Azərbaycanın yeni reallıqları ondan ibarətdir
ki, hər bir bölgədə inkişaf var, sosial-iqtisadi
proqramlar uğurla icra olunur
Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- İlin sonuna
qədər bütün nəzərdə tutulmuş məsələlər
öz həllini tapmalıdır. Yenə də demək
istəyirəm ki, biz öz işimizi proqram əsasında
qururuq və ilin əvvəlindən bugünə qədər
proqram üzrə işləmişik. Ancaq
bu yaxınlarda büdcəyə dəyişiklik edilməsi nəticəsində
yeni vəzifələr meydana çıxıb. Bu vəzifələri operativ şəkildə həll
etmək üçün əlbəttə ki, bütün
qurumlar daha da fəal işləməlidirlər. Çünki ilin sonuna qədər Azərbaycan
iqtisadiyyatına əlavə 1 milyard yarım manat vəsait
qoyulmalıdır. Biz
çalışmalıyıq ki, bu vəsaitdən maksimum səmərə
ilə istifadə edək ki, Azərbaycanda ilin sonuna qədər
daha da böyük həcmdə işlərin görülməsinə
nail olaq.
Bu vəsaitin
bir hissəsi qeyd etdiyim kimi, hərbi potensialımızın
gücləndirilməsinə xərclənəcəkdir, bir
hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi
isə sel və daşqınlar nəticəsində öz evlərini
itirmiş insanların yaşayış səviyyəsinin
qaldırılmasına yönəldiləcəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanda biz böyük təbii fəlakətlə
üzləşmişdik. Sel və
daşqınlar demək olar ki, böyük əraziləri məhv
etmişdi, subasma halları baş vermişdi və bu barədə
bu gün danışıldı. Mən
hesab edirəm ki, bizim müvafiq qurumlar çox böyük məharətlə
və peşəkarlıqla işlədilər. Mən
bilavasitə bu məsələlərə rəhbərlik
edirdim və gündəlik formatda məlumatlar gəlirdi,
özüm şəxsən vəziyyətlə
Əlbəttə
ki, Azərbaycan dövləti bütün bu işləri
öz üzərinə götürübdür. Bizə müxtəlif
ölkələrdən bu münasibətlə yardım
göstərmək istəyən zənglər olmuşdur,
müxtəlif ölkələrdən, dost ölkələrdən
yardımlar təklif edilmişdir. Biz
bütün bu təşəbbüslərdə olan insanlara,
ölkələrə öz minnətdarlığımızı
bildirmək istəyirik. Ancaq onu demək
istəyirəm ki, bütün fəlakətin
qarşısının alınması və bundan sonra o yerlərin,
evlərin bərpası və bənd bərkitmə işlərinin
aparılmasını Azərbaycan dövləti öz üzərinə
götürür və bütün bu işləri biz
özümüz edəcəyik.
Həm xilasetmə
xidməti, həm səhiyyə nümayəndələri, təhsilin
nümayəndələri, suyun idarə olunması ilə
bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri
- biz hamımız çox səmərəli işlədik. Ən önəmli
məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi.
İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl
o təhlükəyə məruz qala biləcək bölgələrdən
köçürüldü, onların müvəqqəti
yaşayışı təmin edildi, ərzaq məsələləri,
səhiyyə məsələləri, yəni biz bütün
bu işlərə operativ şəkildə qoşulduq və
maksimum nəticəni də əldə edə bildik.
Biz onu da bilirik ki, bu il dünyada, həm Avropada, həm Amerikada,
Asiyada, bütün bölgələrdə təbii fəlakətlər
mövcud idi. Böyük insan itkisi ilə
müşahidə olunan bu hadisələr əlbəttə
ki, bütün dünyanı sarsıtdı. Biz televiziya vasitəsilə görürdük ki,
müxtəlif ölkələrdə hansı hadisələr
baş verir. Onu deyə bilərəm,
böyük nailiyyətimizdir ki, biz bu məsələlərlə
bağlı bütün işləri itkisiz gördük.
