Balakəndə "Qubek" mehmanxanası istifadəyə verilmişdir
Prezident İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfəri çərçivəsində "Qubek" mehmanxanasının açılışında iştirak etmişdir.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi və dördulduzlu mehmanxana ilə yaxından tanış oldu.
Məlumat verildi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən 100 yerlik mehmanxananın tikintisinə 2007-ci ildə başlanmışdır. Mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları vardır. Bina fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir. Burada həmçinin qazanxana və avtomobil qarajı da fəaliyyət göstərir. Mehmanxanada 80 nəfər işlə təmin olunmuşdur.
Mehmanxananın əsas özəlliyi onun turizm üçün son dərəcə əlverişli bölgədə yerləşməsidir. Bu cür obyektlər Balakənin, ümumilikdə bölgənin turizm imkanlarının inkişafına müsbət təsir göstərir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 9 iyul.- S.
2.