Azərbaycan Prezidenti Ermənistana son şans verdi

 

Təcavüzkar dövlət işğal etdiyi torpaqlardan yalnız öz xoşu ilə çıxmaqla gələcəyini, təhlükəsizliyini təmin edə, qorxu içində yaşamaqdan qurtula bilər

 

Sosial-iqtisadi inkişaf tempinə görə dünya miqyasında lider mövqenin sahibi kimi qəbul edilən Azərbaycan siyasi, hüquqi, demokratik tərəqqi, Avratlantik məkana uğurlu inteqrasiya baxımından möhtəşəm nailiyyətlərə imza atmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi və dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsi sayəsində qazanılan nailiyyətlərin miqyasına görə ölkəmiz beynəlxalq aləmdə artıq söz sahibinə çevrilməkdədir.

 

Qaçqın və məcburi köçkünlər daim dövlət qayğısı əhatəsindədir

 

Bu gün Azərbaycanın malik olduğu resurslar, o cümlədən Silahlı Qüvvələrimizin döyüş hazırlığı ölkənin əsas problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllinə geniş imkanlar açmaqdadır. Məhz Azərbaycanın apardığı uğurlu diplomatiya sayəsində dünya Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətindən, törətdiyi soyqırımlardan daha ətraflı şəkildə xəbər tutmaqda, təcavüzkar dövləti qınamaqdadır. Təəssüf ki, ədalətsizliyin hökmran mövqedən çıxış etdiyi müasir dünyamızda beynəlxalq hüquq prinsiplərini ən kobud şəkildə pozan və Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edən təcavüzkar Ermənistana hələ də beynəlxalq miqyasda lazımi cəza tətbiq edilmir. Bununla belə, inkişaf parametrlərinə görə Ermənistandan dəfələrlə üstün olan Azərbaycan malik olduğu qüdrətli ordusunun gücü hesabına düşmənin işğal siyasətinə son qoymağa, onu zəbt edilmiş ərazilərdən çıxarmağa qadirdir.

Lakin münaqişənin çözümündə hərbi gücdən istifadə son variant hesab olunur, hələ ümidlər tükənmədiyindən Azərbaycan dinc yolla məsələnin həllinə çalışır. Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həll edilməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan danışıqlarda dövlət başçısının prinsipial və konkret mövqeyi isə hər bir Azərbaycan vətəndaşı kimi öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər tərəfindən də tam dəstəklənir. Onlar qəti əmindirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq doğma torpaq həsrətinə son qoyulmasına çox vaxt qalmayıb. Bu insanlar üçün əsas əlamətdar məqamlardan biri isə Azərbaycan dövlət başçısının gördüyü konkret tədbirlər nəticəsində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında məcburi köçkünlərin də əməli fəaliyyətlərinin genişlənməsi, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə daha fəal şəkildə dəstək olmağa başlamalarıdır. Bu mənada Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hazırkı rolu və fəaliyyəti xüsusilə qeyd edilməlidir.

Faktdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır. 65 min nəfərdən çox insanı birləşdirən qurum ötən il özünün ilk qurultayını keçirmiş, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilmiş, idarəetmə strukturlarını yaratmışdır. Birliyin icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması üçün istifadəsində olan mənzil-qərargahın əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən il avqustun 31-də imzaladığı sərəncam isə məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılanmışdır. Həmin sərəncama əsasən 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin mənzil-qərargahının əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədilə iki milyon manat məbləğində vəsait ayrılmışdır. Qısa zaman ərzində birliyin mənzil-qərargahının əsaslı təmiri aparılmış və bina zəruri avadanlıqlarla təchiz edilmişdir.

Sevindirici haldır ki, cari il iyulun 6-da Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında şəxsən iştirak etmişdir. Burada yaradılan şəraiti cənab İlham Əliyev yüksək qiymətləndirmişdir: "Çox gözəl, müasir binadır, qısa müddət ərzində əsaslı təmir olunub və burada fəaliyyət göstərmək üçün bütün şərait yaradılıb. Əminəm ki, siz burada çox böyük səmərə ilə işləyəcəksiniz. Sizin iş şəraitiniz statusunuza uyğun olmalıdır və biz bu gün buna nail olduq. Qısa müddət ərzində bütün təmir-tikinti işləri aparılmışdır və bina ilə tanışlıq çox gözəl təəssürat bağışlayır. Ancaq bu da həqiqətdir ki, bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Dağlıq Qarabağda

tikiləcəkdir".

