Milli Məclisdə Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupun üzvləri ilə görüş olmuşdur

 

İyulun 10-da Milli Məclisdə Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupun üzvləri ilə görüş olmuşdur.

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev qonaqlara ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar, parlamentin fəaliyyəti barədə məlumat vermişdir. O, Böyük Britaniyada keçirilən seçkilərdən sonra ölkələrimiz arasında ikitərəfli əlaqələrdə böyük dəyişikliklərin olduğunu söyləmişdir. Ç.Əsədullayev seçkilərdən bir ay sonra Böyük Britaniya-Azərbaycan dostluq qrupunun formalaşmasını yüksək qiymətləndirərək demişdir ki, bu, parlamentlərimiz arasında yüksək səviyyədə olan əlaqələrin təzahürüdür.

Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verən Ç.Əsədullayev demişdir ki, müstəqilliyinin ilk illərindən müharibə şəraitində olan ölkəmizdə yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə köklü islahatların, dirçəlişin əsası qoyulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ç.Əsədullayev demişdir ki, Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır, 1 milyondan artıq insan isə qaçqın və köçkün düşmüşdür.

Bildirilmişdir ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən sonra ölkəmizə böyük sərmayələr yatırılmışdır. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanın neft-qaz sektorunda Böyük Britaniyanın iştirak payı 50 faizdən artıqdır. Qeyri-neft sektorunda da əlaqələrin inkişafı üçün böyük perspektivlər vardır. Ümumiyyətlə, bu gün Azərbaycanda biznesin inkişafı üçün hər cür şərait yaradılmış, bu sahədə möhkəm qanunvericilik bazası formalaşmışdır.

Azərbaycana ilk səfərindən məmnun qaldığını söyləyən Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Mark Fild parlament diplomatiyası, seçki prosesinə müşahidəçi missiyası və digər məsələlərə dair fikir mübadiləsi aparmışdır. Qonaq ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək əməkdaşlığın genişlənməsində parlamentlərarası qrupun böyük əhəmiyyətini vurğulamışdır. M.Fild demişdir ki, bu gün Böyük Britaniyada Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük əhəmiyyət verirlər. Lakin bu əlaqələr yalnız neftqaz sahəsini əhatə etməməlidir. O, ölkəsinin maliyyə, humanitar və digər sahələrdə də əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 iyul.- S.  2.