Nikahnikah müqaviləsinin bağlanması ər-arvad arasındakı mübahisələrin həlli üçün təminatdır

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan sonra ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yönündə qətiyyətli və inamlı addımlar atılmağa başlandı.

Ulu öndərin siyasi kursunu yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda demokratik islahatlar, eləcə də insan hüquq və azadlıqlarının qorunub təmin olunması sahəsində görülən işlər daha geniş vüsət almışdır.

 

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi" və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanında da məhkəmə sistemində aparılan islahatların uğurlu nəticələri qeyd olunur.

Ölkədə yaradılan demokratik mühitdən qanun çərçivəsində yararlanan hər bir fərd təbii ki, ayrı-ayrı ailələrdə cəmləşir və Azərbaycan dövləti onların etibarlı müdafiəsi üçün lazımi tədbirlər həyata keçirir. Cəmiyyətimizin bütün sahələrini əhatə edən demokratik dəyişikliklər ailə münasibətlərinin də yeni məzmunla, beynəlxalq standartlara uyğun qanunlarla tənzimlənməsini tələb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə görə, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu normanın həyata keçirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, müxtəlif sahələrdə, o cümlədən qanunvericilik sahəsində islahatlar aparılmış və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən öhdəliklər götürülmüşdür.

Bu öhdəliklərdən biriBMT-nin qəbul etdiyi 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində təsbit olunmuş öhdəliklərdir.

Həmin maddənin 1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmış bütün kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər. Bu maddənin 2-ci bəndində isə deyilir ki, nikah yalnız nikaha daxil olan hər iki tərəfin azadtam razılığı ilə bağlana bilər. Göstərilən bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində də eyni konstruksiyalı norma təsbit olunmuşdur. Orada qeyd olunur ki, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz (34-cü maddənin II bəndi).

Bu il may ayının 24-25-də Bakıda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yurede-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı keçirilmişdir. Həmin konfransda Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qazanılan nailiyyətlər geniş müzakirə olunmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva konfransda demişdir: "Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuşolaraq qalır".

2000-ci ildən qüvvəyə minən yeni Ailə Məcəlləsi Konstitusiyamızda nəzərdə tutulan əsas insan hüquq və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranması, möhkəmlənməsi və onlara xitam verilməsi qaydalarını tənzimləyir, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını müəyyənləşdirir. Ailə qanunvericiliyi Konstitusiyadan, Ailə Məcəlləsindən, həmçinin həmin Məcəllənin nəzərə alınması ilə qəbul edilmiş digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Qanunda birbaşa göstərilir ki, ölkəmizdə ailə dövlətin himayəsindədir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsinə, ailə münasibətlərinin qarşılıqlı hörmət və məhəbbət hissləri əsasında qurulmasına, ailə həyatına müdaxilənin yolverilməzliyinə xidmət edir. Ailə üzvlərinin ailə qarşısında qarşılıqlı vəzifə və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmini, bu hüquqların məhkəmə müdafiəsi də qanunvericilikdə təsdiqini tapmışdır. Ümumiyyətlə, cəmiyyətdə gedən demokratik proseslər Ailə Məcəlləsində real şəkildə əks olunmuşdur.

Lakin nikaha daxil olan tərəflər çox vaxt qanunvericiliyin onlara verdiyi imkanlardan lazımınca yararlanmır, bu da müəyyən müddət keçdikdən sonra ailədə baş vermiş münaqişə ilə əlaqədar məhkəmə mübahisəsinin yaranmasına səbəb olur.

Ailə Məcəlləsinin 38-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslər arasında onların əmlak hüquqlarını və vəzifələrini müəyyənləşdirən nikah müqaviləsi bağlana bilər. Ərlə arvad həmin müqavilə əsasında birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək ümumi əmlaka, onun ayrı-ayrı növlərinə, yaxud ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın hazırda mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka münasibətlə də bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanılması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Qanuna əsasən, nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.

Nikah müqaviləsinin bağlanılması müddətinə gəldikdə isə o, nikahın bağlanılmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahdan öncə bağlanmış müqavilə nikahın dövlət qeydiyyatına alınması günündən etibarən hüquqi qüvvəyə minir. Müqavilə yazılı formada bağlanmaqla, notariat qaydasında təsdiq olunur. O, ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda onun tələbi ilə məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız sayıla bilər.

Ərlə arvad arasında nikahın pozulmasından sonra əmlak bölgüsü ilə əlaqədar Ali Məhkəmənin icraatına daxil olan mülki işlərə baxılarkən tərəflərin nikah müqaviləsi barədə məlumatsız olduqları aydınlaşır. Nikah müqaviləsi bağlanmasından imtina bəzən milli mentalitetlə əsaslandırılır. Nikah bağlanarkən əmlak rejimini tənzimləyən nikah müqaviləsinin bağlanmaması milli ənənələrə uyğun gəlməməsi, qabaqcadan ailədə mübahisə olması və ya nikahın pozulması ilə izah edilir. Ailə Məcəlləsində əksini tapan nikah müqaviləsi heçbu məqsədi daşımır. Əksinə, bu müqavilə əsasında öz öhdəlilklərini aydın dərk edən ər-arvadın gələcək ailə həyatı daha sağlam və uzunmüddətli olur. Çünki onlar evlənməyə qərar verməzdən öncə hər şeyi razılaşdırırlar. Təsadüfi deyil ki, hələ indiyədək bu cür müqavilə imzalamış ər-arvadın boşanma məsələsi məhkəmə predmetinə çevrilməyib. Hər hansı səbəbdən ayrılmaq zərurəti meydana çıxanda da onlar öz problemlərini həmin müqaviləyə uyğun olaraq çox sivil qaydada çözürlər. Odur ki, tərəflər nikah bağlayarkən nikah müqaviləsinin əhəmiyyətli olmasını nəzərə almalıdırlar.

