Azərbaycanı dünyaya qovuşduran yol

 

"Heydər Əliyev Beynəlxalq Aeroportuna xoş gəlmisiniz!" - Bu məkanda adamı beləcə nəzakətlə qarşılayıb xoş sözlə uğurlayırlar. Hər sərnişini gedəcəyi ünvana bir məqsəd, arzu aparır. Və göyün yeddinci qatı ilə səfərə çıxan, canını, yaxınını, doğmasını hava gəmisinə etibar edən adamlar üçün bu bir neçə isti, hərarətli, mehriban kəlmənin necə də böyük əhəmiyyəti var!

 

"... Mənə qanad verin!"

 

Səmadan söhbət açmaq istəyirəm, Sizə! Səmadan! İşimiz dara düşəndə, çətin bir sınaq qarşısında karıxıb qalanda, xeyirxah, saleh bir işə qərar verəndə hər birimizin əllərimizi açaraq ulu Yaradanımızı aradığımız səmadan. Nədəndirsə, insanın ən munis, məhrəm, romantik duyğuları həmişə göynən bağlı olur. Nəhayətsizdir, əngindir, əlçatmazdır, ona görəmi?..

Heç fikir vermisinizmi, təyyarə hər dəfə şikar üstünə atılmağa hazırlaşan pələng kimi uçuş zolağında bir anlıq "nəfəs dərib" son dəfə güclü mühərrikləri ilə nərildəyib sürətlə göyə şığıyandan sonra insan bu cür xəyalpərvər düşüncələrə dalır. Sən, gümüşü hava gəmisi və bir də qar topası kimi ağ-pənbə buludların üstündən açılan masmavi səma...

İnsanın azadlıq arzusu. Təyyarənin yaranma səbəblərindən biri, bəlkə də elə ilkincisi bu duyğu ilə bağlıdır. Yunan rəvayətlərinin söylədiyi kimi, min illər əvvəl afinalıların qəzəbindən qaçıb Krit hökmdarı Minosa pənah gətirən Dedal sonradan vətəninə dönmək istəyir. Lakin adanın su yolları nəzarətdə olduğundan quş olub uçmağı düşünür. Onun quraşdırdığı qanad gələcək təyyarənin ilk konstruktiv elementi, oğlu İkarın həlak olması isə "hava nəqliyyatında" ilk qəza sayıla bilər.

Həvəskar aviasiyanın tarixi hind, tibet, çin, ərəb mənbələrindən üzü bəri insanların səma ilə bağlı arzularını isbatlayan onlarla fakt tanıyır. Qədim Çində cəza kimi insanın kağız çərpələnglərə bağlanıb göyə buraxılması YI əsrə, ərəb əsarətində olan İspaniyada alim və ixtiraçı Abbas ibn Fərnasın məscid minarəsindən deltaplanla uçuşu IX əsrə təsadüf edir. İlk "qitələrarası uçuş" rekordu da müsəlmanlara aiddir. 1630-cu ildə Əhməd Çələbi İstanbuldakı Qalat qülləsindən atılaraq "qanadlı planer"i ilə Bosforun üzərindən uçub qarşı sahildə yerə enmişdi.

XIX əsrin sonlarında alman Liliental ilk mühərriksiz uçuş aparatı olan planerdə süzürdü. Amerikalı Uilber və Orvill Rayt qardaşlarının avtomobil mühərriki quraşdırdıqları ilk aeroplan isə 1903-cü il dekabrın 17-də havada cəmi 12 saniyə süzərək 30 metr qət eləyə bilmişdi.

Bütün bunlar tarixin yaddaşında qalan ani fraqmentlərdir. Qarşıdan isə XX əsr gəlirdi.

 

Azərbaycanın mülki aviasiyası

 

 Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ilə təsadüf edir. Bundan doqquz il sonra havaya qalxmış "Fərman-30" tipli təyyarə isə Xəzər dənizinin üzərindən uçaraq Krosnovodskda yerə enmişdi. 1921-ci ildə ilk dəfə reysə poçt-yük təyyarəsi çıxmış, iki ildən sonra Bakı ilə Tbilisi arasında sərnişin daşınmasına başlanmışdır.

