İşıq sevdalısı Firidun bəy Köçərli
Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri Mir Cəlal Paşayev xatirələrində yazırdı: "Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür". Başqa bir xatirə-memuardan: "Lomonosov darülfünun yaratmaqla özü canlı darülfünuna çevrildi. Firidun bəy Köçərli də Azərbaycanın Lomonosovu, Üşinskisi, Pestalossisi və bütöv bir darülfünunu idi. O, Azərbaycan ədəbiyyatı tarixinin ilk tədqiqatçısı, müəllim hazırlığının ilk təşkilatçısı, Azərbaycan uşaq ədəbiyyatının banisi, milli mədəniyyətimiz və ədəbiyyatımız haqqında kitab yazan ilk böyük alimdir".
Mətbuatdakı çıxışlarında xalqı maarifə, təhsilə çağırır, xalqımızın tarixi, ədəbiyyatı, təhsili, ana dilinin inkişafı ilə bağlı analitik yazılar yazırdı. Tədqiqatçı alimlərin fikrincə, Firidun bəy Köçərlinin mətbuatda çıxan hər məqaləsi bir monoqrafiya, elmi əsər, bir dərs vəsaiti idi.
XIX əsrin axırlarında çarizmin müstəmləkəçilik siyasəti hər vəchlə Azərbaycanda elmin, maarifin, mədəniyyətin, təhsilin işığını söndürür, millətin cəhalətdə boğulması üçün bütün imkanlarını işə salır, oyanan tək-tək ziyalıların fəaliyyətinə mane olur, anadilli mətbuata əngəl törədirdi. Lakin zərrə qədər işıq varsa, qaranlıqları yarmağa yetər. Bu işıq zərrəsi 1875-ci ildə zülmətləri aşdı. Müsəlman Şərqinin və türk dünyasının böyük oğlu Həsən bəy Zərdabi ana dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə gələcəyə ismarış göndərdi. Ardınca İsmayıl bəy Qaspralı Həsən bəyin xeyir-duası ilə Baxçasarayda "Tərcüman" qəzetinin nəşrinə nail oldu.
Bu zərrənin nuruna toplaşanların sayı da artırdı. Hədələr, sürgünlər, təqiblər artdıqca sıralar möhkəmlənirdi. Onlar yaxşı bilirdilər ki, nə qədər ağır olsa da, bu yükün altına girməli, çətin yolu getməli, maarif işığını ən ucqar kəndlərimizdə belə yandırmalıdırlar. Çünki millətimizin başqa nicat yolu yox idi.
Bu yük Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, İsa bəy Abakarov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Hacı Kərim Sanılı, Müslüm Maqomayev, Fərhad Ağazadə, Bədəl bəy Bədəlbəyov və onlarla başqa işıq sevdalılarının çiyinlərində idi.
İşıq yolçularından biri də böyük pedaqoq, milli mənliyimizin, dilimizin, mətbuatımızın, şifahi xalq ədəbiyyatımızın, folklorumuzun keşiyində dayanan Firidun bəy Əhməd bəy oğlu Köçərli idi. O, 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Şərq poeziyasını dərindən bilən ziyalı atası oğlunu da elmli, təhsilli, kamil insan görmək istəyirdi. Rus və başqa dilləri mükəmməl öyrənmək üçün balaca Firiduna dil müəllimi tutur, sonra da onu rus məktəbinə qoyurlar. Firidun bəyin ailənin yeganə oğlu olmasına baxmayaraq, atası onu Tiflisdə açılan Qori Müəllimlər Seminariyasına oxumağa göndərir. 1879-cu ilin sentyabrında Qori seminariyasına daxil olan ilk beş azərbaycanlıdan biri Firidun bəy Köçərli idi. Müəllimləri onun haqqında zəmanətdə yazırdılar ki, gənc Firidun yüksək əxlaqi keyfiyyətləri, müəllimə layiq tam biliyi ilə nəinki müsəlman tələbələri arasında, hətta rus şöbəsində belə fərqlənirdi. Tələbə ikən Tiflisdə nəşr olunan qəzetlərə xırda məqalələr yazır, yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş "Təlimati-Sokrat" əsərini tərcümə edir.
