Almaniyada çıxan "Ost-West Contact" jurnalında Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına həsr olunmuş məqalələr dərc edilmişdir

 

Cari ilin iyun ayında Almaniyada nəşr olunan aylıq "Ost-West Contact" jurnalında Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının müqayisəli təhlilinə həsr olunmuş geniş məqalələr dərc olunmuşdur.

"Ost-West Contact" jurnalı Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq üzrə xüsusi jurnaldır. Haqqında danışılan regionlardakı ölkələrin iqtisadiyyatı, biznes imkanları və Almaniya sahibkarlarını maraqlandıra bilən digər məlumatlar bu mətbu orqanda dərc olunur və müvafiq dairələrdə (əsasən biznes dairələrində) yayılır.

"Üfüqdəki dirçəliş" məqaləsində Cənubi Qafqaz ölkələrində gedən iqtisadi proseslər müqayisəli şəkildə təhlil olunur. Qlobal maliyyə böhranının Ermənistan iqtisadiyyatına böyük həcmdə zərər vurduğu və bu səbəbdən müstəqillik əldə etdikdən sonra ən böyük iqtisadi azalmanın (14,4 faiz) müşahidə olunduğu vurğulanan məqalədə ən çox iqtisadi daralma müşahidə edilən sektorun inşaat sektoru olduğu bildirilir. Qlobal böhranın Azərbaycan iqtisadiyyatına da təsir etdiyi, lakin buna baxmayaraq 9,3 faizlik iqtisadi artımın əldə olunduğu bildirilən məqalədə neft sektorundakı artımın 14,3 faiz nisbətində olduğu ifadə edilir. Ölkədə həyata keçirilən məqsədyönlü pul siyasəti sayəsində manatın məzənnəsinin dollar qarşısında dəyər itirmədiyi, inflyasiyanın isə 1,5 faiz səviyyəsinə endirildiyi göstərilir. Gürcüstanın isə beynəlxalq təşkilatların yardımı ilə müharibənin təsirlərini geridə qoyduğu, ÜDM-dəki azalmanın 3,9 faiz səviyyəsində olmasına baxmayaraq, bəzi sektorlarda iqtisadi daralmanın ikirəqəmli səviyyədə olduğu bildirilir.

"Qafqazdakı qartal" adlı məqalədə ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf, Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı, ölkəmizdə fəaliyyət göstərən alman şirkətləri, kiçik və ortamiqyaslı alman şirkətləri üçün əməkdaşlıq imkanlarına dair məlumatlar öz əksini tapmışdır. Almaniya şirkətləri ilə əməkdaşlıq şəraitində inşa edilən magistrallar, kənd təsərrüfatında həyata keçirilən əməkdaşlıq layihələrindən bəhs edən məqalədə Almaniyada istehsal olunan malların Azərbaycanda böyük rəğbətlə qarşılandığı ifadə olunur. Belə ki, ölkəyə idxal edilən istifadə olunmuş avtomobillərin 40 faizi "Mercedes" markalı avtomobillərdir. Ümumiyyətlə, Almaniya Rusiya və Türkiyədən sonra Azərbaycanın idxalatında üçüncü yeri tutur. Nefti ilə məşhur ölkənin eyni zamanda böyük ölçüdə bərpa olunan enerji potensialına malik olduğu bildirilən məqalədə bu sahədə ölkə rəhbərliyi tərəfindən görülən işlər, eləcə də Azərbaycanda fəaliyyət göstərən alman şirkətlərinin həyata keçirdiyi layihələr barədə məlumat əksini tapmışdır.

Azərbaycanın böyük turizm potensialına malik olduğu, bu istiqamətdə inşa edilən mehmanxanalar və qış kompleksləri barədə məlumat verilən məqalədə infrastrukturun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışılır. "Macəra səyahəti" adlı məqalədə turizm sektorunun inkişaf etdirilməsi üçün görülən işlər, həyata keçirilən dövlət proqramları barədə məlumatlar öz əksini tapır. Xüsusilə vurğulanır ki, ölkəmizin regionları böyük turizm potensialına malikdir və bu potensialdan istifadə edilməsi məqsədi ilə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2010.- 14 iyul.- S.  6.