Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
Türkiyə Talassemiya
Federasiyasının rəhbəri Duran Canatan ilə görüşmüşdür
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti təyin edilən Duran Canatanın xəstəliklə mübarizədə fonda böyük dəstək göstərdiyini dedi.
Heydər Əliyev Fondunun talassemiyanın qarşısını almaq üçün həyata keçirdiyi proqramın artıq bir neçə ildir ki, icra olunduğunu qeyd edən Azərbaycanın birinci xanımı bu sahədə görülən işlər, Bakıda Talassemiya Mərkəzi barədə danışdı. Fondun prezidenti dedi ki, problemin ciddiliyi nəzərə alınaraq doktor Duran Canatanın təcrübəsinə ehtiyac vardır.
Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Heydər Əliyev Fondunun talassemiya ilə mübarizədə fəaliyyətinin önəmini vurğuladı.
Görüşdə talassemiyanın qarşısının alınması üçün preventiv tədbirlər - maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər müzakirə edildi.
AzərTAc
Azərbaycan.- 2010.- 14
iyul.- S. 4.