Məqsədimiz Azərbaycan səhiyyəsi
üçün yüksək ixtisaslı kadr
hazırlamaqdır
Respublikamız üçün tibbi kadrların hazırlanmasında zəngin ənənələri olan, milli səhiyyə sisteminin inkişafına sanballı töhfələr verən Azərbaycan Tibb Universiteti 80 illik yubileyi ərəfəsindədir. Bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda vurğulanır ki, respublikada təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir. Bütün bunlar nəzərə alınaraq, sərəncamla Səhiyyə və Təhsil nazirliklərinə Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlamaq və həyata keçirmək tapşırığı verilmişdir.
Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov qəzetimizə verdiyi müsahibəsində universitetin dünəni, bugünü və gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşmüşdür.
- Əhliman müəllim, Azərbaycan
Tibb Universitetinin 80 illik mövcudluq tarixinə nəzər
salarkən keçilən uzun və mürəkkəb yolu necə
qiymətləndirərdiniz? Sizcə, universitet üzərinə
düşən tarixi missiyasının öhdəsindən
hansı səviyyədə gəlib?
- Azərbaycan Tibb Universiteti müstəqil ali məktəb kimi 1930-cu il may ayının 9-dan fəaliyyət göstərir. Məhz bu tarixdə tibbi kadrlar hazırlayacaq ali təhsil müəssisəsinin yaradılması haqqında qərar qəbul olunub. Lakin respublikada tibb fakültəsinin yaranması tarixi bir qədər əvvələ - 1919-cu ilə gedib çıxır. Belə ki, Bakı Dövlət Universiteti yaradılarkən onun ən böyük fakültələrindən biri də məhz tibb fakültəsi idi. Bu tarixdən Azərbaycanda tibbi kadrların hazırlanmasının əsası qoyulub. Həmin dövrdə respublikada peşəkar tibbi kadrlara da böyük ehtiyac var idi.
Bakı Dövlət Universitetinin ilk rektoru olmuş V.İ.Razumovski özü də ixtisasca həkim idi. Universitetdə tibb fakültəsinin yaranması və inkişafında onun xidmətləri xüsusi qeyd olunmalıdır. Milli kadrlar çatışmadığından həmin dövrdə təhsil ocağında əcnəbi, əsasən də Rusiyadan gəlmiş müəllimlər çalışırdılar. Bu səbəbdən də ilk illərdə fakültə ciddi çətinliklərlə üzləşirdi, yəni, Azərbaycan dilində dərs deyə biləcək mütəxəssislər yox idi. Ona görə də tibb fakültəsində bütün fənlər rus dilində tədris olunurdu. Lakin sonrakı illərdə tədricən belə kadrlar hazırlandı və tədris prosesinə cəlb edildi. Respublikada ilk dəfə olaraq Azərbaycan dilində tibbi tədris aparan, dərsliklər hazırlayan dəyərli ziyalılardan Mustafa bəy Topçubaşovun, Mirəsədulla Mirqasımovun, Hüseyn Əliyevin, Kamil Balakişiyevin və başqalarının əvəzolunmaz xidmətləri xüsusi qeyd olunmalıdır. Onlar ilk azərbaycanlı kadrlar kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən böyük uğurla gəliblər. Əlbəttə, zaman keçdikcə digər nüfuzlu alimlərin də respublikada tibbi kadrların hazırlanması prosesində böyük əməyi olub.
Tibb İnstitutu təşkil olunduqdan sonra burada müxtəlif sahələr üzrə yeni fakültələr yaradıldı, ali təhsil müəssisəsinə qəbulun həcmi ildən-ilə artdı. Həmin illərdə universitetə rəhbərlik etmiş rektorların fəaliyyəti o qədər də uzunmüddətli olmayıb. İlk rektor Möhsün Qədirli universitetə cəmi 10 ay, Nadir Məmmədli isə 1 il 3 ay ərzində rəhbərlik edib. Sonra qısa fasilə ilə 5 il rəhbərlikdə olmuş görkəmli alim Əziz Əliyev Tibb İnstitutunun təşkilində, maddi-texniki bazasının, kadr potensialının formalaşmasında əvəzsiz xidmətlər göstərib. İnstitutun yeni korpuslarının, yataqxanalarının inşası, kitabxanasının, mətbuat orqanının yaradılması, yeni kafedralarının təşkili - bunlar hamısı Əziz Əliyevin adı ilə bağlıdır. O, 1937-ci ildə ATİ-yə rəhbərlik etməklə yanaşı, eyni zamanda, Bakı Dövlət Universitetinin də rektoru vəzifəsində çalışıb.
