Əbədiyaşar sənət əsərinə xalqın tükənməz sevgisi

 

Dahi bəstəkar Üzeyir Hacıbəyli gənc bəstəkarlara tövsiyə edirdi ki, Azərbaycan bəstəkarı əsərlərini xalqın milli musiqi dilində yazmalıdır. Bəstəkar xalqla aydın və doğma dilində danışmalıdır. Bunun üçün bəstəkarlarımız xalq musiqi dilinin bütün qanunlarını dəqiq öyrənməlidirlər. Onlar belə etməsələr, xalqın tələblərindən uzaq düşərlər. Bəstəkarlar onların qarşısında yüksək tələblər qoyan, xalqın ruhunu oxşayan əsərlər yaratmalıdırlar. Xalq bəstəkarın yaratdığı musiqi əsərindən qəlbinə təsir edəcək mənəvi qida tələb edir. Əgər bəstəkar buna müvəffəq olmursa, o, bəstəkar deyildir.

Bu yaxınlarda - iyunun 25-də Azərbaycan Akademik OperaBalet Teatrının qarşısında çoxlu sayda adamın toplaşdığını görüb elə düşündüm ki, hansısa məşhur qastrolçunun iştirakı ilə tamaşa göstəriləcək. Toplaşanlar "Leyli və Məcnun" operasını dinləmək üçün gəlmişdilər. Aralarında xarici ölkə vətəndaşları da az deyildi. Tamaşa başlayanda salonda boş yer yox idi. İlk dəfə 1908-ci ildə tamaşaya qoyulmuş "Leyli və Məcnun" xalqın milli musiqi dilində yazıldığı üçün insanların ona olan sevgisi azalmır, əksinə, daha da artır. Əhməd Ağdamskidən başlamış Leyli estafetini Azərbaycanın dəyərli qadın ifaçıları Həqiqət Rzayeva, Nəzakət Məmmədova, Gülxar Həsənova uğurla davam etdirmişlər. Leyli obrazı hətta istəkli sənətçimiz Flora Kərimovanın təfsirində də tamaşaçılara təqdim olunmuşdur. Bu ifaçıların hər biri özünəməxsus tərzdə zavallı, sevgisi yolunda həyatla vidalaşmaqdan da çəkinməyən bakirə Leylinın obrazını yaddaqalan ştrixlərlə yarada bilmişdir. Tamaşaçı-dinləyicilərimiz Leyli rolunu bənzərsiz muğam ustası Rübabə Muradovanın və Zeynəb Xanlarovanın ifasında da dinləməklə musiqi yaddaşlarını zənginləşdirmişlər.

Opera səhnəsinə sonradan gələn ifaçılar - Qəndab Quliyeva, Səkinə İsmayılova, Gülyaz Məmmədova, Nəzakət Teymurova və digər istedadlı sənətçilərin hər biri Leyli obrazının bütün məziyyətlərini özünə xas tərzdə təqdim edə bilmişlər. Həmin gün "Leyli və Məcnun" operasında Aygün Bayramovanın Leyli rolunda çıxışı tamaşaçıların gurultulu alqışları ilə dəyərləndirildi. Aygün xanım həm öz görkəmi ilə, həm də xoş tembrligeniş diapazonlu səsi ilə tamaşaçıları heyrətləndirdi, onları Leylinin pak məhəbbət aləminə apardı. Aygün Bayramovanın çox təmiz tembrli, qəlb oxşayan nüfuzedici səsi tamaşaçıların ruhuna hakim kəsilərək onları dahi söz ustadı Məhəmməd Füzulinin şeir, Üzeyir bəyin bənzəri olmayan musiqi dünyasına çəkib apardı. Bu müğənni çox geniş səs imkanlarına malik sənətçidir. O, sənətkarlıqla oxuyur, səs imkanlarından özünü göstərmək naminə istifadə etmir. Həm bəm, həm də zil pərdələrdə Leyli ruhunu canlandırmaq üçün qəlblərə nüfuzedici səs palitrası yaradır. Birinci pərdədəki LeylininQeysin görüş səhnəsində səslənən "Mahur Hindi" və "Segah" muğam guşələrində tamaşa qəhrəmanlarının məhəbbət hisslərini, arzu və istəklərini əks etdirmək üçün həm Qeys (Mənsum İbrahimov), həm də Leyli (Aygün Bayramova) ustad ifaçılara xas tərzdə oxumaqla yüksək sənətkarlıq nümayiş etdirdilər. Onların heç biri səsinin daha zilçevik olduğunu sübuta yetirmək üçün çalışmadı. Və buna görə də təbii ifaçılıq nümunəsi üstünlük təşkil etdi.

