Azərbaycanın yeni
reallıqları ondan ibarətdir ki, hər bir bölgədə
inkişaf var, sosial-iqtisadi proqramlar uğurla icra olunur
İyulun 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilmişdir.
Dövlətimizin
başçısı iclası giriş nitqi ilə
açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- 2010-cu ilin altı ayı arxada qalır və biz ənənəvi olaraq ilin birinci altı ayının yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir. O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq.
Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın.
Digər iqtisadi göstəricilər də ümumiyyətlə, müsbət mənzərədən xəbər verir. İnflyasiya 4,9 faiz təşkil etmişdir. Bu, normal rəqəmdir. Əhalinin pul gəlirləri isə 9 faiz artmışdır. Bu, onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini də qabaqlayır.
Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır. Bu, Azərbaycan xalqının sərvətidir. Bildiyiniz kimi, Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir. Əlbəttə ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir.
Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi.
Bu gün isə maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır.
Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini göstərir. Dövlət şirkətləri müasir sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur. Biz bu prosesləri dəstəkləyirik və strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində olan bütün şirkətlər beynəlxalq səviyyəli şirkətlər kimi fəaliyyət göstərsinlər. Onların dövlətə məxsus olduğu o demək deyil ki, onlar dövlət tərəfindən idarə olunmalıdır, yaxud da hansısa başqa yolla idarə olunmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri geniş tətbiq olunub və dövlət mülkiyyətində strateji əhəmiyyət daşıyan şirkətlər kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər, beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq bazarlarda investisiya layihələrini davam etdirməlidirlər.
Bir sözlə, iqtisadi inkişafı göstərən və müəyyən edən əsas göstəricilər müsbətdir, inkişaf təmin olunur və əminəm ki, Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər ərzində davam edəcəkdir.
Biz həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq və bu barədə bu gün danışacağıq. Bütün sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı - xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqları - hər bir sahədə konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.
Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər.
Ancaq o da həqiqətdir ki, bizim bütün bölgələrimiz dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin. Yəqin ki, bu təbiidir. Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin.
Dövlət, əlbəttə ki, bu subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfrastruktur layihələrinin keçirilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bu məqsədi güdür. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var və proqram da çox müfəssəldir. Elə etməliyik ki, növbəti illərdə bölgələrin milli gəliri, ümumi daxili məhsul (ÜDM) daha da artsın. Baxmayaraq ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3 dəfə, 4 dəfə artmışdır, yenə də hələ ki ehtiyatlar böyükdür. Biz bu ehtiyatlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik.
Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram - regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yeri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yeridir. Düzdür, bəzi iş yerləri bağlanır, ancaq, bu, əlbəttə ki, təbii prosesdir. Hansısa şirkət fəaliyyət göstərir, sonra fəaliyyətini dayandırır. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır.
Bu gün biz idxalı əvəzləyən məhsulların istehsalına çox böyük diqqət veririk. Bu gün biz ərzaq məhsulları ilə bağlı demək olar ki, əsas vacib məsələləri həll etmişik. Həll olunmamış məsələlər də öz həllini tapacaq və beləliklə, bir daha demək istəyirəm ki, ölkəmizin hərtərəfli inkişafı təmin ediləcəkdir.
Neft-qaz
sektorunda bütün işlər plan üzrə gedir. Nəzərdə
tutulmuş hasilat səviyyəsi təmin ediləcəkdir. Altı ayda 25
milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilibdir. Bilirsiniz ki, bu
hasilatın böyük əksəriyyəti ixrac edilir, Azərbaycana
valyuta axını gəlməyə davam edir. Hesab edirəm ki, bu sahədə hasilatla bağlı
işlər lazımi səviyyədə qurulub. Biz əlbəttə ki, hər bir sahədə
olduğu kimi bu sahədəki siyasətimizə vaxtaşırı
düzəlişlər edirik. Mən hesab
edirəm ki, hazırkı hasilatın səviyyəsi bizi qane
edir. Ancaq gələcəkdə əlbəttə
ki, müxtəlif amilləri nəzərə alaraq biz
hasilatı artıra da bilərik, azalda da bilərik. Elə etməliyik ki, biz öz təbii
ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə
edək. Nəzərə alsaq ki, bizim təbii
resurslarımıza dünyada və Avropada böyük ehtiyac
var, ola bilər, hansısa əlavə tədbirin
görülməsi nəticəsində biz qısa müddət
ərzində hasilatı artıra da bilərik. Yəni
ki, bu işlər bizim əlimizdədir, bizdən
asılıdır və biz hasilatı istədiyimiz formada tənzimləyə
bilərik.