Yarandığı ilk gündən institutun qarşısında duran ən başlıca vəzifə Azərbaycan üçün yüksək ixtisaslı həkimlərin və əczaçı kadrların hazırlanması olub. Hesab edirəm ki, təhsil ocağı bu missiyanın öhdəsindən məharətlə gəlib. Məlumdur ki, ötən əsrin 30-cu illərində geniş yayılmış bir sıra yoluxucu xəstəliklər əhali arasında ağır fəsadlara, hətta tələfata səbəb olurdu. Məhz Tibb İnstitutunun fəaliyyəti nəticəsində respublikada bu xəstəliklərlə mübarizə sahəsində ciddi uğurlar qazanıldı, ana və uşaq ölümünün sayı kəskin şəkildə aşağı düşdü. Ürək-damar patologiyalarında, onkoloji xəstəliklərin müayinə və müalicəsində Tibb İnstitutunda çalışan mütəxəssislərin, habelə bu ali təhsil ocağında yetişən həkim kadrların son dərəcə böyük xidmətləri olub.
Tibb İnstitutu 1941-1945-ci illər müharibəsi dövründə daha böyük səylə çalışaraq keçmiş İttifaqın tibbi kadrlara olan tələbatının ödənilməsində yaxından iştirak edib. Hətta bu illərdə kadrlara ciddi ehtiyacın yaranması ilə bağlı bir ildə institutun iki buraxılışı olub. O illərdə arxa cəbhə kimi Bakıda çoxsaylı hərbi hospitallar, xəstəxanalar da fəaliyyət göstərirdi. Həmin tibb müəssisələrinə ön cəbhədən çoxlu sayda yaralılar gətirilib yerləşdirilirdi. Tibb İnstitutunun professor-müəllim heyəti gecəsini gündüzünə qataraq yaralıların sağalmasına çalışıb. Məhz azərbaycanlı həkimlərin böyük fədakarlığı sayəsində yaralı əsgərlərin böyük əksəriyyəti şəfa tapıb, yenidən ön cəbhəyə qayıdıb. Bir sözlə, müharibə illərində Tibb İnstitutu üzərinə düşən ağır və məsuliyyətli missiyanın öhdəsindən şərəflə gəlib. Həmin dövrün mətbuatında da bu ali təhsil ocağının fəaliyyətinə yüksək qiymət verilib.
ATU fəaliyyətinin sonrakı illərində də üzərinə düşən vəzifələri inamla yerinə yetirib, respublikamız üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayıb. Universitetimiz bu gün uğurlu tarixi təməl, mütərəqqi ənənə üzərində inkişaf edir və dövlətin qarşıya qoyduğu vəzifələri uğurla gerçəkləşdirməyə çalışır. Bir faktı vurğulayaq ki, hazırda universitetdə təkcə azərbaycanlılar deyil, dünyanın 22 ölkəsindən xarici tələbələr təhsil alırlar. Yəni, biz Azərbaycanla yanaşı, digər xarici ölkələr üçün də yüksək ixtisaslı tibbi kadrlar yetişdiririk. Bu mənada Tibb Universiteti üzərinə düşən missiyanı istər ölkə, istərsə də beynəlxalq miqyasda uğurla gerçəkləşdirir.
- Hər bir ali təhsil müəssisəsinin
qarşısında duran başlıca məqsəd cəmiyyət
üçün kreativ, yüksək intellektli, savadlı
mütəxəssis hazırlamaqdır. Bu baxımdan tibbi kadr
hazırlığında rəhbəri olduğunuz universitetin
rolunu və imkanlarını necə qiymətləndirirsiniz?
