Balakən rayonu
ictimaiyyətinin nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:
- Sizi ürəkdən təbrik edirəm. Bu gün Balakəndə çox gözəl tarixi hadisə baş verir. Balakəndə ən müasir standartlara cavab verən yeni gözəl rayon xəstəxanası öz fəaliyyətinə başlayır. Bu, çox gözəl, əlamətdar hadisədir və bu, onu göstərir ki, bizim bütün planlarımız həyatda öz əksini tapır.
Mən Balakənə birinci dəfə gələndə bura boş yer idi. Biz burada bu xəstəxananın təməl daşını qoyduq. Bu gün biz bu gözəl xəstəxananın açılışında iştirak edirik. Bu, doğrudan da, gözəl hadisədir.
Deyə bilərəm ki, son illər ərzində Azərbaycanın bölgələrində tikilmiş xəstəxanalardan ən müasir və ən böyük xəstəxana Balakən xəstəxanasıdır. Bu, bir daha onu göstərir ki, Balakənə xüsusi diqqət, xüsusi münasibət vardır. Mən çox şadam ki, burada artıq tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün şərait vardır. Ümumiyyətlə, Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar, tibb məntəqələri, tibb ocaqları tikilir. Dövlət Neft Şirkəti bu işlərə çox fəal qoşulmuşdur. Bu xəstəxana da Dövlət Neft Şirkətinin vəsaiti hesabına yaradılmışdır. Başqa bölgələrdə də müalicə-diaqnostika mərkəzləri tikilir. Yəni, bu, çox güclü bir sosial siyasətin əlamətidir. Çünki insanların sağlamlığı bizim üçün prioritet məsələdir.
Bu xəstəxanada bütün şöbələr - doğum şöbəsi də vardır. Azərbaycanda son illərdə uşaq ölümünün səviyyəsi aşağı düşür. İlk növbədə, ona görə ki, müasir imkanlar yaradılıbdır. Bir sözlə, bu xəstəxana balakənlilərin sağlamlığının keşiyində duracaqdır. Ümid edirəm ki, həkimlər də burada öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.
Xəstəxanada quraşdırılmış müasir avadanlıqdan istifadə etmək üçün əlbəttə ki, xüsusi bacarıq lazımdır. Burada treninqlər, kurslar keçiriləcəkdir. Bir sözlə, bu gözəl hadisəni sizinlə bərabər qeyd etmək üçün mən bu gün yenidən Balakənə gəlmişəm. Balakəndə xəstəxananın açılışı ilə bərabər, digər vacib hadisələr də baş verib. Bu gün gözəl Olimpiya Mərkəzinin açılışını qeyd etdik. Bu da Azərbaycanda idmana olan diqqətin nəticəsidir. Mən bu gün yeni müasir mehmanxananın açılışında da iştirak etdim. Hesab edirəm ki, bu, Balakənə turizm axınının təmin edilməsi üçün vacib amil olacaqdır. Mehmanxana da dünya səviyyəli mehmanxanalardan heç fərqlənmir.
Balakənin enerji təminatını yaxşılaşdırmaq üçün bu gün kiçik su elektrik stansiyasının təməl daşını qoyduq. Bu, birinci addımdır. Artıq proqrama görə, yaxın illərdə Balakəndə çaylarda 10 elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Biz rayonun bütün potensialının gücləndirilməsi üçün işlər görürük. Səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye - yəni Azərbaycanın bölgələri, o cümlədən də Balakən bu cür inkişaf etməlidir. Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir.
Mən çox istəyirəm ki, burada abadlıq, quruculuq işləri bundan sonra da sürətlə getsin. Keçən dəfə mən burada olanda böyük parkın açılışında iştirak etdim, xəstəxananın, mehmanxananın tikintisi ilə tanış oldum. Yəni, bütün bu işlər bir gündə həll olunmur. Bütün bunları etmək üçün məqsədyönlü, düşünülmüş siyasət, diqqət və ölkəmizin hərtərəfli inkişafı üçün proqramlar lazımdır. Bu proqramlar da vardır. Biz bütün işləri proqramlar əsasında qururuq, o cümlədən hər bir rayon üzrə xüsusi inkişaf planı da mövcuddur.
Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir. Rayonun sənaye, iqtisadi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər də nəzərdə tutulubdur ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq hər yerdə ən yüksək səviyyə ilə təmin olunsunlar, xüsusilə paytaxtdan uzaqda yerləşən bölgələrdə. Balakən də Bakıdan uzaqda yerləşir. Buna baxmayaraq, burada ən müasir standartlar tətbiq olunur və bundan sonra da tətbiq olunacaqdır.
Bu gözəl hadisə münasibətilə
mən sizi ürəkdən təbrik edirəm
və sizə bütün işlərinizdə
uğurlar arzulayıram.
* * *
Xəstəxananın həkimi Rəyasət TİNAYEVA rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edərək dedi:
- Möhtərəm cənab Prezident, icazə verin, Balakən ictimaiyyəti və tibb işçiləri adından Sizi salamlayım, Sizə rayonumuza "Xoş gəlmisiniz!" deyim.
