Təzadlar dövrünün ziyalısı, yaxud iki vətənin bir oğlu

 

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ildə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda, gözəl Şuşa şəhərində dünyaya göz açmışdı. 70 il sonra, 1939-cu ildə isə dünyasını türk torpağında, qədim İstanbulda dəyişmişdi. Əhməd bəy Ağayevin yaşadığı cəmi yeddi onillikdə Azərbaycanda, Qafqazda, Şərqdə və ümumiyyətlə, dünyada hansı siyasi hadisələrin baş verdiyini, heç olmasa, onların ən əsaslarını xatırlasaq, Şuşada başlanan bu ömrünüçün İstanbulda bitməsinin səbəblərini başa düşərik. Əhməd bəyin haqqında hələ tam məlumatımız olmasa belə...

 

Ə.Ağaoğlunun valideynləri Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəslindən idilər. Babası Mirzə İbrahim gözəl xəttat idi, eyni zamanda, Azərbaycan və fars dillərində şeirlər yazırdı. Atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd öz zəmanəsinə görə mükəmməl savad almış, həm dini, həm də dünyəvi elmlərlə yaxından maraqlanan, ərəb, fars, rus dillərini bilən insanlar olmuşlar. Evlərində həmişə dövrün savadlı, irfan əhli toplaşar, dini mövzuda uzun-uzadı söhbətlər edərdilər. Təbii ki, o zaman Azərbaycan dini həyatın sıx əhatəsində idi və həmin ailədə böyüyən uşaqlar ilk təhsillərini dini məktəblərdə almalı idilər. Ə.Ağaoğlu bu barədə yazırdı: "O zaman Azərbaycan-türk ailəsində patriarxal ruh və ənənəyə bağlılıq hakim idi. Çox sərt və zabitəli bir adam olan böyük əmim Mirzə Məhəmməd bütün ailə üzərində hakimi-mütləqdi. Onun hər sözü bir yerdə yaşayan və sayı ən azı qırx nəfərə çatan bütün ailə üçün qanun idi. Mirzə Məhəmməd çox təəssübkeş və dindar adamdı". Sonralar xatirələrində bu cür təsvir etdiyi əmisinin təkidi ilə müctəhid olmağa hazırlaşdırılan Əhməd bəy əvvəlcə mollaxanada oxuyur. Lakin anası və şəhər bələdiyyə idarəsi rəisinin müavini olan dayısı bu zəkalı uşağın mollaxana təhsili ilə çox da uzağa gedə bilməyəcəyini dərk edərək onu atasından və Mirzə Məhəmməddən gizli rus gimnaziyasına verirlər. Gimnaziyada o, dünyəvi elmlərə yiyələnməklə yanaşı, həyata baxışını da formalaşdırır.

Beləliklə, Əhməd bəy Ağayev əvvəlcə Şuşada rus məktəbində, sonra Tiflis gimnaziyasında oxuyur. Oranı bitirdikdən sonra Peterburqa gedib dövrün aparıcı ali təhsil ocaqlarından olan Mühəndis-Texniki İnstitutuna imtahan verir. Lakin sonuncu fəndən - triqonometriyadan lazımi bal toplaya bilmədiyindən Peterburqa əlvida deyir və Parisə yollanmaq qərarına gəlir.

Parisdə Əhməd bəy hüquq məktəbini və Sorbonna Universitetini bitirir. Bu illərdə Şərq xalqlarının tarixini, ərəb, farstürk dillərini mükəmməl öyrənir, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirir. Beləliklə də, onun publisist kimi fəaliyyətinə "yol" açılır və bunun ardınca Əhməd bəyin müxtəlif məcmuələrdə yazıları dərc edilir. O, Praktik Ali Tədqiqatlar Məktəbində "Avesta"nın məşhur tədqiqatçısı C.Darmstaterin "Şərq xalqlarının tarixi", Şərq Dilləri Məktəbində isə ŞefferBarbye de Meynarın ərəb, farstürk dillərinə dair mühazirələrini dinləyir. C.Darmstater onu Parisin elmi ədəbi ictimaiyyətinə təqdim edir. Xatirələrində yazır ki, "...professor C.Darmstaterin sevgisini qazandım. O, haqqımda unudulmaz lütf inayətlər göstərməyə başladı. Məni evinə dəvət etdi. ...Paris ədibləri arasında xüsusi mövqe qazanmış Mari Robinzona təqdim etdi." (V.Quliyev "Ağaoğlular", Bakı 1997).

