Elm və təhsilin böyük
himayədarı
Hər bir insan ömrünü
həyatı boyu özünəməxsus xatirələr
müşayiət edir. Xatirələr dünənlə bu gün arasında körpü rolu oynamaqla yanaşı, onları yaşadan, konkret olaraq bir insanın həyatını mənalandıran,
kimliyini müəyyən
edən, mənəvi
aləmini, könül
dünyasını dəyərləndirən
bir meyardır. Xatirələr müxtəlif olur.
Elə xatirələr var ki, bütün ömür boyu insanın yol yoldaşı olur. Yaddaşından nəinki silinmir,
əksinə, hər dəfə yada salanda daxili bir qürur hissi, xoş rahatlıq, məmnunluq hissləri keçirir, təkrar-təkrar həmin
unudulmaz anları xatırlamaqdan doymursan.
Hətta
bu xatirələri başqa insanlarla da bölüşmək, öz sevincli anlarından onlara da bəxş etmək istəyirsən.
Xoşbəxtlikdən həyatımda belə xatirələr çox olmuşdur. Əlbəttə, hər birinin öz yeri, öz dəyəri olan həmin xatirələr sırasında ulu öndər Heydər Əliyevlə bağlı görüşlərim indiyədək yaşanmış illərimin ən qiymətlisi, unudulmazıdır. Hazırda ömrünün ahıl çağlarını yaşayan yaşıdlarımın ilk gənclik dövrü ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəlinə təsadüf edir. Bunu ona görə xüsusi qeyd edirəm ki, həmin illərdə oxumaq, ali təhsil almaq arzusunda olan gənclərin üzünə sanki bəxt günəşi doğdu. 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Heydər Əlirza oğlu Əliyev respublikanın hər sahəsində olduğu kimi, ali təhsil sahəsində də elə ilk günlərdən köklü dəyişikliklər etməyə başladı. Təsadüfi deyildir ki, 1969-cu il 5 avqust tarixli məşhur plenumda ən çox tənqid hədəfi olan sahələrdən biri də məhz ali təhsil müəssisələrində mənəvi iqlimin sağlamlaşdırılması və neqativ halların aradan qaldırılması yollarının təhlili olmuşdur.
1969-cu ilin avqustundan etibarən respublika rəhbərliyi azərbaycanlı gənclərin kənarda təhsil alması işi ilə ciddi məşğul olmağa başlayarkən, ali məktəblərimiz də var idi, bunlarda kadrlar da hazırlanırdı. Ancaq nə üçün bu sahəyə belə ciddi fıkir verilir və buna mühüm bir iş kimi baxılırdı? Özü də bu işlə Azərbaycanın məhz rəhbəri məşğul olurdu? Bunun bir sıra səbəbləri var idı. Birincisi, ona görə ki, bir çox zəruri ixtisaslar üzrə Azərbaycan ali məktəblərində mütəxəssislər hazırlanmırdı.
Ötən əsrin təxminən 40-50-ci illərində respublikada ali məktəblər şəbəkəsi yaranandan sonra Azərbaycan ictimaiyyətində yalnız öz respublikasında, öz şəhərində yaşamaq, təhsil almaq meyilləri əvvəlki dövrə nisbətən müəyyən qədər artmışdı. Bu meyil dövr üçün heç də təqdirolunası hal deyildi. Azərbaycan gənclərinin məhdud çərçivədən çıxıb dünyaya daha geniş gözlə baxmaq yolunun vaxtı çoxdan çatmışdı.
Respublikadan kənarda təhsil almağın üstün cəhətlərindən biri də elmlərə yiyələnməklə bərabər, dünyamiqyaslı dillərdən olan rus dilini mənimsəməklə daha da zənginləşməyin mümkünlüyüdür. Hər hansı elm adamı üçün digər dilləri bilmək yalnız fayda gətirə bilər və bu, olduqca zəruridir. Başqa-başqa şəhərlərin çoxlu sayda ali məktəblərində hər il üst-üstə bir ali məktəbin hazırlayacağı sayda tələbələrin oxuması da respublikamıza səmərə gətirirdi. Sonralar bunu Moskvada da hiss etmişdilər. Onlar görürdülər ki, Azərbaycan ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni ali məktəb yaradılır. Mərkəz buna çox qısqanclıqla yanaşırdı.