Hadisələrin sonrakı gedişində baş qəhrəmanların partiyalarında qəmgin və həyəcandoğurucu muğamlar üstünlük təşkil edir. Leylinin atası gələn elçilərə "cünuna mənim qızım nə layiq" deyəndən sonra sarsıntı keçirən Qeys ürəklərdə qüssə doğuran "Şahnaz" muğamını oxumaqla özünün həyatdan küskünlüyünü, tənhalığını və dərin mənəvi sarsıntılarını ustalıqla göstərdi. Məcnunun uğurlu ifaçısı kimi tanınan Mənsum İbrahimov da "Şahnaz" muğamını tarın zil pərdəsində ürək çırpıntıları ilə çox uğurla oxuyur, qəlbləri riqqətə gətirən gedişlər etməklə tamaşaçıları məftun edir. Qeysin məsumluğu tamaşaçılarda Qeysə qarşı heyifsilənmək ovqatı yaradır. Bəzi tamaşaçıların sarsılaraq gözlərinin yaşını yaylıqla sildikləri də nəzərdən qaçmır. Qeys onun hiss və həyəcanlarına biganə qalan adamlardan qaçaraq səhranı özünə məskən seçir. Qeys-Məcnun ürək ağrılarını "Bayatı Şiraz" muğamının qəmgin təranələri ilə sakitləşdirməyə çalışır. Leyli İbn Salama ərə veriləndən sonra Məcnunun ümidsizliyə qapılması səhnəsi "Şüştər" muğamı ilə ifadə olunur. Sevgilisinin xəyalı ilə yaşayn Məcnun Leylinin real obrazını daha qəbul etmək istəmir. "Sən Leyli deyilsən" deyərək ondan üz döndərir. Mənsum əsərin bu yerində "Xaric Segah"ın niskil dolu intonasiyalarını tamaşaçılara ustad sənətkar kimi çatdırmaqla onları da özünün kimsəsiz səhra həyatına çəkib apararaq salonda məyusluq ovqatı yaradır. Onun həzin səsi naəlac aşiqin sarsıntılarını həmin muğam nidaları altında inandırıcı nümayiş etdirir. Mənsum öz qəhrəmanı Qeysin keçirdiyi sarsıntılarını ancaq Qarabağ muğam ustalarına xas olan boğaz xırdalıqları ilə tamaşaçıya yaxşı çatdırır. Mənsum Nofəl ilə görüş səhnəsində də "Heyratı" muğamına səciyyəvi olan zil pərdələrdə virtuozluqla oxuyur.

Son dövrün Məcnun partiyasının ifaçıları arasında Mənsum İbrahimovun aparıcı rolu şübhəsizdir. Onu səhnəmizin Məcnunu adlandırmaqla səhv etmərik.

Aygün Bayramovanı isə indi səhnəmizin Leylisi adlandırmaq yerinə düşərdi. Buna onun incə və məlahətli Leyli görkəmi, yüksək ifaçılıq qabiliyyəti və nəhayət, mükəmməl artistlik məharəti imkan verir. Aygün Leyli partiyasını qəlbinin bütün mənəvi aləmini hərəkətə gətirməklə inandırıcı yaradır. İbn Salamın gətirdiyi cah-calalı əlinə götürüb bir kənara atandan sonra öz nifrətini "Qatar" muğamının çox zil pərdələrində sənətkarcasına açıqlaya bilir. Onun həmin muğamı şaqraq zəngulələri ilə sonunclaması tamaşaçıda xüsusi ovqat yaradır. Tamaşaçılar onun bu səs qüdrətini gurultulu və sürəkli alqışlarla dəyərləndirirlər. Aygünün səs tembri insan qəlbinə nüfuzediciliyi ilə fərqlənir. Tamaşaçı onun Qeysə münasibətini məmnunluq hissi ilə dəyərləndirir. Aygün həm bəm, həm də zil pərdələrdə sevən qəlbin unudulmaz təranələrini ön plana çəkir. Onu dinləyənlər mənəvi məmnunluq hissləri keçirirlər. Aygünün hansı registrdə oxumasından asılı olmayaraq bilirsən ki, onun səs diapazonunun sonu yoxdur. Bəzi yerlərdə dördüncü oktavanın ortalarına gedib çıxaraq aləm yaradır. Aygün quruluşçu rejissor Hafiz Quliyevin Leyli obrazının tam incəliklərinədək təqdim olunması üçün verdiyi mizanlara düzgün riayət etməklə özünün dramatik aktrisa qabiliyyətini də ortaya qoyur. İbn Salamla dialoq səhnəsində özünü sevgisinə dərin inam bəsləyən pak bir qız kimi aparır. Hətta İbn Salam onun yataqdan qalxmasına kömək etmək istəyəndə onun əlini öz əlinin hərəkəti ilə kənarlaşdırmaq istəyində bulunur. Bunu Qeysdən savayı heç kimi sevmədiyini və sevməyəcəyini incə əl hərəkəti ilə bildirir. Aygün Leylinin ölüm yatağında son həyat izlərinə "Segah" muğamının yandırıcı ifası ilə son qoyanda tamaşaçı özünü onun zəngin səs palitrasının təsiri altında hıçqırıq qoparmaqdan saxlaya bilmir. Aygün Bayramova pak qızın ağrı-acılarını bənzərsiz sənətkar qüdrəti ilə nümayiş etdirir. Tarzən Elçin Həşimovun və kamançaçı Elnur Əhmədovun incə müşayiəti ifaçı xanımın özünün parlaq ifa imkanlarını nümayiş etdirməsinə yaxşı şərait yaradır.

İstedadlı gənc müğənni Elnur Zeynalov Qeysin atası obrazını inandırıcı yaradır. Bu obrazın keçmiş ifaçılarından fərqli olaraq yaxşı səs qabiliyyəti nümayiş etdirir. Bariton Şahlar Quliyev özünün qaltanlı səsi ilə "Səhra" pərdəsində xüsusi coşqunluq yaradır.

Respublikann əməkdar artisti Nizami Bağırov Leylinin atası rolunda xüsusi muğam-vokal ovqatı yaradır. O, bariton səs üçün xarakterik olmayan ifa tərzi nümayiş etdirir. "Şur" muğamının "Mayəsini" xüsusi boğaz xırdalıqları ilə oxuyur. Opera teatrının gənc solisti Afaq Ağayeva Məcnunun anasının partiyasını xoşagələn oxuyur.

Tamaşaçılar dahi Üzeyir bəyin öz xalqına olan "Leyli və Məcnun" ərməğanını və bu ərməğanı həyatiləşdirən Aygün Bayramova və Mənsum İbrahimov kimi müqtədir sənətkarları ürəkdən sevir, tükənməz sayğısını bildirir.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2010.-  8 iyul.- S.  6.