Lənkəranda "Azərbaycan milli mətbuatı-135: tarixi
nailiyyətlər və perspektivlər" silsiləsindən
sayca beşinci konfrans keçirilmişdir
İyulun 13-də Lənkəranda "Azərbaycan milli mətbuatı-135: tarixi nailiyyətlər və perspektivlər" silsiləsindən sayca beşinci konfrans keçirilmişdir.
Əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzülmüş, xatirəsi ehtiramla yad olunmuşdur.
Prezident Administrasiyasının, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda 14 şəhər və rayonun icra hakimiyyətlərinin ictimai təşkilatlarla və siyasi partiyalarla iş şöbələrinin müdirləri, həmin rayonlarda nəşr olunan qəzet və jurnalların redaktorları, cənub bölgəsində fəaliyyət göstərən KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Konfransı giriş sözü ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov açaraq "Əkinçi" qəzetinin tarixinə ekskurs etmiş, nəşrin əsas məqsədinin Azərbaycan cəmiyyətini maarifləndirmək və məlumatlandırmaq, xalqın ictimai şüurunun inkişafına, milli özünüdərk prosesinə təkan vermək olduğunu bildirmişdir. Vurğulamışdır ki, 1991-ci ildən başlayaraq Azərbaycan mətbuatının tarixində yeni bir dövr başlanmışdır. Hazırda Ədliyyə Nazirliyində qeydiyyata alınmış mətbu orqanların sayı 4 min 200, müntəzəm nəşr olunan qəzetlərin sayı isə 300-dən çoxdur. Azərbaycan mətbuatının çiçəklənmə dövrü ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. Ulu öndər milli mətbuatın inkişafına həmişə böyük əhəmiyyət verir, vaxtaşırı mətbuat işçiləri ilə görüşür, onların fikirlərinə, təkliflərinə böyük həssaslıqla yanaşırdı. Məhz bu dövrdə Azərbaycanda mətbuatın mükəmməl qanunvericilik bazası yaradılmış, bu fəaliyyəti tənzimləyən ən zəruri qanunlar qəbul edilmişdir. Bu dövrdə, həmçinin mətbuatın inkişafına mane olan süni əngəllər, o cümlədən senzura aradan qaldırılmışdır. Ümummilli liderin 1998-ci il avqustun 6-da imzaladığı sərəncama əsasən senzuranı həyata keçirən idarə - Mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirrini mühafizə baş idarəsi ləğv olunmuşdur. Ulu öndər, eyni zamanda, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsini diqqət mərkəzində saxlayırdı. Belə ki, 1998-ci ildə qəzet redaksiyaları əlavə dəyər vergisindən azad olunmuş, 2001-ci ildə Azərbaycana idxal olunan qəzet kağızlarına tətbiq olunan gömrük rüsumları ləğv edilmişdir. O dövrdə qəzetlərin "Azərbaycan" nəşriyyatına böyük məbləğdə borcu yaranmışdı. 2002-ci ilin iyulunda qəzet redaktorlarının ümummilli liderlə görüşü zamanı bu məsələ qaldırılmış, 2003-cü ilin yanvarında Azərbaycan Prezidentinin sərəncamı ilə qəzetlərin bu nəşriyyata olan borcları 3 il müddətinə dondurulmuşdu. Ümummilli liderin mətbuatla bağlı həmin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə, uğurla davam etdirilir. Bu gün Azərbaycan təkcə regionda deyil, dünyada inkişaf etmiş ölkələrdən biridir. Azərbaycanın iqtisadi və maddi imkanları artır. Bu, dövlətə imkan verir ki, mətbuatın inkişafı ilə bağlı daha təsirli tədbirlər həyata keçirsin. 2006-cı ilin fevralında Azərbaycan Prezidentinin sərəncamı ilə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları silinmişdir. 2005-ci ildən başlayaraq dövlət başçısının sərəncamı ilə qəzetlərə mətbuat günü ərəfəsində birdəfəlik yardımlar edilir. 2005-ci ildə 35 qəzetin hər birinə 2 min manat, 2008-ci ildə 38 qəzetin hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzetin hər birinə 10 min manat yardım edilmişdir. Mətbuatın davamlı inkişafını təmin etmək üçün 2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fond iki il ərzində qəzetlərdən, jurnallardan və digər KİV-lərdən daxil olan layihələrlə bağlı 3 milyon manata yaxın vəsait xərcləmişdir. Son beş ildə 300-ə yaxın jurnalistə dövlət mükafatları təqdim edilmişdir. İyunun 10-da Azərbaycan Prezidenti milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Bütün bunlar Azərbaycan Prezidentinin milli mətbuatın inkişafına, mətbuat işçilərinə göstərdiyi qayğının təzahürüdür.