Xarkovla İranın Pəhləvi şəhərini birləşdirən və SSRİ-də sayca ikinci olan beynəlxalq aviasiya xətti də 1928-ci ildə Bakıdan keçirdi.

Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın yaranmasının əsasını qoyan ilk aviasiya qrupu yaradıldı. Beləliklə, 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə edənədək ölkəmizin aviasiya təsərrüfatı ittifaq aviasiya ailəsinin sıradan bir üzvü kimi fəaliyyət göstərdi, inkişaf etdi, təcrübə topladı.

Mülki aviasiyamız bugünkü uğurlarına SSRİ-dən qalma kasıb və nimdaş "cehizlə" yol açdığını unutmur. Keçmiş İttifaqın aviasiya parkını təşkil edən və köhnə olsa da, etibarlı TU-154, TU-134, YAK-40, AN-2, Mİ-8 və Mİ-2 vertolyotları Azərbaycan mülki aviasiyası "əzələlərini" möhkəmlədənədək ləyaqətlə xidmət etdilər.

Azərbaycan Respublikası 1992-ci il oktyabrın 9-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), 2002-ci ilin noyabr ayından isə Avropa Mülki Aviasiya Konfransının üzvüdür. Hazırda 29 dövlətlə hava əlaqəsi barədə hökumətlərarası razılaşma imzalanıb, 22-si ilə razılaşma ekspertlər səviyyəsindədir. 12 ölkə ilə belə razılaşmanın əldə edilməsi barədə 2008-ci ildə yaradılmış Dövlət Mülki Aviasiya Administrasiyası işgüzar danışıqlar aparır. Bütövlükdə, Azərbaycan mülki aviasiya üzrə 22 beynəlxalq konvensiyaya qoşulub.

Müstəqil Azərbaycanın mülki aviasiyasının lideri "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətidir. Mövcud olduğu illər ərzində qazandığı zəngin təcrübə və peşəkarlıq səviyyəsi onu daxili və xarici aviadaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanıtmışdır. Dünya maliyyə-iqtisadi böhranının bir çox aviasiya nəhənglərinin fəaliyyətini iflic etdiyi bir vaxtda "Azal" bu sınaqdan dəyanətlə çıxaraq ötən ildə 32 min ton yük və 100 minə yaxın sərnişin daşımağa müvəffəq olmuşdur.

Bu gün qanadlarında Azərbaycanın üçrəngli bayrağını gəzdirən "Azal" MDB-nin 31, Avropanın 16, Amerikanın 12, eləcə də Asiyanın 15 şəhərinə uçuşlar təşkil edir. İyulun 15-dən etibarən bu xəritəyə daha bir ünvan daxil olacaq - A-319 layneri Bakı-Praqa reysi ilə müntəzəm uçuşlara başlayacaqdır. Eləcə də yeni Bakı-Antalya və Bakı-Bodrum aviareysləri sərnişinlərə xidmət edəcəklər. "Azərbaycan Hava Yolları"nın 12 ölkədə nümayəndəlikləri fəaliyyət göstərir.

Geridə buraxdığımız son bir neçə il Azərbaycanın mülki aviasiya təsərrüfatının inkişaf və formalaşma mərhələsi kimi xarakterizə edilə bilər; müasir standartlara cavab verən aeroportlar inşa olunub, yeni laynerlər alınır, sahənin material-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib.

Ölkə Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi olaraq bölgələrin xarici iqtisadi əlaqələrdə, eləcə də beynəlxalq daşımalarda iştirakının həcmi əhəmiyyətli dərəcədə artır. Məsələn, respublikanın cənub bölgəsinə diqqətin artması Lənkəran aeroportunu "darıxmağa" qoymur. Hazırda bu şəhərlə Moskva arasındakı hava əlaqəsini bir neçə aviaşirkət həyata keçirir. İyul ayından etibarən Rusiya aviaşirkətlərindən biri Lənkəran-Sankt-Peterburq-Lənkəran reysi ilə sərnişin daşınmasına başlayacaq. Daha bir şirkətlə reys açmaq barədə danışıqlar gedir. Bu, nəyi göstərir? Deməli, Prezident tərəfindən düzgün yönəldilmiş iqtisadi siyasət bölgələrin sosial mənzərəsini, əhalinin rifah halını yaxşılaşdırmaqla yanaşı, nəqliyyat infrastrukturunun inkişafına da müsbət impuls verir.