- Tibb Universiteti yarandığı gündən bugünədək 65 mindən çox həkim və əczaçı kadr hazırlayıb. Bu kadrlar təkcə Azərbaycanda deyil, respublikamızdan kənarda, müxtəlif ölkələrdə çalışırlar. Keçmiş SSRİ dövründə ən nüfuzlu və böyük ali təhsil ocaqlarından biri də məhz Azərbaycan Tibb Universiteti idi. Eyni zamanda, bura həmin dövrdə tibbin bütün sahələri üzrə fakültələri olan, yəni, müxtəlif ixtisaslar üzrə kadr hazırlayan ali tibbi təhsil müəssisələrindən sayılırdı. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən, xüsusilə, Orta Asiya respublikalarından gənclər gəlib bizim universitetdə oxuyurdular. Eyni zamanda, universitetin hazırladığı kadrların böyük qismi keçmiş İttifaqın müxtəlif şəhərlərinə təyinat alırdılar. Yəni, hələ o zamandan Azərbaycan Tibb Universitetinin digər respublikalar üçün tibbi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub. Artıq qeyd etdik ki, universitetdə dünyanın 22 ölkəsindən tələbələr təhsil alırlar və onların sayı mini ötüb. Ötən əsrin 90-cı illəri ilə müqayisə etsək, görərik ki, burada təhsil alan tələbələrin sayı 10 dəfə artıb. Və bu artım yüksələn xətlə davam edir.
Əlbəttə, biz iddia etmirik ki, Tibb Universitetini bitirən kadrların hamısının səviyyəsi yüksəkdir. Şübhəsiz ki, bilikli, intellektual səviyyəli, peşəsinə bağlı mütəxəssislərlə yanaşı, zəif tələbələrə də rast gəlirik. Onların bəziləri, hətta dövlət imtahanlarını da verə bilmirlər, sonradan hazırlaşıb gəlirlər. Lakin bu fikirdəyəm ki, universitetin professor-müəllim heyətinin, müəllimlərinin imkanları və potensialı son dərəcə genişdir. Bunun nəticəsidir ki, hazırda dünyanın bir çox nüfuzlu universitetləri ilə kadr mübadiləsi edirik. Təhsil ocağının əməkdaşları müntəzəm şəkildə dünyanın müxtəlif ölkələrinə ezam olunur, təcrübə keçirlər. Eyni zamanda, biz özümüz də müxtəlif ölkələrdən gələn mütəxəssislərə təcrübə keçmək imkanı yaradırıq. Dünyanın tanınmış klinikalarının nüfuzlu mütəxəssislərinin mühazirələrini dinləmək, təcrübələrini bölüşmək üçün onları universitetə dəvət edirik. Yəni, bu şəxslərin təcrübələri, elmi qənaətləri ilə yaxından tanış olmaq bizim üçün də maraqlıdır. Bütün bunların sayəsində universitetin tədris proqramları da təkmilləşir, yeniləşir. Müasir biliklərin tədrisinə daha geniş imkanlar açılır. İndiki şəraitdə tədrisin müasirləşdirilməsi bütün ali məktəblər qarşısında ən vacib vəzifədir. Bunsuz yüksək ixtisaslı kadrlar hazırlamaq da mümkün deyildir.
- Əhliman müəllim, Sizcə,
hazırkı reallıqda tibbin hansı sahəsində daha
peşəkar və təcrübəli kadrlarımız var?
- Əgər 10 il bundan əvvəlki dövrlə indini müqayisə etsək, görərik ki, Azərbaycanın səhiyyə sistemində böyük inkişaf var. 10 il bundan əvvəl bizdə açıq qəlb əməliyyatları aparılmırdı, sümük iliyi transplantasiyası mümkün deyildi, vətəndaşlar estetik əməliyyatlar üçün müxtəlif xarici ölkələrə getməyə məcbur olurdular. Son illərdə isə bizim həkimlərin bütün xəstəlikləri adekvat müayinə və müalicə etmək imkanları yaranıb. Bunun üçün həm təcrübəli kadrlarımız, həm də zəruri maddi-texniki bazamız, müasir tibbi avadanlıqlarımız var. Sevindirici haldır ki, bu imkanlar ildən-ilə genişlənir. Deyərdim ki, bütün sahələrdə müvəffəqiyyətlərimiz var. Məsələn, ürək-damar cərrahiyyəsi, onkologiya, cərrahiyyə sahəsində uğurlu nəticələr qazanmışıq. Bu gün Azərbaycanda ən mürəkkəb cərrahiyyə əməliyyatlarını aparmaq mümkündür. Əslində, indi respublikamızda tibbin ayrı-ayrı sahələrinin inkişaf səviyyəsi arasında müqayisə aparmaq da mümkün deyildir. Əvvəllər nisbətən geriləmə hesab etdiyimiz sahələrdə bu gün intensiv inkişaf gedir. Nəinki Bakıda, hətta respublikanın regionlarında ən mürəkkəb, ağır cərrahiyyə əməliyyatları aparılır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər regionlarda müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri tikilərək vətəndaşların istifadəsinə verilib. Naxçıvan, Gəncə, Lənkəran, Şirvan, Zaqatala və digər rayonlarda inşa olunmuş bu müalicə-diaqnostika mərkəzlərində, hətta açıq qəlb əməliyyatları aparılır. Bu faktın özü göstərir ki, Azərbaycanda vətəndaşlara yüksək səviyyəli səhiyyə xidmətinin göstərilməsi üçün hər cür imkanlar mövcuddur.
