Cavid aforizmlərinin
miniatür nəşri
Bu günlərdə
Azərbaycan "Kitab"
Cəmiyyəti və
Hüseyn Cavidin ev-muzeyi ilə birgə hazırlanaraq
"İndiqo" mətbəəsində
nəfis tərtibatda çapdan çıxmış
"Cavid Hikməti"
(seçmə aforizmlər)
miniatür nəşri
kitabsevərlərə növbəti
hədiyyə sayıla
bilər. 55 X 38 formatlı, 248 səhifəli
200 tirajlı miniatür
kitabda görkəmli şairin əsərlərindən
16 kompozisiya yerləşdirilmişdir.
Belə bir miniatür kitabın yaradılması 2009-cu il sentyabrın 22-dən
30-dək Belarusun paytaxtı
Minskdə Azərbaycanın
bu ölkədəki səfirliyinin təşəbbüsü
ilə keçirilən
"Azərbaycan-Belarus: dünya
klassikləri miniatür
kitablarda" adlı sərgidə meydana çıxmışdır. Tədbirdə iştirak edən səfirlik əməkdaşları
və qonaqlar dahi Azərbaycan mütəfəkkiri Hüseyn
Cavidin əsərlərində
yer almış hikmətli aforizmlərin də miniatür kitab şəklində çap olunması ilə bağlı nəcib arzu və istəklərini ifadə etmişlər.
Təklifi yüksək dəyərləndirən
Azərbaycan "Kitab"
Cəmiyyətinin sədri
Zərifə Salahova tədbirdən qayıtdıqdan
dərhal sonra bu istiqamətdə əməli addımlar atmış, belə bir miniatür kitabın hazırlanmasına
kömək göstərilməsi
xahişi ilə ədəbiyyatşünas alimlərə
müraciət etmişdir.
Qısa müddətdə Cavid aforizmlərinin seçilməsi
və toplanması işi başa çatdırılmışdır.
Böyük sənətkarımız, istedadlı
şair və dramaturq Hüseyn Cavid əsərlərində
yaratdığı ölməz
hikmətlərə görə
Azərbaycan ədəbiyyatında
və ədəbi-fəlsəfi
fikrində görkəmli
şəxsiyyətlərdən biri kimi nəzərə
çarpmaqdadır.
Hər bir dahinin yaradıcılığının
ənənə üzərində
formalaşdığını, ənənə bulağından
su içdiyini sübut etməyə heç bir ehtiyac yoxdur. Hüseyn Cavid
də xalqımızın
yetirdiyi böyük söz sənətkarları
və mütəfəkkirlər
kimi, özündən
əvvəlki mədəni-mənəvi
xəzinəni mənimsəmiş
və onu ölməz fikir və obrazları ilə daha da
zənginləşdirmişdir. Bütün bunlar Cavidin bilik və məlumat
dairəsinin heyrətamiz
dərəcədə genişliyindən,
onun xalq müdrikliyi xəzinəsinə
olduqca yaxınlığından
xəbər verir.
Elə bu səbəbdəndir ki, Cavid aforizmləri
Azərbaycan xalq müdrikliyinin ayrılmaz əlaməti olan dərin humanizmi, ümumbəşəri xarakter
və məna yükü daşıması
ilə seçilir.
Dahi söz ustadı bir filosof kimi mühakimə
yürüdərkən və
bütün bunları
aforizm şəklində
ifadə edərkən
bir an belə,
öz doğma mühitindən, türklüyündən
və azərbaycançılığından
ayrılmır.
Cavid aforizmlərinin əksəriyyətinin
mahiyyətini qlobal düşüncə tərzi,
ümumbəşəri problemlər
təşkil edir. Kəşməkəşli
bir zaman kəsiyində yaşayan böyük humanist şair,
şübhəsiz ki,
ətrafında baş
alıb gedən haqsızlıqlara biganə
qala bilməzdi və həmin problemlərə filosofcasına
münasibətini bildirməli,
onların həlli yollarını aramalı idi. Bu cür qlobal düşüncə
tərzi ilə bəşəri problemlərə
yanaşan Cavid öz böyük sələfləri kimi insanın insana zülm etməsi, işgəncə verməsi,
ən böyük ilahi nemət olan həyatdan məhrum etməsi əleyhinə çıxır,
dahiliyin qan tökmək, ölkələri
viran qoymaqda deyil, qan izini
Yer üzündən kəsməkdə olduğunu
deyir, bunu öz poetik istedadının gücü
ilə yüksək təsirli bir şəkildə bu cür ifadə edirdi:
Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü!
Cavidin aforizmləri - həyatı,
insan xarakterini dərindən bilən, həyatın isti-soyuğunu,
acı-şirinini duymuş,
xeyri şərdən
ayırmaqda tükü
tükdən seçən
müdrik bir el ağsaqqalının, filosof
düşüncəli gözəl
bir şairin aforizmləri, qanadlı kəlamlarıdır. Bunlar sənətkar ürəyinin
dərin qatlarından
gələn, səmimiyyətlə
aşıb-daşan sözlər
olduğu üçün
oxucunun da ürəyini ehtizaza gətirir, onu təsirləndirir, düşündürür,
həyatın ən ülvi mənasını
təşkil edən insanlıq missiyasını
şərəflə yerinə
yetirməyə səsləyir.
