Azərbaycan Prezidenti
İlham Əliyev MDB-nin
üzvü olan
ölkələrin dövlət
başçılarının qeyri-rəsmi
görüşündə iştirak etmişdir
Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 10-da Yaltada, məşhur Livadiyski sarayında MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.
Prezident İlham Əliyev və digər dövlət başçıları Livadiyski sarayına gəldilər.
Ukrayna Prezidenti Viktor Yanukoviç Prezident İlham Əliyevi sarayın önündə ehtiramla qarşıladı.
MDB-nin üzvü olan dövlətlərin liderləri sarayın tarixi "Ağ zal"ında toplaşdılar. Burada 1945-ci ildə tarixi Yalta konfransı keçirilmişdir.
Görüşü açan Ukrayna Prezidenti Viktor Yanukoviç MDB çərçivəsində iqtisadi əməkdaşlığın sürətləndirilməsi mexanizmlərinin müzakirə edilməsini, nəqliyyat və turizm sahələrində birgə layihələrin həyata keçirilməsini təklif etmişdir. Üzv dövlətlər arasında ticarətin liberallaşdırılması məsələsinə xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, görüşdə azad ticarət zonasının yaradılması barədə saziş layihəsinin hazırlanmasına və MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının növbəti görüşündə bu məsələyə baxılmasına dair razılıq əldə olunmuşdur.
Görüşdə humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Rusiya Prezidenti Dmitri Medvedev qonaqlar adından Ukraynanın dövlət başçısını doğum günü münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Dövlət başçılarının qeyri-rəsmi görüşlərinin keçirilməsi Birliyin təcrübəsində bir ənənəyə çevrilmişdir. İlk belə görüş 2000-ci il avqustun 18-də Yaltada olmuşdur. Belə qeyri-rəsmi görüşlərin gündəliyi olmur və hər hansı məsələlərə dair qərarlar qəbul edilməsi nəzərdə tutulmur. Yalnız təxirə salınması mümkün olmayan məsələlər istisna təşkil edir.
Bu qeyri-rəsmi görüşdə MDB-nin üzvü olan altı ölkənin - Azərbaycan, Ukrayna, Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın prezidentləri, Birliyin icraçı katibi iştirak etmişlər.
Yalta görüşünün təşəbbüsçüsü Ukraynadır.
Görüşün sonunda dövlət başçıları xatirə şəkli çəkdirmişlər.
* * *
İyulun 10-da Yaltadakı "Şatyor" dövlət iqamətgahında MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi birgə şam yeməyi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 11 iyul.- S.
1.