki, hər
ləpə onların bir hissəsini aparıb qərq edir. Belədə
çox həmiyyətsizlik istər ki,
qardaşlarımızın qərq olmağına baxa-baxa inək
irəlidən yediyi çörəyi gövşəyən
kimi Rüstəm Zalın nağılı oxuyub
keçmişdə olanların qüvvətinə fəxr edək
və öz qərq olmağımıza əlac etməyək.
Pəs, dostum,
doğru deyiblər ki, əlhəqq mürrün (doğru
söz acı olur). Amma bizə hökm olub ki: qülil-həqq və
lövh kanə mürrün (deyin sözün doğrusunu
acı da olsa)!" ("Əkinçi" qəzeti,
1876-cı il, ¹7).
H.Zərdabi "Əkinçi"ni
nəşrə başlayarkən onun "zəhmət və
zərərini" düzgün müəyyənləşdirir,
feodalizm ənənələrinin hökm sürdüyü Azərbaycanda
"söz anlayan kəslərin" az olduğunu
görürsə də, öz mövqeyindən əl çəkmir,
doğru sözü, dünya haqqında həqiqətləri
"ona qulaq verməyən kəslərə" (C.Məmmədquluzadə)
söyləməkdən usanmırdı. Bu məqsədlə
H.Zərdabi orta əsrlərin qaranlıqlarına aludə olan
həmvətənlərini "zəka səltənətinə"
qovuşdurmaq istəyir və bunun üçün hər şeydən
öncə qəzetin - informasiya vasitəsinin vacibliyini
vurğulayırdı. Dünyanın
düzgün dərki və şərhini, həmvətənləri
ilə dərdləşməni, xəbərləşmə və
dialoqu milli-ictimai mədəniyyətin əsası sayan H.Zərdabi
tarixdə şəxsiyyətin roluna nə dərəcədə
qiymət verirdisə, qəzetin əhəmiyyətini də
bir o qədər zəruri hesab edirdi. Buna
görədir ki, H.Zərdabi "xabi-qəflətdə"
(qəflət yuxusunda) olan müasirlərinin dünyanın gərdişindən
xəbərdar olmasını ən vacib yaşam şərti
sayırdı. O deyirdi: "Qəzeti müsəlmanlar
üçün vacib bilib onun zəhmətini və zərərini
qəbul edib başlayırıq və müsəlmanların
anlayan və pirşov kəslərindən iltimas edirik ki, xalqa
bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy
etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqeni
anlayan kəslərdən elədiyimizə səbəb odur ki,
bizə məlumdur bizim müsəlmanlar həmişə
öz anlayan kəslərini əziz tutub onların sözlərinə
əməl ediblər. Əlbəttə, anlayan və
pirşov kəslərə lazımdır ki, xalqın bu
etibarına xəyanət etməyib onun gözləri
açılmağa səy və kuşeş etsinlər"
("Əkinçi" qəzeti, 1875-ci il,
¹1).
H.Zərdabi
"Əkinçi"də jurnalist işinin mahiyyətini
şərh edərkən xəbərçilik barədə
geniş danışır, xəbərin hazırlanması
texnologiyası və onun mənbələrinin düzgün
müəyyənləşdirilməsi məsələsinə
aydınlıq gətirirdi. Köhnə və vaxtı
keçmiş, habelə ikinci, üçüncü əl tərəfindən
hazırlanmış, təkrarlanmış xəbərin qəzet
səhifələrinə çıxarılmasına etiraz edən
H.Zərdabi "tazə xəbərlər"in əhəmiyyətini
şərh edərək deyirdi: "Təzə xəbərlər
cümləsində Osmanlı dövlətinin borcundan və
bir iranlının Moskvada xaçpərəst
olmadığından danışdıq, bu iki xəbər
bizim xalqa xoş gəlməyib. Əvvələn,
təzə xəbərləri biz özümüzdən
yazmırıq. Onları xaricilərin qəzetlərindən
yazırıq. Ona binaən ol xəbərlər
dürüst də olmasa, onları eşitmək bizim xeyrimizədir.
Ol səbəbə ki, onları oxuyub xaricilər
bizlərə necə baxmağından xəbərdar oluruq.
Saniyən, təzə xəbərləri yazanda
biz səy edirik ki, müsəlman vilayətlərindən
çox xəbər yazaq. Ona binaən ki,
bizim xalqa ol xəbərlər gərək xoş gəlsin.
