Azərbaycan Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olmuşdur

 

 İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olmuşdur.

İndi Səhiyyə Nazirliyi yeni ünvanda yerləşir. Təxminən 100 il bundan əvvəl inşa olunan və indiyədək Musa Nağıyev adına təcili yardım xəstəxanası kimi fəaliyyət göstərən binada əsaslı təmir işləri aparılmışdır.

Səhiyyə Nazirliyinin yeni binası yüksək zövqmüasir dizaynla qurulmuşdur. Nazirlik ən qabaqcıl texnologiya və avadanlıqla təchiz edilmişdir.

Bu gün əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir. Son illərdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi üçün mühüm addımlar atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycan səhiyyəsində işin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır. Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə yeni texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəltmişdir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond da bu xeyirxah tədbirlərə dəstək verir.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, binada əsaslı təmir işlərinə 2008-ci ildə başlanılmışdır.

Birinci mərtəbədə vətəndaşların qəbul şöbəsi yerləşir. Prezident İlham Əliyev monitorinq otağı ilə tanış oldu. Burada quraşdırılan xüsusi monitorda 24 imtiyazlı aptek birbaşa təqdim edilir.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə imtiyazlı xəstələr yaşadıqları əraziyə yaxın apteklərdə 143 adda dərman preparatı ilə pulsuz təmin olunurlar. Pulsuz dərmanların verilməsinə nəzarət isə mərkəzləşdirilmiş qaydada elektron kart vasitəsilə həyata keçirilir. Buradakı kompüterdə imtiyazlı apteklərin yerləşmə planını da izləmək olar. Monitorinq otağında dərman preparatlarının dövlət reyestrinin dünya ölkələri üzrə paylanması da nümayiş etdirilir. Burada Avropa istehsalçılarının Azərbaycanın əczaçılıq bazarındakı faiz nisbəti göstərilir. Əgər 2007-ci ildə bu rəqəm 22 faiz təşkil edirdisə, indi artıq 59 faizdir. Müqayisə üçün bildirək ki, MDB ölkələrində bu rəqəm 24,6 faiz civarındadır.

Səhiyyə Nazirliyində elektron kitabxana da fəaliyyət göstərir. Bu kitabxananın dünyanın elektron kitabxanalarına qoşulmaq imkanı vardır. Nazirliyin işçiləri isə səhiyyəyə aid xəbərləri böyük monitorda onlayn rejimində izləyə biləcəklər.

İnzibati binada müxtəlif tədbirlərin keçirilməsi üçün ən müasir avadanlıqla təchiz edilmiş 200 yerlik akt zalı vardır.

Binanın ikinci mərtəbəsində Bakı Şəhər Baş Səhiyyə İdarəsi yerləşəcəkdir.

Üçüncü mərtəbədə isə nazirliyin şöbələri ilə yanaşı, Böhran Mərkəzi də fəaliyyət göstərəcəkdir. Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzi ilə birbaşa əlaqələndirilən bu mərkəz multi-poynt adlandırılan videokonfrans avadanlığı ilə təchiz edilmişdir. Böhran hallarında buradan birbaşa Dünya Səhiyyə Təşkilatı və müxtəlif ölkələrin müvafiq qurumları ilə peyk vasitəsilə əlaqə yaratmaq olar. Beləliklə, eyni zamanda, bir neçə qurumla videokonfransların keçirilməsi mümkündür. Burada, həmçinin paytaxtdankənar yollardakı qəzalar zamanı xidmət göstərən və 12 regional məntəqəni əhatə edən təcili təxirəsalınmaz tibbi yardım stansiyasında fəaliyyət göstərən 113 xidmətinin avtomaşınlarının hərəkətini elektron xəritədə izləmək mümkündür. Böhran Mərkəzindəki daha bir monitor təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobillərinə texniki xidmətin göstərilməsini əks etdirir.

Dövlətimizin başçısı Səhiyyə Nazirliyinin muzeyinə də baxdı. Muzeydə səhiyyənin inkişafının dörd müxtəlif dövrünü əks etdirən fotolar vardır. Burada 1917-1920-ci, 1930-1940-cı, 1960-1970-ci illərə və müasir dövrə aid şəkillər nümayiş olunur.

Nazirliyin kollegiya zalı isə böyük toplantıların keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Ümumilikdə Səhiyyə Nazirliyinin yeni binasında 200-ə yaxın kabinet fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyev burada qurulan elektron məlumat köşkü ilə də tanış oldu. Bu köşk vasitəsilə hər bir vətəndaş öz ərizəsinin icrası vəziyyətini izləyə biləcəkdir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin həyətinə də baxdı, tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  10 iyul.- S. 1.