Gəncədən Moskva, Sankt-Peterburq, Kiyev, Naxçıvan və Bakıya sərnişin reysləri gerçəkləşdirilir. Perspektivdə İstanbul ilə hava əlaqəsinin yaradılması layihəsi durur.

Azərbaycan bu gün regionun lider ölkəsidir. Bu həqiqəti ən müxtəlif beynəlxalq sorğu mərkəzləri, sosial-iqtisadi təhlillə məşğul olan mərkəzlər də təsbit edirlər. Sevindiricidir ki, həmin birincilik statusunu respublikanın mülki aviasiya təsərrüfatı da qoruyub saxlayır. Sərnişin daşınması nöqteyi-nəzərindən hələlik tranzit ölkə səviyyəsinə çatmasaq da, yük daşınmasında Bakı prioritetlərini qoruyub saxlayır. Həmin seqment üzrə 1996-cı illə müqayisədə yük dövriyyəsi göstəricisi 1000 dəfəyə yaxın artmışdır. Bu məsələdə uçuşların təhlükəsizlik səviyyəsinin artması və regionda ən yaxşı aeronaviqasiya sisteminin mövcudluğu sözünü deyir. Binə beynəlxalq aeroportu BMAT təsnifatı üzrə ən yüksək- üçüncü kateqoriyaya layiq görülmüşdür. Bu o deməkdir ki, Bakıda istənilən hava şəraitində, istənilən tip hava gəmisi enə bilər. Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində nəhəng Bakı Yük Terminalı, müasir "Airport" mehmanxanası tikilib istifadəyə verilmişdir.

 

"Biz sizin üçün yaranmışıq"

 

 Bu, gəlişigözəl kəlmələr deyil, sıralarında bir neçə min nəfərlik zəhmətkeş və mehriban kollektivi birləşdiən "Azərbaycan Hava Yolları"nın hər bir potensial sərnişinə ünvanlanmış devizidir.

Hər gün Azərbaycanın hava məkanından 200-dən artıq təyyarə uçur. Onların bir hissəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enir, bir qismi isə beynəlxalq hava dəhlizləri ilə yoluna davam edir. Azərbaycanın əsas, yaxud tranzit ünvan kimi seçilməsi təsadüfi deyil. Təhlükəsiz səma, yerüstü xidmətin dünya standartları səviyyəsinə çatdırılması respublikamızı dünya aviakompaniyaları üçün cəlbedici etmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun ölkə milli aviasiyasının çətin günləri barədə müxtəlif vaxtlarda söylədiklərini xatırlatmaq yerinə düşərdi:

- Mülki aviasiyanın bugünkü durumu, heç şübhəsiz, bütövlükdə Azərbaycanın nail olduğu uğurlar silsiləsindən bir bənd kimi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə iqtisadiyyatı üçün çox çətin 1996-cı ildə o, mülki aviasiyaya az qala ölkə büdcəsinin yarısını təşkil edən bir məbləğin - 200 milyon dolların investisiya edilməsi barədə cəsarətli, uzaqgörən və həmişə olduğu kimi, müdrik və düzgün bir qərar verdi. Belə ki, digər nəqliyyat növlərindən fərqli olaraq aviasiya uzaq qitələri qısa zaman axarında birləşdirən, müharibə məhrumiyyətlərini yaşayan bir ölkə üçün optimal və strateji bir xidmət sahəsidir. Vəziyyətimiz, demək olar ki, kritik həddə idi; avianəqliyyat vasitələri parkı öz ehtiyatlarını tükətmiş, gəlirlə xərc arasındakı nisbət ikincinin xeyrinə artmış, xarici və daxili borclarımız çoxalmışdı. Özündə əsaslı yenidənqurmanın birinci mərhələsi üçün zəruri texnika və avadanlığın alınmasını nəzərdə tutan optimal smeta hazırlandı, cəsarətli idarəetmə tədbirləri həyata keçirildi. Diqqətəlayiqdir ki, Azərbaycana ilk xarici sərmayələr də məhz spesifik fəaliyyət sahəsi olan aviasiya vasitəsilə gəldi. Həmin, heç də asan olmayan illər, bugünkü hərtərəfli inkişaf etmiş, dönməz texniki tərəqqi xətti götürmüş mülki aviasiya nəhənginin üzərində inamla durduğu möhkəm təməli xatırladır.

