Qibtə etdiyim
insan
Onu həmişə ulu öndər Heydər Əliyevin yanında görməyə adət etmişdik: evdə, işdə, səfərlərdə. Bəstəboy, cüssəli, sirayətedici qırğı baxışları ilə ətrafdakıları rentgen kimi "müayinədən keçirən" bu adam peşəkarlığı bir yana, səmimiyyəti, etibarı və sədaqəti ilə Əliyevlər ailəsinin sıradan üzvünə çevrilmişdi.
Hər birimiz uşaqlıqda mütləq kiməsə oxşamaq istəmişik. İndi məktəblərdə inşa yazdırırlar, ya yox, bilmirəm, amma bizim vaxtımızda eyni mövzuda sərbəst yazı da tapşırırdılar. İndi bunları niyə xatırladım? İnsanın həmişə təqlidinə çalışdığı adamlarla yanaşı, qibtə etdiyi kəslər da olub. Məsələn, mən tarixi şəxsiyyətlərin - onların aralarında dövlət xadimi də ola bilər, sərkərdə də, yazıçı, alim də - müasiri, çiyindaşı olmuş insanlara həmişə "paxıllıq" etmişəm, bəxtəvərlik vermişəm. Çünki onlar müəyyən mənada canlı tarixin özü ilə təmasda, ünsiyyətdə olmuş, həmin zaman məsafəsini bütün yaşantıları ilə köynəklərindən keçirmiş, beləliklə, özləri də tarixin bir qəlpəsinə çevrilmiş adamlardırlar. Aleksandr İvanov bu cür qibtə etdiyim insanların sırasındadır.
Söhbətlərimizdən birində Aleksandr Alekseyeviç ürəyimdən keçənləri, özünün də müşahidə etdiyini dilinə gətirmişdi: "...Bir məqamı etiraf etmək istəyirəm: həmin illərdə də (1979-1988-ci illər - X.N.), sonralar - Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra da, mən ətrafımdakı insanların özünün müsbət mənada qibtəsi ilə rastlaşmışam. Bəli, mən zəmanəmizin canlı əfsanəsi, SSRİ adlı qüdrətli bir ölkənin söz sahiblərindən biri, sonrakı illərdə isə Azərbaycanın xilaskarı və Türk dünyasının liderlərindən birinin birbaşa yaxınlığında işləmək şərəfi ilə mükafatlandırılmışam".
Ötən əsrin 70-ci illərinin sonunda DTK-da xidmət edən Aleksandr İvanov bir may günü o vaxt Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyevin yanına dəvət edilir və ilk baxışdan heç nə bildirməyən adi söhbətdən sonra iş yerini dəyişməli olur. Bu, adi yerdəyişmə deyildi. İnsan taleyini dəyişməyə və onu təzədən yazmağa qadir bir vəzifə təyinatı idi. Haçansa çoxlarının kitablardan, canlı xatirələrdən axtaracağı bir tarixi mərhələnin, dövrün başlanğıcı idi.
Aleksandr İvanov. Kimi üçün Aleksandr Alekseyeviç, kimi üçün də elə, sadəcə, Saşa. 1979-82-ci illərdə Azərbaycan partiya təşkilatının başçısı Heydər Əliyevin şəxsi mühafizəsində çalışıb. 1982-88-ci illərdə isə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi olub.
Həmin illərdə istər Azərbaycanda, istər SSRİ-nin Voloqdadan, Sibir də daxil olmaqla, Vladivostokadək uzanan ucsuz-bucaqsız coğrafiyasında, istərsə də xarici ölkələrə səfərlərində Heydər Əliyevin zamanın yaddaşına köçürülmüş foto-şəkillərinin əksəriyyətində Aleksandr İvanovu görmək mümkündür.