Amma bizim müsəlmanlar elm və ədəbdən
qaçmağına xaricilərə gülüş olublar.
Ona binaən bizə xoş gələn xəbərlər
onların qəzetlərində çox az
olur. Bu səbəblərə yaxşı-yaman
hər bir xəbəri yazdıq. Salisən,
ol xəbərləri yazandan irəli təhqiq etmək
müşküldür. Əgər onları təhqiq
edib sonra yazsaq, gərək heç təzə xəbər
yazmayaq" ("Əkinçi" qəzeti, 1875-ci il, ¹11).
Göründüyü
kimi, H.Zərdabi qəzetdə xəbərin təqdimi
zamanı yalnız peşə və sənətkarlıq tələblərini
irəli sürmür. Həm də "bizim xeyrimizə
olanları oxuyub... xəbərdar" olmağı vacib
sayırdı. Lakin yenə də hər
şeydən yüksəkdə peşə və sənət
həqiqətləri, obyektiv olan doğrular yüksəkdə
dayanır. Xəbərə müdaxilə
etməmək tələb olunur, "əgər onları təhqiq
edib sonra yazsaq, gərək heç tazə xəbər
yazmayaq" fikri diqqət mərkəzində
saxlanırdı.
H.Zərdabi "Əkinçi"nin
vasitəsilə milli jurnalistikanın elmi-nəzəri əsaslarını
formalaşdırır, qəzetçi tipini, sadəcə,
yeni insan obrazında təqdim etməklə kifayətlənmir,
onun xəbərçilik, haqpərəstlik, ədalətsevərlik,
azadlıq aşiqi olduğunu ayrıca vurğulayır,
jurnalistin qələm məhsullarında "lazım olan
şeylərin", daha doğrusu, xalqın "dərdi və
xahişi"nin əsas yer tutmasını tələb edirdi.
Tərəfsiz və qərəzsizlik, liberalizm tələblərinin
rəhbər tutulmasını tələb edən H.Zərdabi
obyektivlik prinsipi və dialoq, mübahisə-diskussiyanı milli
jurnalistikanın ən ciddi meyarı kimi qiymətləndirərək
deyirdi: "Hər bir vilayətin qəzeti ol vilayətin
aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi
işlər, onlara lazım olan şeylər, xülasə,
onların hər bir dərdi və xahişi ol qəzetdə
çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən
kimi görsun. Əlbəttə, qəzetin belə
ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək
öz dərdini və xahişini qəzetlərində bəyan
etsin ki, onların barəsində işdən xəbərdar
olanlar mübahisə etməkliklə onların
yaxşı-yamanlığını aşkar etsinlər, ta
ki, o işi görən onun yaxşı, ya
yamanlığından agah olub sonra peşimanlıq çəkməsin.
Pəs hər
bir qəzetin ümdə mətləbi mübahisədir və
əgər bizim dünyadan və elmdən xəbərdar
olanlarımız "Əkinçi" qəzetində
yazılan mətləblər barəsində mübahisə başlasalar,
çox şad oluruq. Amma çifayda, qəbiristanlıqdan səs
gəlməyən kimi bizim xalqdan bir səda gəlmir. Qəzet oxuyanlar ol mətləblərə bir cavab
yazmırlar.
Belə olan surətdə biz
mübahisəyə həsrət olmaqdan savayı, hətta qəzetimizi
oxuyanlar ondan narazı olduğunu da bu çağacan
bilmirdik" ("Əkinçi" qəzeti, 1875-ci il, ¹11).
"Əkinçi"də
çıxış edən əsas müəlliflər
sırasında Mirzə Fətəli Axundov (vəkili-naməlumi-millət),
Seyid Əzim Şirvani (Seyyid), Nəcəf bəy Vəzirov, Əsgər
ağa Gorani (Adıgözəlov), Əbülfət Şahtaxtinski,
Gəncəli Hacı Məhəmməd Sadiq (Əhsənül-Qəvaid),
Mirzə Həsən Əlqədari (Məmnunəlqədari),
Məhəmmədtağı Əlizadə və
başqalarının adlarını çəkmək olar. Onlar milli ictimai fikirdə "əkinçilik"
hərəkatını formalaşdırmaqla ölkədə
şəffaf informasiya mühiti uğrunda mübarizə
apardılar. "Əkinçi"lərə arxalanan
H.Zərdabi "Əkinçi"ni nəşr
etməklə Azərbaycanda milli jurnalistika və dövrü
mətbuatın əsasını qoydu, beləliklə, yeni
ictimai-mədəni görüşlərin
formalaşmasına əsas yaratdı. Azərbaycan mətbuatının
banisi
xalqçılıq, millilik və bəşərilik
ideyalarını yaydı,
dini və dünyəvi elmləri
təcriddə deyil, əlaqəli öyrənməyin
faydasını izah etdi,
fanatizm, xurafat və cəhalət əleyhinə
ardıcıl mübarizə apardı.