- Regionlarda inşa olunmuş
müasir müalicə-diaqnostika mərkəzlərində
çalışmaq üçün həkim kadrların
çatışmaması da özünü ciddi problem kimi
göstərir. Bu barədə nə deyə bilərsiniz?
- Yeni inşa olunan müalicə-diaqnostika mərkəzləri ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Həmin avadanlıqlarla işləmək üçün həkim kadrlar da əvvəlcədən hazırlanır. Şübhəsiz, bu kadrları tez bir zamanda peşəkar səviyyədə hazırlamaq asan məsələ deyil. Onların bir qismi Mərkəzi Klinik Xəstəxanada təcrübə keçir, digər qismi Səhiyyə Nazirliyinin xətti ilə hazırlanır. Bu gün Azərbaycan Tibb Universitetinin 160-dan çox məzunu Türkiyənin ən aparıcı klinikalarında müxtəlif tibbi ixtisaslar üzrə uzmanlıq mərhələsini keçirlər. Perspektivdə həmin kadrlar Azərbaycanda yeni açılmış müalicə-diaqnostika mərkəzlərində, klinikalarda, xəstəxanalarda çalışacaqlar.
Əlbəttə, bu da həqiqətdir ki, bəzən təcrübəli mütəxəssislər müxtəlif obyektiv çətinliklərlə bağlı regionlarda qalıb işləmək istəmirlər. Biz çalışırıq ki, ilk növbədə, həmin rayonlardan olan məzunların yeni inşa edilmiş müalicə-diaqnostika mərkəzlərində işləməsinə nail olaq. Hazırda bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir və əminliklə demək olar ki, yeni tikilmiş klinikaların təcrübəli mütəxəssis problemi yaxın illərdə tamamilə aradan qalxacaqdır.
Əvvəllər Tibb Universitetinin kafedralarının yerləşdiyi bazalarda nə maqnit-rezonans avadanlığı, nə də kompüter tomoqrafiyası var idi. Ən yaxşı halda, ultrasəs müayinəsi aparatı ilə məhdudlaşırdıq. Lakin hazırda tələbələrin bütün bunlarla əyani şəkildə tanış olmasına, müasir avadanlıqları öyrənməsinə heç bir problem yoxdur. Son illər əksər səhiyyə ocaqları əsaslı şəkildə təmir olunur, onların yeni avadanlıqlarla təmini istiqamətində ciddi tədbirlər görülür. Digər tərəfdən, möhtərəm Prezidentin 2007-ci il 11 sentyabr tarixli sərəncamı əsasında inşa olunan və hazırda artıq istifadəyə hazır olan Tibb Universitetinin tədris-terapevtik klinikası da ən müasir avadanlıqlarla təchiz olunacaq. Bütün bunlar da tələbələrə yaxın perspektivdə ən müasir tibbi avadanlıqlarla işləmək imkanları yaradacaq.
- Prezident İlham Əliyevin sərəncamına
əsasən, Tibb Universitetinin 80 illik yubileyi ölkə
miqyasında qeyd olunmalıdır. Tibbi kadr
hazırlığında daim öncül mövqedə
olmuş universitet kollektivi bu diqqət və qayğını
necə dəyərləndirir?
- Möhtərəm Prezidentimizin Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün xüsusi sərəncam imzalaması təkcə universitetə və onun kollektivinə deyil, bütövlükdə təhsilimizə, səhiyyəmizə qayğının bariz nümunəsidir. Sərəncamla yubiley tədbirinin keçirilməsi üçün tədbirlər planı hazırlanaraq Nazirlər Kabinetində təsdiqlənib. İndi universitetin yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır. Tibb Universitetinin 80 illik yubileyində bizə ən böyük hədiyyə isə dövlət başçısının sərəncamı əsasında inşa olunan tədris-terapevtik klinikanın istifadəyə verilməsi olacaqdır. Yubiley günü həmin klinikanın da açılışı gözlənilir.