 

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətində keyfiyyətcə daha səmərəli mərhələ başlanır

 

İcmanın müasir tələblərə cavab verən mənzil-qərargahla təmin olunması şübhəsiz ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətində keyfiyyətcə daha səmərəli bir mərhələnin başlanmasına, işğal edilmiş ərazilər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan amillər sırasında yer alır. Digər tərəfdən, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ixtiyarına verilən yeni mənzil-qərargah həm də Prezident İlham Əliyevin məcburi köçkünlərə olan qayğısının daha bir təzahürü hesab oluna bilər. Ümumiyyətlə isə bu qəbildən olan insanlar hər zaman Azərbaycan Prezidentinin yüksək qayğısını öz üzərlərində hiss ediblər.

Xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin hələ 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımlar atılmış və atılmaqdadır. 2007-ci ildə həmin sərəncama əlavələr edilmiş və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilmişdir. Azərbaycanın artan iqtisadi imkanları isə yurd-yuvalarından didərgin düşmüş insanların problemlərinin daha sürətli həllinə imkan verir. Burada mühüm bir önəmli fakt xüsusi olaraq qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək qaçqın və məcburi köçkünlərə 3 milyard dollar vəsait xərclənib. Həmin vəsaitin 800 milyon dollarını beynəlxalq təşkilatlar, qalan hissəsini isə Azərbaycan hökuməti ayırmışdır. Qaçqın və məcburi köçkünlərin saxlanılması üçün Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Görülən işlər sayəsində bu qəbildən olan insanların həyat şəraitinin və sosial təminatının yaxşılaşdırılması üçün yeni və bütün şəraitlə təmin olunan qəsəbələr salınmışdır.

Dövlətin, onun başçısının daim yüksək qayğısı ilə əhatə olunmuş qaçqın və məcburi köçkünlərin, əlbəttə, ən böyük istəyi doğma yurd-yuvalarına qayıtmaqdır və onlar bu günün uzaqda olmadığına indi daha çox əmindirlər. Çünki aydın görürlər ki, Ermənistan Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq dünyada birmənalı şəkildə işğalçı dövlət kimi qəbul edilir. Aparılan sülh danışıqlarında isə Azərbaycanın ərazi bütövlüyünün qorunması ön plandadır. O da məlum həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ermənilərlə bu vaxta kimi danışıqlar aparmaqla Azərbaycan onlara, təcavüzkar bir dövlətə ən böyük güzəştini edib. Düşmənin Azərbaycanın bu böyük güzəştindən nəticə çıxarmayacağı təqdirdə isə ordumuzun endirəcəyi zəfər zərbəsinin gücünü görməsi qaçılmaz olacaq.

 

Diplomatik cəbhədə Ermənistan tam məğlubiyyətə düçar olub

 

Hələlik diplomatik cəbhədə təcavüzkar ölkə məğlubiyyətin acısını hər keçən gün daha yaxından hiss etməkdədir. İndi danışıqlar masası üzərində münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təklif olunan çözüm variantı Azərbaycanın maraqlarına cavab verir. Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini nəzərdə tutan sənədlə əlaqədar Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirakı zamanı bildirmişdir: "İlk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. Beş rayon dərhal, iki rayon - Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulubdur. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ, o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni, dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıbdır. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. Çünki bütün təhlükəsizlik təminatları verilməlidir".

Dövlət başçısı qeyd etmişdir ki, danışıqlarda Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur və bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq: "İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar. Bu o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və beləliklə, məsələnin həlli üçün yeganə variant ola bilər".

Hazırda Azərbaycan münaqişənin həlli üçün yeniləşmiş Madrid prinsiplərini qəbul etməklə Ermənistanı fakt qarşısında qoymuşdur. Bununla Azərbaycan dünya ictimaiyyətinə, o cümlədən Minsk qrupuna həmsədrlik edən dövlətlərə göstərir ki, sülhə sadiqdir və problemin məhz dinc məcrada həllinin tərəfdarıdır. Ermənistan isə ötən ilin dekabrından indiyə qədər yeniləşmiş Madrid prinsiplərinə konkret mövqe bildirməməklə danışıqlarda qeyri-konstruktiv tərəf olduğunu bir daha sübuta yetirib. Lakin Azərbaycan Ermənistanın bu mövqeyi ilə uzun müddət barışmaq niyyətində deyil və ən yüksək səviyyədə təcavüzkar dövlətə son şans verdiyini bəyan edib. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Əgər danışıqların bu formatda davam etdirilməsi mümkün olmayacaqsa, o zaman ümumiyyətlə, sülh prosesi haqqında danışmağa dəyməz. Çünki bu günə qədər müxtəlif variantlar müzakirə olunmuşdur, müxtəlif düsturlar əsasında təkliflər verilmişdir. Ancaq nəticə yoxdur. Praqa prosesi adlandırdığımız format, mən hesab edirəm ki, son şansdır. Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın".