F.Köçərli 1885-ci ildə şəriət, pedaqoji, rus dili, hesab, həndəsə, yerölçmə, tarix, coğrafiya, təbiət, hüsnxətt fənlərindən imtahan verərək seminariyanı əla qiymətlərlə başa vurur. Göstərdiyi müvəffəqiyyətə görə ona "məzkura ibtidai xalq müəllimi" adı verilir və İrəvan gimnaziyasına müəllim göndərilir. Gimnaziyada müəllimliyə başladığı dövrdə, 1886-cı ildə məktəblər üçün yeni dərs proqramı tərtib edir. Müəllimlik etməklə kifayətlənməyən gənc pedaqoq mətbuatda mütəmadi təhsillin, məktəblərdə yeni, keyfiyyətli dərs vəsaitlərinin yaradılması, həmçinin uşaq ədəbiyyatının inkişafı ilə bağlı analitik yazılarla çıxış edir, ədəbi-bədii əsərlərə rəy verir, rus klassiklərinin əsərlərini Azərbaycan uşaqlarına öyrətməkdə böyük səy göstərirdi. Cəmiyyəti maarifə, mədəniyyətə, tərəqqiyə çağırmaq üçün mətbuatı yeganə təbliğat vasitəsi hesab edirdi. Çar üsul-idarəsi isə buna mane olur, ziyalıları gözünü açmağa qoymurdu. Seminariyada F.Köçərlinin müəllimi olmuş A.O.Çernyayevski yazırdı: "Hazırda Qafqazda elə bir mətbuat orqanı yoxdur ki, müəllim Köçərli xalqının ədəbiyyatı, tarixi haqqında orada maraqlı məqalələrlə çıxış etməsin. "Ərəb əlifbası və onun nöqsanları" adlı silsilə yazıları həm ziyalılar, həm də xalq arasında böyük marağa səbəb olub".
Firidun bəy İrəvan seminariyasında dərs deyərkən bir pedaqoq kimi şöhrəti yayılmış, Tiflisdə və Bakıda nəşr olunan qəzetlərdəki yazıları diqqəti cəlb etmişdi. Tərtib etdiyi dərsliklərdən və təhsilin yeni üsulla tədrisindən bəhs edən məqalələrindən artıq yeni açılan məktəblərdə istifadə olunurdu.
1895-ci ildə Qori seminariyası onu müəllim kimi işə dəvət edir. Firidun bəy dəvəti məmnuniyyətlə qəbul edir. Çünki bir zamanlar dərs aldığı əziz müəllimləri ilə birlikdə çalışacaqdı. Həmin ildən başlayaraq o, Qori seminariyasının Azərbaycan şöbəsində Səfərəli bəy Vəlibəyov, Popov, Qaraqanidze, Lamauri, R.Əfəndiyev, N.Novospaski kimi zəmanəsinin mütərəqqi pedaqoqları ilə bir sırada çalışır, görkəmli pedaqoq, millətinin böyük ziyalısı və alimi kimi yetişir, xalqının maarif işığının yandırılmasında böyük rol oynayırdı. Firidun bəy Köçərli seminariyada bir neçə il müəllim, 1910-cu ildən 1918-ci ilədək isə Azərbaycan şöbəsinin rəhbəri vəzifəsində çalışır. Bu dövrdə o, tədrisdə Azərbaycan dilinə geniş yer ayrılması məsələsinə ciddi fikir verir, ana dilimizin yad təsirlərdən qorunmasında ziyalıları köməyə çağırırdı. Seminariyanın təzə rəhbərliyi isə vaxtını təhsilə deyil, daha çox intriqalara, azərbaycanlı seminaristləri təqib etməyə sərf edirdi. Firidun bəy Köçərli 1893-cü ildə Tiflisdə çıxan "Ziyayi-Qafqaziyyə" qəzetində geniş məqalə ilə çıxış edib dil məsələsini kəskin qoymuşdu. Bakıda çıxan qəzetlərdə də dil, məktəb, maarif, təhsil mövzusuna geniş yer verilirdi.
İrfan yolçusu gecə-gündüz yoruldum demədən Azərbaycan ədəbiyyatı tarixini və uşaq ədəbiyyatını yaratmaq üçün əlləşirdi. 1903-cü ildə "Azərbaycan türklərinin ədəbiyyatı", 1908-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi", 1911-ci ildə "Mirzə Fətəli Axundov" və 1912-ci ildə "Balalara hədiyyə" əsərlərini yazıb ərsəyə gətirir. Ömrünün ən gözəl çağlarını, ürəyinin hiss və həyəcanını bu əsərlərə verir.