Bəli, bu gün həmin təmələ Azərbaycanın hava məkanında hava hərəkətinin idarə olunması zamanı uçuşların təhlükəsizliyini təmin edən "Azəraeronaviqasiya" müəssisəsi, uçuşların mühəndis-texniki təminatının həyata keçirilməsi məqsədilə istehsal və funksional strukturların tam kompleksinə malik Aviasiya-Texniki Mərkəzi, daxili və beynəlxalq uçuş xətlərində sərnişin və yüklə bağlı təhlükəsizlik tədbirlərinin böyük bir spektrini həyata keçirən Aviasiya Təhlükəsizliyi İdarəsi, hava gəmilərinə yerüstü xidmətlərin böyük çeşidini təklif edən "Ground Handling Company" MMC və digər infrastruktur bölmələri daxildir.

Ulu öndərin təşəbbüsü və yaxından iştirakı ilə bu gün qürurla onun adını daşıyan və ən ciddi beynəlxalq standartlara cavab verən yeni aeroport tikilib istifadəyə verildi, iki ədəd "Boinq-757" təyyarəsi alındı, hava hərəkətinin idarəedilməsi yenidən qurularaq ən müasir aeronaviqasiya avadanlığı və cihazları ilə təchiz edildi. Məhz "Azal" rəhbərliyinin düşünülmüş inkişaf, marketinq və rasional menecment siyasəti sayəsində Azərbaycan mülki aviasiyası bugünkü səviyyəsinə çatmış, Gəncədə, Naxçıvanda, Lənkəranda, Zaqatalada beynəlxalq uçuşlara xidmər etməyə qadir hava limanları istifadəyə verilmişdir. Avropadan dörd ədəd aerobus, altı ədəd "ATR-42-500" və "ATR-72-5002 tipli sərnişin təyyarələri, müasir mühərriklərlə təchiz edilmiş "İL-76" yük təyyarələri, habelə Fransanın "Evrokopter" şirkətindən altı ədəd "Super Puma" və "Dauphin" helikopterləri alınmışdır.

Aviaparkın rahat, müasir və yüksək texniki göstəricilərə malik laynerlər hesabına təzələnməsi AZAL rəhbərliyi üçün prioritet məsələlərdəndir. Beynəlxalq texniki əməkdaşlıq sahəsində köhnə və etibarlı tərəfdaş sayılan "Boeinq" şirkəti ilə "Boeinq-767" təyyarəsinin alınması barədə müqavilə imzalanmışdır. Bu tip iki ədəd təyyarə 2011 və 2012-ci illərdə Azərbaycana gətiriləcəkdir. "Arzuların layneri" kimi tanınan iki ədəd "Boeinq-787" drimlaynerləri isə ölkənin hava məkanına 2014-cü ildən sonra daxil olacaqdır. Yeni təyyarələr, heç şübhəsiz, Yer kürəsinin ən müxtəlif ünvanlarına yeni uçuşlar, yeni əlaqələr, Azərbaycanın dünyaya yenidən tanıdılması sahəsində növbəti addım olacaqdır.

"Azal"ın sıx əməkdaşlıq etdiyi və artıq dünyada da etibarlı tərəfdaş imici qazanmış yükdaşıma operatorlarından olan "Silk Way" aviaşirkəti bu ilin sonu və qarşıdakı ildə iki ədəd dünyada ən böyük "Boeinq-747" yük təyyarəsini ölkəmizə gətirəcəkdir. Yaxın perspektivdə daha iki ədəd "Boeinq-767" yük təyyarəsinin alınması ilə "Silk Way" aviaşirkəti dünya yükdaşımaları bazarında ciddi rəqibə çevrilməyi bacaracaqdır.

2005-ci ildə istifadəyə verilmiş və dünya analoqları sırasında ən yaxşılarından sayılan, ən müasir avadanlıq və mexanizmlərlə təchiz edilmiş "Baku Cargo Terminal"ı yük əməliyyatlarının səmərəliliyini artırmaqla yanaşı, tarixi "İpək yolu" layihəsinin bir hissəsi olmaqla Amerika və Avropadan Asiyaya gedən yüklər üçün ötürücü məntəqə rolunu oynayır.

