Zaqatala rayonu ictimaiyyətinin
nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV
rayon sakinlərini salamlayaraq dedi:
- Mən sizi ürəkdən
salamlayıram, Zaqatalada olmağımdan çox məmnunam. Birinci dəfə deyildir ki, mən Zaqataladayam. Bu, mənim son illər ərzində Zaqatalaya
üçüncü səfərimdir və hər dəfə
burada olanda yenilikləri, inkişafı görəndə
çox sevinirəm.
Bu gün də
Zaqatala rayonunun gələcək inkişafı
üçün çox əlamətdar bir gündür. Rayonda
çox müasir iki yeni sənaye müəssisəsi işə
başlamışdır. Hər biri
dünya standartları səviyyəsində qurulubdur. Bu gün həm süd, həm tütün zavodunun
açılışında iştirak edərkən
gördüm ki, burada rayonun inkişafı üçün
çox böyük və vacib məsələlər öz
həllini tapır. Tütün zavodunun
yaradılması əslində Azərbaycanda müasir
tütün sənayesinin yaranması deməkdir. Biz bu gözəl ənənələri bərpa
edirik və rayonun inkişafı, sənaye potensialının
gücləndirilməsi üçün bunun çox
böyük mənası vardır.
Süd zavodu da
müasir standartlara cavab verir. Bu, həm iş yerlərinin
açılmasıdır, həm yerli istehsalın
yaradılmasıdır, həm də rayonun
inkişafıdır. Yəni bütün bu
işlər bir daha onu göstərir ki, rayon dinamik şəkildə
inkişaf edir, işlər burada müsbət istiqamətdə
davam edir və həm rayonun iqtisadi, sənaye potensialı
artır, eyni zamanda, görkəmi gözəlləşir.
Zaqatala tarixi
şəhərdir. Çox gözəl şəhərdir.
Zaqatalanın tarixi simasını saxlamaqla bu
gün burada aparılan müasir işlər əlbəttə
ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir.
Siz - burada yaşayanlar bütün bu işlərin
fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak
edirsiniz və ümumiyyətlə, bu bölgənin gələcək
inkişafı Azərbaycanın potensialını
böyük dərəcədə gücləndirəcəkdir.
Bu bölgəyə
xüsusi diqqət göstərilir. Bildiyiniz kimi, keçən
dəfə mən burada olarkən Zaqatalanın inkişafı
üçün vacib obyektlərin
açılışında iştirak etmişdim. Olimpiya Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi,
mehmanxana yaradılmışdır. Yəni
burada bütün başqa sahələrdə işlər
görülür ki, insanların rahatlığı
üçün şərait yaradılsın. İş yerləri, sosial obyektlər, səhiyyə,
təhsil, mədəniyyət müəssisələri
açılır. Bu gün mədəniyyət
mərkəzinin təmirdən sonra
açılışında iştirak etmişəm. Bu da çox gözəl hadisədir. Beləliklə, bu bölgənin gələcək
inkişafı təmin ediləcəkdir. Çünki
biz elə etməliyik ki, Azərbaycanın hər bir bölgəsi
özünə xas olan sənaye sahəsində maksimum səmərə
ilə lazımi səviyyəyə çatsın.
Bu bölgənin
öz xüsusiyyətləri vardır.
Keçən
dəfə mən burada olarkən bölgənin, burada turizmin
inkişafı üçün böyük əhəmiyyəti
olan aeroportun açılışını qeyd etdik. Düzdür,
müəyyən müddətdən sonra uçuşlar
dayandırıldı və mənə verilən məlumata
görə, onda sərnişin axını o qədər də
güclü deyildi. Ancaq mən bu gün
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə
göstəriş verdim ki, yaxın zamanlarda Bakı-Zaqatala xəttində
təyyarə uçuşlarını bərpa etsin. Biz insanlar üçün əlavə imkanlar
yaratmalıyıq. Çünki təyyarə
ilə gəlmək daha da rahatdır. Düzdür,
əminəm ki, Bakı-Zaqatala-Balakən sərhəd avtomobil
yolu da əsaslı təmirdən sonra yaxın zamanlarda istifadəyə
veriləcəkdir. Yolun bir hissəsi
artıq hazırdır. Ancaq hava nəqliyyatının
öz üstünlüyü vardır və bu, gələcəkdə
Zaqatalanın, ətraf rayonların turizm imkanlarının
genişləndirilməsi üçün şərait
yaradacaqdır.