Ümumilikdə, universitet klinikalarının yaradılması vacib məsələdir. Tibb Universitetinin professor-müəllim və tələbə heyəti uzun illər ərzində belə müasir klinikanın olmasını, sadəcə, arzulayıblar. Halbuki dünya ölkələrindəki tibb universitetlərinin hər birinin ayrıca klinikası var. Xatırlatmaq istərdim ki, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində 2002-ci ildə Tibb Universitetinin stomatoloji klinikası yaradıldı. Bu gün həmin klinika istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanda aparıcı tibb müəssisələri sırasındadır. Tibb Universitetinin stomatoloji kafedraları da məhz həmin klinikada yerləşir. Orada ən müasir və mürəkkəb əməliyyatlar aparılır. Hətta xarici ölkələrdən gəlmiş qonaqlar həmin klinikada yüksək şəraiti heyrətlə qarşılayırlar. Əminliklə deyərdim ki, maddi-texniki bazasına görə bu klinika MDB məkanında öncül yerlərdən birini tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə üç il öncə Onkoloji Klinika tikilib istifadəyə verildi və müasir avadanlıqlarla təchiz olundu. Bu gün orada onkoloji xəstəliklərin bütün lokalizasiyalar, növlər üzrə adekvat müayinə və müalicəsi üçün şərait mövcuddur. Möhtərəm Prezidentimiz üç il bundan əvvəl Tibb Universitetinin - Tədris-Terapevtik Klinikanın yaradılması üçün sərəncam imzaladı. Həmin klinikanın yubiley tədbirləri çərçivəsində istifadəyə verilməsi təhsil ocağının professor-müəllim və tələbə heyəti üçün ən dəyərli hədiyyə olacaq. 400 çarpayılıq klinikada universitetin 14 terapevtik yönümlü kafedrası yerləşir. Klinikada 9 müasir avadanlıqlarla təchiz olunmuş mühazirə zalı, 50-dən çox tədris otağı var. Yəni, istər tədris, istərsə də xəstəliklərin müalicəsi üçün lazımi şərait yaradılıb.
Onu da xatırladım ki, hələ ATU-nun 70 illik yubiley tədbirləri çərçivəsində Tibb Universitetinin 11 mərtəbəli yeni korpusu istifadəyə verildi, təntənəli açılış mərasimində ulu öndər Heydər Əliyev də iştirak etdi. O illərdə belə binanın tikilib istifadəyə verilməsi asan məsələ deyildi. Lakin ulu öndərin yüksək diqqət və qayğısı ilə həmin kompleks 1998-2000-ci illərdə inşa olunub istifadəyə verildi. Yubiley tədbiri də həmin kompleksin müasir tələblərə cavab verən zalında keçirildi, ulu öndər orada dərin məzmunlu nitq söylədi. 80 illik yubileylə əlaqədar həmin kompleks və zal da əsaslı təmir olunub, görkəmini dəyişib. Eyni zamanda, universitetin digər korpusları da təmir edilib, müasirləşdirilib.
Möhtərəm Prezident İlham Əliyevin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin cərrahiyyə klinikası da inşa olunur. 500 çarpayılıq həmin klinika da ən müasir tələblərə cavab verəcək. Bura tədris-terapevtik klinikadan təxminən 2 dəfə böyük olmalıdır. Unikal görkəmli bu səhiyyə ocağında Tibb Universitetinin cərrahiyyə yönümlü kafedraları yerləşəcək.