Beləliklə, hesab edirəm ki, minimum itkilərlə
bu vəziyyətdən çıxdıq.
Ancaq bununla bərabər bu
hadisələr bizim iqtisadiyyatımıza çox
böyük ziyan vurmuşdur, insanların əmlakı
dağıdılmışdır, minlərlə ev, minlərlə hektar torpaq su altında
qalmışdır. Bu gün biz artıq bu vəziyyətin
yaxşılaşması üçün əlavə tədbirlər
görürük. Konkret planlar tərtib
edilibdir. Biz ilk növbədə,
dağılmış evləri qısa müddət ərzində
bərpa etməliyik. Azərbaycan dövləti
bu işi öz üzərinə götürür. Bu da, deyə bilərəm ki, dünyada çox
nadir olan bir haldır. Başqa ölkələrdə
evlər sığortalanıb və dövlət demək olar
ki, belə evlərin bərpası ilə məşğul
olmur və vəsait də ayırmır. Yəni
evlərin sahibləri sığorta şirkətlərindən
vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər.
Azərbaycanda belə evlərin bərpası
ancaq Azərbaycan dövlətinin üzərinə
düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti
keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna
görə su dəyən kimi dərhal dağıldı.
Biz keyfiyyətli materiallardan istifadə edib evləri
yaxın zamanlarda bərpa edəcəyik. Çalışmalıyıq
ki, qış gələnə qədər işlərin tam əksəriyyəti
görülsün və insanlar normal evlərə
köçürülsünlər.
Bununla bərabər,
bütün texniki məsələlər də həll
olunmalıdır, bəndbərkitmə işləri də
aparılmalıdır, bütün texniki qurğular saz vəziyyətə
gətirilməlidir. Yəni, bu, böyük proqramdır və fəlakət
baş verəndən sonra keçirdiyim müşavirələrdə
mən bu barədə öz fikirlərimi bildirdim ki, biz
kompleks tədbirlərin görülməsinə nail
olmalıyıq. Kompleks tədbirlər planı
hazırlanıb və biz qısa müddət ərzində
bütün bu işləri görəcəyik.
Gələn
aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı
və minimum pensiyanın qaldırılması nəzərdə
tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə
baxırıq və pensiyaların, əməkhaqlarının
minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də
bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum
əməkhaqqı və pensiya qaldırılmalıdır.
Azərbaycan dövlətinin imkanları var və
biz elə etməliyik ki, insanlar ildən-ilə daha da
yaxşı yaşasınlar, xüsusilə o qədər də
böyük imkanlara malik olmayan insanlar.
Azərbaycanda
yoxsulluq kəskin şəkildə aşağı
düşür. Son altı ildə yoxsulluq şəraitində
yaşayanların sayı dörd dəfə aşağı
düşmüşdür. Ancaq buna
baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq
şəraitində yaşayır. Bu
insanlara dövlət öz qayğısını göstərməlidir
və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı
və pensiyanın qaldırılması sosial müdafiə
işlərində çox mühüm addım olacaqdır.
Bütün
sosial obyektlərin tikintisi davam etməlidir. İlin sonuna
qədər səhiyyə, təhsil, idman, mədəniyyət
sahələrində infrastruktur layihələri davam etdiriləcək,
vəsait var və bu işlər sürətləndirilməlidir.
Sahibkarlığa Kömək Milli Fondu
hesabından kreditlərin ayrılması daha da sürətli
getməlidir. Bu gün burada məlumat
verildi ki, artıq ilin əvvəlindən müəyyən məbləğlər
verilibdir, ancaq əsas məbləğ hələ ki
bölünməmiş qalır. Hesab edirəm ki, üçüncü
rübdə kreditlərin əksəriyyəti verilməlidir
ki, heç olmasa ilin sonuna qədər sahibkarlar bu il onlardan istifadə edə bilsinlər. Bu proqram artıq bir neçə ildir ki,
aparılır və bu, çox səmərəli təşəbbüsdür.