Azərbaycanda milli aviasiya kadrları hazırlayan elm-təhsil ocağının açılması müstəsna hadisədir. Hələ ulu öndər Heydər Əliyev deyirdi ki: "Mən xoşbəxtəm ki, Azərbaycan mülki aviasiyasının öz milli kadrları - təyyarəçiləri, mühəndis və mütəxəssisləri var və onlar bizim aviasiyamızı gələcəkdə də inkişaf etdirəcəklər".

Milli Aviasiya Akademiyası həqiqətən, Azərbaycanın müstəqilliyinin nailiyyətlərindən biridir. Həmin təhsil müəssisəsinə tanınmış alim, akademik Arif Paşayevin rəhbərlik etməsi isə buradakı təhsilin, elmi potensialın və maddi bazanın vəziyyəti barədə ən səhih məlumatı verir. Bu gün dövlətlərarası aviasiya komitəsinin mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə hüquq verən sertifikatına layiq görülmüş ali məktəbdə 2000 nəfərdən artıq tələbə 20 ixtisas üzrə aviasiyanın sirlərinə yiyələnir.

 

"Uçuşa icazə verirəm!"

 

 12 min saat səmada! Yalnızca sən və səma! Üzbəüz! 12 min saatı insan ömrünə böləndə nə qədər edir? Hesablayaq... düz 500 gün, il yarımdan azacıq kəm. Hər saniyəsi risk və qəhrəmanlıqla dolu bir ömür əmanəti. Zatən, taleyini səmaya etibar etmiş adamlar üçün ömür onillərlə deyil, saatlar, anlarla ölçülür.

Bu rəqəm Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Calal oğlu Əsgərovun şəxsi rekordudur. Və mülki aviasiya sistemində uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışdığını, böyük aviasiya təşkilatçısı olduğunu nəzərə alsaq, yüksək bir göstərici kimi səciyyələndirmək mümkündür.

Bəs bir insan üçün onun əməyinin, zəhmətinin ən böyük etirafı nədir? Əməlləri, yaratdıqları! Elə bir iş görməyi bacarmalısan ki, illər sonrası həmin dövrü sənin adınla bağlaya, xatırlaya bilsinlər. Bu sarıdan bəxti gətirmiş insanlardandır Cahangir Calal oğlu. 60 illik ömrünün dörd onilliyi Azərbaycanın mülki aviasiyası ilə bağlıdır. Gənclikdən başlayıb ömrün müdriklik zirvəsinədək uzanan nahamar, sınaq dolu yol. Kimlər gəlib, kimlər keçib. Asan olmayıb, amma çətin günlər də qorxudub qaçıra bilməyib.

Pencəyinin yaxalığına və furajkasına mavi rəngli, qoşa qanadlı nişan bərkidilmiş təyyarəçilər izlədiyimiz uşaqlıq filmlərindən hafizəmizdə bütün dünya qadınlarının aşkar bir heyranlıqla köks ötürdükləri romantik peşə sahibləri kimi qalıblar. Ancaq bu peşənin romantikası ilə yanaşı, sərt gerçəklikləri, çətinlikləri, riski də az deyil. Əmək fəaliyyətinə 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində çilingər kimi başlayan 20 yaşlı Cahangiri bu çətinliklər qorxutmadı. Əksinə! 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi, 1980-ci ildə isə Leninqrad Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisasları üzrə bitirən C.Əsgərov müxtəlif illərdə AN-2 təyyarəsinin ikinci pilotu, komandiri, aviaeskadrilya komandiri, təlimatçı-pilot, TU-134 təyyarəsinin komandiri, respublika Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1993-1996-cı illərdə "Azal"ın Türkiyədəki baş təmsilçisi vəzifələrində çalışdı. Əmək fəaliyyətinə eyni kollektivdə sıravi işçi kimi başlayan Cahangir Əsgərov 1996-cı ildə ulu öndərin sərəncamı ilə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru, 2008-ci ildə isə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Hava yolları" QSC-nin prezidenti təyin edilmişdir.