Ümumiyyətlə, universitetdə olan müəllim kadrların səviyyəsi çox yüksəkdir. Orta nəslin təmsilçisi olanların əksəriyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə respublika hüdudlarından kənarda yüksək tibb təhsili alıblar. Ulu öndər həmin illərdə istedadlı gəncləri keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərir, onların layiqli mütəxəssis kimi yetişməsinə lazımi diqqət və qayğı göstərirdi. Həmin dövrdə təhsil almış mütəxəssislər bu gün universitetin ayrı-ayrı kafedralarına rəhbərlik edirlər. Şübhəsiz, kifayət qədər gənc kadrlarımız da var, onlar universitetin inkişafına öz töhfələrini verirlər. Hesab edirəm ki, təhsil ocağının kadr potensialı olduqca yüksəkdir. Əgər əvvəlki illərdə bizim ən ağrılı yerimiz, çətinliyimiz maddi-texniki bazanın zəifliyi, müasir klinikaların olmaması ilə bağlı idisə, ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı nəticəsində bu problem də həllini tapır. Fikrimcə, Tibb Universitetinin tədris-terapevtik və cərrahiyyə klinikalarının istifadəyə verilməsindən sonra kadr hazırlığının səviyyəsi daha da yüksələcəkdir.
- Amma etiraf edək ki, Azərbaycan cəmiyyətində gənc tibbi kadrların peşəkarlıq səviyyəsinə müəyyən etimadsızlıq, inamsızlıq yaratmaq istəyənlər həmişə olmuşdur və bu gün də var. Sizcə, belə xoşagəlməz mülahizələr nədən qaynaqlanır?
- Biz heç vaxt iddia etməmişik ki, hazırladığımız gənc kadrların hamısının səviyyəsi yüksəkdir. Şübhəsiz, onların heç də hamısı dövlətin, cəmiyyətin tələb etdiyi səviyyədə deyildir. Müəyyən problemlərimiz, çətinliklərimiz var. Bu baxımdan universitet kollektivinin qarşısında hələ çox vəzifələr durur. Təkcə ötən il Almaniyanın müxtəlif klinikalarından 31 nəfər təcrübəli mütəxəssis Azərbaycana gəlib. Onlar burada mühazirələr oxuyub, tələbələr qarşısında çıxış edib, əməliyyatlar, müayinələr aparıblar. Lakin şübhəsiz ki, Azərbaycanda tibbi kadrların səviyyəsinə, ümumilikdə, səhiyyə sisteminin uğurlarına şübhə yaratmaq istəyən daxili və xarici qüvvələrin mövcudluğu da açıq deyilməlidir. Bunun əsas səbəbi odur ki, xarici ölkələrdə səhiyyəyə həddən artıq gəlir gətirən biznes sahəsi kimi yanaşılır. İnsanların başqa ölkələrə gedib müalicə alması həmin ölkələrin və onların xəstəxanalarının gəlir əldə etməsi deməkdir. Ona görə də müəyyən xarici qüvvələr Azərbaycanda tibbi kadrların səviyyəsini məqsədli şəkildə aşağılamağa çalışır, qərəzli fikirlər səsləndirirlər. Təəssüflər olsun ki, bəzən daxildə də bu saxta təbliğatın təsiri altına düşənlər var. Bəzən özünü ziyalı adlandıran şəxslər də bu yalan təbliğatın təsiri altında məsuliyyətsiz fikirlər söyləyir, həkimlərimizi nüfuzdan salmağa çalışırlar. Bəzi mətbuat orqanları da belə cəfəng təbliğatın aparılmasında yaxından iştirak edirlər.
Bu gün dünyanın istənilən ölkəsindən olan insanlar müalicə və müayinə üçün başqa dövlətlərə üz tuturlar. Məsələn, qardaş Türkiyədə imkanlı insanlar bu məqsədlə ya Almaniyaya, ya da ABŞ-a gedirlər. Azərbaycanda da bunun qarşısını heç kim ala bilməz. Lakin Azərbaycanın həkimləri və səhiyyəsi haqqında əsassız fikirlər söyləməyə heç kimin mənəvi haqqı yoxdur. Nəzərdən qaçırmayaq ki, əksər vətəndaşların xaricdə müayinə və müalicəyə maddi imkanı yoxdur. Belə insanları yalan və böhtan xarakterli təbliğatın təsiri altında nəyəsə məcbur etmək mənəviyyata sığmır.
Digər tərəfdən, külli miqdarda pul xərcləyərək xaricə gedən, lakin yanlış müalicə alıb geriyə dönən, burada şəfa tapan insanlarla bağlı çoxlu sayda misallar gətirmək olar. Yəni, xarici ölkələrdə həkimlərin yol verdikləri kobud səhvləri sonradan biz düzəltməli oluruq. Kimsə xaricə üz tutursa, bu heç də o demək deyildir ki, həmin xəstələri Azərbaycanda müayinə və müalicə etmək mümkün deyildir.