F.Köçərli Azərbaycanı şəhər-şəhər, kənd-kənd dolaşır, toz-torpaqlı arxivlərdə "inci" axtarır, ədəbiyyata bəlli olmayan el şairlərinin, aşıqların yaradıcılığını toplayıb üçcildlik kamil bir əsər yaratsa da, maddi ehtiyac üzündən onu çap etdirə bilmirdi. Tiflisdə çıxan "Zakafkazskoe obozrenye" qəzeti 1908-ci il 28 oktyabr tarixli sayında yazırdı: "Məşhur müsəlman ədəbiyyatşünası Firidun bəy Köçərli Azərbaycan tatarlarının ədəbiyyatına aid irihəcmli əsər yazıb qurtarmışdır. Müəllif bu kitab üzərində uzun illər işləmiş, indiyədək heç kimə məlum olmayan çoxlu materiallar toplamışdır. Ancaq buna təəssüf edirik ki, cənab Köçərlinin əlində vəsaiti olmadığı üçün bu çox qiymətli əsərin nəşri bəlkə də uzun müddətə təxirə salınacaqdır".
Seminariyanın Azərbaycan şöbəsinin Qoridən köçürülməsi məsələsi Firidun bəy Köçərlini və seminariyada dərs deyən azərbaycanlı müəllimləri daim düşündürürdü. Firidun bəy Bakıda olarkən "Nəşri-maarif" cəmiyyətinin iclasında çıxış edərkən ziyalılara seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləmiş və bölgələrimizdən birinə köçürülməsini təklif etmişdi. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermirdi. Onun qərarı isə qəti idi: "Necə olursa-olsun, seminariyanı Azərbaycana gətirməliyik ki, oxuyanların sayı çoxalsın, ailələrin "Qori uzaqdır, mən uşağımı ora göndərmərəm" bəhanəsi də kəsilsin".
1918-ci ilin yayında məzuniyyətə çıxmasından, rus çarının yıxılmasından və gürcü knyazlarının başlarının hökumət qurmağa qarışmasından istifadə edən böyük ziyalı Firidun bəy Köçərli gecə ikən həyat yoldaşı Badisəba xanımla gizlicə seminariyanın Azərbaycan şöbəsinə məxsus bütün əmlakı, kitabxana və başqa tədris ləvazimatını qatara yükləyib oradan uzaqlaşır. Qoridən millətinə maarif, işıq, irfan gətirən böyük azərbaycanlının üzü Ağdama sarı idi. Onun ən böyük arzusu seminariyanın Ağdamda açılması olub. Lakin yolda ikən duyuq düşən hökumət qatarın dalınca adam göndərir. Qatar Böyük Kəsik dayanacağını keçib Salahlıya yaxınlaşanda dayandırırlar. Xoşbəxtlikdən danışıqlar nəticəsində poruçiklər də, qatar da Tiflisə boş qayıdır, seminariyanın ləvazimatı isə Qazax bəylərinin köməyilə Salahlıya daşınır. Firudin bəy də qərarını dəyişir və seminariya Qazaxda açılası olur.
1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Firidun bəy Köçərli Qazax seminariyasının direktoru kimi fəaliyyətə başlayır, hökumət təhsilin inkişafı üçün seminariyaya xeyli vəsait də köçürür. Firidun bəyin təhsilə və seminariyanın fəaliyyətinə aid məqalələri "Azərbaycan" qəzetinin səhifələrində yer almağa başlayır. Təəssüf ki, bu sevinc çox çəkmir, aprel işğalından sonra vəziyyət ağırlaşır. Gəncə qiyamında bolşeviklərlə bərabər qırmızı ordunun sıralarına soxulmuş daşnaklar azərbaycanlılara, xüsusən də ziyalılara qənim kəsilir, həbslər, qətllər artır. 1920-ci ildə tutulanlar arasında Qazax seminariyasının direktoru, görkəmli ziyalı Firidun bəy Köçərli də var idi. Bu xəbər Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova çatan kimi təcili teleqram vurub Firidun bəyin azad edilməsini tələb edir. Lakin daşnak Liberman Firidun bəyi saxlandığı kameradan gecə ikən yuxudan oyadıb Gəncə çayına tərəf aparır və orada xalqımızın maarifpərvər ziyalısını qətlə yetirir.
Bunlar bolşevizmin Azərbaycana gətirdiyi fəlakətlərin başlanğıcı idi. Firidun bəyə qalxan əllər sonralar çox qanlar tökdülər. Amma bu irfanların zərrələrdən yaratdıqları işıq selini söndürə bilmədilər. Firidun bəy hər zaman al-əlvan geyimli azərbaycanlı balalarının geniş və işıqlı məktəblərə getməsini həsədlə arzulayarmış. Firidun bəy də, millətimizin tərəqqisi üçün həyatlarından keçən digər böyük ziyalılarımız da bu arzuya qovuşmaq üçün sonadək savaşdılar.
Hazırladı: Rəsmiyyə
RZALI,
Azərbaycan.- 2010.-13
iyul.- S. 3.