Bu məqsədlə ayrı-ayrı hüquq firmaları, hüquq maarifçiliyi ilə məşğul olan qeyri-hökümət təşkilatları da təbliğat-təşviqat işlərini genişləndirməlidirlər.

Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrində isə yeni ailə quran gənclərə nikah müqaviləsinin əhəmiyyəti mütləq izah edilməlidir. AR Ailə Məcəlləsinin 9.1-ci maddəsinə müvafiq olaraq nikah müvafiq icra orqanında nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Bu müddət ərzində Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanları tərəfindən nikaha daxil olanlara nikah müqaviləsinin bağlanması barədə də öz fikirlərini bildirmələri təklif edilməlidir.

Yeri gəlmişkən, nikah müqaviləsinin bağlanılmasını nikahın bağlanmasından fərqləndirmək lazımdır. Kütləvi İnformasiya Vasitələri tərəfindən bu məsələ ilə bağlı əhali arasında sorğu aparılarkən vətəndaşlara nikah müqaviləsi ilə nikahın bağlanması arasındakı fərqin yetərincə izah olunmaması aydınlaşır.

Bir sıra vətəndaşlar nikah müqaviləsini nikaha daxil olan zaman nikahın bağlanması - rəsmiləşdirilməsi kimi başa düşürlər. Halbuki nikah müqaviləsi nikahın rəsmiləşdirilməsi - bağlanması deyil, nikaha daxil olan şəxslər arasındakı əmlak hüquq və vəzifələrini müəyyənləşdirir.

Məhkəmə təcrübəsi göstərir ki, son vaxtlar qeyri-rəsmi nikah münasibətlərinə əsasən ailə qurulması halları çoxalmışdır. Bu da həmin qəbildən olan məhkəmə mübahisələrinin sayının artmasında özünü göstərir. Nikaha daxil olan şəxslər arasında nikah müqaviləsi bağlanılmadıqda onların əmlak hüquq və vəzifələrinə Ailə Məcəlləsində müəyyən edilən qaydalar - ər-arvadın əmlakının qanun üzrə rejimi tətbiq edilir.

Ailə qanunvericiliyində nikahın bağlanılması isə ailə hüquq münasibətlərinin yaranmasının əsası kimi müəyyən edilmişdir. Rəsmi nikah bağlamadan (VVAQ orqanlarında) ailə quran şəxslər qanunvericilikdə ər-arvad üçün müəyyən olunmuş hüquq və vəzifələrdən istifadə edə bilmirlər. Bu da nikaha daxil olmayan tərəf üçün bir sıra problemlər yaradır.

Məsələn, nikah bağlamadan qeyri-rəsmi ailə qurmuş qadın və kişi qeyri-rəsmi nikah dövründə bir sıra əmlaklar (mənzil, maşın, bağs.) əldə edirlər. Sonralar onlar ayrıldıqda əmlak bölgüsü barədə məhkəmədə iddia qaldırmalı olurlar. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikahda olan şəxslərin nikah müddətində əldə etdikləri əmlak kimin gəliri hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq payları bərabər olmaqla onların ümumi birgə mülkiyyətini təşkil edir. Həmin şəxslər arasında nikah rəsmiləşdirilmədiyi halda, Ailə Məcəlləsinin 32.1-ci maddəsi onlara tətbiq edilmir. Lakin şəxslər əmlakın əldə edilməsində nə dərəcədə vəsait qoyduğunu sübut etməklə ondan pay tələb edə bilər. Bu isə mülki qanunvericiliklə tənzim olunur.

Göründüyü kimi, ailə qanunvericiliyi nikah bağlamaqla ailə quran şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün əlverişli və təminatlı imkanlar müəyyən etmişdir. Nikah bağlamadan ailə quran şəxslərin məhrumiyyətləri adətən, özlərinin qanunlara əməl etməmələrinin nəticəsi olur. Buna görə də ailə qurarkən tərəflər qanunvericiliyin tələblərinə əməl etməklə rəsmi nikaha daxil olmalı və nikah müqaviləsi bağlamalıdırlar.

 

 

Şəlalə MƏMMƏDOVA,

Məhkəmə-Hüquq Şurasının üzvü,

Ali Məhkəmənin Mülki İşlər üzrə

Məhkəmə Kollegiyasının sədri

 

Azərbaycan.- 2010.-  10 iyul.- S.  5.