Görünür, bu məsələdə Azərbaycan həkimlərinin də müəyyən məsuliyyəti var. Biz uğurlarımızı kifayət qədər təbliğ edə bilmirik, cəmiyyətə vaxtında çatdırmırıq. Azərbaycanda elə ixtisaslı mütəxəssislər var ki, bütün dünyada məşhurdurlar. Qısası, bu gün Azərbaycanda bütün xəstəlikləri Türkiyə, Almaniya, ABŞ səviyyəsində müayinə və müalicə etmək imkanı vardır.
- Sirr deyildir ki, həkim kadrlar universiteti bitirdikdən sonra ucqar rayonlarda gedib işləmək istəmirlər və söhbət əsnasında bunu Siz də qeyd etdiniz. Paytaxt və iri şəhərlərdə isə əksinə, kadrların yerləşdirilməsi ciddi problemdir. Bu məsələnin həlli yolunu necə görürsünüz?
- Bəli, bu, hazırda bizim ciddi problemlərimizdən biridir. Azərbaycan Tibb Universitetində məzunların təyinatı prinsipi hələ də qalır. Həm Səhiyyə Nazirlyi, həm də universitet çalışır ki, təyinat vaxtı həkim kadrlar daha çox rayonlara göndərilsinlər. Hər bir gənc kadrı doğulub boya-başa çatdığı rayonda, bölgədə işlə təmin etməyə çalışırıq. Bəzən, hətta Bakıda yaşayanları da rayonlara göndərmək istəyirik. Builki təyinatların 80 faizdən çoxu məhz Azərbaycanın rayonlarına olub. Lakin təəssüf ki, həmin kadrların heç də hamısı rayonlarda işləmək istəmir. Bu isə daha çox obyektiv çətinliklərlə bağlıdır. Rayonlara gedən kadrların yaşaması, mənzillə təmin olunması ilə bağlı problemlər mövcuddur. Təyinatla kadrların, hətta yarısının da ora gedib çıxması böyük nailiyyət olardı.
- Tibb elmi daim inkişafda olan bir sahədir. Bu
baxımdan dünya tibb elminin ən son nailiyyətlərinin
öyrənilməsi və tətbiqi qarşıda duran
ümdə vəzifələrdən biridir. ATU-nun müasir beynəlxalq əlaqələri bu vəzifəni
həyata keçirməyə imkan verirmi?
- Universitetin beynəlxalq əlaqələri
genişdir. Hazırda dunyanın 90-dan çox nüfuzlu ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq
edirik. Bir sıra universitetlərlə fəal tələbə
mübadiləsi aparırıq. İldə
təxminən 25-30 tələbə müxtəlif xarici
ölkələrin universitetlərinə, o cümlədən
İstanbul Universitetinə göndərilir. Bu il Ankaranın Qazi Universitetinə 25 nəfər
tələbə göndərməyi
planlaşdırırıq. Eyni zamanda, tələbələri
təcrübə keçmək üçün ABŞ-a,
Almaniyaya və digər Avropa ölkələrinə göndəririk.
Bu gün Almaniyada universitetimizin 100-dən
çox məzunu təcrübə keçir. Hər il Tibb Universitetini bitirən 100-dən çox
məzun Avropa ölkələrində diplomlarını təsdiq
etdirir, işlə təmin edilirlər.
Ümumiyyətlə,
dünyanın heç bir yerində diplomların qeyd-şərtsiz
tanınması prinsipi yoxdur. Hər hansı
universiteti bitirmiş tələbə işləmək istədiyi
ölkədə yenidən imtahan verir, attestasiyadan keçir.
Yalnız bundan sonra ona həkim kimi
çalışmaq imkanı yaradılır.
Bir faktı da
qeyd edim ki, hazırda Tibb Universitetinin 300-dək məzunu Səudiyyə
Ərəbistanında həkim kimi fəaliyyət göstərir. Bu ölkənin
vətəndaşları bizim mütəxəssislərdən
olduqca razıdırlar. Eyni zamanda, Almaniyada
həkim kimi çalışan məzunlarımız da
çoxdur.
- Universitetin elmi nailiyyətləri barədə nə
deyə bilərsiniz?