Artıq verilən kreditlərin məbləği
qayıdır və o qayıdan məbləğ yenidən
işə salınır və beləliklə, biz
böyük bir məbləği əldə etmişik.
Bu il 100 milyon manatdan çox kreditlər
veriləcəkdir. Gələn il yəqin
ki, bu məbləğ artacaqdır. Əsas odur
ki, konkret, real layihələr, yəni ciddi layihələr təqdim
olunsun və onlar tezliklə, keyfiyyətlə icra olunsun.
Xüsusilə
nəzərə alsaq ki, Azərbaycan dövləti ölkəmizin
inkişafı üçün lazım olan sahələri
müəyyən edib və biz sahibkarlara da tövsiyə
edirik ki, onlar hansı sahələrdə bu kreditlərdən
istifadə etsinlər. Xüsusilə, bildiyiniz kimi, bu il biz
sahibkarları daha çox soyuducu anbarların və taxıl
anbarlarının tikintisinə yönəltmişik. Demək olar ki, qısa müddət ərzində hər
bir bölgədə müasir soyuducu kameralar tikilibdir. Hələ
ki bu kameraların tikintisinə böyük ehtiyac var. Hesab edirəm
ki, biz bu il və gələn il bu
imkanlardan maksimum dərəcədə istifadə etməliyik.
Bu kreditlər də çox yaxşı işləyir
və bölgələrdə kənd təsərrüfatı,
emal sənayesi, turizm sahələrində aparılan işlərin
çox önəmli hissəsi bu kreditlər hesabına baş
verir. Beləliklə, kreditlərin verilməsi
prosesi daha da sürətlə aparılmalıdır.
Bu il Azərbaycanda
"Ekologiya ili" elan edilibdir və mən çox şadam
ki, ilin birinci yarısında bu sahədə görülən
tədbirlər öz nəticəsini verir. Artıq Azərbaycanda
bu il bir neçə milyon ağac əkilibdir.
Təkcə Bakı və Abşeron yarımadasında 800 min
ağac əkilibdir və bu proses payızda davam etdiriləcəkdir.
Beləliklə, qarşımıza qoyduğumuz
vəzifə icra olunacaqdır.
Ancaq bununla bərabər,
bu tədbirləri biz ancaq "Ekologiya ili"ndə görməməliyik. Bu, daimi proses
olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün kompleks
tədbirlər görülür. Bu ay biz
artıq Avro-2 standartına keçdik. Bu
da hesab edirəm ki, çox vacib və əlamətdar hadisədir.
Bu, birinci addımdır, bu, bizim bu məsələyə
nə qədər ciddi yanaşmağımızı göstərir.
Ancaq bu addımdan sonra əlavə başqa
addımlar da atılmalıdır. Yəni
Avro-2 bizim son hədəfimiz deyil, ondan sonra Avro-3, Avro-4, Avro-5
var, yəni görülən bütün işlər bu
istiqamətə yönəldilməlidir. Avro-2
standartlarına keçid artıq çox ciddi bir
addımdır, yəni birinci addımdır.
Bakıda
bildiyiniz kimi, məişət tullantıları zavodu tikilir. Balaxanı
poliqonunda görülən işlər artıq ekoloji vəziyyətin
yaxşılaşmasına gətirib
çıxarıbdır. Artıq o
bölgədən ənənəvi tüstülər
qalxmır. Hamımız yaxşı
xatırlayırıq ki, vaxtilə oradan qalxan tüstülər
bütün şəhəri bürüyürdü və
insanların sağlamlığına böyük ziyan idi.
Artıq bu məsələ də öz həllini
tapıbdır. Yəni, bu, onu göstərir
ki, ciddi yanaşma olan halda və konkret tədbirlər görüldüyü
halda hər bir məsələ öz həllini tapa bilər.