- Bu gün "Azərbaycan Hava Yolları"nın əldə etdiyi bütün nailiyyətlərin tək memarı, sahənin modernləşməsinin təşəbbüskarı Prezident İlham Əliyevdir! - Cahangir Əsgərov bu həqiqəti təkrarlamaqdan usanmır. Ən müxtəlif vaxtlara təsadüf edən çıxışlarında ana xətt kimi belə bir etiraf səslənir ki, son illər Azərbaycan mülki aviasiyası əldə etdiklərinə görə, bunlar isə barmaqla sayılacaq qədər az deyil, yalnız və yalnız ölkə başçısına borcludur. Cənab Prezidentin rəhbərliyi altında işləmək həm asandır, həm də çətin. Ona görə çətindir ki, o, hər şeyi bilir, asanlığı isə hər bir təşəbbüsümüzə anlayış göstərməsi ilə bağlıdır. O, müdrik strateq kimi Azərbaycanın ümumi inkişafında mülki aviasiyanın yerini və rolunu görüb düzgün qiymətləndirir. Əmindir ki, bu sahəyə qoyulan hər bir manat Azərbaycanın imicinə işləməklə qalmayıb, həm də maddi dividend gətirir, ölkənin mülki aviasiya təsərrüfatını iqtisadi cəhətdən rentabelli bir quruma çevirir.

Dövlət başçısı Azərbaycanın mülki aviasiya şahinlərinin əməyini həmişə yüksək qiymətləndirmişdir. Bu qayğının daha bir bariz təcəssümü kimi bu ilin may ayında "Əməkdar pilot" fəxri adının təsis olunmasını, eləcə də dörd ildən bəridir, Azərbaycan mülki aviasiya işçilərinin hər il iyunun 2-ni öz peşə bayramları kimi qeyd etmələrini göstərmək olar.

Azərbaycan mülki aviasiyasının son 14 illik tarixi Cahangir Əsgərovun adı ilə bağlıdır. Təcrübə göstərir ki, insan sevib-seçdiyi peşəyə öz balası kimi sarılanda, yalnız iş yeri, çörək təknəsi deyil, bir tale işi, həyat fəlsəfəsi kimi baxanda, iş də alınır, nəticə də yaranır. Bu gün ömür kitabının 60-cı səhifəsini çevirən Cahangir müəllim üçün ömrünün üçdə ikisini sərf etdiyi aviasiya bir peşə olmaqla qalmayıb, həyatının mənasına, mövcudluq iksirinə çevrilib. Məhz ölkənin dövlət başçısının dəstəyi, özünün isə peşəkarlığı və təşkilatçı istedadı sayəsində Azərbaycan mülki aviasiyası bugünkü inkişaf zirvəsinə ucalıb.

Milli pilot kadrlarının hazırlanmasında böyük zəhməti olan Cahangir Əsgərov ölkələr arasında aviasiya nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyası və Ukrayna prezidentlərinin fərmanlarına əsasən "Dostluq" və "Knyaz Yaroslav Mudrı" ordenləri ilə təltif edilmişdir.

Deyə bilmərik, Cahangir müəllimin nəvəsi öz babasının məsləyini davam elətdirəcək, ya yox! Ancaq bu ocaqdan uca şahin adını daşıyan kimsə mütləq çıxacaq. Çünki bu elə bir şövq, elə bir sevdadır ki, nəsilləri gen səviyyəsində belə, təqib edir.

 

"Diqqət! Diqqət! Bir neçə dəqiqədən sonra təyyarəmiz Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəcək!.."

 

Hüdudsuz səmanın yaxasından ildırım tək şığıyan hava gəmisi zümrüd Xəzərin üzərində dövrə vuraraq uçuş-enmə zolağına enir. İllüminatorlardan açılan, sonra isə şəhərin qonaqlarının gözləri qarşısında canlanan mənzərə sözün əsl mənasında, adamı heyrətə gətirir. Bakının "hava qapısı", limanın ərazisindəki infrastruktur obyektləri orijinal memarlıq həlli, təkrarolunmaz estetik siması ilə paytaxtımıza xoş niyyətlə ayaq basan hər bir kəsin izzəti-nəfsinə "sığal çəkir". Hər bir əcnəbi üçün Azərbaycan məhz bu məkandan başlanır. Və deyilənə görə, ilk təəssüratın həmişə böyük əhəmiyyəti olur.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.-  11 iyul.- S.  3.