Azərbaycan Silahlı Qüvvələri sürətli inkişaf yolundadır

 

Ordu və digər silahlı birləşmələr qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirməyə hazırdır

 

Son altı ildə sosial-iqtisadi inkişaf dinamikasına və ordu quruculuğu prosesində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan dünyada seçilənlər sırasındadır. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malik ölkə statusunu daşımaqla bərabər, postsovet məkanında ən hazırlıqlı, qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələr formalaşdırıb. Hazırda ordu da daxil olmaqla bütün Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi bir dövlət olaraq qəbul edilməkdədir.

 

 

Ordu quruculuğu həmişə xüsusi diqqət mərkəzindədir

 

Ordu quruculuğu prosesində əldə edilən nailiyyətlərin daim zənginləşdirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bunun əsas səbəblərindən biri Azərbaycanın işğala məruz qalan ölkə olmasıdırsa, digəri ölkənin təhlükəsizliyinin, yönəlmiş təhdidlərdən etibarlı müdafiənin təminidir. İşğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündə olan Azərbaycan Ordusunun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidlər hələ tükənmədiyindən Azərbaycan məsələnin hərbi müstəvidə çözümünə indilik lüzum görmür. Bununla belə, beynəlxalq hüquqa müvafiq olaraq zəbt olunmuş ərazilərin güc yolu ilə işğaldan azad edilməsi hüququnu da özündə saxlayır.

İndi Azərbaycanın iqtisadi qüdrəti və malik olduğu potensial gücü bütövlükdə Silahlı Qüvvələrin bundan sonra da insan resursundan tutmuş bütün maddi təminatına qədər yüksək olacağını deməyə əsas verir. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təliminin gedişini izlədikdən sonra bununla bağlı bildirmişdir: "Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik, torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq və bu proses uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir. Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır".

Həqiqətən də, ölkəmizdə Silahlı Qüvvələrin maddi-texniki təchizatı Azərbaycanın iqtisadi inkişaf dinamikasına uyğun, yüksələn xətt üzrə inkişaf edib və etməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son yeddi ildə orduya ayrılan xərclər 13 dəfədən çox olub. 2010-cu il üçün isə ölkəmizin ümumi hərbi xərcləri 2 milyard 150 milyon dollara çatıb ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Bununla yanaşı, Azərbaycan Ordusunun NATO standartlarına keçidi, döyüş qabiliyyətinin qabaqcıl təcrübəyə uyğun yüksəldilməsi sahəsində də mühüm uğurlara imza atılıb. Bu gün də NATO ilə "Sülh Naminə Tərəfdaşlıq", eləcə də Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından istifadə edilməklə qarşılıqlı maraqlar əsasında əlaqələr uğurla davam etdirilir. Kursant və zabit heyətinin ölkəmizlə yanaşı, dünyanın ən qabaqcıl müvafiq təhsil müəssisələrində də hərb sənətinin sirlərinə dərindən yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verməkdədir.

 

Silahlı Qüvvələrimiz ən müasir hərbi texnikalardan istifadə edir

 

Ordu quruculuğu prosesində ən mühüm məsələlərdən biri maddi-texniki təminatın yüksək səviyyədə olması, müasir standartlara cavab verməsidir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin həm yerli istehsal, həm də xaricdən alınan texnika sarıdan heç bir problemi yoxdur. Əksinə, Silahlı Qüvvələrimizin ixtiyarında indi elə texnikalar mövcuddur ki, onları düşmən Ermənistan ordusu, sadəcə, şəkillərdə görüb. Təyin olunmuş istənilən düşmən hədəfini məhv etmək iqtidarında olan belə hərbi texnikanın bir qismi ötən ilin iyununda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində nümayiş etdirildi. "Smerç" tipli 300 millimetrlik reaktiv yaylım atəşi sistemini buna misal göstərmək olar. Bu sistem uzaq məsafədəki hədəfləri məhv etmək, düşmənin iri bölmələrinin silah və döyüş texnikasını tələfata uğratmaq üçün ən etibarlı və müasir döyüş maşınlarındandır. 203 millimetrlik "Pion" özüyeriyən artilleriya qurğusu isə bu növdə ən güclü sistemə malikdir. 152 millimetrlik 2S3 "Akasiya", 122 millimetrlik 2S1 "Qvozdika" özüyeriyen artilleriya qurğuları düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, cəmləşmə rayonlarında yerləşən canlı qüvvəsini və idarəetmə məntəqələrini, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malikdir. Əsas döyüş tankı olan T 72 M-1 ən yüksək tələblərə cavab verir, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır. ZTR 80 A markalı zirehli döyüş maşını motoatıcı bölmələrin daşınması, onlara döyüş meydanında atəş dəstəyinin verilməsi və bilavasitə döyüşün maşından aparılmasını təmin edir. STOR M-3 - SOFA və ABİR M-462 maşınları ərazilərdə antiterror və təxribat-kəşfiyyat qruplarına qarşı xüsusi əməliyyatlarda istifadə olunur. Uzaq məsafəli kəşfiyyat-müşahidə sistemi böyük ərazilərdə gecə və gündüz avtomatik və əl rejimində müşahidənin aparılması və dəqiq coğrafi koordinatların müəyyən edilməsi üçün təyin olunub.