Bu gün ulu öndər haqqında saysız məqalələr yazılır, kitablar nəşr olunur. Heydər Əliyev haqqında söz demək cəsarətini üzərinə götürmüş müəlliflərdən hər biri onun dövlətçilik, idarəetmə, siyasət, təsərrüfat sahəsindəki fəaliyyətinin çoxcəhətli məqamları barədə nəsə yeni bir şey deməyə çalışır. Bəzilərinin buna müvəffəq olduğunu da söyləyə bilərik. Lakin Heydər Əliyev "pərdə arxasında", evdə, ailədə, övladları, dostları ilə necə idi? Çox nadir hallarda müyəssər olan təklikdə necə idi? Hamı bilir ki, Heydər Əliyevdə lazım gələndə satiraya belə keçən güclü yumor hissi, hökmlü olduğu qədər də ipək təbiəti, doyulmayan zarafatları vardı. Bütün bunlar haqqında ən səmimi, təzə-tər, hər kəlməsi böyük məhəbbət, intəhasız ehtizaz və anındaca qüssəli gözlərində yumrulanan damcılarla müşayiət olunan xatirələr yalnız həmişə ulu öndərin yanında olan cangüdəni - Aleksandr İvanovun dilindən eşidilə bilər. Və əmin ola bilərsiniz, bu xatirələr ən doğru, səhih, "tək nüsxədə" səslənən xatirələrdir.
Öz "şef"inin müşahidə etdiyi məziyyətləri barədə saatlarca danışa bilər İvanov: - Heydər Əliyev tabeçiliyində olanlardan və ətrafındakılardan nə istəyirdi? Onun müəyyən etdiyi konkret "qızıl qaydalar" vardı - intizam, tələbkarlıq, obyektivlik və bir də kristal təmizlik. Məsələn, məni işə götürəndə ilk söhbətdəcə dedi ki, "bura bax, Saşa, "birinci" ilə yaxınlığına görə ətrafında fırlanan, hansısa xidmət göstərmək istəyənlər çox olacaq. Qətiyyən eşidib görməyim". Özü büllur, məişətdə gözütox və sadə adam olduğu üçün ətrafına da azacıq kölgə düşməsinə yol vermirdi.
Heydər Əliyev belə insan idi: işdə ciddi, tələbkar, həyatda ünsiyyətcil, istiqanlı, mehriban. Sadə zəhmət adamları, rəhbər işçılər onunla təmasdan vəcdə gəlirdilər; əlçatmaz və təvazökar, sərt və qayğıkeş, tələbkar və demokratik... Bu, Heydər Əliyev idi, onun iş metodu, işə və insanlara yanaşma tərzi belə idi".
Vəzifəsindən istefası ilə SSRİ adlı nəhəng bir maşının əsaslarını tərpədən Heydər Əliyev işdən aralanandan sonra bir müddət Moskvada yaşadı. Və həmin, heç də asan olmayan, illərdə artıq başqa işə keçmiş A.İvanov ulu öndəri tək qoymayan, mütəmadi yoluxan azlığın içində idi.
Sonralar tarix kimin haqlı, kimin haqsız olduğunu sübut etdi. Heydər Əliyev Naxçıvana döndü, gərgin siyasi mübarizələr sonrası xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdı və artıq müstəqil Azərbaycanın tarixində keyfiyyət və mahiyyətcə yeni epoxanın təməlini qoydu. Həmin dövrdə artıq başqa ölkədə yaşasa da, A.İvanov ulu öndərlə əlaqə saxlayır, gəlib-gedir, müəyyən tapşırıqlarını yerinə yetirirdi. Ancaq Bakı onu həmişə çəkirdi, içində bir doğma torpaq çağırışı vardı. Ulu öndər də ona qayıdacağı halda həyan duracağını bildirirdi. Amma taleyin işi belə gətirdi ki, o, Heydər Əliyev haqq dünyasına qovuşandan sonra Bakıya qayıda bildi. Bir vaxtlar Azərbaycanın birinci şəxsini və İttifaqın iki-üç ən nüfuzlu siyasi simalarından sayılan Heydər Əliyevi qorumuş Aleksandr İvanov Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı sayəsində yenidən doğma şəhərinə qovuşdu.
Bu barədə özü belə söyləyir: "Heydər Əliyev məni həmişə çağırırdı. Nə qədər ki, sağ idi, bilirdim ki, eyni havanı uduruq, eşitmək istəyəndə telefon var, yox, görmək istədimmi, təyyarə ilə üç saatlıq yoldur. Yəni onun sağlığı mənə bəs eləyirdi. Ancaq dünyasını dəyişəndən sonra mənə Moskvada oturmaq çox çətin gəldi. Bakıya döndüm. İndi heç olmasa bilirəm ki, onun uyuduğu şəhərdəyəm. Bir az sıxıldımmı, məzarını ziyarət edirəm, söhbətləşirəm. Zərifə xanım da buradadır. Yenə də keçən günlər yadıma düşür, o illərə qayıdıram. Mənə bir insan kimi ondan uzaq olmaq çox çətindir... Həm də mən köklü bakılıyam axı, Bayılda yaşamışıq. Adam yaşlaşdıqca, torpaq çəkir".
