"Azərbaycan milli
mətbuatının keçmişi, bu günü və gələcəyi"
mövzusunda tədbir keçirilmişdir
İyulun 12-də "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar "Azərbaycan milli mətbuatının keçmişi, bu günü və gələcəyi" mövzusunda "dəyirmi masa" keçirmişdir.
TUMİB-in sədri Çingiz Bayramov zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola nəzər salmış, milli mətbuatımızın nailiyyətlərindən danışmış, jurnalistlərə uğurlar arzulamışdır. Bildirmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində mühüm rol oynamışdır. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur. XlX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində "Əkinçi" ənənələrini davam etdirən "Ziya", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin" və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışlar. Hazırda ölkəmizdə 3500-dən artıq mətbuat orqanının fəaliyyət göstərməsi demokratiyanın mühüm göstəricisidir.
Ç.Bayramov vurğulamışdır ki, iyulun 22-ni türk dünyasının Mətbuat günü kimi təklif edəcəyik.
Jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayan Prezident Administrasiyasının məsul işçisi Vüqar Səlimov Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, hüquqi dövlətdə kütləvi informasiya vasitələri (KİV) dövlət və vətəndaş cəmiyyəti arasında əlaqələndirici, vasitəçi funksiyasını yerinə yetirir. Azərbaycanda vətəndaşın azad söz söyləməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılmışdır. "Əkinçi" qəzetinin ənənələri davam edir. Azərbaycanda ictimai rəyin formalaşmasında KİV-in rolu böyükdür. Mövcud sosial məsələlərin, sosial problemlərin ictimaiyyətə, cəmiyyəti narahat edən məsələlərin dövlətin nəzərinə çatdırılmasında KİV bir növ ötürücü rol oynayır. Dövlət bu sahənin inkişafını daim diqqətdə saxlamışdır və bu siyasət davam etdirilir.
V.Səlimov vurğulamışdır ki, ötən illər ərzində KİV-in maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər görülmüş, dövlət proqramları həyata keçirilmiş, Azərbaycan Prezidenti tərəfindən fərmanlar və sərəncamlar verilmişdir. Bu sahədə mütərəqqi addımlardan biri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Fond KİV-in maddi-texniki bazasının yaxşılaşdırılmasına, onların ictimai şüurun, ictimai rəyin formalaşmasında tam şəkildə iştirak etməsinə imkan yaradır. Bunların hamısı onu göstərir ki, Azərbaycanda azad mətbuat vardır. Azərbaycan mətbuatının daha da inkişaf etdirilməsi üçün dövlət tədbirlər görür. İnanıram ki, KİV bundan sonra da ictimai rəyin formalaşmasında mühüm rol oynayacaqdır.
Prezident Administrasiyasının məsul işçisi diqqətə çatdırmışdır ki, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Jurnalistika yaradıcılıqdır. Əgər hər hansı bir mətbuat orqanına insanlar daha çox müraciət edirsə, deməli, orada işləyən insanlar cəmiyyəti düşündürə bilirlər. Hər hansı bir qəzet, jurnal, informasiya agentliyi ətrafına güclü kadrlar yığırsa, onların fəaliyyəti ictimai rəyin formalaşmasına təsir edir. İnsanlar kütləvi şəkildə internetdən istifadə edir, məlumatlar öyrənir. Bu, inkişaf deməkdir. Bu gün Azərbaycanda hər kəs öz fikirlərini sərbəst şəkildə ifadə edə bilir. Cəmiyyəti narahat edən məsələlər KİV vasitəsilə dövlət orqanlarının diqqətinə çatdırılır. Demokratik cəmiyyətlərdə belədir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan V.Səlimov qeyd etmişdir ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra TUMİB-in baş katibi Rauf Əliyev, TUMİB-in mətbu oqranı olan "Seçkin" qəzetinin baş redaktoru Anar Əşrəfli, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Səs" İnformasiya Agentliyinin əməkdaşı Elçin Bayramlı və digər natiqlər Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli yoldan, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışmış, mövcud problemlərə toxunmuş, KİV nümayəndələrinə uğurlar arzulamışlar.
Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xatırladan natiqlər ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazasının yaradıldığını, senzuranın aradan götürüldüyünü, jurnalistlərin əməyinin qiymətləndirildiyini xüsusi vurğulamışlar. Bir daha qeyd olunmuşdur ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə xüsusi vurğulanmışdır ki, mətbuata dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.
Sonda bir neçə jurnalistə, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) müxbiri Xalid Məmmədova TUMİB-in təsis etdiyi "Seçkin" fəxri diplomu təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 13 iyul.- S.
3.