Statistika göstərir ki, ötən əsrin 70-ci illərinə qədər Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına süni maneələr yaradılır, müəyyən limit qoymaqla onların həmin ali məktəblərə qəbulu məhdudlaşdırılır, bu maneələri aşan soydaşlarımızın isə bir qayda olaraq əsasən ədəbiyyat, musiqi və s. sahələri üzrə təhsil almalarına izin verilirdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra isə bu istiqamətdə ciddi irəliləyişlər nəzərə çarpmağa başladı. 70-ci illərin əvvəllərindən başlayaraq, hər il yüzlərlə azərbaycanlı İttifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, texniki və s. kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Bu siyasət Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. 1970-1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanların sayı isə 70 mindən 100 minə yüksəlmişdi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar üzrə kafedralar, problem laboratoriyaları açılmışdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı yolundakı böyük xidmətlərindən biri də keçmiş SSRİ-nin 170-dən çox məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır. 1969-1970-ci dərs ilində respublikadan kənara 60 nəfər plana qarşı vur-tut 47 nəfər təhsil almağa göndərilmişdirsə, bu rəqəm 1975-ci ildə 14 dəfədən də çox artaraq 700 nəfərə yaxın olmuşdur. 1975-ci ildən başlayaraq gənclərin respublikadan kənara təhsilə göndərilməsi daha da intensiv xarakter almış, 1978-ci ildən respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunmuşdu. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, 1976-cı ildə göndərilənlər içərisində bu rəqəm 85, 1977-ci ildə 92, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəlmişdi. Əlbəttə, bunlar heç də asanlıqla edilməmişdi. Başqa respublikalarla müqayisədə hər il Azərbaycanın limitinin artırılması bilavasitə Heydər Əliyevin qətiyyətli siyasətinin, yorulmaz fəaliyyətinin nəticəsi idi.
1969-cu ildən 1982-ci ilədək elə bir il olmurdu ki, ənənəvi avqust görüşləri baş tutmasın. Avqust görüşləri ulu öndərin o zamankı qısamüddətli yay istirahət dövrünə düşməsinə baxmayaraq, o, bu görüşlərdən kənarda qalmır, istirahətini yarımçıq qoyaraq Bakıya gəlir, tələbələrin görüşündə şəxsən iştirak edirdi. O, bu görüşlərdə hər bir çıxışı diqqətlə dinləyir, tələbələrin arzu və təkliflərinə qulaq asır, təhsilləri, hətta şəxsi həyatları ilə maraqlanır və nəhayət, nitq söyləyirdi. Həmin nitq isə qarşıdakı dərs ilinin fəaliyyət proqramına çevrilirdi.
Həmin illərdə Azərbaycandan kənarda təhsil alan gənclərdən biri kimi özümü ulu öndərə daim borclu sayıram. Ümummilli liderin yaratdığı şəffaf mühit nəticəsində 1973-cü ildə tələbə adını qazana bildim. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indi Azərbaycan Dövlət İqtisad Universiteti adlanır) daxil oldum. Dərs əlaçısı olduğumu nəzərə alaraq məni Azərbaycan KP MK-nin göstərişi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisad fakültəsinə köçürdülər. Elə dahi şəxsiyyətlə olan görüşlərim də tələbəlik illərinə təsadüf edir. 1977-ci ildə - sonuncu kursda oxuyarkən indiki Heydər Əliyev adına Sarayda tələbə-gənclərlə respublika partiya və hökumət rəhbərlərinin iştirakı ilə keçirilən ənənəvi görüşdə əlaçı tələbə kimi çıxış etdim.