Bəziləri hesab edirdi ki, Balaxanı poliqonu elə
orada bizə əbədi problem yaradacaq, bunun
qabağını almaq heç cür mümkün deyil və
bu, böyük bir fəlakətdir, orada yığılan
tullantılar elə yavaş-yavaş yanacaq və tüstü
şəhəri bürüyəcəkdir. Amma biz göstərdik ki, əgər iradə varsa və
ciddi yanaşma varsa, hər şeyi etmək
mümkündür. Beləliklə, ekoloji
vəziyyətin, xüsusilə Bakıda ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün bu tədbirin
görülməsi xüsusi əhəmiyyət
daşıyır.
Bununla bərabər
bütün bölgələrdə təmizləyici
qurğular, içməli suyun verilməsi, kanalizasiya
qurulması prosesi davam etməlidir. Yəni bu məsələ
daim diqqət mərkəzindədir. Bəzi
rayonlarda işlər başlanıb, bəzi rayonlarda hələ
ki yox. Hesab edirəm ki, bu sahədə istədiyimizə
nail ola bilməmişik. Uzun
illərdir ki, Azərbaycan bu məsələ ilə
bağlı beynəlxalq maliyyə qurumları ilə
danışıqlar aparır. Danışıqlar
5 ildən çoxdur aparılır. Birinci dəfə bu
məsələni mən 5 il bundan əvvəl
qaldırmışdım ki, Azərbaycanda kanalizasiya və
içməli su məsələləri öz həllini
tapmalıdır. Azərbaycan dövləti
hazır idi, biz hazır idik ki, qısa müddət ərzində
vəsaiti ayıraq və bu məsələ həll olunsun.
Ancaq bürokratiya, bəzi hallarda səriştəsizlik,
bəzi hallarda beynəlxalq təşkilatlarla aparılan
danışıqlarda süründürməçiliyə
yol vermə halları bizi ciddi narahat edir. Bu,
bizim üçün bu gün əsas məsələdir.
Çünki elektrik enerjisi, qazlaşdırma, insanları
narahat edən digər məsələlərdə biz
böyük irəliləyişə nail ola
bildik. Amma hələ ki, içməli su,
kanalizasiya məsələləri bizim üçün ən
ağır sahədir.
Hesab edirəm
ki, qısa müddət ərzində bu sahədə də
ciddi tədbirlər görülməlidir. Birinci
addımlar atılır və artıq təklif verilmişdir
ki, rayon icra hakimiyyətləri bu işlərə
qoşulsunlar. Azərbaycan dövləti vəsait
ayıracaqdır ki, yerlərdə onlar bu işləri özləri
görsünlər. Bir halda ki, bu sahədə
bizim planlarımız hələ ki, həyatda öz əksini
tapmır. Bu məsələ öz həllini
təcili surətdə tapmalıdır və qısa müddət
ərzində bütün rayon mərkəzlərində, o
cümlədən Bakıda içməli su, kanalizasiya sistemi
yaradılmalıdır. Bakıda müəyyən
işlər görülübdür, daha da böyük
işlər görülməlidir. Elə
etməliyik ki, Azərbaycan vətəndaşları hər
bir yerdə, ölkəmizin istənilən nöqtəsində
Dünya Səhiyyə Təşkilatının standartları
səviyyəsində içməli su ilə təmin oluna
bilsin.
Oğuz-Qəbələ-Bakı
su kəməri bu il istifadəyə verilməlidir.
Bu kəmərin tikintisi artıq bir neçə
ildir ki, uzanıbdır. Düzdür, bunun
müəyyən təbii səbəbləri vardır,
çünki bu, bizim üçün yeni bir layihədir.
Yəqin ki, bəri başdan hər şeyi
hesablamaq çətin idi. Ancaq kəmərin
tikintisi zamanı qarşıya çıxan texniki məsələlər
bu işin yubanmasına gətirib çıxardı. Eyni zamanda tikinti zamanı lazım olan vəsaitin də
çatmayacağı üzə çıxdı, yəni
layihə bahalaşdı. Elə etməliyik
ki, qısa müddət ərzində, ilin sonuna qədər
Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə
verilsin. Beləliklə, Bakı sakinlərinin
içməli su ilə təchizatı
yaxşılaşsın. Əsas məqsəd
budur.
