Prezident İlham Əliyev "Balakən-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir

 

İyulun 8-də Prezident İlham Əliyev "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, dövlət başçısının 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə respublikamızda külək və su elektrik stansiyalarının inşasının genişləndirilməsi məqsədilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır. Mütəxəssislərin ilkin araşdırmalarına görə, respublikamızın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyası tikmək mümkündür. Kiçik su elektrik stansiyalarının inşası elektrik enerjisi istehsalında yanacağa qənaət etməklə yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır.

"Balakən-1" su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcəkdir. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir. Yerli "AZENKO" şirkətinin inşa edəcəyi su elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbinhidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcəkdir.

Bildirildi ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoydu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 iyul.- S.  2.