1892-ci ildə 23 yaşlı Əhməd bəy Ağayev Londonda keçirilən beynəlxalq şərqşünaslıq konqresində iştirak edir. Onun "Şiə məzhəbinin mənbələri" mövzusunda yüksək səviyyəli məruzəsi nümayəndələr tərəfindən bəyənilir, konrqesin qərarı Kembric Universitetinin vəsaiti ilə həmin məruzə bir neçə Qərb dillərində nəşr olunur.

Bu əsərə görə İran şahı ona firuzə qaşlı üzük bağışlayır. Əhməd bəy çətin kəşməkəşli həyat yolları ilə irəliləməyə başlayır. Bu yolları ardıcıllıqla, mərhələ-mərhələ izləmədən, ...öyrənmədən Ağaoğlu haqqında tam təsəvvürə malik olmaq onu kiməsə tanıtmağa çalışmaq mümkün deyil. Beləliklə, həyatın Fransa dövrü. Bu dövr onun fikri inkişafında mühüm bir mərhələ təşkil edir. Burada o, təkcə Qərbi deyil, Şərqi "kəşf edir". 1890-cı ildə Ə.Ağaoğlu fransız dilini artıq mükəmməl bilirdi. Fransa mətbuatında Şərq, Şərq fəlsəfəsi və islam dini ilə bağlı maraqlı məqalələrlə çıxış edirdi. Parisdə o, məşhur filosof və mütəfəkkir Şeyx Cəmaləddin Əfqani ilə tanış olur. Ədib xatirələrində yazır: "İslam aləminin mütəfəkkirlərindən Cəmaləddin Əfqani Parisdə olarkən mənim sadə evimi başqalarının zəngin saraylarından üstün tutmuşdu və həftələrlə bir yerdə qalmışdıq". Bu tanışlıq onun dünyagörüşünə, ictimai-elmi fəaliyyətinə güclü təsir göstərmişdir.

Paris həyatı 6 il davam edir və 1894-cü ildə atasının ölüm xəbərini eşidən Ağaoğlu İstanbul yolu ilə vətəninə qayıdır.

Müasiriqohumu olan Yusif Vəzir Çəmənzəminli Ağaoğlunu belə xatırlayırdı: "İslamtürk tarixinə hər kəsdən artıq vaqif idi... Məclisdə danışanda heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt və əsəbi bir adamdı, bilxassə bəylərin qudurğanlıqlarına dözə bilməzdi, onlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı, həmişə də tapançasını hazır saxlardı".

Əhməd bəy həm də islamşünas və şərqşünas kimi püxtələşməkdə idi. Lakin vətənində onu hələ yaxşı dərk edə bilmirdilər. 1896-cı ildə o, Şuşaya gedir və realnı məktəbdə fransız dili müəllimi işləyir, qiraətxana-kitabxana açır, ilk teatr tamaşaları təşkil edir. Bir sözlə, Şuşada yaşadığı üç il müddətində həmyerliləri arasında milli şüuru oyatmaq üçün əlindən gələni əsirgəmir. Müqabilində isə "Firəng Əhməd" ləqəbi qazanır. Ümumiyyətlə isə, Ağaoğlu istedadı bir şəhərin, bəlkə də bir məmləkətin sərhədləri daxilinə sığa bilməzdi. O, daha geniş miqyas tələb edirdi.

Hələ 1894-cü ildə Azərbaycana qayıdarkən o, "Məşriq" adlı qəzet buraxmaq üçün hökumətdən icazə istəmiş, lakin xahişi yerinə yetirilməmişdi. 1897-ci ildə böyük messenat Hacı Zeynalabdin Tağıyev onu Bakıya dəvət edir. Burada realnı məktəbdə fransız dilindən dərs deyir, "Kaspi" qəzeti ilə əməkdaşlıq edir, 1898-1907-ci illərdə qəzetə Əlimərdan bəy Topçubaşov redaktorluq edəndə, Ağaoğlu ədəbiyyat şöbəsinin müdiri olur.

Əhməd bəy bu qəzetdə tarixi faktlara əsaslanan təəssübkeş məqalələrlə çıxış edirdi. Türk xalqlarının, müsəlmanların birliyi ideyasını müdafiə edirdi. Bu məqalələr tuşlandıqları hədəfə - bütün Yaxın və Orta Şərqi öz nüfuz dairəsi altına salmağa səy göstərən çar Rusiyasının məmurlarına və bu işdə onların sadiq "silahdaşları" olan ermənilərə bütün kəskinliyi ilə çatırdı. Ermənilər Əhməd bəy Ağaoğlunun ciddi bir qüvvə olduğunu, Azərbaycan türklərini birləşməyə çağırdığını və sözünün kəsərliyini yaxşı dərk edirdilər. Ona görə də 1895-ci ildən başlayaraq rus və erməni şovinistləri "alyans" yaradaraq Ə.Ağaoğlunu zərərsizləşdirməyə çalışırdılar.