Bu, çox
böyük layihədir, bunun həm çox praktiki əhəmiyyəti
var, eyni zamanda, o, rəmzi xarakter daşıyır. Neft kəmərindən
əldə edilmiş gəlirləri biz su kəmərinin
tikintisinə yönəltdik. Yəni,
böyük bir layihədir, daim diqqət mərkəzində
olan bir layihədir. Bu layihənin ilin sonuna
qədər uğurla başa çatdırılması tələb
olunur.
Ümumiyyətlə,
ekoloji vəziyyətlə bağlı görülən
işlər təkcə bu məsələlərlə məhdudlaşmır. Azərbaycanda
son 6 ildə milli parkların, qoruqların, yasaqlıqların ərazisi
iki dəfə artıbdır. İndi Azərbaycan
ərazisinin 10 faizi məhz milli parklar, qoruqlar,
yasaqlıqlardır. Bu, çox böyük
bir rəqəmdir və onu göstərir ki, biz öz təbii
sərvətimizə, təbiətimizə çox
böyük həssaslıqla yanaşırıq. Elə etməliyik ki, təbiəti maksimum dərəcədə
qoruyaq.
Mən neft-qaz
sektorunda hasilatla bağlı öz fikirlərimi bildirdim. Bu sahədə
işlər yaxşı gedir. Bununla bərabər
xarici tərəfdaşlarla yeni kontraktlar imzalanır. Bu,
onu göstərir ki, "Əsrin kontraktı"ndan artıq
16 il vaxt keçməsinə baxmayaraq, Azərbaycan
xarici investorlar üçün maraqlı ölkə kimi cəlbedicidir
və bizimlə iş görmək istəyən şirkətlərin
sayı artır. Həm yeni şirkətlər,
eyni zamanda bizim ənənəvi tərəfdaşlarımız
maraq göstərirlər. Bu çox
müsbət haldır. Bir tərəfdən
onu göstərir ki, bizim həqiqətən də çox
böyük neft-qaz sərvətlərimiz vardır ki, bu
günə qədər biz kontraktlar imzalayırıq. Digər tərəfdən onu göstərir ki,
ölkəmizdə xarici sərmayələr lazımi səviyyədə
qorunur, Azərbaycan investisiyaların qorunması sahəsində
çox böyük işlər görübdür. Biz xarici tərəfdaşlarla
qarşılıqlı maraqlar əsasında işləyirik.
Hər bir tərəf öz üzərinə
düşən öhdəlikləri yerinə yetirir, o
cümlədən Azərbaycan dövləti bütün
hallarda kontraktda nəzərdə tutulmuş şərtlərə
əməl edibdir və xarici şirkətlər də eyni
yanaşmanı göstərir.
Yəni hesab
edirəm ki, Azərbaycanda neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq
nümunə kimi öyrənilə bilər. Beynəlxalq əməkdaşlıq
nəticəsində əldə edilmiş gəlirlərin ədalətli
bölünməsi və şəffaf şəkildə
saxlanılması artıq dünya miqyasında bir nümunə
kimi göstərilir. Bu sahədə biz maksimum dərəcədə
istədiyimizə nail ola bildik. Dünyada mövcud olan ən yüksək standartlar
Azərbaycanda tətbiq olunur.
Bununla bərabər,
bu sahədə hasilatla bağlı məsələlərlə
yanaşı, digər məsələlər də öz həllini
tapmalıdır, xüsusilə, qaz sektorunda. Bu sahəyə
dünyada indi daha da böyük maraq var. Azərbaycan artıq
qazı ixrac edən ölkə kimi özünü təsdiqləyib
və bizim tərəfdaşlarımızın sayı
artır. Bizim ixracımızın istiqamətləri
artır. Biz həm mövcud olan bazarlara əlavə həcmdə
qazın verilməsinə nail olmalıyıq, eyni zamanda, yeni
bazarlara çıxmaq üçün əlavə tədbirlər
görməliyik. Bizim qaz ehtiyatlarımız
çox böyükdür. İndi
onların ancaq cüzi hissəsindən istifadə olunur.