Hər bir
bölgə, hər bir rayon çalışmalıdır ki,
öz daxili resursları hesabına iqtisadi və sənaye
potensialını gücləndirsin. Düzdür, Azərbaycan
dövləti və hökuməti fəaliyyətini hər bir
bölgə üzrə konkret plan, konkret proqram əsasında
qurubdur. Hər bir bölgəyə
dövlət büdcəsindən subsidiyalar, dotasiyalar verilir və
bu, belə də olmalıdır. Amma biz elə
etməliyik ki, rayonların sənaye və iqtisadi
potensialından maksimum şəkildə istifadə edək.
Zaqatalanın
bu sahədə imkanları genişdir - gözəl təbiəti,
iqlimi, turizm imkanları, kənd təsərrüfatının
inkişafı üçün yaxşı şərait
vardır. Biz elə etməliyik ki, bütün lazımi
imkanları yaradaq. Bilirsiniz ki, kənd təsərrüfatının
inkişafı, fermerlərin, sahibkarların fəaliyyəti
üçün lazımi tədbirlər görülür,
kreditlər, subsidiyalar, texnika verilir, sosial sahə xüsusi
diqqət mərkəzindədir.
Beləliklə,
ölkəmizin gələcək inkişafı təmin ediləcəkdir. O gələcək
inkişaf ki, bu gün bunun əsası qoyulur. Azərbaycanın
son illərdə əldə etdiyi iqtisadi nəticələr
deyə bilərəm ki, dünya miqyasında xüsusi yerə
malikdir. Biz dünya miqyasında iqtisadi
inkişaf baxımından ən sürətlə inkişaf
edən ölkəyik. Hətta bu il,
keçən il - dünyada böhran illəri kimi tarixdə
qalacaq bu illər ərzində Azərbaycan iqtisadiyyatı
inkişafdadır. Bütün sosial proqramlar,
infrastruktur layihələri icra olunur. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası üçün bütün lazımi tədbirlər
nəzərdə tutulub. Büdcəmiz
artır. Dünyada böhran nəticəsində
bir çox ölkələrdə büdcə yerinə
yetirilmir və kəsir yaranır. Biz isə
əksinə, büdcədə dürüstləşmə
etdik və əlavə böyük vəsait ayırdıq ki,
ölkə qarşısında təxirəsalınmaz, yəni
vacib olan məsələlər tezliklə öz həllini
tapsın.
Bu gün
Zaqatalada gördüklərim məni ürəkdən
sevindirir. Mən çox şadam ki, rayon çox dinamik
inkişaf edir və hər şey burada yüksək səviyyədədir.
Arzum odur ki, daha da yaxşı olsun və əlbəttə ki,
buna nail olmaq üçün bu il və gələn
illərdə Zaqatalanın inkişafı ilə bağlı
bütün lazımi tədbirlər görüləcək və
yardımlar ediləcəkdir. Sizi bir daha ürəkdən
salamlayıram və sizə xoş arzularımı bildirirəm.
Zaqatala rayonunun sakini Sona
QAZIYEVA dövlət başçısına müraciətlə
dedi:
- Möhtərəm cənab
Prezident!
Sizi Zaqatala
ictimaiyyəti adından salamlayırıq və "Xoş gəlmisiniz!"
deyirik.
Ulu öndərimiz
Heydər Əliyev Azərbaycanın gözəl guşəsi
olan Zaqatalaya həmişə diqqət yetirirdi. Sovetlər
dövründə Zaqatala geridə qalmış rayonlardan biri
idi. Lakin ulu öndərimiz respublika rəhbərliyinə
gələndən sonra rayonumuz qızıl güllər
diyarına çevrildi. O illərdə təkcə bizim
rayon deyil, respublikamızın bütün bölgələri
sürətlə inkişaf etmişdir.