Əvvəlki görüşlərdə olduğu kimi, dahi rəhbərin nitqi bu tədbirdə də diqqətlə dinlənildi. Həqiqətən, unudulmaz anlar idi: görüş iştirakçılarının hər biri bu tarixi məqamları yaddaşına əbədi həkk etməyə çalışırdı. Ulu öndərin həmin nitqindən bəzi hissələri hələ də xatırlayıram: "Xüsusi razılıq hissi ilə deməliyəm ki, ölkənin Moskva, Leninqrad və başqa şəhərlərinin ali məktəblərinə kənd yerlərindən daxil olan oğlan və qızların sayı durmadan artır və həmin ali məktəblərdə indi əslində, bütün respublika təmsil olunmuşdur.
...Asudə vaxtın təşkili, ondan istifadə problemləri hər bir tələbə üçün mühüm problemdir. Yadda saxlayın ki, istirahət, asudə vaxt heç də boş-bekar gəzmək demək deyildir, vaxtı hədər keçirmək demək deyildir. Fəal istirahət mütaliə etmək, turist yürüşlərinə çıxmaq, idmanla məşğul olmaq, sərgilərə və muzeylərə getmək deməkdir. Bütün bunlar uzun illər boyu tükənməyən və kara gələn qiymətli sərvətdir. Əksinə, gənclik illərində itirdiyimiz vaxtı qaytarmaq, bilik, təsərrüfat kəsirinin yerini sonradan doldurmaq mümkün deyildir".
Bu tövsiyələrin söyləndiyi vaxtdan təxminən 33 il ötür. Amma hələ də öz aktuallığını itirməyən bu müdrik fikirlərdən zaman-zaman bəhrələnmək mümkündür. Həmin illərdə ənənə halını almış avqust görüşlərinin hansı birinin sənədlərini, dərc olunmuş mətnləri, xüsusilə, xalqımızın böyük oğlunun tələbələrə müraciətlə söylədiyi nitqini nəzərdən keçirsəniz, belə diqqətəlayiq müdrik məsləhətlərə, tövsiyələrə rast gələ bilərsiniz.
Dahi şəxsiyyətlə ikinci görüşümüz isə onun 75 illik yubiley tədbirinə təsadüf edir. 1998-ci il may ayının 21-də ümummilli lider öz sıralarında 1500-ə qədər yüksək ixtisaslı ziyalını birləşdirən Respublikamızdan Kənarda Təhsil Almış Mütəxəssislər Cəmiyyətinin 6 nəfərdən ibarət kiçik qrupunu bizim xahişimizlə qəbul etdi. Cəmiyyətin sədri, Azərbaycan Texniki Universitetinin dosenti Natiq Əhmədov keçmiş SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış mütəxəssislər adından ölkə başçısını yubileyi münasibətilə təbrik etdi. Ulu öndər səmimi sözlərə görə təşəkkür etdi, ötən illəri xatırladı. Həmin illərdə kənar şəhərlərdə təhsil almağa limiti necə çətinliklə aldığını, gözügötürməz, paxıl qüvvələrlə nə cür mübarizə apardığını bildirdi. Onun söylədiyi bir fikir yaddaşıma əbədi yazılıb: "O vaxt oxumağa göndərdiyim gənclərin hamısı mənim doğma övladlarımdır".
Bir neçə aydan sonra - yəni, sentyabrın əvvəlində sarayın çoxminli salonunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısı keçirildi. Ulu öndərin çox diqqətlə dinlənilən əhatəli və dərin məzmunlu nitqində bu sahədə keçirilən yollara bir daha nəzər salındı. Nitqinin sonunda böyük strateq dedi: "O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı. Azərbaycan artıq dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dünya miqyasında hörməti qalxıb, ölkəmiz tanınıb və Azərbaycan müstəqillik yolu ilə bundan sonra da gedəcəkdir. Əziz dostlar, siz Azərbaycanın bu müstəqillik yolu ilə getməsində fəal iştirak edirsiniz və bundan sonra da iştirak etməlisiniz. Bəli, indi müstəqil Azərbaycana gənc, yüksək bilikli, ali elmi dərəcəli olan kadrlar, yaxşı mütəxəssislər lazımdır".
