Azərbaycan hökuməti ilə BMT arasında 2011-2015-ci illər üçün İnkişafa Yardım üzrə Çərçivə Sənədi imzalanmışdır

 

İyulun 9-da Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2011-2015-ci illər üçün BMT-nin Azərbaycanda İnkişafa Yardım üzrə Çərçivə Sənədi imzalanmışdır.

Mərasimdə Baş nazirin müavini Abid Şərifov Azərbaycan ilə BMT arasında 1992-ci ildən başlamış əlaqələrin hazırda yüksək səviyyədə, həm də ölkəmiz üçün çox faydalı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, BMT-nin Azərbaycanda həyata keçirdiyi hərtərəfli layihələr, o cümlədən kadrların hazırlanması, yoxsulluğun azaldılması proqramı, qaçqın və məcburi köçkünlərə kömək, işğaldan azad olmuş bölgələrdə bərpa işlərinin başlanması, eləcə də Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılması və s. sahələrdə fəaliyyəti, əməyi respublika hökuməti tərəfindən yüksək dəyərləndirilir. ANAMA-nın fəaliyyəti nəticəsində minlərlə hektar ərazilərimiz minalardan təmizlənmiş və insanların istifadəsinə qaytarılmışdır. Bu da birinci növbədə orada yaşayan soydaşlarımızın təhlükəsizliyi, həmçinin yeni yerlərinin yaradılması deməkdir. Azərbaycan hökuməti gələcəkdə də BMT-nin respublikamızdakı fəaliyyətinə həmişə dəstək verəcəkdir.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçura xoş sözlərə görə minnətdarlığını bildirmiş, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladaraq, bir türk kimi qardaş Azərbaycan xalqının naminə fəaliyyət göstərəcəyini vurğulamışdır. F.Akçura müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bütün sahələr üzrə sürətlə inkişaf etdiyini məmnunluqla diqqətə çatdırmış, imzalanacaq yeni sənədin əhəmiyyətindən danışmışdır. Sənəd "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın prioritetlərinə əsaslanır.

Sənədi Azərbaycan hökuməti adından Baş nazirin müavini Abid Şərifov, BMT adından qurumun ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçura imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 10 iyul.- S.  3.