Cavid bütün bəlağətini, istedadının
bütün qüdrətini
öz oxucusunda insani sifətlər tərbiyə etməyə
yönəltdiyindəndir ki,
onun az
qala, hər misrası, hər beyti aforizm kimi
səslənir, insan ürəyinin ən incə tellərini titrədib mütəəssir
edir.
Cavid hikmətinin əsas həcm yükünü onun şeirləri təşkil edir ki, bu da
təsadüfi sayılmamalıdır. Cavid böyük şairdir, söz ustasıdır və söz onun dilində mum kimi yumşalıb ən dərin mənaları ifadə etməyə qadir olur. Poetik söz
Cavidin fəlsəfi düşüncələrini, bəşəriyyətin
taleyi üçün
narahatlığını ən
gözəl bir şəkildə oxucuya çatdırır, onu da bu düşüncələrə
şərik olmağa,
yüksək insan adını layiqincə doğrultmağa səsləyir:
Xəyal içində
bəşər daima səadət arar,
Həqiqətin üzü lakin gülümsəməz, ağlar.
Böyük şairin
bu aforizmini oxuyan hər bir kəsin gözləri qarşısından
bəşəriyyətin kəşməkəşli
tarixi gəlib keçir, sərt həyat həqiqətlərinin
verdiyi ağrı-acının,
qüssə və kədərin çox vaxt şirin xəyallarla kompensasiya edildiyi, ancaq bütün bunların çox az bir
zaman sürdüyü,
sonunda yenə də real gerçəkliyin
boz üzünün soyuq-soyuq təzahür etdiyi göz önündə canlanır.
Ədəbiyyatın və fəlsəfənin
əbədi problemlərindən
olan xeyir və şər Cavidi də bütün yaradıcılığı
boyu düşündürmüş,
Cavid hikmətlərinin,
aforizmlərinin bir çoxuna mövzu vermiş, ətə-cana gətirmişdir. İnsanın bu dünyaya xeyir işlər üçün gəldiyinə
qəti əmin olan böyük sənətkar şəri
müvəqqəti, keçici
sayır, insanın şeytan qarşısındakı
ani zəifliyi kimi qiymətləndirir, ona görə də hər kəsi bu situasiyada
qətiyyət göstərməyə,
mənliyini əldən
verməməyə, insanlıq
ləyaqətini qorumaqla
başqalarına da eyni nümunəni göstərməyə dəvət
edir.
Şərq şairi kimi Hüseyn Cavidin əsərlərində dərin
didaktik yükün olması çox təbiidir. Elə şairin bir
çox hikmətli sözləri də məhz nəsihət şəklində qələmə
alınmışdır. Bu nəsihətlərin emosional təsir gücü bir tərəfdən də Cavidin şəxsiyyət kimi çox yüksək və ülvi olmasından, elə buna görə
də oxucunu inandıra bilməsindən
irəli gəlir.
Başqa
sözlə, zəmanəsinin
bir çox sənətkarları kimi,
Cavidin də sözü ilə əməli bir olmuş, xalqın sevimlisi kimi yaşayıb əqidəsi
yolunda da qurban getmişdir.
Cavid aforizmlərinin məna və tematika dairəsi çox geniş, rəngarəngdir. Bəzən elə
də olur ki, böyük şair çox xəsisliklə verdiyi bir hikmət daxilində müxtəlif
problemlərə toxunur,
eyni bir mətn daxilində müəllif tendensiyasını,
ən mürəkkəb
emosiyalarını əks
etdirir.
Məhz bu məna rəngarəngliyinə
və eyni bir hikmətli sözdə müxtəlif
mövzular əhatə
edildiyinə görə
də Cavid aforizmlərini tərtib edərkən mövzular üzrə qruplaşdırma
aparmaqdan vaz keçərək böyük
şair və mütəfəkkir-dramaturqun əsərlərinin
son beşcildliyində verilmiş
sırası, yalnız
əsərlərin adları
göstərilməklə düzülməsi
məqsədəuyğun sayıldı. Gələcəkdə Cavid aforizmlərinin başqa prinsiplərlə,
məsələn, əlifba
sırası ilə düzülməsi də mümkündür.
Beşcildliyin tərtibçisi, böyük
Hüseyn Cavidi bu görünən aləmlə bağlayan
son yadigarı Turan xanım Cavidin unudulmaz xatirəsinə hörmət əlaməti
olaraq aforizmlərin imlası beşcildlikdə
olduğu kimi saxlanmışdır.
Hüseyn Cavidin ev-muzeyi tərəfindən
hazırlanmış "Seçmə
aforizmlər"in ilk nəşri
ölkəmizdə böyük
marağa səbəb
olmuş və müxtəlif insan qrupları arasında razılıqla qarşılanmışdır.
Elə Cavid aforizmlərindən seçmələrin görkəmli
kitabşünas Zərifə
Salahova tərəfindən
miniatür şəkildə
nəşri də bu marağın və ictimai tələbatın nəticəsi
kimi qiymətləndirilə
bilər.
Hazırda Cavid aforizmləri rus və ingilis
dillərində çapa
hazırlanır. Ümid edirik ki, bu nəşrlər dahi sənətkarımızın
qlobal səviyyədə
tanınmasına öz
təsirini göstərəcəkdir.
Gülbəniz BABAXANLI,
filologiya elmləri doktoru
Azərbaycan.- 2010.- 11 iyul.- S.
5.