"Əkinçi",
H.Zərdabinin təbirincə desək, "Rusiyada əvvəlinci
türk qəzeti" idi və bu böyük Azərbaycan
mütəfəkkirinin doğru sözə inamından
yaranmışdı. Görkəmli maarifpərvər deyirdi: "Olmaz ki, mənim
sözümü eşidənlərdən heç bir qanan
olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər
bərk daş qoysan, bir neçə ildən sonra o su
tökülməkdən o bərk daş mürur ilə əriyib
deşilir, habelə söz də, ələlxüsus doğru
söz qanmazın başını deşib onun beyninə bərk
əsər edər... ...BöylədəEqəzetə
çıxartmaqdan savayı bir qeyri əlac yoxdur ki,
kağızın üstə yazılmış doğru
sözlər qapı-pəncərələrdən o iman mənzillərinə
çata bilsin... Heç olmaz ki, doğru
söz yerdə qalsın" (H.Zərdabi. "Rusiyada əvvəlinci türk qəzetəsi".
"Həyat" qəzeti, 28 dekabr 1905-ci il,
¹129).
"Əkinçi"
nəşrə başladığı dövrdə Azərbaycanda
şəffaf informasiya mühiti yox idi və yalnız ölkənin
ərazisində məhdud şəkildə yayılan əcnəbi
qəzet və jurnallardan məlumat almaq mümkün idi. Bunların
haqqında "Əkinçi" qəzetinin səhifələrində
fikir və mülahizələrə rast gəlmək
mümkündür. "Əkinçi"nin müəllifləri
və H.Zərdabinin istinad etdiyi qəzet və jurnalların
sırasında "Ruznameyi-İran",
"Türküstan", "İberiya", "Kafkaz",
"Peterburqski vedomosti", "Politik korrespondent",
"Tayms", "Tifliski vestnik", "Qolos",
"Novı teleqraf", "Odesski vedomosti", "Tems"
(fransızca İstanbulda), "Odesski vestnik", "Miqo
Hayastan", "Mşak", "Pustoy", "Narodnı
poveriya", "Pravitelstvenni vestnik", "Tifliski
vedomosti", "Birjevoy vedomosti", "Naş vek",
"Framdelbat" (İtaliya), "Droeba" (gürcü),
"Debat" (fransız), "Korrespendas büro" (Vyana),
"Purdez" (erməni jurnalı, 3 ayda bir İstanbulda
çap olunan erməni qəzeti), "Məcməul-həvadis",
"Ararat", "Hayranik", "Novoye vremya",
"London qazet", "Pyuz" (Hindistan), "Morninq
post" (İngiltərə), "Əxtər"
(İstanbul, farsca), "Əndipindaş Belgi" (Hollandiya),
"Ekonomi" (London), "Misyon katolik", "Kazanski
iyerarxalni vedemosti", "Cavab" (İstanbulda ərəbcə
çıxıb), "Press" və başqaları əhəmiyyətli
yer tutur.
Doğru
sözə istinadla fəaliyyətə başlayan H.Zərdabi
və əkinçilər dünya mətbuatına,
zamanın ictimai-siyasi həqiqətlərinə, mövcud
milli reallıqlara əsaslanaraq yazmağı və söyləməyi
vacib bilirdilər. Əsrlərdən bəri milli düşüncədə
formalaşan və ehkama - doqmaya çevrilən ənənəvi
təsəvvürlərin aradan qaldırılmasını,
millətin xabi-qəflətdən oyanması, ətalət, cəhalət
və xurafat "burulğanından" qurtulmasını
ümdə vəzifə bilən H.Zərdabi və əkinçilər
məhz doğru olana, obyektiv gerçəklərə əsaslanır,
dünyanın düzgün dərki, təsviri, təhlil və
tənqidini yaradıcılığın məqsədi
sayırdılar.