1905-ci ildə erməni-daşnak quldurlarının çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları Əhməd bəy Ağaoğlunun yazılarının əsas mövzularından idi. O, faciənin əsl günahkarlarını - çar hakimiyyətinin üzünü qələminin gücü ilə açıb göstərirdi. Qafqaz canişininin milli qırğınların kəskinləşməsi ilə əlaqədar 1906-cı il fevralın 20-də çağırdığı "barışdırıcı qurultay"da Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov, İsgəndər bəy Hacinski və Əhməd bəy Ağaoğlu birlikdə Bakı şəhərinin ali sosial təbəqələrinin nümayəndələri kimi iştirak etmiş və Azərbaycan tərəfinin proqramını səsləndirmişdilər. Əhməd bəy Ağaoğlu qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli qırğınlara dərhal son qoyulması üçün "Daşnaksütyun" partiyasının və digər erməni təşkilatlarının buraxılmasını tələb etmişdir. Bildirmişdi ki, əks halda, müdafiə olunmaq üçün Azərbaycan tərəfinə də ordu yaratmağa icazə verilməlidir.

Hələ "Kaspi"də dərc etdirdiyi "Müsəlman söhbətləri", "Müsəlman xalqlarının vəziyyəti" silsilə məqalələrində, "İslama görə və islam aləmində qadın", "İslam, axundhatifülqeyb" kitablarında Əhməd bəy müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edirbunun səbəblərini açıqlayırdı. Ayrı-ayrı şair, mütəfəkkir, alimlər haqqında maraqlı yazılarla çıxış edirdi.

Bu dövrdə Məhəmməd ağa Şaxtaxtlının Tiflisdə nəşr etdirdiyi "Şərqi-Rus" qəzetində, həmçinin Kəlküttə və Qahirə mətbuatında da Ağaoğlunun yazıları çıxırdı. Jurnalistlik fəaliyyəti ilə yanaşı, "Nicat", "Nəşri-maarif", "Səadət" kimi xeyriyyə cəmiyyətlərinin təşkilində və işində fəal iştirak edirdi.

1905-ci ilin iyun ayından Ağaoğlu Əlibəy Hüseynzadə ilə birlikdə Azərbaycanda millətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynamış "Həyat" qəzetinə redaktorluq edir. Həmin il dekabrın 19-dan "İrşad" qəzetini, 1907-ci ildə isə eyni zamanda rus dilində "Proqress" qəzetini nəşr etdirir. 1908-ci ilin iyunundan "Tərəqqi" qəzetini çıxarmağa başlayır və Türkiyəyə gedənə qədər onun naşiri olur. Bu mətbuat orqanları içərisində "İrşad" xüsusi yer tuturdu. Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əlibəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Sultan Məcid Qənizadə, Abdulla Sur, Firudin bəy Köçərli və digər görkəmli qələm sahibləri, millət və vətən təəssübkeşləri "İrşad"ın ətrafında toplaşmışdılar. Qəzetin hər nömrəsində Ü.Hacıbəylinin dövrün kəskin problemlərinə həsr olunmuş məqalə və felyetonları dərc olunurdu. Təbii ki, əsas ağırlıq baş redaktorun üzərinə düşürdü. Ə.Ağaoğlu "İrşad"ı ümummilli qəzetə çevirmək, abunəçilərini artırmaq, genişləndirmək istəyirdi. Professor Əziz Mirəhmədov yazırdı ki, "Əhməd bəy Ağayev "İrşad"da bütün jurnalistik məharətini, şərqşünaslıq biliyini, siyasi mütəfəkkir simasını nümayiş etdirmişdir."

Həm rus, həm də Azərbaycan dillərində yazdığı məqalələrdə Ağaoğlu təkcə publisist kimi deyil, həm də tənqidçi, ədəbiyyat tarixçisi, teatrşünasetnoqraf kimi çıxış edirdi. Qələm və məslək dostu Yusif Akçura deyirdi ki, "Əhməd bəy asanlıqla və çox yaza bilmək kimi fövqəladə bir istedada malik idi. Türkcə, fransızca, rusca eyni həvəslə yazırdı. Hətta fars dilində də yazmışdı. Özü isə zarafatla deyərdi ki, həyatım boyu yazdığım məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər." Amma sözün doğrusunu elə zarafatla deyirlər.