Hamımızın sevincinə səbəb olmuş bu gəlişiniz qısa müddət ərzində rayonumuza üçüncü səfərinizdir. Sizin hər bir səfəriniz bizim üçün olduqca əhəmiyyətlidir. Çünki rayonumuzun sosial-iqtisadi və mədəni həyatında yeni bir inkişafa təməl qoyursunuz. Siz Balakən haqqında, "Balakən Azərbaycanın ən inkişaf etmiş rayonlarından biridir" sözlərini demişdiniz. Bu gün biz hamımız bu sözləri qürurla, fərəhlə xatırlayırıq. Lakin bu, təkcə Balakənimizə deyil, bütövlükdə Azərbaycanımıza aiddir. Azərbaycanımız gündən- günə inkişaf edir, gözəlləşir. Bunu ölkəmizdə tez-tez səfərdə olan xarici ölkə rəhbərlərinin dilindən eşitmək isə bizə daha da fərəh verir, sevinc gətirir.
Bu gün milliyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı ölkəsi ilə fəxr edir, belə bir ölkədə yaşamaqdan qürur hissi duyur. Balakəndə yaşayan biz azərbaycanlılar, avarlar, ingiloylar və digər xalqların nümayəndələri də fəxr edirik. Fəxr edirik ki, belə bir ölkənin vətəndaşlarıyıq. Biz sərhəddə yaşayırıq. Ona görə də inkişafı daha aydın görürük. Qonşularımız bizə həsəd aparır, biz isə heç kəsə həsəd ilə baxmırıq. Sadəcə fəxr edirik ki, bizim Sizin kimi Prezidentimiz vardır.
Azərbaycanın ən ucqar rayonlarından biri olan Balakən son qısa bir dövr ərzində tanınmaz dərəcədə dəyişilmişdir. Burada çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət obyektləri, sənaye müəssisələri, hündür yaşayış binaları, ticarət mərkəzləri tikilmiş, yeni yollar salınmış, kəndlərimiz, qəsəbələrimiz abadlaşdırılmışdır. Balakən üçün ən böyük problem olan içməli su məsələsi öz həllini tapmışdır. Mən buraz yolundan danışmaq istəyirəm. Yəqin ki, balakənlilər bunu yalnız Avropanın inkişaf etmiş ölkələrində görə bilərdilər. Lakin bu gün bu yol sakinlərimizə, qonaqlarımıza xidmət göstərir.
Bu gün Heydər Əliyev parkı rayonumuza olduqca böyük gözəllik bəxş edir. Bu parkda ulu öndərimizin möhtəşəm abidəsi ucaldılıb. Bu abidə qonşu Gürcüstandan belə görünür. O, bizim elimizə-obamıza, bütövlükdə, Balakənimizə sanki bir mayak kimi işıq saçır, bizə yol göstərir. Bu, Azərbaycan dövlətinin qüdrətinin simvoludur.
Bu gün bizim üçün olduqca böyük bayramdır. Ona görə ki, bu gün rayonumuzda belə gözəl, möhtəşəm, müasir tələblərə cavab verən xəstəxana, müasir, möhtəşəm Olimpiya-İdman Kompleksi açılır. Yəqin ki, bu, balakənlilərin xatirindən heç bir zaman silinməyəcəkdir. Çünki balakənlilər üçün heç vaxt bundan böyük hədiyyə olmamışdır.
Biz çox yaxşı bilirik, Siz nə edirsinizsə insanlarımızın, nəsillərimizin sağlamlığı naminə edirsiniz. Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təchiz olunması, yeni xəstəxanaların tikilməsi, bu xəstəxanaların müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunması, yeni təcili yardım maşınlarının gətirilməsi, eyni zamanda, həkimlərimizin Avropada ixtisasartırma kurslarına göndərilməsi bir daha sübut edir ki, insanların, nəsillərin sağlamlığı Sizin əməli fəaliyyətinizin əsas istiqamətlərindən biridir. Mən bir həkim kimi çox yaxşı bilirəm, sağlamlıq nədir. Sağlam uşaq bizim sağlam gələcəyimizdir. Sağlam insan sağlam vətəndaş deməkdir. Sağlam vətəndaş bu ölkənin iqtisadi və intellektual inkişafının əsas göstəricilərindən biridir.
Biz bir neçə il qabaq, Sizin dediyiniz kimi, birinci səfəriniz zamanı boş bir ərazidə xəstəxanamızın təməlini qoyduğunuzu görmüşdük. İkinci dəfə gəlişinizdə buranın inşası ilə maraqlandınız. Bu gün isə bu böyük xəstəxananın açılışında iştirak edirsiniz. Bundan böyük xeyirxahlıq nə ola bilər?! Bu gün mən kollektivimiz adından Sizə söz verirəm: Sizin bizə bəxş etdiyiniz bu böyük, müasir xəstəxanamızda insanların sağlamlığını qorumaq üçün var qüvvəmizlə çalışacağıq. Sizin bizə göstərdiyiniz diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik. Siz çıxışlarınızın birində "neft kapitalının insan kapitalına çevrilməsi əsas prioritetimizdir" şüarını əsas götürdüyünüzü demişdiniz. Artıq bu istiqamətdə görülən işlər göz qabağındadır.