Bundan sonra onilliklər ərzində, daha dəqiq, ən
azı yüz il ərzində Azərbaycan
özünü etibarlı qaz təchizatçısı kimi
göstərəcəkdir.
Bununla bərabər,
ölkə daxilində lazımi tədbirlər görülməlidir. Bu tədbirlər
görülür. Qazlaşdırma prosesi
gedir, yeni kəndlər qazlaşdırılır. Biz
rayon mərkəzlərinin hamısına qazın verilməsinə
nail ola bildik. Elə etməliyik
ki, orada abunəçilərin sayı da artsın. Yeni xətlərin çəkilməsi, kəndlərə
qazın verilməsi prosesi davam etməlidir. Qaz anbarlarının həcminin artırılması
işində yaxşı nəticələr var. Biz gələcəkdə
də bu işlərə diqqət göstərəcəyik.
Enerji sektorunda
işlər cədvəl üzrə gedir. Bu il biz
üç yeni kiçik hidroelektrik stansiyasının təməlini
qoyduq. Azərbaycanda yeni proqram, bərpa olunan
enerji növlərinin inkişafı proqramı çərçivəsində
Göyçay, Ağdaş və Balakən rayonlarında bu
stansiyalar artıq tikilməyə başlamışdır.
Bu yaxınlarda mən Balakəndə olarkən
"Balakən-1" stansiyasının təməl
daşını qoydum. Ancaq təkcə o
rayonda 10 kiçik elektrik stansiyasının tikintisi nəzərdə
tutulur. Artıq ölkəmizin
bütün su resurslarının xəritəsi tərtib
olunub. Bu xəritə əsasında
bütün çaylarda, harada ki imkan var, biz kiçik həcmli
su elektrik stansiyaları qurmalıyıq. Beləliklə,
bu həm ekoloji cəhətdən çox gözəl layihə,
eyni zamanda, enerji təhlükəsizliyimizi təmin edən
layihə olacaqdır. Təbii ki, ucuz
enerjini istehsal etməklə biz daha çox qaza qənaət
edəcək və onu ixrac edəcəyik.
Bu il
artıq Azərbaycanda günəş elektrik enerjisinin
yaradılması işində birinci addımlar
atılmışdır. Dünən Mərkəzi
Seçki Komissiyasının yeni inzibati binasının
açılışı zamanı mənə nümayiş
etdirildi. Azərbaycanda birinci günəş
batareyaları qurulubdur və Mərkəzi Seçki
Komissiyasının binası tam şəkildə günəş
enerjisi hesabına qidalandırılacaqdır. Mənim tərəfimdən göstəriş
verildi ki, bu gözəl təşəbbüsü biz qısa
müddətdə Azərbaycanda daha da geniş yayaq. Yəqin ki, Azərbaycanda günəş
batareyaları istehsal edən sahələr də
yaradılmalıdır. Nəzərə
alsaq ki, bu, bizim strateji və uzunmüddətli siyasətimizdir.
Əlbəttə ki, birinci mərhələdə
yəqin ki, o batareyalar xaricdən gətirilməlidir. Ancaq biz Azərbaycanda bu istehsalı təşkil etməliyik
ki, vəsait Azərbaycandan getməsin və yerli şirkətlər,
yerli sahibkarlar bu işlərdən faydalansınlar. Ümid edirəm ki, sahibkarlar da məni eşidirlər,
bu sahəyə dövlət çox böyük diqqət
göstərir. Mən hesab edirəm ki, biz
bu işlərə vaxtında başlamışıq.