1908-ci ildə Əhməd bəyə qarşı Bakıda törədilən fitnəkarlıqlar isə zarafatdan çox uzaq və acı həqiqət idi. Həmin ilin əvvəllərində Bakının İctimai yığıncaqlar salonunda (filarmoniyanın binasında) Ə.Ağaoğluya "dərs vermək" üçün onu muzdla tutulmuş qoçulara döydürürlər. O, həyatının həmin çətin günlərini belə xatırlayırdı: "Şiddətli təqib edilənlər arasında idim. İş elə bir dərəcəyə çatmışdı ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər başına gəlmişdilər. Digər tərəfdən, Qafqaz canişini vəzifəsinə təyin olunmuş Vorontsov-Daşkov məni necə olursa-olsun həbs etdirib sürgünə göndərməyə qərar vermişdi. Bunu eşidən kimi mən getməyə qərar verdim".

1909-cu ilin ortalarında Əhməd bəy sürgündən can qurtarmaq üçün Türkiyəyə yollanır. Amma onu izləyən taleyində hələ çox sürgünlər olacaqdı.

Əhməd Ağaoğlu Bakıda başladığı jurnalistlik işiniictimai-siyasi fəaliyyətini İstanbulda da eyni həvəslə davam etdirirdi. O, tezliklə Əli bəy Hüseynzadə, Ziya Göyali, Yusif Akçura, Həmdulla Sübhi, Mehmet Əmin Yurdaqul ilə bir sırada türkçülük hərəkatının liderinə çevrilir. "Xalqa doğru" və "Sirati-müstəqim" qəzetlərində mütəmadi çıxışlar edir. 1911-ci ildə İstanbulda yaradılan "Türk yurdu" cəmiyyətinin başlıca təsisçilərindən və təşkilatçılarından, az sonra təşəkkül tapan "Türk ocağı"nın isə dörd qurucusundan biri olur. Həmçinin "Tərcümani-həqiqət" qəzetinin redaktoru kimi fəaliyyət göstərir. Bu məmləkətə təzə gəlməsinə baxmayaraq, çoxşaxəli fəaliyyəti Əhməd bəyi tezliklə hörmətli bir şəxsə çevirir. Azərbaycan əsilli türklərin yaşadığı Afyon - Qarahisardan Osmanlı parlamentinə deputat seçilir. Ə.Ağaoğlu bütün bunlarla yanaşı, İstanbul universitetində rus dili və ədəbiyyatından dərs verir. Türkiyədən Rusiyanın türklər yaşayan bölgələrinə müəllimlər göndərilməsini təşkil edir.

Xatırladaq ki, hələ Azərbaycanda olarkən Əhməd bəy xalqın hüquqlarını qorumaq məqsədilə 1906-cı ildə "Difai" partiyasını yaratmışdı. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbuluna getmiş, Rotşild, Nobel kimi neft maqnatlarının sərvətlərimizə sahib olmasına maneçilik etmək istəmişdir. Bu səfərlərin sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılmışdı.

Onun təbiətindəki narahatlıq, qaynarlıq övladlarının və müasirlərinin xatirələrində də özünü aydın göstərir. Məsələn, qızı Sürəyya xanım öz xatirələrində yazır: "Ailə həyatımızda hamımıza çox təsir edən bir müvazinət vardı. Anam son dərəcə sakit, yumşaq təbiətli, atam isə intizamlı, hər şeylə maraqlanan, tez özündən çıxan insanlardandı. Atam süfrədə duz qabının yerinin dəyişdirilməsinə belə razı olmazdı. Hirsləndiyi zaman anam heç vaxt dərhal cavab verməz, amma ertəsi gün ötəri həmin mövzuya toxunar, atam da dərhal öz davranışına görə sıxılardı".

Qürbətdə yaşamasına baxmayaraq, Əhməd bəy Ağaoğlu vətəni ilə əlaqəni heç vaxt kəsməmişdi. 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış etmişdi. İki il sonra isə Ə.Hüseynzadə, Ə.İbrahimovY.Akçura ilə birlikdə ABŞ Prezidenti V.Vilsona təqdim edilən və Rusiya imperiyasında türk xalqlarının dözülməz vəziyyətindən söz açan müraciət imzalamışdı.

