Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir

 

 İyulun 8-də Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir.

Balakənin idman ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti idmançılarla görüşdü.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır.

Məlumat verildi ki, Balakən Olimpiya-İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi ilə 2008-ci ildə başlanmışdır. Kompleksin ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir.

Kompleksin ikimərtəbəli əsas binasında 814 nəfər tamaşaçı yeri olan əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir. Elektron lövhə ilə təmin olunmuş üzgüçülük hovuzu "Ekostar" sistemli su qızdırıcıları ilə təchiz olunmuşdur. Burada, həmçinin həkim və məşqçi, yuyunma və soyunub-geyinmə otaqları, sauna da vardır.

Prezident İlham Əliyev mərkəzin bölmələrində idmançıların məşq prosesini izlədi.

Bina mərkəzi havalandırma sistemi ilə təchiz edilmişdir.

Dövlət başçısı kompleksin ərazisindəki 940 tamaşaçı yeri olan süni örtüklü stadiona, mini futbol, voleybol və basketbol meydançalarına, böyük tennis kortuna baxdı. Elektron lövhə quraşdırılmış stadionun uzunluğu 400 metr olan qaçış zolağı da vardır.

Ərazinin işıqlandırma sistemi sayəsində burada gecə saatlarında da idmanla məşğul olmaq üçün geniş imkanlar vardır.

Prezident İlham Əliyevə məlumat verildi ki, kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 6 kottec tikilmişdir.

Balakən Olimpiya-İdman Kompleksinin qazanxanası, 500 tonluq su hovuzu vardır. Ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır. Kompleksin elektrik yarımstansiyası da vardır.

Dövlət başçısı yaradılan şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 iyul.- S.  2.