"Azərbaycanda elm və onun təşkilati
formaları"
Müasir inkişaf mərhələsində
ictimai həyatda elmin xüsusi çəkisi getdikcə
artır. Elm sosial sistem kimi genişləndikcə onun
özünün tədqiqat obyektinə çevrilməsinə
böyük ehtiyac yaranır. Akademik Ramiz Mehdiyevin
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" əsəri də diqqəti ölkəmizdə
bu sahələrin araşdırılması zərurətinə
yönəldir.
Azərbaycanda ictimai elmlərin
inkişafına həqiqətən böyük ehtiyac var. Ona
görə yox ki, guya başqa elm sahələri çox
inkişaf edib və geri qalan təkcə ictimai elmlərdir.
Ona görə ki, dəqiq elmlər ümumbəşəri
olduğundan, onların inkişafında məsuliyyət və
ağırlıq bütün bəşəriyyətin üzərinə
düşür. Elm üçün əlverişli şərait
yaratmış qabaqcıl ölkələrdə təbiətşünaslıq
və texniki elmlər sahəsində əldə olunan nailiyyətlərlə
biz də
AMEA-nın müxbir
üzvü, professor Səlahəddin Xəlilovun bu
yaxınlarda işıq üzü görmüş kitabı
("Azərbaycanda elm və onun təşkilati
formaları", Bakı, "Oskar", 2010) bu məsələlərin
araşdırılmasına həsr olunmuşdur. Kitab həcmcə
kiçik olsa da, qoyulan problemlərin əhəmiyyəti və
tədqiqatın fundamentallığı ilə diqqəti cəlb
edir. Əslində, bu əsər Azərbaycanda elmin aktual təşkilati
problemlərinə həsr olunmuş ilk ciddi tədqiqat əsəridir.
Professor S.Xəlilov hələ
ötən əsrin 70-ci illərində Azərbaycanda elmin
sistemli tədqiqinin əsasını qoymuş və
keçmiş SSRİ-nin tanınmış elmşünas
alimlərindən biri kimi bütün ölkə miqyasında
alternativ inkişaf modellərinin işlənib hazırlanmasında
iştirak etmişdir. Təsadüfi deyil ki, onun 1987-ci ildə
elmi-texniki tərəqqinin aktual problemlərinə dair
yazdığı kitab Ümumittifaq "Bilik" Cəmiyyətinin
mükafatına layiq görülmüşdür.
Professor S.Xəlilovun bu
kitabında qoyulmuş məsələlər də təkcə
Azərbaycan üçün deyil, bütün MDB dövlətləri
üçün aktualdır. Bir sıra məsələlər
isə ümumiyyətlə, ilk dəfə
araşdırılır.
Sovetlər Birliyindən
ayrıldıqdan və müstəqillik əldə etdikdən
sonra Azərbaycanda elmin yenidən təşkilatlanması
qarşıda duran ən mühüm vəzifələrdən
biridir. Bütün dünyada böyük ölkələrlə
kiçik ölkələr üçün elm modelləri fərqli
olduğuna görə nəhəng Sovet İttifaqından
qalmış köhnə elm modeli Azərbaycanda
özünü doğrultmur və yeni təşkilati forma
axtarışına böyük ehtiyac vardır. Lakin bu
axtarışlar və islahatlar kortəbii surətdə
aparıla bilməz. Artıq çoxdandır ki, Qərbdə
yeni bir tədqiqat istiqaməti - "elm haqqında elm"
yaranmışdır və bu sahədə hər hansı bir
islahat da ancaq dünya təcrübəsini nəzərə
almaqla yanaşı, həm də
elmşünaslığın tövsiyələrinə əsasən
aparılmalıdır.
Müəllifin haqlı
olaraq göstərdiyi kimi, müasir dövrdə elm, bir tərəfdən
mədəniyyət hadisəsidirsə, digər tərəfdən
iqtisadiyyatın tərkib hissəsidir. Belə ki, yeni elmi biliklərin
əldə olunması istiqamətində
axtarışların mütəşəkkil surətdə həyata
keçirilməsi və alınan nəticələrdən
ölkənin praktik ehtiyaclarının ödənilməsi
üçün istifadə olunması iqtisadiyyatın
inkişafına böyük təkan verir. Lakin bu o zaman
mümkün olur ki, elmdən istifadə olunması pərakəndə
xarakter daşımayaraq müntəzəm və planlı surətdə
aparılsın. Digər tərəfdən də əhalinin
elmi dünyagörüşünün yüksəldilməsi
və bizi əhatə edən təbii-ictimai mühitin getdikcə
daha çox dərəcədə elmi-texniki nailiyyətlərlə
zənginləşdirilməsindən dolayı insanların da
yeni texnikadan istifadə qaydalarını mənimsəməsi
bütövlükdə cəmiyyətin elmiləşməsinə,
mədəniyyətin strukturunda elmin nisbi payının
artmasına gətirib çıxarır. Bütün bu
tendensiyaların öyrənilməsi elmin həm də bir
sosial sistem kimi nəzərdən keçirilməsini tələb
edir. Professor S.Xəlilovun kitabı hər iki aspektdə elmin
rolunun düzgün dəyərləndirilməsinə və
müvafiq nəticələr çıxarılmasına imkan
verir.
