Zaqatalada tütün emalı zavodu açılmışdır

 

İyulun 8-də Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində "İntertobakko" MMC-nin tütün emalı zavodunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, iki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulurzoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir. Hazırda zavodda 75 işçi çalışır, amma yaxın gələcəkdə onların sayının 100 nəfərə çatdırılması nəzərdə tutulmuşdur. Ərazisi 7800 kvadratmetr olan istehsal sahəsində tütün emalının bütün prosesi həyata keçirilir. Müəssisənin istehsal parametrləri təsdiqləyir ki, yaxın gələcəkdə sürətli emal prosesinə keçilməsi nəticəsində zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara biləcəkdir.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Məlumat verildi ki, iqtisadiyyatında tütünçülüyün mühüm yer tutduğu Zaqatalada fəaliyyətə başlayan bu zavod rayonda kənd təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yaradacaqdır. Eyni zamanda, bu müəssisə ölkədə tütün sənayesinin daha da inkişafında mühüm əhəmiyyətə malikdir. Əgər 2007-ci ildə "İntertobakko"nun xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 102 hektar sahədə "Virciniya" növlü ətirli tütün əkilmişdisə, 2010-cu ildə əkin sahələri artırılaraq 950 hektara çatdırılmışdır. Burada emal olunan tütün əsasən "Virciniya", qismən "Berley" sortudur.

Dövlət başçısı müəssisədə emal olunmuş tütün növlərinə baxdı, kollektivi təbrik etdi, onlara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 iyul.- S.  1.