1970-ci illərdə
mən Beyləqan rayonunda bacım Sevil Qazıyevanın
işini davam etdirirdim. Çox xoş təsadüf nəticəsində
ulu öndərimizlə görüşmək mənə də
nəsib oldu. Ümummilli liderimiz Heydər Əliyev
bizim sahəyə gəlmişdi. İşimizə
yüksək qiymət verdi. Bu,
təkcə mənim əməyimə deyil, 1970-ci illərin gənclərinin
əməyinə verilən qiymət idi. Hələ
o zamanlar ulu öndərimiz Heydər Əliyev məhz bu
günü, müstəqillik günümüzü
görürdü. Elmdə, təhsildə,
bütün sahələrdə gəncləri bu günə
yönəldirdi və bizdə ruh yüksəkliyi
yaradırdı.
Möhtərəm Prezident! Siz də onun yolunu uğurla davam etdirirsiniz. Sizin Zaqatalaya hər gəlişiniz rayonumuzun şan-şöhrətini daha da artırmışdır. Rayonumuzda insanların firavanlığı yüksəlmişdir. 2006-cı və 2008-ci illərdə Sizin səfərləriniz hər bir zaqatalalının ürəyinə həkk olunmuşdur. Bu səfərlər zamanı rayonumuzda müxtəlif obyektlər, müəssisələr açılmışdır. Bunlara görə Sizə təşəkkürümüzü bildiririk, möhtərəm Prezident!
Zaqatala çoxmillətli rayondur. Burada müxtəlif xalqların nümayəndələri - saxurlar, ləzgilər, avarlar böyük bir ailə, vahid bir ailə şəklində yaşayır. Sevincimizi də bir yerdə bölüşürük, problemlərimizi də birgə həll etməyə çalışırıq.
Zaqatalalılar həmişə dövlətçiliyə sadiq olmuşlar. Rayonumuz 200-ə yaxın şəhid vermişdir. Biz inanırıq ki, itirilmiş torpaqlarımız Sizin titanik fəaliyyətiniz sayəsində işğaldan azad ediləcəkdir. Biz hər zaman müsəlləh əsgər kimi Vətənimizin xilası naminə hazırıq.
Cənab Prezident, Siz rayonumuzun iqtisadiyyatının inkişafına böyük qayğı ilə yanaşırsınız. Bu gün Siz yeni müəssisələrin açılışını etmisiniz. Bu, hər bir zaqatalalı üçün yeni iş yeri, maddi rifah halının yaxşılaşdırılması deməkdir. Bunun üçün Sizə çox böyük təşəkkür edirik. Eyni zamanda, Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma incəsənətimizin, mədəniyyətimizin inkişafına göstərdiyi qayğıya görə təşəkkürümüzü bildiririk.
Möhtərəm Prezident! Biz Sizinlə fəxr edirik. Sevinirik,
çünki Azərbaycanımızın Heydər Əliyev
kimi ulu öndəri, Sizin kimi Prezidenti, qayğıkeş
Mehriban xanımı vardır.
Sizinlə qürur duyuruq,
sevinirik və Sizə cansağlığı
arzulayırıq!
Çox sağ
olun!
* * *
Prezident İlham ƏLİYEV:
- Çox sağ
olun. Siz qeyd etdiyiniz məsələlər,
doğrudan da, çox vacibdir. Bu gün Azərbaycanın
uğurlu inkişafı müxtəlif amillər üzərində
qurulubdur. Yəni, ölkəmiz həm
dinamik şəkildə inkişaf edir, iqtisadi gücə
malikdir, həm də sənaye potensialı güclənir.
Bizim çox uğurlu və güclü neft
siyasətimiz vardır. Bu gün Azərbaycan
dünya miqyasında öz yerini tutubdur, böyük hörmətə
malik olan bir ölkədir. Ölkədə
sabitlik, yəni vətəndaş birliyi, vətəndaş həmrəyliyi
vardır.
Bütün bu
amillər bizi gücləndirir və Azərbaycan müstəqil
dövlət kimi artıq xalqımızın ümidlərini
doğruldubdur.