 

Azərbaycanın hərbə əl atma hüququndan istifadə etmə seçimi Ermənistanın ən qorxulu kabusuna çevrilib

 

Danılmaz həqiqətdir ki, bu gün Ermənistanın əsas qorxusu Azərbaycanın işğal altında olan ərazilərini azad etmək üçün hərb variantına əl ata bilmək hüququndan istifadə edə biləcəyidir. Döyüş hazırlığı, maddi-texniki təminatı, şəxsi heyətinin sayı və digər parametrləri baxımından Azərbaycan ordusunun işğalçı ölkənin silahlı qüvvələrindən dəfələrlə üstün və güclü olması müharibə başlanacağı təqdirdə onun nəticələrinin necə olacağını bəri başdan tam dəqiqliklə müəyyən etməyə əsas verir. Ermənilər də yaxşı bilirlər ki, müharibə onlar üçün daha böyük fəlakət deməkdir. İşğalçı ölkəyə o da qəti məlumdur ki, tarixi vətənlərini heç vaxt unutmayan Azərbaycan xalqı, onun lideri ölkənin ərazi bütövlüyünün bərpası üçün başladığı haqq işindən geri çəkilməyəcək. Bu halda, yeni itkilər və acınacaqlı məğlubiyyətlə üzləşməmək üçün Ermənistanın, onun rəhbərlərinin yeganə çıxış yolu yaranmış son şanslarından maksimal dərəcədə faydalanmaq, işğal siyasətinə son qoymaqdır. Ermənistanın bir dövlət olaraq varlığının davam etməsi, bütün gələcək inkişafı məhz bu faktordan asılıdır.

Azərbaycanın isə Dağlıq Qarabağı və işğal altında olan digər ərazilərini mütləq azad edəcəyi, Prezident İlham Əliyevin apardığı siyasət və nümayiş etdirdiyi qətiyyəti sayəsində qaçqın və məcburi köçkünlərin yurd nisgilinə tezliklə son qoyulacağı təkcə ermənilərə yox, bütün dünyaya da yaxşı məlumdur.

1981-ci ildə Şuşada ulu öndər Heydər Əliyevlə birgə Vaqifin məqbərəsinin açılışında iştirak etdiyi günləri xatırlayan Prezident İlham Əliyev bununla bağlı bildirir: "O günləri mən çox yaxşı xatırlayıram. O qarlı şəraitdə Cıdır düzündə Vaqifin məqbərəsi önündə durmuşduq. O unudulmaz təəssüratlar sizin kimi mənim də qəlbimdə yaşayır, hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır. Biz ora qayıtmayana qədər sakitləşməyəcəyik. Biz bütün səylərimizi səfərbərliyə alıb elə etməliyik ki, tezliklə oraya qayıdaq. Bir daha demək istəyirəm və mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, biz Dağlıq Qarabağa qayıdacağıq və o bölgəni yenidən quracağıq, bütün dağıdılmış binaları, məscidləri, məktəbləri, evləri bərpa edəcəyik. Biz, sadəcə, istəyirik ki, buna tezliklə nail olaq, bu gün qaçqın həyatı yaşayanlar tezliklə öz ata-baba torpaqlarına qayıtsınlar".

 

Bəli, bu gün hər bir azərbaycanlı əmindir ki, Dağlıq Qarabağ tezliklə işğaldan azad edildikdən sonra yenidən ucaldılacaq və möhtəşəmliyi ilə seçiləcək Vaqifin məqbərəsinin ilk özül daşını məhz Prezident İlham Əliyev qoyacaq!

Xocavənddə Qələbə meydanının qırmızı lentini məhz Prezident İlham Əliyev kəsəcək!

Ağdamda, Xankəndidə, Şuşada, Qarabağın digər yaşayış məskənlərində azərbaycanlılarla görüşündə onları öz doğma yurd-yuvalarına qayıtması münasibətilə məhz Prezident İlham Əliyev təbrik edəcək!

İndi xarabazara dönən Qarabağ - bu əzəli Azərbaycan torpağı məhz Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən cənnətə çevriləcək!

 

 

Eyvaz HÜSEYNOV,

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı,

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin

azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2010.- 10 iyul.- S.  2.