Biz bilirik ki, bu işlərdə Sizin ən yaxın yardımçınız Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva olmuşdur. İcazə verin, fürsətdən istifadə edib çox hörmətli Mehriban xanıma balakənlilərin adından dərin minnətdarlığımızı çatdıraq.
Möhtərəm Prezident, biz Sizin uğurla davam etdirdiyiniz Heydər Əliyev siyasətinin qələbəsinə inanırıq. İnanırıq ki, ölkəmiz daha da inkişaf edəcəkdir, xalqımız daha firavan yaşayacaqdır. Biz Sizə inanırıq, Sizə arxalanırıq, Sizə güvənirik. Möhtərəm Prezident, bir daha icazə verin bütün balakənlilər adından Balakənimizə, elimizə-obamıza, bizim sakinlərimizə göstərdiyiniz bu böyük diqqət və qayğıya görə Sizə dərindən təşəkkür edək, Sizə ölkəmizin, dövlətimizin inkişafı yolunda nailiyyətlər arzulayaq.
Möhtərəm
Prezident, çox
gözəl bilirik ki,
Siz və xanımınız Mehriban Əliyeva bizim
yaxşı yaşamağımız üçün
əlinizdən gələni əsirgəmirsiniz. Odur ki, milyonlarla
insanların, biz balakənlilərin
duası daim Sizi
qoruyacaqdır. Tanrıdan Sizə, ailənizə uzun ömür,
cansağlığı arzulayırıq. Tanrı Sizi qorusun! Çox
sağ olun!
* * *
Prezident İlham ƏLİYEV: - Xoş sözlərinizə görə təşəkkür edirəm. Bir məsələni qeyd etmək istəyirəm ki, Balakənin bugünkü vəziyyəti və inkişafı göstərir ki, Azərbaycanda hər şey etmək mümkündür. Bax, dörd il bundan əvvəl mən buraya gələndə burada vəziyyət tam başqa idi. Bu gün Balakən inkişaf etmiş müasir şəhərdir. Rayon inkişaf edir, şəhər inkişaf edir, insanlar daha da yaxşı yaşayırlar. İnsanların yaşaması üçün bütün şərait yaradılır, o cümlədən bu gözəl səhiyyə ocağı insanların sağlamlığını təmin edəcəkdir.
Siz qeyd etdiniz ki, Balakən çoxmillətli rayondur. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt - nə əvvəlki illərdə, nə bu gün milli zəmində heç bir ayrı-seçkilik olmamışdır və tam əminəm ki, gələcəkdə də olmayacaqdır. Azərbaycan milli münasibətlərin yüksək səviyyədə qurulması üçün örnək, nümunə ölkə kimi beynəlxalq təşkilatlarda da qiymətləndirilir. Bizim bu sahədəki siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri rahat yaşasınlar, bütün hüquqlara malik olsunlar, azad yaşasınlar.
Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən Balakən rayonunda yaşayan bütün qardaş xalqlarımız Azərbaycanın dövlətçiliyi uğrunda vuruşmuşlar, qan tökmüşlər və bu gün də Azərbaycanda dövlət quruculuğu işində, dövlətçiliyin möhkəmlənməsində çox fəal rol oynayırlar. Hər bir vətəndaş öz dövlətini gücləndirmək üçün fəal işləməlidir, vətənpərvər olmalıdır, öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Belə olan halda Azərbaycan daim inkişafda olacaq və ölkəmiz güclənəcəkdir.
Mən bir daha sizi
bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm və sizə
cansağlığı arzulayıram.
* * *
Prezident İlham Əliyev yeni səhiyyə ocağının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verərək dedi:
- Hər bir vətəndaş,
sadəcə olaraq müayinədən
keçmək üçün ildə ən
azı bir dəfə buraya
gəlməlidir. İndi müasir
elm o qədər irəliyə
gedib ki, əgər
hansısa xəstəlik vaxtında müəyyən olunursa, onu müalicə
etmək mümkündür. İndi heç xaricə getmək də lazım deyildir, burada bütün şərait yaradılıb.
Dünyanın aparıcı xəstəxanalarında olan gözəl avadanlıq burada
da vardır. Görürəm, gözəl
həkimlər də vardır. İndi gərək
onlar da öz səviyyəsini daha
da artırsınlar. Gərək bütün işlər ən müasir
standartlara cavab versin. Mən Balakənə üçüncü
dəfə gəlirəm. Amma yenə gəlmək
üçün gərək belə
yaxşı səbəb olsun. Bu gün səbəb var - bu gözəl xəstəxana,
olimpiya kompleksi, mehmanxana. Gərək biz də,
yerli rəhbərlər də
yaxşı işləyək ki, belə
gözəl hadisələr çox olsun, mən də tez-tez gəlim.
* * *
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2010.- 9 iyul.- S.
3.