Bu barədə mən bir neçə dəfə
öz fikirlərimi bildirmişəm. Biz
müstəqilliyi əldə edəndə gələcəyimiz
o qədər də aydın deyildi. Azərbaycan
necə inkişaf edəcək, hansı ölkəyə
çevriləcək, hansı modeli seçəcək?!
Dünyəvi dövlət olacaqmı,
olmayacaqmı?! Öz resursları
hesabına yaşaya biləcəkmi, yoxsa ki, asılı vəziyyətdə
qalacaqdır?! Bütün bu suallar o vaxt
cavabsız idi. Ulu öndər Heydər Əliyevin
fəaliyyəti və siyasəti nəticəsində biz
bugünkü Azərbaycanı, möhkəm təməl
üzərində qurulmuş dövləti görürük.
Bu gün dövlətimiz onun siyasəti əsasında
uğurla inkişaf edir.
İqtisadiyyatın,
sənaye potensialının gücləndirilməsi əlbəttə
ki, hər bir ölkə üçün vacibdir. Amma bizdə,
ölkəmizdə bir gözəl xüsusiyyət, yəni
bizi bəzi başqa ölkələrdən fərqləndirən
cəhət ondan ibarətdir ki, Azərbaycanda bütün
xalqlar bir ailə kimi dostluq, qardaşlıq, mehribanlıq
şəraitində yaşayırlar. Azərbaycanda
bütün xalqlar arasında həqiqətən
qardaşlıq münasibətləri vardır. Bu bizim böyük sərvətimizdir. Azərbaycan burada yaşayan hər bir xalqın vətənidir.
Azərbaycan dövləti bütün
gücünü ortaya qoyur ki, ölkəmizdə yaşayan
bütün xalqlar özlərini rahat hiss etsinlər, vahid ailə
kimi yaşayaq. Bu gün dünyada Azərbaycanın
adı çəkiləndə təkcə neftdən söhbət
getmir. Eyni zamanda, millətlərarası
münasibətlərdən söhbət gedir. Azərbaycan artıq bölgədə və
dünyada bir model rolunu oynamağa başlamışdır.
Təsadüfi deyildir ki, ölkəmizdə
dini, milli tolerantlıq, dözümlülük
mövzularında müxtəlif beynəlxalq tədbirlər
keçirilir. Bu, bizim ən böyük
gücümüzdür, ən böyük sərvətimizdir
və biz bu sərvəti qorumalıyıq. Prezident, hər bir məmur, millət vəkili, hər
bir vətəndaş, hər bir insan bu sərvəti öz əməyi,
öz münasibəti ilə qorumalıdır.
Siz qeyd etdiyiniz
kimi, Zaqatala rayonu çoxmillətli rayondur və burada
bütün xalqların nümayəndələri
qardaşlıq şəraitində yaşayırlar. Əminəm
ki, gələcəkdə də belə olacaqdır. Azərbaycan dövləti gücləndikcə
qarşıda duran bütün vəzifələr həll
edilməli, eyni zamanda, millətlərarası münasibətlər
daim diqqət mərkəzində olmalıdır. Bu, həm dövlət siyasətidir, həm də hər
bir vətəndaşın ürəyində olan
duyğulardır. Bax, bu iki amil bu gün Azərbaycanda
bu gözəl ab-havanın mövcud olmasında öz rolunu
oynayır. Ona görə də mən həmin
məsələlərlə bağlı öz fikrimi
xüsusi vurğulamaq və bir daha bildirmək istərdim.
Arzu edirəm ki, sizin bütün
arzularınız həyatda öz əksini tapsın. Mən Prezident kimi çalışacağam ki,
bundan sonra da rayonda bütün problemlərin həlli
üçün biz konkret tədbirləri görək.
* * *
Görüşdən
sonra xatirə şəkli çəkdirildi.
* * *
Prezident İlham Əliyev
Qaladüzü pilləkənləri adlanan ərazidə
aparılan abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Burada dövlət
başçısına bütövlükdə rayonda
aparılan abadlıq-quruculuq işləri haqqında məlumat
verildi.
Bununla da
dövlət başçısının Zaqatalaya səfəri
başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 9 iyul.- S.
1.2.