İndi həmin anları bir daha xəyalımda canlandırıb qələmə alarkən o böyük və qayğıkeş insanı minnətdarlıqla xatırlayıram. İnanıram ki, haqqında bəhs etdiyimiz dövrdə respublikadan kənarda təhsil almış və müəyyən ixtisasa yiyələnmiş hər bir azərbaycanlı bu səviyyəyə yetişməsində dahi insanın bilavasitə rolu olduğunu, onu minnətdarlıqla xatırlamağı özünə mənəvi borc bilər.
Çox fərəhli və diqqətəlayiq haldır ki, ulu öndərin təhsilə, elmə, mədəniyyətə və digər sahələrə göstərdiyi qayğını ölkə Prezidenti cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir. Konkret bir məsələni xüsusi vurğulamaq istərdim. Ulu öndər 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin 1998-ci ildə keçirilən ümumrespublika toplantısında bildirmişdi ki, gənclərin xaricdə təhsil almasından ötrü dövlət proqramı hazırlanmalıdır. Toplantıda həmçinin milli-mənəvi fondun yaradılması ideyası da vacib məsələ kimi qeyd olunmuşdu. Bu ideya məhz cənab İlham Əliyevin prezidentliyi dövründə gerçəkliyə çevrildi.
Azərbaycan Prezidentinin imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"na müvafiq olaraq 500-dən yuxarı gənc xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar. Proqram üzrə xarici ölkələrin ali təhsil ocaqlarına, hətta magistratura və doktorantura səviyyəsində də göndərişlər həyata keçirilir. MDU-nun 2008-ci ildə Bakı filialının açılması da çox əlamətdar hadisədir.
Prezident İlham Əliyevin 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı isə ali məktəb sistemində islahatların yeni dövrün tələblərinə uyğun aparılması baxımından vacib əhəmiyyət daşıyır. Dövlət proqramında xüsusi vurğulanır ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il sərəncamı da Azərbaycan təhsilinin Avratlantik məkana inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Ali təhsildə islahatların da məhz bu prinsiplər əsasında aparılması qarşıda duran vacib məsələlərdən biridir.
Azərbaycan Prezidentinin 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması isə fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır. Bundan əlavə, yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda keçirilməsi gənc nəslin elmə marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da yaradıldığı vaxtdan elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində bir sıra geniş miqyaslı, faydalı layihələr həyata keçirmişdir. Fondun xüsusilə, təhsilə verdiyi qiymət dahi rəhbərin bu sahədəki fəaliyyətinin davamı və günün tələblərinə uyğun surətdə tədbirlərin görülməsi kimi səciyyələndirilməlidir.
Hazırda dünyanın 30 ölkəsinin 160 nüfuzlu ali təhsil müəssisələrində müxtəlif mənbələr hesabına 10 mindən artıq həmyerlimizin müxtəlif ixtisaslar üzrə biliklərə yiyələnməsi faktı sevindiricidir. Dövlət başçısı İlham Əliyev haqlı olaraq qeyd edir ki, təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin güclənməsinə töhfə verən amildir. Bəli, Azərbaycanda elmin və təhsilin bundan sonra da daha vüsətlə inkişaf edəcəyinə inam böyükdür. Bizim xalq buna layiq və həm də qadirdir.
Əlican BABAYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin
"İqtisadi nəzəriyyə
- 1" kafedrasının müdiri,
iqtisad elmləri doktoru,
professor, Azərbaycandan
Kənarda Təhsil Almış
Mütəxəssislər Təşkilatının
Ali Məclisinin sədri
Azərbaycan.- 2010.- 14 iyul.- S.
5.