Prezident İlham Əliyev
Balakən rayon mərkəzi xəstəxanasının
yeni binasının
açılışında iştirak etmişdir
İyulun 8-də Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir.
Səhiyyə ocağının kollektivi dövlət başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının təməli 2006-cı il aprelin 11-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Xəstəxananın ümumi ərazisi 4 hektardır, əsas binanın köməkçi tikililərlə birlikdə ümumi sahəsi 19 min 500 kvadratmetrdir.
Prezident İlham Əliyev xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısını əks etdirən fotostendə baxdı.
Bildirildi ki, xəstəxana özündə stasionar şöbələri, rayon təcili tibbi yardım stansiyasını və poliklinikanı birləşdirir. Tibb ocağında 99 həkim, 202 orta və 153 kiçik tibb işçisinin işlə təmin olunması nəzərdə tutulmuşdur. Ən müasir tibb avadanlığının quraşdırıldığı 187 çarpayılıq xəstəxana kompleksində 11 şöbə fəaliyyət göstərir.
Prezident İlham Əliyev poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetlərində yaradılmış şəraitlə tanış oldu.
Xəstəxanada inzibati və stasionar şöbələr, fizioterapiya, stomatologiya kabinetləri, laboratoriya otaqları da fəaliyyət göstərir. Respublikanın şimal-qərb bölgəsinin stomatoloji xəstəliklərə görə endemik zona olduğu və bölgədə yaşayan insanların bu xidmətlərə böyük ehtiyac duyduğu nəzərə alınaraq xəstəxanada 3 stomatologiya kabineti yaradılmışdır.
Kompleksə daxil olan üçmərtəbəli korpusun birinci mərtəbəsində uşaq şöbəsi, qəbul, təcili yardım, lor, qadın məsləhətxanası, habelə doğum şöbəsinin qəbul otaqları vardır. İkinci mərtəbədə doğum, reanimasiya və terapiya şöbələri yerləşir. Üçüncü mərtəbədə isə cərrahiyyə şöbəsi, 4 otaqdan ibarət cərrahi əməliyyatlar bloku və ginekologiya şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, kompleksin həyətində 20 çarpayılıq infeksion və patoloji anatomik şöbələr də yaradılmışdır. Ərazidə yeməkxana, qaraj, qazanxana inşa edilmiş, transformator və generator quraşdırılmışdır. Xəstəxana fasiləsiz su ilə təmin olunmuş, binada müasir havalandırma sistemi quraşdırılmış, qaz xətti çəkilmişdir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 9 iyul.- S.
3.