Məlum olduğu kimi,
Prezident İlham Əliyev son çıxışlarında
ölkəmizdə elm və təhsilin inkişaf etdirilməsi
zərurətini xüsusilə vurğulamış və neft
kapitalının intellekt kapitalına çevrilməsi
üçün yeni ictimai-iqtisadi inkişaf strategiyası
hazırlanmasını məqsədəuyğun hesab
etmişdir. Bu siyasi iradənin reallaşdırılması
üçün cəmiyyətin bütün inkişaf aspektlərini
əhatə edən islahat proqramlarının həyata
keçirilməsinə böyük ehtiyac var. Lakin bu proqramlar
da öz növbəsində ancaq geniş və hərtərəfli
elmi araşdırmalar sayəsində işlənib
hazırlana bilər. Bu baxımdan, haqqında söhbət
açdığımız kitab xüsusi aktuallığa
malikdir. Belə ki, burada cəmiyyətin strukturunda elmin optimal
yeri məsələsi təhlil olunmuşdur. Kitabda, bir tərəfdən
elmi tədqiqatların səmərəsini artırmaq
üçün, digər tərəfdən də alınan
elmi nəticələrin operativ surətdə tətbiqinə
xidmət edən yeni mexanizmlərin yaradılması
üçün dəyərli təkliflər var.
Müəllifin irəli
sürdüyü ən mühüm ideyalardan biri də elm və
təhsil arasında inteqrasiya proseslərini sürətləndirmək,
ali təhsil müəssisələrində elmi
yaradıcılıq atmosferi yaratmaq, Təhsil-Elm-İstehsalat
zəncirinin bütün halqalarını möhkəmləndirmək
zərurətinin vurğulanmasından ibarətdir. Bu məqsədlə
hətta Təhsil Nazirliyi sistemində müvafiq struktur dəyişilmələrinin
aparılması, məqsədi əsasən maarifçilik
olan ibtidai və orta təhsil şəbəkəsindən fərqli
olaraq, ali təhsil pilləsində, xüsusilə də magistraturada
elmi mühitin formalaşdırılması, akademiya ilə
universitetlər arasında iş birliyinin yeni
formalarının tapılması tövsiyə olunur.
Professor Səlahəddin Xəlilov
ölkəmizdə və onun hüdudlarından kənarda elm
və təhsil quruculuğu sahəsində görkəmli
mütəxəssis kimi tanınır. Təsadüfi deyil ki,
S.Xəlilov Oksford Universitetində "3-cü minillikdə təhsilin
perspektivləri" mövzusunda plan-layihə hazırlamaq
üçün müəyyən edilmiş
"dünyanın 40 görkəmli təhsil eksperti"
sırasına daxil edilmişdir. O, Avropa Təhsil
Şurasının, Avropa Elm Fəlsəfəsi Təşkilatının
və Ümumdünya Elm, Mühəndislik və Texnologiya
Akademiyasının üzvüdür və dünyada elmin
alternativ təşkilati formaları haqqında bilavasitə ilk
mənbələrdən məlumata malikdir.
İqtisadi sahədə
keçid dövrünün başa çatdığı və
yeni keyfiyyətli ictimai-iqtisadi həyat müstəvisinə qədəm
qoyduğumuz bir məqamda mütəxəssis sözünə
həqiqətən böyük ehtiyac var. Biz hər birimiz
elmin bu və ya digər konkret sahələrində tədqiqat
aparırıq. Səlahəddin müəllimin isə tədqiqat
obyekti elmin özüdür. Ona görə də elmin problemlərinə
sistemli şəkildə yanaşır, müasir ictimai həyatda
bütövlükdə elmin və hər bir elm
adamının qarşısında duran vəzifələri
zamanın tələbləri səviyyəsində diqqət mərkəzinə
çəkir.
Müəllif yazır ki, cəmiyyətin
ümumi inkişaf tendensiyalarını araşdırmadan,
yaşadığımız dövrün ümumi səciyyəsini
vermədən, hər bir intensiv iqtisadi və texnogen
inkişaf mərhələsindən sonra cəmiyyətin
daxili ahəngini təmin etmək üçün xüsusi tədbirlər
görmədən elmi-texniki və iqtisadi islahatlara
başlanması arzuolunan nəticələrə gətirməyə
də bilər.
Digər tərəfdən,
biz texniki inkişafdan daha dəyərli olan mədəni-mənəvi
sərvətlərimizi risk altına ata bilmərik. Ona görə
də ölkəmizdə böyük iqtisadi reformaları
bütün nailiyyətlərin əsasında dayanan insan
amilində nəzərə almaqla texnogen sivilizasiyanın birtərəfli
qaydada inkişafından dolayı mənəvi dəyərlərin
sıxışdırılmasına yol vermədən həyata
keçirmək tələb olunur. Amma mövcud vəziyyətin
təhlili nə göstərir? Böyük iqtisadi nailiyyətlər
müqabilində humanitar və ictimai elmlər sahəsində
inkişaf tempi çox aşağıdır və cəmiyyətimizin
ahəngdar tərəqqisinə nail olmaq üçün
humanitar düşüncənin rolunun artırılmasına
böyük ehtiyac var. Bizcə, S.Xəlilovun "Azərbaycanda
elm və onun təşkilati formaları" kitabı da məhz
bu ehtiyacın təmin olunmasına yönəlmişdir.
Asəf NADİROV,
Akademik
Azərbaycan.- 2010.- 8 iyul.- S. 5.