Bizim həm
neftimiz, həm qazımız var. Yəni biz alternativ enerji mənbələri
olmadan da öz enerji təhlükəsizliyimizi tam şəkildə
təmin edirik və başqa ölkələrin də enerji təhlükəsizliyi
işlərində iştirak edirik. Ancaq mən hesab edirəm
ki, biz bu gün bərpa olunan enerji növlərinin
yaradılmasına başlamalıyıq. Bu,
bizim həm iqtisadi gücümüzü artıracaq, eyni
zamanda, bu, bizim ümumi işə, dünyada gedən proseslərə
böyük töhfəmiz olacaqdır. Çünki
iqlim dəyişikliyi məsələləri artıq
dünyada çox böyük müzakirə mövzusuna
çevrilibdir. Düzdür, Azərbaycan
öz tərəfindən iqlim dəyişikliyinin dərinləşməsinə
dünya iqlimi üçün problem yaradan ölkə deyil.
Ancaq bu bizim töhfəmiz olacaqdır. Bir də ki, bu müasirlikdir, yenilikdir, ekoloji
standartlardır. Bu sahədə işlər
görülməyə başlayıb və hesab edirəm ki,
bu, çox sürətlə inkişaf etməlidir. Nəzərə alsaq ki, dövlət büdcəsində
də dövlət tərəfindən görüləcək
işlərin sürətləndirilməsi üçün
kifayət qədər vəsait var. Ancaq bununla bərabər
biz özəl sektoru da bu işlərə dəvət edirik.
Yəqin ki,
yaxın zamanlarda, gələn ilin dövlət büdcəsi
ilə bağlı konkret işlər başlanacaqdır. Artıq ilin
birinci yarısı arxada qaldı. Biz gələn
ilin büdcəsi haqqında fikirləşməliyik. Bilirəm ki, Maliyyə Nazirliyində bu məsələlərlə
bağlı işlər gedir. Ümumiyyətlə,
artıq Azərbaycanın dövlət büdcəsi
oturuşmuş büdcədir. Biz çalışmalıyıq
ki, büdcəmizi maksimum dərəcədə vergilər,
rüsumlar hesabına təmin edək. Çalışmalıyıq
ki, Neft Fondundan transfertləri çox da şişirtməyək.
Ancaq bu da lazımlı vəsaitdir, Azərbaycanın
sürətli inkişafını təmin edir.
Mən bayaq
qeyd etdiyim kimi, bizim valyuta ehtiyatlarımız artır. İlin sonuna
qədər daha da artacaqdır. Ancaq biz bu
ehtiyatlardan çox qənaətlə istifadə etməliyik.
Biz resursları maliyyə resursları, kreditlər,
investisiyalar şəklində ölkə iqtisadiyyatına
qoymalıyıq ki, həmin layihələr də öz
növbəsində milli gəlir gətirsin və bunun
hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər
təqdirəlayiqdir. Əgər biz
çox böyük investisiyaları qoymasaydıq, əgər
biz bəzi beynəlxalq məsləhətçilərə
qulaq assaydıq və ehtiyatları sadəcə olaraq
yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı
çox ağır vəziyyətə düşə bilərdi.
Biz bu böhrandan məhz ona görə uğurla
çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri
açıldı, yerli istehsal işə başladı,
idxaldan asılılıq azaldı. Biz demək
olar ki, ərzaq məhsulları ilə özümüzü
maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur
layihələrini həyata keçirməsəydik, yolları
çəkməsəydik, elektrik stansiyaları tikməsəydik,
qazlaşdırma aparılmasaydı, onda bunların heç
biri də olmazdı. Bizim indi bəlkə
də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə
proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu "Holland xəstəliyi"
ilə üzləşə bilərdik. Amma
biz öz yolumuzu seçdik. Biz ehtiyatları da
yığdıq - bax bu il artan valyuta
ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni
zamanda, lazım olan sahələrə investisiyaları
böyük həcmdə yönəldə bildik.
