Azərbaycan Prezidenti
İlham Əliyev Macarıstanın
ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirdi. Azərbaycan ilə Macarıstan arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Jeno Boroş Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkəmizin günbəgün sürətli inkişafının şahidi olduğunu dedi və əldə edilən bütün bu nailiyyətlərə görə dövlətimizin başçısını təbrik etdi. İki ölkə arasında əməkdaşlığa xidmət etməkdən məmnun olduğunu bildirən Jeno Boroş ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan və macar xalqlarının bir-birinə oxşar cəhətlərini müşahidə etdiyini də vurğuladı.
Macarıstana
səfərini xatırlayan dövlətimizin
başçısı münasibətlərimizin yaxşı
səviyyədə olduğunu vurğulayaraq Macarıstan ilə sıx tərəfdaşlıq
əlaqələrinin bundan sonra da davam
etdiriləcəyinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 13
iyul.- S. 2.