Milli Məclisdə görüş

 

İyulun 12-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ müdafiə nazirinin müavininin Rusiya, UkraynaAvrasiya siyasəti üzrə köməkçisi Seleste Uallenderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ziyafət Əsgərov söhbətin əvvəlində xatırlatdı ki, ötən ay ABŞ-ın müdafiə naziri Robert Qeyts, dövlət katibi Hillari Klinton ölkəmizdə olublar. Belə səfərlər münasibətlərimizin yeni mərhələsinin başlanğıcından xəbər verir.

Milli Məclis Sədrinin birinci müavini daha sonra xatırlatdı ki, 2001-ci il sentyabrın 11-də ABŞ terror hücumuna məruz qalanda Heydər Əliyev bu qanlı olayı pisləyən ilk prezidentlərdən olub. Həmin vaxt Prezident Heydər Əliyev bəyanatla çıxış edərək terrorizmi pislədi və terrora qarşı mübarizədə ABŞ-ın yanında olduğunu bildirdi. Azərbaycan hərbçiləri uzun müddət Kosovoda, Əfqanıstanda, İraqda beynəlxalq qüvvələrin tərkibində sülhməramlı missiya yerinə yetiriblər. Əfqanıstanda bir Azərbaycan sülhməramlı taboru indi də xidmət göstərir. Ancaq təəssüf ki, ABŞ bəzən Azərbaycana qarşı ədalətli mövqe tutmur. "907-ci düzəliş" indiyə kimi ləğv edilməyib, 1974-cü ildə keçmiş SSRİ-yə qarşı tətbiq olunan Cekson-Venik düzəlişi isə sovetlər ittifaqının dağılmasına baxmayaraq, hələ də Azərbaycana qarşı qüvvədədir.

Azərbaycanın Avratlantik məkanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini qeyd edən Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Bildirdi ki, Ermənistan 20 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır, 1 milyon insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Lakin təəssüf ki, ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir nailiyyət əldə etməyib. Ermənistanın işğalına son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub. Bu ilin may ayında da Avropa Parlamenti Ermənistanın işğalını pisləyən qətnamə qəbul etdi. Bundan əvvəl Avropa Şurasının analoji xarakterli qətnaməsi olub. 2008-ci ilin martında BMT Baş Assambleyasının da həmçinin. NATO-nun RiqaBuxarest sammitlərində Azərbaycanın ərazi bütövlüyünün tanındığı bildirilib. Lakin bütün bunlara baxmayaraq, Ermənistan işğalçı siyasətini davam etdirməklə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etmədiyini göstərir. Azərbaycan hələ ki, münaqişənin sülh yolu ilə həllinə ümid edir. Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən geri çəkilməsə, Azərbaycan hərb yoluna əl atmağa məcbur olacaq.

Son dörd ayda Azərbaycana dördüncü dəfə gəldiyini bildirən xanım Seleste Uallender iki ölkə arasında hərbi əlaqələr də daxil olmaqla münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib dedi ki, ABŞ və Azərbaycan arasında hər il hərbi məsləhətləşmələr keçirilir. Məsləhətləşmələr əsasında hərbi əlaqələrin müasir səviyyəsi və perspektivləri müəyyən olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi həllini tapmaması təəssüf doğurur. Münaqişənin sülh yolu ilə həllini istəyən ABŞ bu məsələdə öz mövqeyini yenidən nəzərdən keçirəcək.

Görüşdə tərəflər digər məsələlər barədə də fikir mübadiləsi apardılar.

 

 

Azərbaycan.- 2010.- 13 iyul.- S. 2.