Bu gün Azərbaycan
hərtərəfli inkişaf edən ölkədir. Bizim şəhərlərimiz
abad, gözəl şəhərlərdir. Hər bir şəhərdə işlər gedir, sosial
məsələlər həllini tapır. Abadlıq, quruculuq işləri aparılır.
Deyə bilərəm ki, biz bu investisiyaları ölkəyə
lazım olan sahələrə tətbiq etməklə
böyük uğurlara nail ola bilmişik. Gələcəkdə dövlət investisiya
proqramı geniş olmalıdır. Bu
proqram 2009-2013-cü illəri əhatə edən Dövlət
Proqramının tərkib hissəsidir. Yəni,
2013-cü ilə qədər biz ölkə
qarşısında duran əsas iqtisadi və sosial məsələləri
həll etməliyik. Qarşıya belə
məqsəd qoyulubdur.
2011-ci ilin
dövlət büdcəsi həmişə olduğu kimi,
investisiya yönümlü olmalıdır. Eyni zamanda, o
büdcədə bütün sosial məsələlər də
öz həllini tapmalıdır. Deyə
bilərəm ki, Azərbaycanda əsas investisiya layihələri
- elektrik stansiyaları, yollar, digər infrastruktur layihələri,
su anbarları - artıq ya başa çatıbdır, ya da
başa çatmaq üzrədir. Biz bu il
Tovuzçay su anbarının tikintisinə
başlamalıyıq. Bu da çox nəhəng
bir layihədir, həm elektrik enerjisinin verilməsi, eyni zamanda,
suların tənzimlənməsi layihəsidir. Əgər Tovuzçay su anbarı vaxtında tikilsəydi,
bu daşqınlar da, sellər də bizə bu qədər əziyyət
verməzdi. Çünki həmin su anbarı hesabına
istənilən həcmdə suyun idarə olunmasına nail ola bilərik. Yəni, bu layihənin icrası
bir neçə il çəkə bilər.
Ancaq bu il başlamalıyıq və bu
işi də uğurla başa vurmalıyıq.
Demək istəyirəm
ki, yəni əsas, təcili, təxirəsalınmaz
infrastruktur layihələri ya başa çatıb, ya da ki,
icra olunur. Ona
görə biz çox dəqiq və ciddi baxmalıyıq ki,
gələn il hansı sahələrə
dövlət investisiyalarını yönəldək ki,
ölkəmizin hərtərəfli inkişafı təmin edilsin,
qeyri-neft sektoru inkişaf etsin, beləliklə, ölkəmiz
uzun illər bundan sonra da dayanıqlı iqtisadiyyata malik olsun.
Bir də demək
istəyirəm ki, altı ayın göstəriciləri
arasında ən təsirli və mənim üçün ən
əhəmiyyətlisi məhz qeyri-neft sektorunun artmasıdır. Qeyri-neft sektorunun 15,3 faiz artması bizim iqtisadi siyasətimizin nəticəsidir.
Digər göstəricilər də əlbəttə
ki, çox vacibdir - inflyasiya, əhalinin pul gəlirləri,
ÜDM, sənaye istehsalı, 15 faiz artan qeyri-neft sektorunun
inkişafı görülən işlərin nəticəsidir.
Əlbəttə ki, görülən işlərin
nəticəsi bizi daha da ruhlandırır. Biz elə etməliyik ki, əldə edilmiş
uğurlarla kifayətlənməyək, biz daim hərəkətdə,
daim fəal olmalıyıq, işləməliyik. Ölkədə görüləsi işlər də
çoxdur. Biz elə etməliyik ki, Azərbaycan
xalqı daha da yaxşı yaşasın, ölkəmiz daha da
güclənsin və öz mövqelərini daha da möhkəmləndirsin.
Bax, əsas məqsəd budur.
Gələn
altı ayda görüləcək işlər bəllidir. Bütün
nazirliklər, dövlət qurumları öz vəzifə
borclarını yerinə yetirirlər. Əminəm
ki, ilin sonuna qədər də bu müsbət tendensiyalar davam
edəcəkdir. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 14 iyul.- S.
3, 4.