- Bəs Moskvadakı işləriniz necə oldu? Davam etdirən varmı?
- 1993-cü ildə fərdi mühafizə xidməti yaratmışdım. İndi böyük oğlum rəhbərlik edir. O biri oğlumun isə nəqliyyat müəssisəsi var, logistika ilə məşğuldur. Nəvəm 11-si sinif şagirdidir. Gimnastika ilə məşğul olur, məşhur "Todes" qrupunda çıxış edir.
- Siz 2005-ci ildən etibarən vaxtilə, daha dəqiq desək, 1991-ci ildən Heydər Əliyevlə fəal əməkdaşlıq etmiş "İnterfaks" xəbərlər agentliyinin ölkəmizdəki nümayəndəliyinin baş direktorusunuz. Hərbi intizama öyrəşmiş bir adam üçün media azadlığı, müstəqilliyi "çətinliklər" yaratmırmı? Həm də bu işin sırf peşəkar özəllikləri mövcuddur.
- Elə
bir kompleks hiss etmirəm. Əksinə, kifayət qədər
ciddi və nüfuzlu bir müəssisənin sükanı
arxasında dayandığımın
məsuliyyətini anlayıram.
Burada həm idarəçilik vərdişləri karıma
gəlir, həm də sovet hərbi-çekist
məktəbinin ciddi intizamı. Digər tərəfdən, ölkənin
informasiya məkanında
xəbər "istehsalı"
və ötürülməsi
ilə məşğul
olan media qurumları çox olmasa da, az da sayılmaz. Bu ləngərli informasiya
dənizində istənilən
agentliyi qərq olmağa qoymayan sırf peşəkar keyfiyyətlərdir, obyektivlik
və tərəfsizlik
kimi meyarlardır, sürət və etibar kimi dəyərlərdir.
Bizim istifadəçilərlə işgüzar
əlaqələrimiz məhz
belə bir inam mübadiləsi şəraitində baş
verir.
Qeyd edək ki, "İnterfaks-Azərbaycan" bu gün ölkə həqiqətlərini dünyaya yayan, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı beynəlxalq ictimaiyyəti operativ şəkildə məlumatlandıran nüfuzlu informasiya operatorudur. Ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən məlumatlar onun kanalları ilə dünyanın 130 ölkəsinə yayılır. Monitorinq sayəsində məlum olub ki, ABŞ, Böyük Britaniya, Almaniya ilə yanaşı, Çin, Vyetnam və Laos kimi ölkələrdə belə Azərbaycanla bağlı məlumatlar fəal oxunur. Agentliyin Naxçıvan, Gəncə və Lənkəranda büroları fəaliyyət göstərir. Yaxın günlərdə Qəbələ ofisi də işə başlayacaq. Ancaq A.İvanovun ən böyük arzusu Şuşadan dünyaya ilk xəbəri ötürməkdir. İnanır ki, Azərbaycan Prezidenti İlham Əliyev arzuları gerçəyə çevirməyi bacaran dövlət başçısı olduğu üçün bu sevinci lap yaxın zamanlarda yaşaya biləcəkdir.
