Amerikanın Qarabağ
Fondunun icraçı direktoru
"Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyinin mərkəzi
qərargahında olmuşdur
İyulun 13-də ölkəmizdə səfərdə olan Amerikanın Qarabağ Fondunun icraçı direktoru xanım Diana Altman, onun müavini Tural Kərimli və inzibatçı-menecer Andrea de Souza "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyinin mərkəzi qərargahında qurumun idarə heyətinin üzvləri ilə görüşmüşlər.
D.Altman on gündən artıq davam edən səfərin məqsədi, bu müddətdə paytaxtda və regionlarda keçirdiyi görüşlər barədə söz açmış, təəssüratlarını söyləmişdir. Qeyd etmişdir ki, amerikalılar öz ölkələrində o qədər məşğuldurlar ki, Azərbaycan haqqında məlumat almaq imkanları məhduddur. Ofisi Vaşinqtonda yerləşən fond bu boşluğu doldurmaq, ABŞ cəmiyyətinə Azərbaycan, o cümlədən Qarabağ mədəniyyətini, incəsənətini, mətbəxini tanıtmaq istəyir. 2009-cu ilin noyabrından bəri bu istiqamətdə xeyli iş görülmüşdür. "Bu zaman "Biz və onlar" yox, "Bir yerdə" prinsipinə əməl edirik. Səfər müddətində kifayət qədər fakt toplamışıq", - deyə o vurğulamışdır.
D.Altman qurumun reallaşdırdığı iki təqaüd proqramı barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Üzeyir Hacıbəyli Təqaüd proqramı çərçivəsində Azərbaycan və Qafqazın tarixi və mədəniyyəti, Azərbaycan dili, adət-ənənəsi, incəsənəti, mətbəxi, musiqisi, qədim memarlığı, görkəmli şəxsiyyətləri haqqında elmi araşdırmalar təşkil edilir. Təqaüd elmi araşdırmalarda iştirak edən bütün magistr və doktorluq dərəcəsi olanlara və ya 15 il ərzində öz elmi işini başa çatdırmış alimlərə verilir. Təqaüdün məbləği magistr dərəcəsi üçün 10 min, fəlsəfə doktorları üçün 14 min, elmlər doktorları üçün 17 min dollar müəyyənləşdirilmişdir. Natəvan təqaüd proqramının iştirakçıları olan alimlər Azərbaycan, Türk və Qafqaz tarixi, mədəniyyəti, Azərbaycan dili, adət-ənənəsi, incəsənəti, mətbəxi, tanınmış şəxsləri və Dağlıq Qarabağ münaqişəsi haqqında elmi araşdırmalar aparmalıdırlar. Bu proqram arxivlərə girməyə kömək məqsədilə 4 həftə müddətində 2 min dollar müqabilində ABŞ-dan iştirakçılar dəvət edir.
İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qonaqlara Qarabağ, Şuşa, ictimai birliyin fəaliyyəti, icma üzvlərinin vəziyyəti haqqında məlumat vermiş, vurğulamışdır ki, hər bir qarabağlının başlıca arzusu doğma yurda qayıtmaqdır. B.Səfərov üzərinə düşən vəzifəni yerinə yetirməkdə, Azərbaycanı, azərbaycanlıları ABŞ-da, amerikalılara tanıtmaqda fonda hər cür kömək göstərməyə, ən sıx əməkdaşlığa hazır olduğuna söz vermişdir.
İdarə heyətinin üzvləri - Milli Məclisin deputatları Elman Məmmədov və Rövşən Rzayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Pərvin Ahənçi, Şuşa rayon mərkəzi xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov Azərbaycanda azsaylı xalqlara münasibət, dini tolerantlıq haqqında danışmış, qonaqların suallarına cavab vermişlər. Əmin olduqlarını bildirmişlər ki, doğma yurda qayıtmaqda Amerika ictimaiyyətindən dəstək ala biləcəklər.
AzərTAc
Azərbaycan.- 2010.- 14 iyul.- S.
7.