Uzunmüddətli ayrılıqdan sonra 1918-ci ilin yayında Ağaoğlu Türkiyənin Qafqaz ordusunun komandanı Nuru paşanın müşaviri kimi Azərbaycana gəlir. O zaman Azərbaycan özünün çətin günlərini yaşayırdı. Bakı bolşevik-erməni qüvvələrinin əlində idi. Qarabağda, Zəngəzurda, Naxçıvanda erməni terrorçu dəstələri ardıcıl cinayətlər törədirdilər. Mayın 28-də İstiqlal Bəyannaməsini elan edən Azərbaycan hökuməti xalqı fəlakətdən qurtarmaq üçün qardaş Türkiyəyə üz tutmuşdu.

1918-ci ildə Ə.Ağaoğlu Azərbaycan parlamentinə üzv seçilir. Azərbaycanda vəziyyət nisbətən sakitləşdikdən sonra İstanbuldakı evinin yanması, ailəsinin küçədə qalması xəbərini alan Əhməd bəy Türkiyəyə dönür. Tezliklə Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində o, Fransa paytaxtına yollanmalı idi. Lakin Ə.Ağaoğlu əvvəlcə ağır xəstələnir, sonra isə cibində Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik pasportu və Bakıdakı ingilis hərbi qüvvələrinin baş komandanı, general Tomsonun zəmanət məktubu olmasına baxmayaraq, İstanbuldakı ingilis işğalçı qüvvələri tərəfindən həbs edilir.

Sürgün həyatı 1921-ci ilin mayında başa çatır. Bu vaxt Nəriman Nərimanov onu Bakıya, yeni hökumətdə yüksək bir vəzifə tutmağa dəvət etmişdi. Beləliklə, Ağaoğlu "Azərbaycan, yoxsa Türkiyə?" dilemması qarşısında qalmışdı. Xeyli götür-qoydan sonra o, Türkiyəni seçmişdi.

1920-1930-cu illərdə Əhməd bəy yenə də ictimai-siyasi fəaliyyətlə yanaşı, elmi-ədəbi yaradıcılığını da davam etdirir. Bir-birinin ardınca "Türk hüququ tarixi", "Türk mədəniyyət tarixi", "Konstitusiya hüququ", "Dövlət və fərd" və bir sıra digər kitabları nəşr olunur. Yeri gəlmişkən qeyd edək ki, müəllifin ölümündən sonra da türk nəşriyyatları tərəfindən bir çox əsərləri buraxılır. Onların arasında publisistik üslubda böyük ustalıqla qələmə alınmış "Mən kiməm?" kitabı xüsusi dəyər kəsb edir.

Əhməd bəy Ağayevin dünyagörüşündə ziddiyyətli məqamlar da vardı. Həyatının müxtəlif illərində siyasi düşüncəsində, fəaliyyətində və yaradıcılığında islamçılıq, qərbçilik və türkçülük kimi üç xətt cəmlənmişdi. Belə ki, Ağaoğlu yazılarında Qərb mədəniyyətindən öyrənmək fikrini irəli sürmüş, islama münasibətində demokratik mövqedən çıxış etmişdir. O, Azərbaycan türklərində türkçülük və millətçiliyin oyanması üçün onlarla məqalələr yazmışdır. Odur ki, sovet hakimiyyəti illərində Ağaoğluna "pantürkist", "panislamist" damğası vurulmuşdu. Əsərlərinin oxunub öyrənilməsinə qadağa qoyulmuşdu.

Xarakterindəki və dünyaya baxışındakı təzadları özügörürbilirdi. Təsadüfi deyil ki, "Mən kiməm?" kitabında belə yazırdı: "Başdan-başa bir-birini inkar və rədd edən qarmaqarışıq təzadlar, gündüzlə gecə, ağla qara arasındakı bənzəyiş, mənim içimlə çölüm arasındakı bənzəyişdən daha çoxdur!".

O, bir an belə, dayanmadan işləmək, çalışmaq üçün yaranmışdı. Özünü fasiləsiz, ardı-arası kəsilməyən fəaliyyətdə təsdiq edirdi. 70 illik ömrünün 50 ildən çoxunu sevdiyi və ürəkdən bağlandığı çoxşaxəli yaradıcılıq işinə həsr etmişdi. Buna görə də "Ağaoğlu" dedikdə həmin qısa imzanın arxasında təkcə görkəmli bir publisistin deyil, həm də istedadlı yazıçı, hüquqşünas, şərqşünas, islamşünas, qısaca - böyük bir alimin həyatının izlərini görürük.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 9 iyul.- S.  7.