1877-ci ildə "Əkinçi"nin bağlanmasından sonra H.Zərdabi kəndlilərin
və yoxsul şəhər əhalisinin haqq və
hüquqlarını qoruduğuna görə
"arzuolunmaz" şəxs sayılırdı və
dövlət üçün təhlükəli hesab edilirdi.
Buna görədir ki, onun həyat yoldaşı Hənifə
xanımın xatirələrində deyilir: "1877-ci ildən
başlayaraq jandarmlar hər gün Həsən bəyin mənzilində
qaravul dururdular" (Hənifə xanım Məlikova-Abayevanın
xatirələri. Bakı, "Adiloğlu" nəşriyyatı,
2005, səh.31).
H.Zərdabinin işi və
ideyalarını XIX əsrdə "Ziya",
"Ziyayi-Qafqaziyyə" və "Kəşkül"
kimi mətbuat orqanları, XX əsrin əvvəllərində
mollanəsrəddinçi və füyuzatçı jurnalistlər
davam etdirdilər. H.Zərdabi "Kaspi",
"Həyat" kimi mətbuat orqanlarında ardıcıl
çıxış etmiş, elmi və publisistik əsərlərini
nəşr etdirmişdir. Onun məqalələrinin
mövzu dairəsi yerli mühitlə məhdudlaşmır, həm
də Rusiya, İran, Türkiyə, Avropa, İngiltərə
həyatını əhatə edir, oradakı inqilabi-demokratik
hərəkatlara ayna tuturdu. Görkəmli Azərbaycan
mütəfəkkiri Əlibəy Hüseynzadə onun mətbuata
dair xidmətlərini qiymətləndirərək deyirdi:
"Aləmi-islam bir qaranlıq içərisində
qaldığı zaman bu adam əlinə məşəl
alıb qaranlığı işıqlandırmağa
çalışmışdır. O məşəl nə
idi? Əvvəlinci mətbu kəlam idi..."
H.Zərdabinin mətbuat və
jurnalistika haqqında dediklərindən bir neçə kəlmə
bu mənada maraqlıdır:
- Hər vilayətin qəzeti
gərək o vilayətin aynası olsun.
- Qəzet dərviş kimi
nağıl deyə bilməz, onun borcudur işlərin
yaxşı və yamanlığını ayna kimi xalqa
göstərsin, ta xalq... xəbərdar olub, onun əlacının
dalınca olsun;
- Doğrunu söylə,
acı olsa da;
- Heç olmaz ki, doğru
söz yerdə qalsın;
- Doğru söz
qızıl kimidir, sürtdükcə parıldar;
- Boş söz
danışmaqda heç bir fayda yoxdur;
- Hər bir qəzetin ümdə
muradı mübahisədir ki, aqil kəslər bir-birilə
mübahisə edib işləri xalqa bəyan etsinlər...
"Əkinçi" və
əkinçilərin irsi ilə tanış
olarkən bir daha inanırıq ki, jurnalistika haqq, ədalət,
doğru və həqiqətləri axtarmanın tarix təcrübəsi
nəticəsində meydana gəlmiş ictimai fəaliyyət
və elm sahəsidir. Jurnalistika doğrunu
axtarmaq, tapmaq və onu olduğu kimi başqasına, cəmiyyət
üzvlərinə çatdırmaq sənətidir. Bunu doğruları söyləmənin tarix təcrübəsi
təsdiqləyir. "Doğru söz
söyləyəni doqquz köydən qovsalar da",
"Düz söyləyən düzdə qalsa da" - bu belədir.
Diqqətəlayiq məqamlardan
biri də bundan ibarətdir ki, H.Zərdabi milli mətbuatın
banisi oldusa da, "Əkinçi" və əkinçilər
Azərbaycan jurnalistikasını "dördüncü
hakimiyyət" səviyyəsinə yüksəldə bildilər,
onun zəngin və koloritli palitrasını, üslub
çoxçalarlığını formalaşdırmağa
müvəffəq oldular.
H.Zərdabinin mətbuat və
jurnalistikaya dair iş təcrübəsi, "Əkinçi"nin dərsləri, yaradıcılıq- sənətkarlıq
ənənələri və ideyaları Azərbaycanda sistemli
şəkildə davam etdirildi və bu gün də milli mətbuatımızın
elmi-nəzəri və metodoloji əsasını təşkil
etməkdədir.
Şamil VƏLİYEV,
BDU-nun Mətbuat tarixi
kafedrasının müdiri,
professor
Azərbaycan.- 2010.- 8 iyul.- S.
3.