Cari il iyunun 24-də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin birgə əməliyyat-taktiki təlimi zamanı da Silahlı Qüvvələrimizin ixtiyarında olan və düşmənlə döyüşdə ciddi üstünlüklər vəd edən bir sıra hərbi texnika nümayiş etdirildi. Məsələn, burada nümayiş etdirilmiş Hərbi Hava Qüvvələrinə məxsus modernləşdirilmiş Mi-24G tipli vertolyotu müasir şəraitdə gecə döyüş əməliyyatları zamanı əvəzedilməz vasitələrdən sayılır. Eyni sözləri radiolokasiya stansiyaları, zenit-raket briqadasının avtomatlaşdırılmış komanda məntəqələri, kompüter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargahları, avtomatlaşdırılmış idarəetmə sistemləri kompleksi və rabitə kunqları barədə də demək mümkündür.

Bununla yanaşı, Ermənistandan fərqli olaraq, Azərbaycan ordusunun istifadəsində daha müasir tipli təyyarələr sayılan Miq-29 qırıcıları mövcuddur. Belə təyyarələri almaq üçün Ermənistanın lazımi vəsaiti yoxdur və qarşıdakı dövr ərzində olması da mümkün deyil.

 

Azərbaycan Ordusu Ermənistan ərazisində istənilən hədəfi məhv etməyə qadirdir

 

Ümumiyyətlə, ordunun texnki təchizatı baxımından indi Azərbaycanı Ermənistanla müqayisə etmək də düzgün deyil. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildə ölkəmizdə Silahlı Qüvvələrin istifadəsinə 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verilib. Bu isə Emənistanın ümumi hərbi xərclərindən üç dəfə çoxdur. Digər tərəfdən son illərdə Ermənistan ordusu hər hansı müasir hərbi texnika ilə təmin edilməyib. Əksinə, istifadədə olan köhnə texnikaların əksər hissələri onlara nəzarət edən zabit və gizir heyəti tərəfindən sökülərək satılıb.

Silahlı qüvvələrin texniki təminatı arasında fərq təkcə deyilənlərlə məhdudlaşmır. Məlumdur ki, ötən il, bu il də Azərbaycan Ordusu üçün pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat taborları üçün yeni texnika alınıb. Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilib. Bu isə yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsinə imkan verir. Bundan başqa, keçən il istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə komplektləşdirilib. Hərbi birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işlərinin aparılması, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işlərinin başa çatdırılması sayəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini ordumuz hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə edib. Bu ilin aprel ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib ki, yeni silah sistemlərinin alınması və quraşdırılması sayəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Daha bir bir vacib cəhət ondan ibarətdir ki, Azərbaycan həm də Hərbi Dəniz Qüvvələrinə malikdir. Bu da ölkəmizin Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında üstünlüyünü bir daha artırır. Azərbaycanda inşa edilən yeni gəmi zavodu işə düşdükdən sonra həm də hərbi təyinatlı gəmilərin, katerlərin istehsalını həyata keçirəcək. Perspektivdə Azərbaycan istehsalı olan hərbi helikopterlərin istifadəyə verilməsi də planlaşdırılır ki, bu silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir. Bu da son nəticədə Azərbaycan Ordusunun qüdrətini bir daha artıracaq.

 

Yerli istehsal hesabına müdafiə potensialı daha da artır

 

Hazırda yerli istehsal hesabına Azərbaycanın müdafiə potensialı daha da güclənir. Son illər Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə yeni istehsal sahələri yaradılıb. 2008-ci illə müqayisədə keçən il nazirlik üzrə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi 20 faiz artıb. Ümumilikdə Müdafiə Sənayesi Nazirliyi tərəfindən ötən il 586 adda məmulat istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlı məmulatlardır.

Daha bir mühüm fakt: Azərbaycan hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq edir. Məsələn, zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq ölkəmizdə belə maşınlar istehsalı həyata keçirilir. "Matador" və "Maradeur" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. "Matador" maşınları hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. Bununla yanaşı, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Həmin ölkələrin sırasına İtaliya, İsveçrə, ABŞ, Pakistan, Rumıniya, İsrail, Belarus, CAR, Ukrayna, Rusiya, Belçika, İran, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan və digərləri daxildir.

