"Əkinçi" qəzeti ekoloji maarifləndirmənin əsasını qoymuşdu

 

Xalqın milli atributlarından biri ana dilində dövri mətbuatıdır. Bu atributu yaratmağa Qərbi Avropa XVI əsrdə, Rusiya XVIII əsrdə, Azərbaycan isə XIX yüzillikdə başlayıblar. 1875- ci ildə M.F.Axundovun xələflərindən olan Həsənbəy Məlikov Zərdabi (1842-1907) Azərbaycan dilində ilk dövri mətbuat olan "Əkinçi" qəzetinin nəşrinə başladı. Bu qəzetin qiyməti çoxdan verilib (tədqiqatçılar zaman-zaman "Əkinçi" haqqında müxtəlif fikirlərini bildiriblər). Bu yazıda "Əhali ətraf mühit" probleminin həllində "Əkinçi" qəzetinin xidmətindən danışacağıq.

 

"Əhali və ətraf mühit" problemi ilə inteqrasiyalı ekologiya məşğuldur. Ekologiya bir elmi anlayış kimi ilk dəfə 1866-cı ildə alman E.Hekgel tərəfindən təklif edilib, orqanizmin ətraf mühit ilə əlaqəsi haqqında elm kimi qəbul olunub. 1950-ci illərdən sonra ekologiyanın mərkəzində "əhali və ətraf mühit sistemi" etiraf edilib. Bu sistemi araşdırmaq üçün ekologiya bütün elmlərə inteqrasiya edilməyə başlanıb. Bu baxımdan Azərbaycan qabaqcıl ölkələrdən sayıla bilər. Burada ekologiya 25 elm sahəsinə 4 parametr üzrə inteqrasiya şəraitində inkişaf edir: ekologiyanın maarifçiliyə tətbiqi 100 faiz, elmi tədqiqatlara tətbiqi 83 faiz, tədrisdə 50 faiz, yüksək ixtisaslı kadr hazırlığında tətbiqi 37 faiz təşkil edir. Hər bir elm kimi ekologiyanın da nəzəri və tətbiqi hissələri var. Regional ekologiya tətbiqə daha çox yer verir.

Düşünürük ki, Azərbaycan kimi qədim ölkələrdə ekologiyadan əvvəlki "ekologiyanı" araşdırmaq və tətbiq baxımından nəzərə almaq faydalı olar. Belə zəngin mənbələrə Avesta qanunlar toplusu, Dədə-Qorqud dastanı, islam dininin tələbləri və "Əkinçi" qəzeti misal ola bilər.

"Əkinçi" qəzeti əhalinin ətraf mühitə münasibətində o vaxta qədərki feodal mütləqiyyətin əksinə demokratik münasibətə üstünlük verib. Qəzetin baş proqramında iki əsas istiqamət olub: daxili problemlər və xarici problemlər. Bunlar əhalinin o vaxtkı həyat tərzinin bütün formalarını əhatə edib: iqtisadiyyat, elm, təhsil, mədəniyyət, sağlamlıq, nəqliyyat və s. Təmiz hava, içməli su, məhsuldar torpaq, bitki örtüyü, heyvanlar aləmi və digər amillər diqqət mərkəzində olub. Təbii sərvətlərdən məhsul istehsal etmək və onların qənaətlə istifadəsi tez-tez vurğulanıb. Təbii meşələrin qorunub saxlanmasına, eyni vaxtda yeni meşə sahələri yaradılmasına "Əkinçi" qəzeti xüsusi əhəmiyyət verib. Amma XX yüzillikdə meşələrin tələf edilməsinin acı nəticələri ilə (sel daşqını, quraqlıq, səhralaşma, torpaqların korlanması) biz indi qarşılaşırıq.

"Əkinçi" qəzeti ev heyvanlarının sayını çoxaltmaq əvəzinə, onların məhsuldarlığını yüksəltməyi təbliğ edirdi. Heyvandarlıq məhsullarını xammal kimi satmağı və ya barter üsulu ilə mübadiləsini gerilik hesab edirdi. Onları emal edib konkret əmtəə formasına çevirməyi daha çox gəlir mənbəyi sayırdı. Bu qəzetdə ovçuluğa az əhəmiyyət verilib. Amma XX yüzillikdə iri yırtıcı heyvanlarov obyektləri hədsiz dərəcədə təqib edilmiş, eyni vaxtda yaşama yerlərindən ("evindən") məhrum olmuşlar. Yalnız son 10-15 ildə tam əmin olmuşuq ki, Azərbaycanda ovçuluq yanlış yolla inkişaf edib. İndi konseptual yeniliklərin tətbiqinə başlanıb.

Çar Rusiyasının tərkibində Azərbaycan kəndlisi öz torpağının sahibi deyildi. "Əkinçi" qəzeti onlara çıxış yolları tapmaq üçün çox çalışıb, amma uğuru az olub. İctimai mülkiyyət yaradıldıqdan sonra isə kəndlinin torpağa münasibəti daha da ögeyləşdi. Torpaqlar deqradasiyaya uğradı (eroziya, şoranlaşma, bataqlıqlaşma, məhsulsuzluq). "Əkinçi" qəzetinin tövsiyələri icrasız qaldi. İndi dövran dəyişib. Torpaq öz sahibinə qaytarılıb. Lakin ictimai mülkiyyətdən ayrılmış torpaqların məhsuldarlığını artırmaq üçün kompleks tədbirlər görülməlidir. Bunun üçün imkanlı sahibkarlar yetişməlidir, müasir texniki tərəqqidən və elmlərdən səmərəli istifadə olunmalıdır.

Ekoloji maarifçiliyin zəifliyi həmişə ölkələrə iqtisadi və mənəvi baxımdan ziyan gətirir. Azərbaycanda da bu tendensiya hiss olunur. Bunları dayandırmaq olar, amma itkiləri tez bərpa etmək mümkünsüzdür. XIX-XX əsrlərdə məhv edilmiş meşələri 15-20 ildə bərpa etmək ağlabatan deyil. Əkin sahələrinin və otlaqların bərpası xeyli çətindir. Biz, tam inanmalıyıq ki, Azərbaycan kimi relyefi olan ölkə bağsız, parksız, meşəsiz-çəmənsiz yaşaya bilməz.

Dediyimiz odur ki, bizim güclü soykökümüz var. Avesta qanunlarının universal xarakterindən; Dədə-Qorqud icmasının vətənpərvərliyindən; islam həyat tərzinin sadəliyindən və işgüzarlığından, təmizkarlığından, qənaətciliyindən, əqidə birliyindən; intibah dövrünün, o cümlədən "Əkinçi" qəzetinin tərəqqiyə can atma eşqindən və mənəvi yüksəkliyindən istifadə etməliyik. Müdriklərdən biri deyib ki, "Biz yaşayıb qala bilmək üçün dəyişməliyik".

 

 

Qara MUSTAFAYEV,

BDU-nun kafedra müdiri, biologiya elmləri doktoru,

professor

 

Anar MƏMMƏDOV,

biologiya elmləri namizədi

 

Azərbaycan.- 2010.-  11 iyul.- S.  4.