T.Süleymanov qeyd etmişdir ki, adı çəkilən sərəncamdan irəli gələrək müxtəlif bölgələrdə konfranslar keçirilmişdir. Tədbirlər yüksək səviyyədə təşkil olunmuş, medianın hazırkı durumu, keçdiyi tarixi yol haqqında geniş diskussiyalar aparılmışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov mətbuatın Azərbaycanın ictimai fikrində xüsusi yerinin olduğunu demişdir. Rəhbərlik etdiyi bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri barədə statistik məlumatlar verən T.İbrahimov medianın kəmiyyət əmsalının keyfiyyətlə uzlaşmasının vacibliyini qabartmışdır. "Ölkədə mediaya dövlət qayğısı daim artır. Mövcud sahədə ardıcıl siyasət yürüdülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncam bunun növbəti əyani nümunəsidir. Belə vəziyyətdə istər kütləvi informasiya vasitələrinin, istərsə də onların məlumat mənbələrinin üzərinə böyük məsuliyyət düşür", - deyə o vurğulamışdır.
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Azərbaycan milli mətbuatı - 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda məruzə etmişdir. Şura sədri bildirmişdir ki, 1875-ci ildən bugünədək Azərbaycan mətbuatı respublikanın ictimai-siyasi, sosial-mədəni ab-havasının formalaşmasında başlıca faktor rolunu oynamağı bacarmışdır. Bunu böyük nailiyyət adlandıran Ə.Amaşov mövcud statusun heç də asanlıqla əldə edilmədiyini vurğulamışdır.
Ölkədə media sahəsində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu vurğulayan MŞ sədri diqqəti bəzi sui-istifadə hallarına da yönəltmişdir: "Ölkədə qəzet, jurnal, informasiya agentliyi təsisi üçün münbit şərait var. Hər kəs cüzi tələbləri yerinə yetirməklə media sahibi ola bilər. İstərdim ki, məsələnin mənfi və müsbət tərəflərini ətraflı nəzərdən keçirək. Kütləvi informasiya vasitələrinin 4000-i ötən sayı keyfiyyətlə nə dərəcədə uzlaşır?", - deyən Ə.Amaşov media sahəsindəki problemlərin digər cəhətlərindən də geniş bəhs etmişdir.
Məruzə ətrafında çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açmışdır. Mətbuata dövlət dəstəyinin prinsip və formaları barədə məlumat verən V.Səfərli qurumun görəcəyi işlər barədə məlumat vermişdir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında KİV-lərin cəmiyyətin həyatında daşıdığı missiyanı xüsusi vurğulamışdır.
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli media sahəsindəki problemlərdən danışmışdır. "Çox yaxşı haldır ki, ölkədə jurnalistika sahəsində müsabiqələrin sayı artır. Bunlar jurnalistlərin maddi vəziyyətini yaxşılaşdırmaq, peşəni stimullaşdırmaq baxımından əhəmiyyətli rol oynayır", - deyə o əlavə etmişdir.
Digər çıxış edənlər- "Yeni gün" qəzetinin
(Cəlilabad) redaktoru Böyükxan
Bağırlı, "Suqovuşan" qəzetinin
(Sabirabad) redaktoru Pakizə
Məmmədova, "Yeni həyat" qəzetinin
(Masallı) redaktoru Əyyub Mehdiyev, Cəlilabad, Lerik, Astara rayon icra
hakimiyyətlərinin şöbə müdirləri İnqilab Quliyev, Əlipənah
Bayramov, Azər Abdullayev
və başqaları ölkə rəhbərliyinin
söz və mətbuat azadlığı
ilə bağlı məsələlərə daim həssas yanaşdığını
bildirərək milli mətbuatın 135 illik yubileyinin keçirilməsi
ilə bağlı Prezident sərəncamını
bu həssaslığın və
jurnalistikanın tarixinə verilən əhəmiyyətin
növbəti bariz nümunəsi kimi dəyərləndirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 14 iyul.- S.
7.