Ölkəmizdə PDM (Piyadaların döyüş maşını) və ZTR -lərin (zirehli transportyor) modernizasiyası da həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərindən istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernizasiya edilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bütün bunlar isə yerli istehsal hesabına da Azərbaycan ordusunun maddi-texniki təminatının nə dərəcədə yüksək səviyyəyə çatdırıldığını göstərir.

 

Azərbaycanın hərbi təyinatlı məhsullarına beynəlxalq maraq böyükdür

 

Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məhsulların yüksək keyfiyyətli olmasını əyani təsdiq edən əsas faktorlardan biri beynəlxalq miyqasda həmin məmulatlara göstərilən böyük maraqdır. İndi dünyanın bir çox dövlətləri ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara böyük maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə prioritet məsələ kimi baxırlar.

Azərbaycanda istehsal edilən hərbi-sənaye məhsullarına marağın böyük olması ötən il Türkiyənin İstanbul şəhərində keçirilən müdafiə sənayesi sərgisində (İDEF-2009) də özünü aydın göstərdi. Xatırladaq ki, həmin sərgidə ölkəmizin istehsalı olan 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Azərbaycanın nümayiş etdirdiyi məmulatlardan "İstiqlal" tipli iri kalibrli (14,5 millimetr) snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və "Alov" zavodunda istehsal olunmuş optik cihazlar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurub. Türkiyədəki İDEF-2009 beynəlxalq müdafiə sərgisi Azərbaycanın digər beynəlxalq sərgilərdə iştirakının da əsasını qoyub. Ötən ay İordaniya Haşimilər Krallığının Əmman şəhərində təşkil olunan "SOFEX-2010" beynəlxalq sərgisində də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib və nəticələr kifayət qədər yüksək olub. Azərbaycan həmin sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 55 adda müdafiə təyinatlı məmulatla təmsil olunub. Sərgidə nümayiş etdirilən məmulatlar arasında atıcı silahlar, raket-artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif növ döyüş sursatları və sair olub. İST-14,5 "İstiqlal" tipli snayper tüfənginə və müxtəlif növ döyüş sursatlarına xarici ölkə nümayəndələri xüsusi maraq göstərib. Sərgi zamanı İordaniyanın və sərgidə iştirak edən Türkiyənin, eləcə də digər dövlətlərin şirkətləri arasında birgə əməkdaşlığa dair bir neçə müqavilə və niyyət protokolları imzalanıb. Məsələn, ABŞ şirkətlərindən biri ilə imzalanan niyyət protokoluna əsasən, sözügedən şirkət Azərbaycana 82 millimetrlik çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin 2,5 milyon 7,62x39 millimetrlik çaplı patron, 82 millimetrlik çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də lüləaltı qumbaraatanlar üçün 4 min VOG-25 tipli döyüş sursatı sifariş verib. Daha bir neçə ABŞ şirkəti ilə də əməkdaşlıq barədə razılıq əldə olunub. Bununla yanaşı, Müdafiə Sənayesi Nazirliyi ilə İordaniyanın Kralı II Abdullahın Layihə Bürosuna (KADDB) daxil olan "NP Aerospace Jordan" şirkəti arasında birgə istehsalın yaradılmasına dair iki müqavilə imzalanıb. İmzalanmış birinci müqaviləyə əsasən İordaniya şirkəti ilə birlikdə Bakıda zirehli mühafizə gödəkçələri istehsal olunacaq. İkinci müqavilə isə dəbilqələrin istehsalı ilə bağlıdır. Malayziya, Slovakiya şirkətləri də hərbi sahədə ölkəmizlə əməkdaşlıqla bağlı müvafiq razılıqlara imza atıb.

Bütün bunlar Azərbaycanda Silahlı Qüvvələrin inkişaf səviyyəsinin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir. Ən mühüm cəhətlərdən biri də bu ay təsdiq olunan Hərbi Doktrinadır. Bu sənəd milli təhlükəsizliyin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin, dövlətin hüquq və mənafelərinin daxili, xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirir. Bütün dövrlər üçün Silahlı Qüvvələrin əsas vəzifələrini, hərbi quruculuğun istiqamət və perspektivlərini də müəyyənləşdirən Hərbi Doktrinanın qəbulu ilə Azərbaycan göstərilən sahələr üzrə görülən işləri qanunvericilik əsasında da möhkəmləndirir. Bu da Silahlı Qüvvələrin inkişafının kompleks xarakter daşıdığını, Azərbaycanın hər zaman güclü orduya, digər silahlı birləşmələr növünə malik olduğunu qətiyyətlə deməyə əsas verir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 9 iyul.- S.  4.