- Bu yaxınlarda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə çox yaddaqalan bir tədbir keçirdik - deyə, Aleksandr Alekseyeviç özəl olaraq "Azərbaycan"ın oxucuları üçün bir məlumat verir: - Leyla xanım təklif verdi ki, vaxtilə Heydər Əliyevlə Moskvada çalışmış adamların hamısını bir yerə toplayaq. Orijinal ideya idi. Dərhal işə başladım. Bir-bir həmin adamları arayıb-axtardım, xəbər göndərdim. Bilsəniz, necə sevindilər. Bu, keçmiş sovet məkanında, Kremldə işləmiş adamlarla bağlı oxşarı olmayan bir presedent idi. Çünki indiyədək "Kremlin köhnə qvardiyasından" həyatda olanların nəinki nəvələri, uşaqları, heç özləri də keçmiş işçilərini soraqlamamışdı. Bu, bəlkə də mentalitetdən irəli gələn bir şeydir. Xatırlayırsınızsa, sizinlə irəliki söhbətlərimdə də demişdim ki, gərgin iş rejiminə, tez gəlib, gec getməsinə, ciddiyyətinə baxmayaraq, tabeliyindəki bütün işçilər Heydər Əliyevi çox sevirdilər: ədalətli, insanpərvər, qədirbilən olduğuna görə. İndi onların hamısı gəlmişdi. Heydər Əliyevin katiblik rəisinin müavini, iki köməkçisi, qəbul otağının növbətçi məruzəçiləri, şəxsi həkim, şəxsi mühafizə əməkdaşları, sürücülər... Aradan nə az, nə çox - düz 21 il keçməsinə baxmayaraq, onlar hər şeyi xatırlayırdılar. O böyük insan haqqında şövqlə, məhəbbətlə, minnətdarlıqla danışırdılar. Səmimi göz yaşları məzəli xatirələrin qəhqəhəsi içində əriyirdi. Hər kəs öz bildiyi, gördüyü, iştirakçısı olduğu əhvalatı söyləyirdi. Leyla xanımsa hamını dinləyirdi: maraqla, təşnə ilə. Sevimli babası haqqında tanımadığı, ilk dəfə gördüyü bu insanların səmimi, şirin, bir qədər də nostalji söhbətləri ona mənəvi zövq, təskinlik verirdi. Hesab edirəm ki, bu görüş onun öz babasının əziz ruhu qarşısında yerinə yetirdiyi nəcib bir nəvəlik borcu idi.
Aprel ayında həmin heyət Bakıya dəvət olundu. Bu dəfə doqquz nəfər idilər.
Ölkənin birinci xanımı,
ulu öndərin adını daşıyan
Fondun rəhbəri Mehriban xanım onları qəbul etdi. Yenə də son dərəcə
maraqlı söhbətlər
oldu. Mehriban xanım Azərbaycan
xalqının milli sərvəti olan Heydər Əliyevin xatirəsini əziz tutduqlarına, xoş və səmimi xatirələrinə görə
moskvalı qonaqlara təşəkkürünü bildirdi. Artıq hər biri müəyyən
yaş həddində
olan bu adi
insanlar Mehriban xanımdan gördükləri
istiqanlılıqdan, qonaqpərvərlikdən
mütəəssir olduqlarını,
eləcə də ulu öndərin xatirəsini əbədiləşdirmək
məqsədilə birinci
xanımın rəhbərliyi
altında Fondun həyata keçirdiyi böyük işlərdən
vəcdə gəldiklərini
gizlədə bilmirdilər.
Sonra əsl Azərbaycan qonaqpərvərliyi ilə
həmin adamlar üç gün Qəbələdə dincəldikdən
sonra yola saldıq. Unudulmaz görüş, yaddan çıxmayacaq təəssüratlar idi.
Həyatının ən maraqlı, unudulmaz illəri sayır Heydər Əliyevlə işlədiyi dövrü
Aleksandr İvanov:
- Bəli,
dünən də, bu gün də
mən fəxr etmişəm, Allahın əta etdiyi ömür payını bundan sonra nə
qədər yaşamaq
qismətimdə varsa,
yenə də Heydər Əliyevlə keçirdiyim günlərin,
illərin iftixarını
yaşayacağam. Bilirsiniz, təsadüf
elə gətirə bilərdi ki, başqa yerdə, başqa bir adamın yanında da işləməli olardım. Amma onun yanında
çalışmaq mənim
üçün həmişə
vəzifə tapşırığından
bir boy yüksəkdə
durub, ruhani borca, mənəvi ehtiyaca çevrilib.
Zəmanəmizin canlı əfsanəsi ilə uzun illər
yanaşı addımlamaq
bəxtiyarlığını yaşayan Aleksandr Alekseyeviç İvanov iyulun 12-si ömür təqviminin 60-cı səhifəsini
aşıracaq. Qəlbində böyük bir insan haqqında ən munis xatirələri
yaşadan, cəmiyyət
üçün faydalı
bir işlə məşğul olan, övladlarının uğurları
ilə fəxr edən və vətənini çılğıncasına
sevən bir adam üçün
60 yaş çox deyil. Ələlxüsus o ömür namus
və şərəflə
yaşanıbsa.
Xalid NİYAZOV
Azərbaycan.- 2010.- 11 iyul.- S.
2.