Digər sahələrdə
inkişaf müsbət təəssürat yaradır. Azərbaycanın
iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu ildə böhran ilinə baxmayaraq, beynəlxalq
reytinq agentlikləri Azərbaycanın kredit reytinqini
artırıblar. Bu onu göstərir ki,
bizim apardığımız islahatlar çox uğurludur.
Bizim iqtisadi inkişafımız təkcə bir
sektorun inkişafına bağlı deyil. Bizim
siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək,
ölkəyə ən qabaqcıl texnologiyaları gətirək.
Azərbaycanda bütün iqtisadi və sənaye
sahələrində ən qabaqcıl təcrübə tətbiq
olunmalıdır, peşəkar kadrlar
hazırlanmalıdır. Ölkəmiz
uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz
var və bu, uğurlu siyasətdir. Beynəlxalq
maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan
işlərə çox yüksək qiymət verirlər.
Yəni, bu, həqiqəti əks etdirən qiymətdir
və beləliklə, biz ölkəmizin uzunmüddətli
inkişaf strategiyasını təmin edəcəyik.
Biz öz
müdafiə potensialımızı gücləndiririk. Bildiyiniz kimi,
bu yaxınlarda büdcəyə dəyişiklik edilmişdir
və bütövlükdə, bizim dövlət büdcəmiz
hazırda 15 milyard dollar səviyyəsindədir. O
cümlədən 500 milyon dollar vəsait hərbi məsələlərin
həllinə əlavə olaraq ayrılmışdır. Bu, bizim məqsədyönlü siyasətimizin bir
hissəsidir. Çünki biz müharibə
şəraitində yaşayırıq. Belə
olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin
hərbi potensialının gücləndirilməsinə verməliyik
və bunu edirik. Bu gün Azərbaycanın bütün
hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın
bütün dövlət büdcəsindən çoxdur. Biz
vaxtilə, bir neçə il bundan əvvəl
qoyulmuş məqsədə çatdıq. Bu,
bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən
müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək.
Eyni zamanda, ölkə daxilində güclü
müdafiə sənayesini yaradaq. Biz qısa müddət
ərzində buna nail ola bilmişik.
Hərbi
gücümüz ölkəmizin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində həlledici rol oynaya bilər. Biz istəmirik
ki, bu, həlledici rol oynasın. Biz istəyirik
ki, məsələ danışıqlar yolu ilə, diplomatiya
yolu ilə öz həllini tapsın. Ancaq
hərbi güc olan zaman əlbəttə ki, bizim mövqeyimiz
daha da möhkəmlənəcəkdir.
Bu yaxınlarda
mən Dağlıq Qarabağın azərbaycanlı
icması ilə görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı öz fikirlərimi bildirdim. İctimaiyyətə
geniş məlumat verdim. Bir daha
vurğulamaq istəyirəm ki, bizim bu sahədəki
bütün fəaliyyətimiz çox şəffafdır,
açıqdır və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ
ilə bağlı aparılan danışıqlar haqqında
məlumatlandırılır. Bu, bizim
ümumxalq işimizdir. Azərbaycan
xalqı öz iradəsini ortaya qoyubdur. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi Azərbaycan
xalqının iradəsi əsasında öz həllini
tapacaqdır. Yenə də deyirəm, bu,
bizim ümumxalq işimizdir və son sözü Azərbaycan
xalqı deyəcəkdir.
Bu gün bir məsələyə
toxunmaq istəyirəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi
bütövlüyü heç vaxt danışıqlar
mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin
təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalıdır, işğal
edilmiş bütün bölgələrdən Ermənistanın
işğalçı qüvvələri
çıxarılmalıdır, azərbaycanlılar - məcburi
köçkünlər öz doğma torpaqlarına, o
cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar
və qayıdacaqlar.
O ki qaldı Dağlıq
Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin
razılığı olmadan Dağlıq Qarabağa heç
bir status verilə bilməz. Bu,
danışıqların ayrılmaz parçasıdır.
Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma
Dağlıq Qarabağ separatçıları, yaxud da ki,
hansısa üçüncü qüvvə Azərbaycanın
iştirakı və razılığı olmadan
Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu,
danışıqların əsas məsələlərindən
biridir, demək olar ki, onun mahiyyətidir. Ona
görə Ermənistan tərəfi deyəndə ki,
Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu,
onların xülyasıdır, onların istəyidir,
onların arzusudur. Ondan başqa heç nə
deyildir. Danışıqlar masasında
olan sənəddə Dağlıq Qarabağın statusu,
statusunun müəyyən edilməsi haqqında hər şey
açıq-aydın göstərilibdir. Bir
daha demək istəyirəm ki, Azərbaycan dövləti
öz sözünü deyəcək və bu söz həlledici
söz olacaqdır.
Azərbaycan
dövləti və Azərbaycan xalqı isə heç vaxt
Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək
heç bir status verməyəcəkdir. Danışıqlarda
müzakirə edilən məsələlərdə
Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa
ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz.
Ona görə
mən bunu xüsusilə bir daha qeyd etmək istəyirəm
ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar
predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu
prinsiplər əsasında danışıqlarda iştirak
edir. Bu prinsiplər demokratik prinsiplərdir.
Bu prinsiplərdə həm ölkələrin ərazi
bütövlüyünə hörmət göstərilir,
eyni zamanda, xalqların öz müqəddəratının təyin
edilməsi məsələlərinə də münasibət
bildirilir. Ancaq bu iki amil bir-biri ilə
ziddiyyət təşkil etməməlidir və etmir. Xalqların öz müqəddəratını təyin
etməsi məsələləri ölkələrin ərazi
bütövlüyü çərçivəsində
uğurla həll oluna bilər. Dünyada,
o cümlədən Avropada belə nümunələr
çoxdur. Biz isə istəyirik ki, ən
qabaqcıl təcrübə hər sahədə tətbiq
olunsun, o cümlədən bu münaqişə ilə
bağlı heç bir ayrı-seçkiliyə yol verilə
bilməz. Azərbaycan dövləti məhz
bu prinsiplər üzərində durubdur. Bizim
mövqeyimizdə heç bir dəyişiklik yoxdur və
olmayacaqdır.
Paralel olaraq bir
daha demək istəyirəm ki, biz hərbi
gücümüzü də gücləndiririk və bunu edəcəyik. Azərbaycanda
hərbi məsələlərin həlli üçün
ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir.
Biz bu vəsaiti nə üçün xərcləyirik?
Yəqin ki, hamıya bəllidir. Biz hər
an hazır olmalıyıq ki, öz
doğma torpaqlarımızı işğalçılardan
azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın
belə imkanları var. Biz hərbi gücümüzü
böyük dərəcədə artırmışıq,
bundan sonra da artıracağıq. Bizim
maliyyə imkanlarımız buna şərait yaradır və
bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan
xalqı yaradıb, siyasətimiz yaradıb. Əgər 1994-cü ildə "Əsrin
kontraktı" imzalanmasaydı, bu gün ümumiyyətlə,
Azərbaycanın uğurlu inkişafından söhbət gedə
bilməzdi. Biz çox uğurla, məharətlə
və ağılla bu amildən istifadə etdik, ölkəmizi
gücləndirdik.
Ermənistanda
bəziləri hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində
qalib gəldilər. Mən hesab edirəm ki, onlar məğlub
olublar. Azərbaycan isə atəşkəs
müddəti ərzində böyük və uğurlu yol
keçmişdir. Biz bu gün böyük
zirvələrə çatmışıq. Dünya miqyasında Azərbaycan böyük
hörmətə malik olan ölkədir, bölgədə həlledici
rol oynayır. Bizim iştirakımız
olmadan heç bir məsələ öz həllini tapa bilməz.
Bölgədə irəli sürülən
siyasi təşəbbüslər və onların baş
tutmaması bir daha onu göstərir ki, bizim
razılığımız olmadan heç bir məsələ
öz həllini tapa bilməz.
İqtisadi cəhətdən
Azərbaycan inkişaf etmiş ölkələrin
sırasına daxil edilməlidir, qarşıya bu məqsədi
qoymuşuq. Biz müasir ölkəyik. Ona
görə müharibənin birinci mərhələsi
heç nəyi sübut etmir. Bir şeyi
sübut edir ki, Azərbaycan xalqı və Azərbaycan
dövləti heç vaxt bu vəziyyətlə
barışmayacaq və istənilən yolla öz ərazi
bütövlüyünü bərpa edəcəkdir.
Azərbaycan.- 2010.- 14 iyul.- S.
1.