- Hər bir ali
təhsil ocağında olduğu kimi, Tibb Universitetində də
təhsillə elm paralel inkişaf edir. Tədris
prosesi ilə yanaşı, elmi-tədqiqatların
aparılması universitet üçün daim prioritet istiqamətlərdən
biridir. ATU-nun Elmi-Tədqiqat Mərkəzinin
maddi-texniki bazasının möhkəmləndirilməsi də
daim diqqət mərkəzindədir. Elə il olmayıb ki, həmin mərkəzə yeni
avadanlıqlar almayaq. Hətta maliyyə problemləri
şəraitində də bu işi diqqətdən kənarda
qoymamışıq. Universitetin
bütün kafedraları hibro-optik kabellə sürətli
internet şəbəkəsinə qoşulub. Bu gün dünyanın bir çox nüfuzlu elektron
kitabxanalarına daxil olmaq imkanlarımız mövcuddur.
Universitetin kafedra müdirlərinin qapalı kitabxanalara
giriş kartı var. Bu gün Tibb Universitetində istər
fundamental, istərsə də tətbiqi elmlər sahəsində
səmərəli elmi tədqiqatlar aparılır. Həmin tədqiqatların nəticələri isə
dünyanın ən yüksək reytinqli öncül
jurnallarında dərc olunur. Məsələn, ötən
il universitet əməkdaşlarının
10-dan artıq xarici jurnalda məqaləsi dərc edilib. Ümumilikdə, ölkə hüdudlarından kənarda
700-dək monoqrafiya, məqalə, tezis çapdan
çıxıb. Biz
çalışırıq ki, elmi-tədqiqat işlərinin
səviyyəsinin daha da yüksəlməsinə nail olaq.
Azərbaycan Prezidentinin sərəncamı ilə
yaradılan Elmin İnkişafına Yardım Fondu da bizə
bu sahədə əlavə imkanlar açır.
- Bir qayda olaraq hər bir ölkədə həmin
kadrların hazırlığı cəmiyyətin tələbinə
əsaslanır. Sizcə, bu gün Azərbaycanda
bu amil nə dərəcədə gözlənilir?
- Azərbaycan hazırda hər
yüz min nəfərə düşən tibb təhsilli tələbələrin
sayına görə MDB məkanında ən aşağı
yerlərdən birini tutur. Dünya
standartlarına əsasən, hər 1 milyon əhaliyə
görə ildə ən azı 100 müalicə həkimi
hazırlanmalıdır. Yəni, Azərbaycanın
9 milyon əhalisinə görə ildə 900 müalicə həkimi
yetişdirilməlidir. Lakin hazırda Tibb
Universitetini bitirən belə məzunların sayı heç
500-ə çatmır. Bəzən deyirlər
ki, işləməyən həkimlərin sayı çoxdur.
Səhiyyə Nazirliyinin verdiyi statistika isə
göstərir ki, bu gün regionlarda külli miqdarda vakant həkim
yerləri var. Bu baxımdan biz həkim kadrların
sayını artırmaq barədə düşünməliyik.
- Universitetin gələcək elmi inkişaf prioritetləri,
planları, vəzifələri barədə nə demək
istərdiniz?
- Azərbaycan
Tibb Universitetində həyata keçirilən elmi-tədqiqatlar
əsasən ürək-damar patologiyası, onkologiya,
hemofiliya, talassemiya, ana və uşaqların ölümü,
habelə yoluxucu xəstəliklərlə bağlıdır. Bunların hər
biri Azərbaycan üçün prioritet sahələrdir.
Lakin şübhəsiz ki, biz fundamental elmlər
üzrə də elmi-tədqiqat işlərini aparmağı
vacib hesab edirik.
Ümumilikdə, 80 illik yubileyini qeyd edən Azərbaycan Tibb Universiteti üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəlir, ölkə rəhbərliyinin diqqət və qayğısını yüksək səviyyədə dəyərləndirir, etimada layiq olmağa çalışır. Məqsədimiz bundan sonra da Azərbaycan səhiyyəsi üçün yüksək ixtisaslı, peşəkar, insanların sağlamlığının keşiyində layiqincə dayanan vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır. İnanırıq ki, ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı bizə bu və digər vəzifələrin öhdəsindən layiqincə gəlmək imkanı yaradacaqdır.
Müsahibəni apardı: İradə
ƏLİYEVA
Azərbaycan.- 2010.- 9 iyul.- S.
6.